[b]“Azərbaycanın burnundan bir az uzağı görə bilən vətəndaşa böyük ehtiyacı var”

0
3

“Azərbaycanın burnundan bir az uzağı görə bilən vətəndaşa böyük ehtiyacı var”

Ismixan YUSUBOV: “Millətin qloballaşan dünya bazarında olan malının da, özünün də qiymətini və çəkisini saxlaya bilmək üçün gərək içində güvən olsun”

Milli Azadlıq Hərəkatı dövründə, bütün oxunma və paylaşma, hətta satılma rekordlarını qıran broşura formasında bir kitabça yayılmışdı. Çox qısa müddətdə bir neçə dilə, o cümlədən də rus dilinə tərcümə olunaraq, bir sıra ölkələrdə, o cümlədən də keçmiş Sovetlər məkanında yayılan kitabçanın adı “Dosta məktub” idi. O zamanlar ömrünün gənclik illərini yaşayan müəllim İsmixan Yusubovun pribaltikalı dostuna yazdığı məktubun bu qədər populyarlıq qazanacağını, bəlkə müəllifin özü də düşünməmişdi. Ancaq olanlar oldu və bir müddət sonra İsmixan Yusufov da, o dövrün əfsanəvi qəhrəmanlarından bir çoxu kimi, siyasi proseslərdən kənara çəkilərək cəmiyyətin içində sanki qeyb oldu…
Bu günlərdə növbəti köçümü başa vurub,(mən qəzetçilik fəaliyyətinə başlayandan bəlkə də 300 dəfə köç eləmiş bir adamam, Bakıda mənim, hər dəfəsində də, sıfırdan başlayaraq redaksiya qurmaduğum çox az məkan qalıb) bir azca rahatlayandan sonra arxivlərimin gizləndiyi qapalı qutulardan birində İsmixan Yusufovun “Dosta məktub” kitabının rus versiyası rastıma çıxdı. Elə o anda da İsmixan müəllimi axtarmaq və əgər tapa bilsəm, onunla görüşmək qərarıını verdim. Tapdım İsmixan müəllimi və onunla isti yay axşamının bürküsündə boğulan Milli Parkda görüşdük. Çox məqamlardan, çox mətləblərdən danışdıq və söhbətimizin bir qismini də diktofona yazmaq üçün onu güc-bəla razı sala bildim. Çox maraqlı və çox narahat adamdı İsmixan müəllim. Hələ də, yaşının 70-i keçməsinə rəğmən, öz dediyi kimi oxumaq, yazmaq, öyrənmək və öyrətmək həvəsi ilə yaşayır. Adam, elə özünün də dediyi kimi müəllimdi, düşünməyi, düşündürməyi bacaran, yaşadıqca öyrənən, öyrəndikcə öyrətməkdən yorulmayan bir müəllim. Belələri haqda adətən deyirlər ki, o, anadan məhz müəllim olmaq üçün doğulub, yəni İsmixan Yusufov anadangəlmə MÜƏLLİMDİ və bu cür müəllimliyə təkcə oxumaqla, öyrənməklə yetinilməz. Ona MÜƏLLİMlik Yaradanın lütfü, Tanrının hədiyyəsi kimi verilib.
Sərdar ƏLİBƏYLİ

DOSYE:
“ATLANTİDA” xərabələrinin axtarışına, arayışına çıxmış, amma bu işdə xeyli gecikmiş olduğunu etiraf etmək məcburiyyətində qalan kimsə. Həyat hekayəsi (1945-2015): 17 il Akstafa rayonunun Poylu kəndi – başarılı; 2.5 il “Atlantida” – başarılı; 3 il Moskva – başarılı; 2.5 il “Atlantida” xərabələri – dözmək olar: 1 il Cəlilabad – başarılı; 22 il Bakı – dözmək olmur: 7 il Türkiyə, İzmit – idarə edər; 12 il Türkiyə Sakarya – başarılı; 2.5 il “Atlantida” xərabələri – başarısız; 0.5 il “Atlantida” xərabələri ilə pərvazlanmaq cəhdi – başarısız. Bizimki də bura qədərmiş.

