“Azərbaycan mətbəxi haqqında o kitabxanalarda heç nə yoxdu”

0
3

“Azərbaycan mətbəxi haqqında o kitabxanalarda heç nə yoxdu”

Fəridə Buyuran Sadıqov: “Bu kitab birmənalı şəkildə qazanc məqsədi üçün deyil, Azərbaycanı və bizim kulinariyamızı, mətbəx mədəniyyətimizi tanıtmaq üçün çap olunub”

Fəridə Buyuran (Sadıqova) artıq 14 ildi ki, ABŞ-da yaşayır. Bəllidi ki, dünyanın harasında olmasından asılı olmayaraq, istənilən soydaşımız olduğu hər yerdə özü boyda Azərbaycan yaşadır və atdığı hər imzanın da arxasında bir Azərbaycan vətəndaşının izini qoyur. Bu baxımdan Fəridə xanım da illərini boşa xərcləməyib və ABŞ-da olduğu 14 ilin 7 ilini sərf edərək Azərbaycanın mətbəx mədəniyyətinin və kulinariyasının bütün nailiyyətlərini özündə əks etdirən böyük bir kitab ərsəyə gətirib. Hazırda Bakıda olan Fəridə xanımla elə bu kitabın necə ərsəyə gəlməsi ilə başladıq. Həmçinin də onunla söhbət zamanı artıq kifayət qədər tanıdığı Amerika ilə cağdaş Azərbaycanın gerçəkliklərini müqayisə etməyə çalışdıq. Buna nə qədər müyəssər olub-olmadığımıza xalqımızı vətəndən çox-çox uzaqda bacardığı qədər təmsil edən Fəridə Buyuranın müsahibəni oxuyandan sonra özünüz qərar verin. Beləliklə, növbəti müsahibimiz Fəridə Buyurandı.

II hissə

– Təbii ki, hər şey amerikalılara aid deyil. Bir də bütün xalqlar da insanlar kimi öz xarakter və xasiyyətləri ilə fərqlənirlər. Məsələn bizimkilər, gözucu da olsa, fasadın arxasına boylanmadan çətin ki, yan keçsinlər, amma qərblilər və amerikalılar qədərindən artıq səmimi və uşaq kimi sadəlövh olurlar. Onlar sadəcə düşünmürlər ki, yolların kənarına, sözün bütün mənalarında qızıl səpilən bir məmləkət, səfalət və aclıq girdabında boğulur. Amerikaya nə vaxt qayıtmağı düşünürsünüz?

– 25 avqustda.

– Bundan sonra planda nə var, Amerikaya qayıdandan sonra nə etmək fikriniz var, həm də gəlib buraları, buranın vəziyyətini gördünüz. Yəni buralarda gördüklərinizlə bağlı ABŞ-da hansısa fəaliyyət yönü düşünürsənmi, yoxsa sən də artıq amerikalısan və burdakı durum səni o qədər də bağlamaz?

– Yox, əksinə hər şey mənim çox vecimədi və nələrin döndüyündən və nələrin olub-bitdiyindən xəbərim var – olanların fərqindəyəm yəni. Təbii, bütün bu məsələlər haqqında düşünürəm və mənim imkanlarım, gücüm yetəcəyi çərçivədə fəaliyyətlərim yəqin ki olacaq. Ayrıca da kitab yazmaq, yəni yaradıcılığımı davam etdirmək fikrindəyəm.

– Azərbaycan kulinariyasını az qala tam əhatə edən bir kitab yazıbsınız. Daha bundan sonra kulinariyadan yeni-yeni kitablar yazmağa yəqin ki, ehtiyac yoxdu.

