“Ağ Blok” kimin üzünü “ağ” etmək istəyir?
Bir qrup gəncin toplaşdığı “Ağ Blok”un ADP-nin qərargahında keçirdiyi təqdimat mərasimini ilk baxışda uğurlu adlandırmaq olar. Zalda boş yer qalmamış, dəvət olunanların bir çoxu ayaqüstə dayanmalı olmuşdu. Ancaq onu da qeyd etmək lazımdır ki, toplaşanların əksəriyyəti tədbirə qonaq qismində qatılmışdı.
Qurumun təsisçilərindən biri olan Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı tədbirdən razı qaldığını söyləyib:”Hazırda cəmiyyətin siyasi proseslərə inamı qalmayıb. Belə bir zamanda iki yüzdən çox tutumu olan zalda namizədlərin təqdimatını keçirmək riskli addım idi. Çünki bu gün cəmiyyətin siyasi aktivliyi çox aşağıdır. Seçkilərə az müddət qalmasına baxmayaraq, siyasi qurumlar daxilində əhval-ruhiyyə belə yoxdur. Riski üzərimizə götürdük və uğurlu tədbir keçirdik. Zalın 210-220 civarında tutumu var idi. Amma yenə də ayaq üstə kifayət qədər iştirakçı qaldı. Bu əslində xalqın yeni qüvvəyə, yeni başlanğıca nə qədər həsrət qaldığının, ümidli olduğunun göstəricisidir.”
T.Abbaslı dəvət olunmuş qonaqları, media mənsublarını “Ağ Blok”un təəssübkeşləri kimi təqdim etməklə əslində şişirtməyə yol verdi. Çıxış edən “Ağ Blok”çuların özlərindən razılığı, keçdikləri qısa həyat yolunu böyütmələri diqqətdən yayınmadı. O da diqqət çəkdi ki, hələlik millət qarşısında heç bir xidməti olmayan gənclər daha çox illərini, ömürlərini mübarizəyə, müxalifətçiliyə həsr etmiş insanların tənqidinə önəm verdilər. T.Abbaslının çıxışındakı bəzi məqamlar eynən bəzi iqtidar nümayəndələrinin müxalifətə ünvanladığı tənqidləri xatırlatdı: “Seçkiləri boykot edib, kənarda durmaq, mübarizə üsulu deyil.”
Təəssüf ki, gənclərin heç biri ölkədə seçki mühitinin olmamasından və bunun səbəblərindən söhbət açmaq istəmədi. Sual doğur, görəsən, T.Abbaslı və dostlarının ölkədə fəaliyyət göstərən əksər siyasi partiyanın səyyari fəaliyyət göstərmək məcburiyyətində qaldığından, qərargahlarının olmamasından xəbərləri yoxdur?
Tədbirə dəvət olunanlardan tək AXP sədri Pənah Hüseynə təbrik üçün söz verilməsi söz-söhbətin yaranmasına səbəb oldu. Müxalifəti “yıxıb-sürüyən” “Ağ Blok” P.Hüseyni zaldakılara elə təqdim etd ki, guya müasir Azərbaycanın qurucusu AXP sədri olub. Əgər, P.Hüseyn doğurdan da güclü siyasətçi, böyük liderdirsə, onda nə üçün rəhbərlik etdiyi təşkilatda barmaqla sayıla biləcək üzv var? Və ya, nə üçün, P.Hüseynin təmsil olunduğu müxalifət düşərgəsi gənclərin çıxışlarında qeyd etdikləri kimi zəifdir? Əlbəttə, bütün bunların cavabını tapmaq “Ağ Blok”çuların üzərində qalır.
Bizim araşdırmamız isə tamam fərqli cavabları ortaya çıxarıb. Qeyd edim ki, bəzi suallara bizdən öncə aydınlıq gətirənlər olub. Belə ki, “Ağ Blok”un tədbirinə həmin blokun yaradılmasında xüsusi xidməti olmuş “Yeni Müsavat”ın baş yazarı Rauf Arifoğlu qatılmasa da, görünən o oldu ki, həmin missiya məhz onun tövsiyyəsi ilə P.Hüseyn tərəfindən yerinə yetirildi. P.Hüseynin çıxışı, əslində R.Arifoğlunun xeyir-duası kimi qəbul olundu. Bununla belə, blokun projesi cızıldığı andan “Ağ Blok”çulara bir neçə dəfə ziyafət təşkil etmiş R.Arifoğlunun tədbirə qatılmaması maraqlı məqam olaraq qalmaqdadır. Böyük ehtimalla “Yeni Müsavat”ın baş yazarı müxalifət cameəsinə “Ağ Blok” mənim marağımda deyil, mesajını göndərmək istəyib və bununla barəsində əlavə müzakirələrin açılmasını istəməyib. Digər tərəfdən, sosial şəbəkələrdə R.Arifoğlunun Müsavatın Gənclər Təşkilatının sədri T.Abbaslını sabiq başqanı İsa Qəmbər səviyyəsində bir siyasətçi kimi təqdim etməsi diqqətdən yayınmayıb.
İqtidar mətbuatının “Ağ Blok”un yaranmasına, keçirdiyi tədbirə xüsusi yer ayırması da diqqət çəkib. Əlbəttə, həmin KİV-lər müxaifətin parçalanması prosesinə daima həssas yanaşdığından burada qəribə nə isə aramaq düzgün olmazdı. Ancaq “Ağ Blok”a qoşulmaq istəməyən gənclərin münasibətindən görünür ki, onlar T.Abbaslı və dostlarını artıq müxalifət sıralarında görmürlər. Əgər belədirsə, onda “Ağ Blok”çuları AXCP-dən narazı qalıb yeni AXCP yaratmaq istəyənlərdən daha səriştəli hesab etmək olar. Çünki, “Ağ Blok” ətrafında müəyyən şübhələr yaransa da, hələlik T.Abbaslı R.Nurullayev kimi açıqlar buraxmayıb.
Versiyalardan biri də “Ağ Blok”un seçki marafonu boyunca R.Arifoğluna xidmət göstərə biləcəyidir. Ehtimal olunur ki, “Yeni Müsavat”ın ofisində və yaxud həmin əraziyə yaxın bir yerdə “Ağ Blok”un fəaliyyəti üçün qərargah yaradılcaq. R.Arifoğlunun mandat qazana bilməsi naminə mübarizə aparan blok gizli “boss”unun millət vəkili seçilə bilməsini öz böyük uğuru kimi qəbul edəcək.
Nicat Sadiq