K.Heydərova qarşı “rəqib qrup”un arxasında kim var?

0
3

BAŞ NAZİRLİYƏ GEDƏN YOL…

K.Heydərova qarşı “rəqib qrup”un arxasında kim var?

Azərbaycan mühüm dəyişiklik ərəfəsindədir. Siyasi spektrdə təmsil olunanlar, xüsusilə də müxalif cameə uzun illərdi ki, kardinal dəyişikliyin arzusu ilə yatıb-durur. Lakin bunu etməyə onların gücü yetmədi. Bəs, arzulanan dəyişikliyi kim edəcək və yenilik nədən ibarət olacaq? Söhbət iqtidar komandasında aparılacaq ciddi ələnmə prosesindən gedir. Artıq bunun ilkin simptomları nəzərə çarpmağa başlayıb.
Müdafiə Nazirliyindən başlanan ciddi kadr islahatının başqa sahələrə də sirayət edəcəyinə qəti şübhə yoxdur. Lakin iqtidarın yeni eraya başlayacağı ilə bağlı verdiyi qərara yalnız hansısa üçüncü dərəcəli adamların vəzifə tramplinindən aşağı salınması və ya yerlərinin dəyişdirilməsi aspektindən yanaşmaq olmaz. Plana görə, parlament seçkiləri ilə başlanacaq raund ölkənin yeni baş nazirinin seçilməsi ilə sona çatacaq. Budəfəki parlament seçkilərinin də gərgin keçəcəyi proqnozlaşdırılır. Maraqlıdır ki, gözlənilən mübarizə fərqli siyasi düşərgələrin deyil, iqtidar daxilindəki maraq qruplarının arasında gedəcək. Artıq həmin savaşın başlandığını demək mümkündür. Bəllidir ki, uzun illər mövcud hakimiyyətə sədaqətlə qulluq etmiş iki böyük dövlət adamının səhətində müəyyən problemlər müşahidə olunur. Eyni zamanda, onların yaşı da intensiv və mühüm dövlət işinin öhdəsindən gəlmək üçün bir qədər çoxdu. Söhbət Azərbaycanın Baş naziri Artur Rasizadədən və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən gedir.

İqtidar hansı kadrları dəyişməyə hazırlaşır?
Artur Rasizadə ilə bağlı hansı qərarın veriləcəyi şübhə doğurmur və çox güman ki, yaxın vaxtlarda onun yerinə yeni baş nazir təyin ediləcək. Eyni zamanda, yeni baş nazirə geniş səlahiyyətlərin veriləcəyi, Prezident Administrasiyası tərəfindən həyata keçirilən şaquli idarəetmə səlahiyyətlərinin əksəriyyətinin Nazirlər Kabinetinə veriləcəyi nəzərdə tutulub. Bununla mühüm dövlət adamı kimi, sədaqətli xidmət ilə iqtidarın rəğbətini qazanmağı bacaran Ramiz Mehdiyevin iş yükünü bir qədər azaltmaq istəyirlər. Aydındır ki, bu jest akademikə bəslənən hörmət səbəbindən ediləcək və heç də onun sıxışdırılması kimi yozulmamalıdır. Təbiidir ki, nəzərdə tutulan bu fövqəlsəlahiyyət bir çox məmurların həmin kresloya doğru həvəsini və cəhdlərini artırmış olub. Artıq baş nazir postuna layiq ola biləcək şəxslər ətrafında mediada ciddi müzakirələr aparılır. Bütün diskussiyalardan görünür ki, həmin vəzifəyə ən şanslı namizəd kimi FHN şefi Kəmaləddin Heydərovun adı hallanır.
Bir sıra parametrlərə görə bu təyinatın baş tutacağını inandırıcı saymaq olar. Bura sözügedən namizədin hakim elita tərəfindən qəbul edilməsi, regional təmsilçilik faktorunu, Prezidentə sonsuz sədaqət prinsipini və ən başlıcası uzun illər ərzində ciddi siyasi səhvə yol verməməsi kimi mühüm amilləri aid edə bilərik. Təbiidir ki, Kəmaləddin Heydərovu Baş nazir kimi görmək istəməyənlər də az deyil. Eyni zamanda, həmin vəzifəni tutmaq üçün özünü fövqəlnazirə rəqib sayanlar da var. Onlar bu güclü namizədin yolunu kəsməyə çalışırlarmı?