-Elə mən də o haqda düşünürəm. Təbii ki, edəcəyim nə varsa hamısı Azərbaycanla bağlı olacaq. Mövzular və münasibət bildirilməli, eləcə də müəyyən qədər tədqiq olunmalı mövzular çoxdu. Sadəcə nədən başlamağı düşünürəm və yəqin ki, gələcəkdə bu səpkidə müəyyən layihələrim olacaq. Eyni zamanda da istərdim ki, Azərbaycana köməyim dəysin. Gələcəkdə bir xeyriyyə təşkilatı yaradıb, bu xətlə Azərbaycanda müəyyən işlər görmək istəyirəm. Bu xətlə heç olmasa müəyyən qisim adamlara kömək eləyə bilsək, bunun özü də işin xeyrinə olar. Mən zatən fərdi qaydada az və ya çox dərəcədə bir neçə adamlara kömək etməyə çalışıram. Ancaq düşünürəm ki, təşkilat qurmaqda bu cür xeyriyyəçiliyin miqyasını böyütmək mümkün olacaq. Ən azından belə bir arzum var və sadəcə bunun nə vaxta reallaşacağını bilmirəm. Amma Azərbaycan və azərbaycanlılar üçün nələrsə etməyi çox istərdim.

– Fəridə xanım, ümumiyyətlə burdan Amerikaya getməyin yolu necədi?

– İnsanlar müxtəlif yollarla gedirlər. Məsələn, biriləri mühacir kimi, digərləri xüsusi dəvətlər vasitəsilə gedirlər və müəyyən prosedur qaydaları keçməklə orda yaşamaq hüququnu əldə edənlər də olur, etməyənlər də. Amma mənim yoldaşım orada işlədiyi üçün, ailə qurduqdan sonra onunla getdim. Ancaq siyasi və digər motivlərlə oralara necə getmənin və necə yerləşmənin barəsində elə mən də sizin qədər bilirəm.

– Yeri gəlmişkən, ABŞ-da da bizim xeyli sayda siyasi mühacirlərimiz var. Onlardan tanıdıqların, əlaqədə olduqların varmı?

– Yox, mən siyasi mühacirlərdən heç kimi tanımıram.

– Bəs diaspora ilə necə, əlaqə varmı, ümumiyyətlə diaspora işi ABŞ-da necə qurulub?

– Orda elə güclü diaspora fəaliyyətinin olduğunu mən hiss eləməmişəm. Ara-sıra müəyyən günlərdə fərdi qaydada təşkil olunan yığıncaqlar olur.

– Bəs burda Ağ evin qabağından tutmuş, ABŞ-ın digər önəmli dövlət idarələrinin, həmçinin də burdakı beynəlxalq təşkilatların qarşısında təşkil olunan piketlər-filan göstərirlər. Onlardan xəbəriniz olmurmu?
– Mən özüm Los-Anceles şəhərində yaşayıram və dediyim kimi orda müəyyən fərdlərin şəxsi təşəbbüsləri ilə, bəzən bir araya gələn azərbaycanlılar olub, ancaq mən oralarda siyasi, yaxud da Azərbaycanın milli maraqlarından yana keçirilmiş piket və ya nümayişlərin olduğunu eşitməmişəm. Bəlkə paytaxt Vaşinqtonda belə şeylər olur, ancaq o haqda da elə geniş məlumatım yoxdu.

– Bizimkilər ABŞ-ın beşinci, onuncu kateqoriyalı hər hansı mediyasında və ya elə həmin kateqoriyadan olan məmurlar tərəfindən Azərbaycan hakimiyyətinin maraqlarına uyğun 5-10 cümlə yazılan, ya da deyilən kimi onu tirajlayıb, həftələrlə burda camaatın gözünə soxurlar. Elə ki, nüfuzlu mediya və dövlət qurumları, yaxud da beynəlxalq təşkilatlar tərəfindən onların barəsində hər hansı tənqidi material gedir, dərhal başlayırlar ki, bizi gözləri götürmür, paxıllığımızı çəkirlər və s. Bu haqda oralarda nə düşünürlər?

– Onu burda deyirlər. ABŞ insanları üçün burda kimim nə deməyi heç bir önəm daşımır və onların bundan heç xəbərləri də olmur.

– Son vaxtlar Qərb ölkələrində, xüsusiyə də ABŞ-da Azərbaycan diasporasının Türkiyə diasporası ilə birgə fəaliyyət göstərdiyi barəsində rəsmi məlumatlar verilir. Bu haqda nə deyə bilərsiz?