II hissə

“Bizdə də elə bir sistem və elə məktəblər olmalı, elə dərslər keçilməlidi ki, övladlarımız vətəndaşı olduqları Azərbaycanla fəxr eləyə bilsinlər”

– Elə indi Yaponiyadan bir neçə misal gətirdiniz. Sizcə orda bunu etmək, yəni insanların kimlərinsə istəyinə uyğun robotlaşdırmaq mümkündürmü?

– Bilirsiniz, yaponların bir millət olaraq ortaya qoyduğu güc və iradə barəsində ayrıca danışılmalı məsələdi. O biz idik ki, qapılar açılan kimi yaxşı-yaman demədən, Qərbdən gələn hər şeyi dərhal mənimsədik və onların özündən də bir az qabağa getdik. Birini qoyub, o birinə gedirəm. Türkiyədə Ərdoğan və komandası hakimiyyətə gələndən onları tənqid ediblər ki, nə bilim, Amerikaya işləyir və s. Mən isə orada işləmişəm və “aşıq gördüyünü çağırar” misalı demək istəyirəm ki, nə qədər tənqid olunsa da, ortada görülmüş konkret iş var. Əslində, bu məsələlər barəsində də mənin çox dərin bilgilərim yoxdu , olmasını da istəmirəm, amma gördüklərimi deməkdən də çəkinmirəm. Gördüklərim də ondan ibarətdi ki, hələ Ərdoğan hakimiyyətə gələndən qabaq və bir qədər sonra da biz maaşı alan kimi hamımız qaçırdıq ki, aldığımız pulu dollara çevirək. Təsəvvür edin ki, maaş alınan günlər sanki qaçış yarışı keçirilirdi. Çünki aldığımız türk lirəsi bəzən bir saatın içində bir necə dəfə qiymətdən düşürdü. Beləcə illərlə davam elədi, taa ki Ərdoğangil hakimiyyətə gəlib bəzi məsələlərə əl qoyana qədər. Bir az da qabağa gedib deyim ki, Əhməd Nejdat Sezerin prezidentliyi dövründə baş nazir Bülent Ecevidlə aralarında dava düşdü, bir-birinə kitab-filan atdılar. Həmin davanın səhəri günü bir dolların qiyməti 7 yüz min lirədən 1 milyon 300 min lirəyə çıxdı. Bu o deməkdi ki, bir gecənin içində dollar iki dəfə artıq dəyər qazandı. Vəziyyəti belə görəndə, mən orda özümə iş axtarmağa başladım ki, əlavə bir işim də olsun ki, ailənin keçimini saxlaya bilim. Ərdoğan hakimiyyətə gələndən sonra dolların qiymətinin qalxmasının qarşısını ala bildilər. Beləcə dollar 1600 lirədən 1300 lirəyə düşdü və orda saxladılar. On il dolların qiyməti 1300 civarında qaldı və əslində bu çox böyük iş idi. Artıq pulların dollara çevrilməsi uğrunda yarış da dayanmışdı çünki insanların içində bir inam yaranmışdı. Yəni, adamın gördüyü işə görə ya tənqid, ya da təqdir edərlər. Millətlər də, xalqlar da insanlar kimidi, qloballaşan dünya bazarında olan malının da, özünün də qiymətini və çəkisini saxlaya bilmək üçün gərək içində güvən olsun, özünə inam, keçmişinə hörmət, gələcəyinə ümid olsun. Yaponlarda bütün bu məsələlər, o cümlədən özünə inam və güvən çox üstün səviyyədədi. Və bu təkcə yaponlarda deyil, dünyada belə millətlər çoxdu.
– İsmixan müəllim, gəlin yenə təhsil məsələsinə qayıdaq. Indi Azərbaycanda repititor sistemi qeyri-leqal şəkildə formalaşsa da, leqal şəkildə fəaliyyətdədi və bütün ölkəyə yayılıb.
– Bəli, elədir.
– Amma mən burdan çıxış eləyərək başqa bir məsələni soruşmaq istəyirəm. Azərbaycan gənclərinin müxtəlif terror təşkilatlarına radikal və qeyri-ənənəvi dini sektalara son vaxtlar daha kütləvi və daha aktiv cəlb olunmalarınnan bu repititor sisteminin bir əlaqəsi varmı sizcə?
