Azərbaycanlı nazirlərin keçmişi: kim kim olub…
Ölkənin müxtəlif sahələrinə rəhbərlik edən, hər gün televiziyada, mətbuatda gördüyümüz, barələrində dəfələrlə müzakirələr apardığımız nazirlərimizin keçmişi, yəqin ki, hamımız üçün maraqlıdır.
Aktual.az oxucuların marağını nəzərə alıb, nazirlərimizin keçmişi, ilk və son iş yerləri ilə bağlı məlumatları oxuculara təqdim edir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmək fəaliyyətinə sıravi polis nəfəri kimi başlayıb. 1970-ci ildən DİN sistemində olan gələcək nazir 1994-cü ildən nazir kimi fəaliyyət göstərir.
Müdafiə naziri vəzifəsinə iki ilə yaxındır təyinat alan general-polkovnik Zakir Həsənovun ilk iş yeri uzaq Sibirdə yerləşən hərbi hissədə tağım komandiri vəzifəsi olub.
Milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov 1980-ci ildə polis orqanlarında əmək fəaliyyətinə başlayıb. Nazir təyinatına qədər Daxili İşlər Nazirliyində idarə rəisi postunu tutan gələcək nazir 11 ildir ölkənin ən vacib qurumlarından birinə rəhbərlik edir.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində fəaliyyətə başlayıb. Burada texnik və geoloq vəzifələrində çalışan K.Heydərov sonradan biznes fəaliyyətilə məşğul olub. 10 ilə yaxındır fövqəladə hallar naziri vəzifəsini daşıyır.
Vergilər naziri Fazil Məmmədovun ilk iş yeri Gəncədə iqtisadçı vəzifəsi olub. Daha sonra kollecdə müəllim kimi çalışan F.Məmmədov sonradan Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsini daşıyıb və 1999-cu ildən ölkənin vergi siyasətinin həyata keçirilməsinə rəhbərlik edir.
Xarici işlər naziri Elmar Məmmədyarov 22 yaşında hazırda rəhbərlik etdiyi nazirlikdə yüksək vəzifə tutub və nazir təyinatına qədər ölkəmizi İtaliyada səfir kimi təmsil edib. 11 ildən artıqdır ki, ölkənin baş diplomatıdır.
Nəqliyyat naziri Ziya Məmmədov əmək fəaliyyətinə Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlayıb. 12 ildir nazir vəzifəsində çalışan Z.Məmmədov buna qədər Azərbaycan Dövlət Dəmir Yolunun rəisi olub.
Energetika naziri Natiq Əliyev “Azdənizneftkəşfiyyat” trestində geoloq kimi fəaliyyətə başlayıb. Bir müddət Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsini tutan N.Əliyev 10 ilə yaxındır nazir vəzifəsi daşıyır.
Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasında başlayıb və kompüter və telekommunikasiya şəbəkələrinin işlənib hazırlanması və tətbiqi üzrə elmi-tədqiqat işlərinə rəhbərlik edib. 11 ildən artıqdır ki, ölkənin rabitə və İKT sahələrinə rəhbərlik edir.
Müdafiə sənayesi naziri Yavər Camalov “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru kimi əmək fəaliyyətinə başlayıb. “Azneft” İstehsalat Birliyinin baş direktoru postunu tutan Y.Camalov 9 ildən artıqdır ki, müdafiə sənayesi naziridir.
Təhsil naziri Mikayıl Cabbarov ölkənin ən gənc naziridir və iki ildir ki, təhsil sahəsinə rəhbərlik edir. ABŞ-da təhsil alan nazir elə həmin ölkədə vəkil kimi fəaliyyətə başlayıb. ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.
Səhiyyə naziri Oqtay Şirəliyev ölkənin tanınmış həkimlərindən biri olub. Bir müddət Respublika Diaqnostika Mərkəzinə rəhbərlik edən nazir 10 ilə yaxındır ki, səhiyyə naziri postunda çalışır.
Ədliyyə naziri Fikrət Məmmədov hüquqşünasdır və ilk iş yeri rayon prokurorunun köməkçisi vəzifəsi olub. 15 ildir ki, ölkənin ədliyyə sahəsində rəhbərlik edir.
Gənclər və idman naziri Azad Rəhimov əmək fəaliyyyətinə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. Nazir təyinatına qədər biznes fəaliyyəti ilə məşğul olan A.Rəhimov 9 ildir bu vəzifədə çalışır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ilk iş yeri Saatlı rayonunda yerləşən M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimliyi olub. 9 ildir ki, mədəniyyət və turizm naziri vəzifəsində çalışır.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilk olaraq Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib. ARDNŞ-in vitse-prezidenti, vergilər nazirinin müavini vəzifələrində çalışan Ş.Mustafayev 7 ildir nazir postunu tutur.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov əmək fəaliyyətinə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim kimi başlayıb. Müxtəlif dönəmlərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, Dövlət Sosial Müdafiə Fondunun sədri postlarını tutan S.Müslümov iki ilə yaxındır nazir təyin olunub.
Kənd Təsərrüfatı naziri Heydər Əsədovun ilk işi fəhləlik olub. Sonradan uğurlu karyera sıçrayışı edən gələcək nazir iki ilə yaxındır nazir vəzifəsindədir.
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim işləyib. “Qərb” Universitetinin sahibi olan nazir 14 ildir postunu qoruyur.
Maliyyə naziri Samir Şərifov Bakıda və Yəməndə iqtisadçı kimi çalışıb. İstedadlı iqtisadçılardan sayılan S.Şərifov əvvəlcə Dövlət Neft Fondunda, hazırda isə maliyyə naziri (2006) postunda çalışır.