– Var, çox böyük və davamlı şəkildə olmasa da, ara-sıra nələrsə olur. Müəyyən piket və yürüşlər təşkil olunduğu haqda bizə də xəbər çatır.

– Problemləriniz olanda bizim ordakı səfirliklə əlaqə yaratmaq, onlara müraciət etmək imkanları nə səviyyədədi, mümkündümü?

– Müraciət eləmək olur. Hər hansı sual-filan olanda hamısını cavablandırırlar. Ümumiyyətlə, bu səpkidə münasibətlər də çox normaldı, yəni istənilən müraciətlə bağlı kifayət qədər səmimi və normal cavablar verməklə yanaşı, həm də normal insani münasibət göstərirlər. Əslində orda azərbaycanlıların sayı çox olmadığına görə, kim zəng edirsə, mümkün mərtəbədə köməklik edirlər. Səfirlik Vaşinqtondadı və bizdən çox uzaqdı, Los-Ancelesdə isə konsulluq fəaliyyət göstərir. Hər iki quruma da zaman-zaman suallarım və müraciətlərim olub, hər dəfə də köməklik göstəriblər. O mənada vəziyyət doğrudan da yaxşıdı.

– Amerikanın qayda-qanunları və amerikalılrın yaşam tərzi bizə nə vaxt gələcək, bu barədə heç düşünübsünüzmü?

– Siz deyən formada yəqin ki, heç vaxt gəlməyəcək. Ancaq baxır ki, nələrin və hansı formada gəlməsini biz istəyirik.

– Təbii ki, burda söhbət vətəndaş hüquqlarından, təməl insan haqlarından və bir də dünyanın qəbul etdiyi demokratik ənənələrdən gedir.

– Bunlar çətin məsələlərdi və Azərbaycanda ABŞ sayağı həyat tərzinin ola biləcəyini mən heç ağlıma da gətirmrəm. Yəni, bizdə olanlarla orda olanları müqayisə etmək sadəcə mümkün deyil. Müqayisəsi belə çətin olan həyat tərzinin Azərbaycana nə vaxt gələ biləcəyi barəsində danışmağın özü, indiki halda heç bir anlam daşımır. Ümumiyyətlə burda fərqli insanlardan və fərqli mentalitetdən söhbət gedir və bunların hamısı kompleks halında dəyişməsə, Azərbaycanda o cür həyat tərzi xəyal olaraq qalacaq.

– Sizin yazdığınız kitab yerli amerikalılar tərəfindən necə qarşılandı, ümumiyyətlə maraqlananlar, daha yaxından bilmək istəyənlər varmı?

– Əlbəttə var. Onlara kitabın mənasından daha çox məramları maraqlıdı, yəni Azərbaycanın mətbəx mədəniyyətinə o insanlarda maraq xeyli artıb. Bütün hallarda bu durum mənim özüm üçün də maraqlıdı və açığını deyim ki, kitab ərsəyə gələndən sonra amerikan cəmiyyəti tərəfindən ona göstərilən maraq mənim gözlədiyimdən bir az da çox oldu.

– Siyasi fəaliyyətlə məşğul olmaq fikriniz yoxdu?

– Yox, məndən siyasətçi çıxmaz.

– Niyə?

– Çünki diplomatik deyiləm.

– Diplomatik olmaq şərtdimi? Azərbaycanda ümumiyyətlə diplomatiyanın nə olduğunu bilməyən neçə-neçə siyasətçilər var, hətta bu cür millət vəkilləri də “n” qədərdi.

– Mənə elə gəlir ki, bu şərtdi və hər bir siyasətçi, siyasətlə məşğul olan şəxs, diplomat olmasa da, diplomatik olmağı və görünməyi bacarmalıdı.

– Burda xaricdən gələnləri tez və rahat qəbullanırlar, hətta bir azca təbəssümü artıq etməklə, qısa müddətdə millət vəkili də olmaq mümkündü. Niyə bu fürsətdən yararlanmaq istəmirsən?