– Nə mənada?
– O mənada ki, heç şübhəsiz bu repititorların içərisində xeyli sayda savadlı və vicdanlı müəllimlər də var, ancaq bu sistemdə bilərəkdən və ya bilməyərəkdən barəsində danışdığımız radikal dini sektalara və terror təşkilatlara bağlı olan müəllimlər də ola bilir. Yəni, bunu nə yoxlayan, nə də bu prosesə nəzarət edən konkret qurumlar yoxdu və bütün ölkə boyu kim necə istəyirsə, camaatın uşaqlarını başına yığıb dərs deməklə məşğuldu.
– Hər halda mənə elə gəlir ki, bu mövzu çox aktual görünsə də, elə bir şey yoxdu. Yenə də deyirəm, bu mənə elə gəlir. Burda həmin müəllimlər öz iqtisadi maraqlarını təmin etmək üçün, valideynlər və uşaqlar isə normal təhsil ala bilmək xatirinə gedirlər. Başqa sözlə, söhbət azərbaycanlı valideynlərin yaranmış şəraitdə, nəyin bahasına olursa-olsun, öz övladlarına yaxşı təhsil verə bilmək üçün xərclədiyi pullardan gedir və nəticə etibarilə işlərin bu yerə gəlməsində nə valideynləri, nə şagirdləri nə də müəllimləri qınamaq düzgün deyil. Əgər repititor yanında məşğələ keçməyən uşaqların test imtahanı verə bilməsi ya heç mümkün deyilsə, ya da qismən mümkündürsə, o zaman hər şey testin aşıla bilməsinə hesablanır və daha burda ayrı bir məna və məzmun axtarılmasının yeri yoxdu. O ki qaldı, siz dediyiniz sahələrə meyilli olan gənclərə və yeniyetmələrə, onlar nə imtahana, nə də testə gedirlər. Necə deyərlər, hər şey “palaza bürün, elnən sürün” prinsipi ilə baş verir və davam edir.
– Kimin necə düşünməsindən asılı olmayaraq, bu gün şagird partası arxasında əyləşən uşaqlar bu millətin və dövlətin gələcəyinə sahiblənəcək vətəndaşlardır. Və bu gün onlara kim harda gəldi və necə istədi dərs keçməklə millətin və dövlətin gələcəyinə ən yaxşı halda biganəlik nümayiş etdirmirmi? Sizcə repititor sisteminin belə davam etməsi gələcək baxımından xeyli problemlərə zəmin hazırlamırmı?
– Artıq dediyim kimi, vəziyyət mövcud sistemdən qaynaqlanan şərtlərlə bağlıdı və repititorlar əsasən təbiət elmlərindən, dəqiq elmlərdən dərs verillər. Təbii ki, arada ədəbiyyatdan və s.- dən də hazırlıq keçənlər olur. Ancaq mən hər hansı formada dindən, hərb elmindən, tutaq ki, terrorçuluğun nəzəri əsaslarından və s.–dən dərs keşən repititorlara rast gəlməmişəm. Ali məktəblərə qəbulda da belə şeylərdən imtahan götürülmür, ona görə də camaat aparıb pulunu belə şeylərə verməz. O siz deyən məsələlərlə bağlı adamlara pul verərlər, nəinki onlardan pul istəyərlər. Yəni, hətta belə şeylər varsa belə, repititor sisteminə dəxli yoxdu. Məsələn, Türkiyədə bu repitior sistemi bizdəkindən daha mütəşəkkil və daha yüksək səviyyədədi. Orda böyük pullar var, söhbət ağla, xəyala gəlməz miqdarlardan gedir. Bunun qarşısını almaq istəyənləri də sadəcə əzib keçirlər. Yəni, bu məsələlər hamısı ayrı-ayrı şeylərdi və böyük paraların oynadığı məkanlarda belə məsələlərin olması da labüddü. Amma söhbətimizin əvvəlidə də dediyim kimi, siyasi iradə olsa, burdakı neqativliklərin hamısını dayandıra bilər.