K.Heydərova qarşı “rəqib qrup”un arxasında kim var?
Son aylar ərzində baş verən iki mühüm hadisə və onların ətrafında aparılan ciddi ajiotaj Kəmaləddin Heydərovun rəqiblərinin boş durmadıqlarını büruzə verir. Həmin detallara fikir verək. Azərbaycanın ev sahibliyi etdiyi Avropa Oyunlarına az bir müddət qalmış Binəqədi rayonu ərazisindəki yaşayış binasında güclü yanğın baş verdi. Həmin hadisə çox böyük rezonansa səbəb oldu və aydın oldu ki, faciə binaya vurulan üzlük səbəbindən yaşanıb. Qeyd edək ki, mətbuatda həmin hadisənin ölkəmizə qarşı təxribat sayıla biləcəyinə dair də müzakirələr aparıldı. Hakim elita günahkar axtarışına çıxdı və məntiqlə belə də olmalı idi. Əsəblərin tarıma çəkildiyi bir vaxtda Kəmaləddin Heydərova rəqib sayılan qruplaşmadan birinin nümayəndəsi məhz onun özünü hər gün “sürüyən” qəzetlərdən birinə müsahibə vermək qərarına gəlir. Bizdə olan məlumata görə, müsahibə təşəbbüsü qəzet tərəfindən deyil, həmin dairə tərəfindən göstərilib. Narazı qrup mətbuata bir icra başçısını çıxarır və o, özündə böyük cəsarət taparaq, baş verən faciəni Kəmaləddin Heydərovun üzərinə yıxmaq istəyir. Həmin müsahibə hakimiyyətin yuxarı eşalonunda birmənalı qəbul edilmir və necə deyərlər rəqib qrup özünü “yandırmış” olur. Yanan bina ilə bağlı ajiotaj bir qədər sakitləşəndən sonra Kəmaləddin Heydərovun qrupu yenidən təşəbbüsü əla almağı bacarır. FHN şefinin oğlu- Taleh Heydərovun sahibi olduğu “Qəbələ” futbol klubu Azərbaycanın idman tarixinə adını yaza biləcək zəfərə doğru irəliləyir. Komanda Bakıda keçirilən oyunda qazandığı uğuru qeyd etmək istəyərkən məlum Rasim Əliyev- Cavid Hüseynov olayı yaşanır. Həmin hadisə hətta dövlət başçısı tərəfindən belə pislənilir. Jurnalistin ölümünə səbəb olan bütün şəxslər, o cümlədən futbolçu Cavid Hüseynov həbs olunur. Ancaq bəziləri əllərinə düşən fürsəti buraxmaq istəmir. Bütün resurslarını işə salmaqla bu rezonanslı hadisəni də Heydərovların adına bağlamaq istəyirlər. Hətta bunun üçün beynəlxalq əlaqələr də işə salınır. Bir idman jurnalistinin ölümünü siyasi jurnalistlər – Rafiq Tağı, Elmar Hüseynovun qətllərindəki motivlərlə eyniləşdirmək istəyirlər. Bunu edənlər fikirləşir ki, məsələnin mahiyyəti nə qədər şişirdilsə bir o qədər Kəmaləddin Heydərovun maraqlarına toxunmuş olur. Jurnalistin ölümünün 9-cu günündə Azərbaycanın media tarixində görünməmiş bir hadisə baş verir. Bir qrup jurnalist öz həmkarlarının qətlində şübhəli bilinən futbolçu Cavid Hüseynovun zaminə buraxılması ilə bağlı ölkə başçısına müraciət ünvanlayırlar. Təbiidir ki, bu biabırçı olay ictimaiyyət tərəfindən kəskin tənqid olunur. Nəticədə müraciətdə imzası olan bəzi tanınmış jurnalistlər imzasını geri götürür. Həmin siyahıda birinci yazılan ad hamının diqqətini çəkir.

Siyahıya başçılıq edən jurnalist və millət vəkili olan Aqil Abbas öz həmkarını deyil futbolçunu müdafiə etməyə üstünlük verdi. Kifayət qədər təcrübəsi olan bir millət vəkilinin belə ağlasığmaz kampaniyaya başçılıq etməsi təsadüfdürmü? Aqil Abbas Kəmaləddin Heydərova yaxın olan şəxs kimi tanınır. Avtomatik olaraq belə bir fikir yarandı ki, Aqil Abbas bu kampaniyaya FHN şefinin xeyir-duası olmadan qoşula bilməzdi. İkinci bir versiya isə “ayı xidməti”dir. Nəticə etibarı ilə proses Kəmaləddin Heydərovun xeyrinə deyil ziyanına işlədi. Necə deyərlər “qaş düzəldən yerdə göz çıxarıldı”. Həmin müraciətlə nisbətən unudulmağa doğru gedən cəmiyyətin Rasim Əliyev qaysağı yenidən qoparıldı. Yenə bütün diqqətlər Heydərovlara yönəldi. Ancaq görünən budur ki, Kəmaləddin Heydərov bütün bu təxribat xarakterli maneələri aşmaq gücünə sahibdir. Artıq onun əsas rəqiblərindən biri, Ziya Məmmədov Baş nazirlik iddiasında əl çəkən təsiri bağışlayır. Çünki bu günlərdə onun baş nazirin müavini olacağı ilə bağlı mediada yayılan informasiya onun özü və komandası tərəfindən asan həzm edildi. FHN şefi isə inamla irəliləyir və yəqin ki, ona əlcək atacaq döyüşçü ilə növbəti raunda hazırlaşır.

Məhəmmədəli QƏRİBLİ

LEAVE A REPLY