– Burda millət vəkili olub mən neyləyəcəm ki? Əgər belə bir qərar verə bilsəm, gərək həqiqi millət vəkili olam. Yoxsa belə quru-quru millət vəkilliyi nəyimə lazım? Boş söhbətlərdən, mənasız işlərdən mənim xoşum gəlmir və sadəcə şan-şöhrət və ad xətrinə heç nə etmək istəmirəm.

– İndi oturduğumuz yer sənin ata evindi və necə deyəllər, düz burnunuzun dibində kimlərsə çox eybəcər şəkildə nəsə tikirlər. Bakıya gələndən sonra bu tikintinin nəyin nəsi olduğu ilə heç maraqlandınmı?

– Mən yox, atamgil özləri maraqlanıblar.

– Atangil öz yerində, amma sən Amerikadan gəlibsən, bəlkə səninlə hesablaşarlar. Atangillik burda bir şey olsaydı, zatən bu tikili olmazdı ki.

– Eləmək istəyərdim, ancaq mən bu gün-sabah çıxıb gedəcəm, evdəkilərdən narahatam.

– Amerikada belə bir şey eləyə bilərlərmi, ümumiyyətlə, belə bir şey mümkündümü?

– Yox, qətiyyən mümkün deyil. Orda ilk növbədə belə bir şey üçün yerli sakinlərin razılığını almaq lazımdı. Yalnız bundan sonra müəyyən dövlət qurumları, əgər ümumi panaramanı və layihəni pozmursa, belə bir işin görülməsinə icazə verərlər. Burda isə heç soruşan belə olmayıb, gəliblər və başlayıblar tikməyə. Etiraz edənlərə isə, kimsə qulaq asmaq istəmir. Ümumiyyətlə, burda tək bizim binanın qarşısında deyil, bütün hər yerdə görülən işlər plansızdı. Orda isə bütün şəhərlərin, qəsəbələrin planları var və bu plandan kənarda nəsə tikmək, qurmaq heç kimin nə ağlına gələr, nə də buna icazə verərlər. Yeri gəldi deyim, Los Ancelesdə bizim evə yaxın bir ərazidə köhnə bir mehmanxana var. Təsəvver edin ki, biz ora köçəndən neçə illərdi həmin mehmanxananın söküləcəyi barəsində söhbət gedir, sadəcə məsələ ondadı ki, bütün bu illər ərzində orda nəyin və necə tikilməsi barəsində mübahisələr, söhbətlər gedir. Yəni, orada tikiləcək yeni obyekt həmin ərazinin və bütövlükdə şəhərin həm planına uyğun olmalıdı, həm də ümumi görüntüyə xələl gətirməlməlidi. Yəni orda axşam kimsə düşündü və səhər də bulduzerləri salıb fundament qazdı, deyə bir şey yoxdu.

– İndi ora Bakıda olsaydı, rahat on dənə göydələn çoxdan tikilib istifadəyə verilərdi. Siz gedəndə Los-Ancelesin merinə müraciət edin ki, bu cür məsələlərin operativ həlli yollarını öyrənə bilmək üçün Hacıbala müəllimi üçcə günlük qonaq dəvət eləsin.

– Təbii bu bir zarafatdı, amma orda düz 10 ildi ki, məsələ müzakirə olunur və qərar verilə bilmir. Yəni bir daha deyirəm, orda belə bir şey yoxdu ki, kim nə istəsə tiksin və heç nəylə də hesablaşmasın. Bütün bunları bilə-bilə və evimizin qarşısındakı bu eybəcər tikiliyə baxaraq mən, bir az səbrimi toparlamağa çalışıram. Ona görə ki, bayaq dediyim kimi evdəkilərdən narahatam, yoxsa,təbii ki, müəyyən addımlar atmaq mümkündü və mən də diplomatik biri olmadığım üçün işin haralara varacağını söyləmək çətindi.

Son
Söhbətləşdi: Fəxrəddin Qardaşlı

My Webpage

LEAVE A REPLY