– Siz özünüz necə fikirləşirsiniz, indiki şərtlərdə Azərbaycanda repititor sistemini belə deyək, təkminləşdirib saxlamaqmı yaxşıdı, yoxsa artıq demək olar ki, fəaliyyəti iflic olmuş məktəb sisteminəmi qayıtmalıyıq?
– Mən perspektiv baxımından məktəblərin funksional fəaliyyət yönlərini tam bərpa etməklə, təhsil sistemimizin sinif otaqlarına gətirilməsinin, yəni məktəb sisteminin tərəfdarıyam. Yəni bu, dövlətin və millətin gələcəyini öz əllərində möhkəm tuta biləcək vətəndaş yetişdirmək üçün vacibdir. Repitisiya ilə vətəndaş yetişdirilmir və ümumiyyətlə, repitisiyanın vətəndaş anlayışı ilə əlaqəsi yoxdu. Çünki bu yolla ancaq robot, ən yxşı halda isə, əmrə müntəzir əsgər yetişdirmək mümkündü ki, o da verilən tapşırığı yerinə yetirsin və qayıdıb sənə “çest” versin ki, tapşırıq yerinə yetirilib. Baxın, biz oxuyanda sovet vaxtı da olsa, boşuna “alın a, yana-yana qalın a, mən Sovet vətəndaşıyam” söylətməklə, bizi böyütmürdülər. Bu tip sistemli ideoloji xəttə dayanan məktəblər, əslində, sovet vətəndaşı yetişdirirdi və biz də bununla fəxr edirdik. Indi bizdə də elə bir sistem və elə məktəblər olmalı, elə dərslər keçirilməlidi ki, bizim övladlarımız oxuya-oxuya vətəndaşı olduqları Azərbaycanla fəxr eləyə bilsinlər. Baxın, istər keçmiş sovetlər məkanında, istərsə də indi dünyanın yaxın-uzaq ölkələrində bizim hətta elmi konfranslara gedən alimləri də görən kimi ilk sual “satmağa nə gətirmisiniz” olur. Biz nə yapıb, nə edib bu imicdən qurtulmalıyıq. Amma repitisya ilə bu imicdən qurtulmaq çətin ki, mümkün olsun. Bunun üçün isə hərtərəfli və çağdaş zamana uyğun milli təhsil sisteminin tətbiq olunduğu məktəblərdə yetişmiş vətəndaşlar edə bilərlər. Çünki biz təkcə bu gün düşünüb, bu gün üçün yaşamamalıyıq. Azərbaycanın burnundan bir az uzağı görə bilən vətəndaşa böyük ehtiyacı var. Yeri gəldi, yadıma düşmüş bir hadisəni danışım. Saleh bəy adında məhşur bir adam var idi. O bir gün məndən soruşdu ki, səncə insanın burnu nə üçündü? Biz tək deyildik, yanımızda xeyli adam var idi və mən bildim ki, bu məndən nəsə eşidib bir şey qondarmaq istəyir. Bu yerdə Allahdan ağlıma gəldi və dedim ki, uşaq vaxtı mənə burnum girmədiyi yerə başımı soxmamağı öyrədiblər. Bu gün də mənə elə gəlir ki, burun həqiqətən də bunun üçündü. Yoxlayırsan, girmədisə, aralan, uzaq gəz. Bu misalı ona görə çəkdim ki, biz bir millət, xalq, toplum olaraq düşünüb, daşınmalıyıq və burnumuz girməyən yerə, başımızı soxmaqdan çəkinmək lazımdır.
– Elmi çevrələrlə münasibətiniz varmı? Çağdaş Azərbaycan elminin indiki durumu və perspektivləri nə vəd edir?
– Elmi çevrələrlə mənim elə də əlaqəm yoxdu. Niyə yoxdu, onu da deyərəm.
– Bəlkə elmin özü yoxdu, ona görə?
