Bahalaşmaya görə maaşlar artırılmalıdır”
Azərbaycanda bu ilin 21 fevralında manatın kəskin şəkildə devalvasiyasından sonra müşahidə edilən bahalaşma dalğası son günlər daha da genişlənib.
Ölkədə fəaliyyət göstərən bir çox şirkətlər istehlak mallarına 15-35 faizlik qiymət artımı tətbiq etməyə başlayıb. Mütəxəssislər bahalaşmanın gözlənilən olduğunu açıqlayır.
Əlbəttə, ölkənin istehlak bazarının əsasən idxaldan asılılığını nəzərə alsaq bu addımı hətta qaçılmaz hesab etmək olar. Ancaq bu vəziyyətdə vətəndaş neyləməlidir? Çarəsiz vətəndaş bahalaşma bumunun qarşılığında maaşının artırılmasını gözləyir.Nəzərinizə çatdıraq ki, ölkədə fəaliyyət göstərən “Azərsun” Holdinq, Prokter & Gembl Azərbaycan Servisləri” MMC, Avrora, Səba firması, Cahan holdinq kimi şirkətlər öz məhsullarını 15-35 faiz bahalaşdırıb.
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa isə Modern.az-a hökumətin bu istiqamətdə qaneedici addımlar atmadığına təəssüflənib:”Hökumət öz vətəndaşlarını qorumaq barədə düşünməlidir. Ən azı onların minimum yaşayışını təmin etmək istiqamətində işlər görülməlidir”.
Fazil Mustafa ilkin nəticələrə əsaslanaraq hökumətin bahalaşmanı gizlin həyata keçirdiyini deyir.Ilkin bahalaşmanın gizlin getdiyini göstərir. Bunun fonunda əmək haqlarının artırılmaması insanlar arasında haqlı narazılıq yaradır. Hökumət bahalaşmanı şəffaf şəkildə icra etməyə borcludur.
Neftin qiymətinin sürətlə aşağı enməsi Qazaxıstanda və başqa ölkələrdə yeni bir iqtisadi siyasətin müəyyən edilməsi ilə nəticələnib.
Ümid edirik ki, Azərbaycan hökuməti də konkret addımlar atacaq. Əks halda, vətəndaş qiymət bahalaşmasının altında əzilməkdə davam edəcək. Çünki başqa yol qalmır.Çox güman ki, hökumət dairələrində bu istiqamətdə müzakirələr getməmiş deyildir. Belə bir məqamda maaşların artırılması labüddür. Ümid edirəm ki, yaxın vaxtlarda məsələ ilə bağlı açıqlamaların şahidi olacağıq”.