– (gülür)Yox, yox, mən uzun müddət xaricdə işlədim. Açığını deyim, orda da hər hansı şəkildə elmi əlaqələr qura bilmədim. Bizdə bir potensial var idi və onlar da çalışdılar ki, biz onu auditoriyalarda uşaqlara verək. Yəni, orda da bizdən o cür istifadə etdilər. Həm də təkbaşına elmlə məşğul olub, perspektiv qazanmaq çətin məsələdi. Bilmirəm siz tanıyırsınızmı, Seymur Baycan adlı bir yazar var. O deyir ki, mənə yazı yazmaq üçün bir adam 100 manat versin, sabaha qədər yatmaram, o yazını yazaram. Yəni burda söhbət konkret fərdlərdən və puldan getmir, məsələ motivasiya ilə bağlıdır. Istənilən işdə, xüsusiylə də yaradıcılıq məsələsində motivasiya çox önəmlidi. Baxın, Türkiyə mediyasında, müxtəlif dərgilərdə mənim məqalələrim dərc olunub. Inanın ki, gecədə bəzən üç-dörd dəfə telefon açırdılar ki, hocam, filan yazını səhərə çatdırmaq çox vacibdi. Mən də məcbur olub, çalışırdım ki, yazılar vaxtında ünvanına yetişsin. Yəni, onlar mənim yazılarımı dəyərləndirir, fəaliyyətimə dəstək olurdular deyə, mən də ikiqat həvəslə yazırdım, işləyirdim. Amma riyaziyyatla bağlı çevrə yox idi deyə, o qədər fəaliyyətimiz olmadı. Demək istədiyim odur ki, vaxtında burda elmi çevrələrdə az-çox münasibət var idi, sonradan mən Türkiyə getdim və 20 ildən sonra qayıdanda gördüm ki, nə seminarlar var, nə ciddi elmi disskusiyalar keçirilən konfransar var. Yəni indi ciddi elmi söhbətlər etməyə atmosfer yoxdu. Ancaq adamlar gündə bir neçə təhsil müəssisəsində keçdiyi dərsləri çatdıra bilmək üçün qaça-qovdadı. Hətta çox sevdiyin insanlarla belə, oturub bir stəkan çay içmək vaxtın belə olmur. Düzdü, mən təkcə BDU-da dərs keçmişəm, ancaq başqaları elə deyil axı. Elə mənim ümumiyyətlə istefaya getmək üçün səbəbiyyət verən məsələlərdən biri də buydu. Belə mühitdən çox sıxılırdım. Bilirsinizmi, indi çox modda olan söz var və əsasən də yollarla bağlı işlənir.
– O nə sözdü elə?
– “Probka”. Indi bu söz Azərbaycanda yol anlayışından çoxdan çıxıb və az qala bütün sahələrdə çox aktualdı. Elmdə də bu zəhrimara qalmış “probka”nın olması, artıq qeyri-adiliyindən çıxaraq, az qala həyat tərzinə çevrilib. Indi bundan qurtulmanın yolları da olmamış deyil, amma görünən odur ki, onu heç axtaran da yoxdu.
– “Dosta məktub” kitabınızın qəhrəmanı olan pribaltikalı sağdımı?
– Sağdı, yaşayır və onu da deyim ki, hələ də onunla əlaqələrimiz qalır.
– Hərəkat dövründə istəyərəkdən-istəməyərkdən, bilərəkdən ya bilməyərəkdən çox populyar oldunuz. O zaman sizin siyasətə qoşulmaq və bəlkə də uğur qazanmaq şansınız çoxlarından üstün idi. Açığı, o zaman siyasətçi olmaq həddən artıq dəbdə idi, niyə getmədiniz?
– Bilirsiniz, mənə elə gəlir ki, bayaq dediyimiz o burun məsələsi burda çox keçərlidi. Mən hiss elədim ki, ora mənim burnum girən yer deyil və ona görə də başımı soxmadım. Düzdür, o zamanlar millətin ruhu da, ovqatı da yaxşı mənada indikindən çox fərqlənirdi və istər hərəkat zamanı, istərsə də rəhmətlik Əbülfəz Elçibəy prezident olduqdan sonra mənə bəzi təkliflər oldu. Amma mən elə müəllim kimi fəaliyyət göstərməyi üstün tutdum. Amma hərəkat dövründə yaşamaq və millətin oyanan, coşan, qaynayan ruhu ilə bir yerdə olmaq, bütövləşmək də çox xoş idi. Sadəcə, o zaman əlimdən nəsə gəlibsə, nəsə edə bilmişəmsə, buna da çox xoşbəxtəm. Görünür yazı, qismət eləymiş və mən də bir Allah bəndəsi olaraq, yazıya və qismətə boyun əydim.

Son
My Webpage

LEAVE A REPLY