“Ölkədə ümumiyyətlə seçki mühiti yoxdur”

0
4

“Ölkədə ümumiyyətlə seçki mühiti yoxdur”

Əli Orucov: “AMİP bloklaşmaya və birliklərin yaradılmasına çox həssas yanaşır”

“Heç olmasa səhiyyə, təhsil kimi vacib sahələrdə bu cür Allahsızlığı, rəzaləti yığışdırsınlar. Ölkədə millət, xalq üçün əsl cəhənnəm, özləri üçünsə cənnət yaradıblar”

Azərbaycanda parlament seçkilərinə üç aydan da az vaxt qalıb. Müddət azalsa da, cəmiyyətdə seçki aktivliyi qətiyyən hiss olunmur. Siyasi partiyalar da seçkilərə sanki ögey münasibət bəsləyir. Partiyaların bir neçəsini çıxmaq şərti ilə digərlərində seçki aktivliyi sezilmir. Bütün bunları isə Azərbaycanda azad seçki mühitinin olmaması ilə əlaqələndirirlər. Müsahibimiz AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov ilə həm mənsubu olduğun partiyanın seçkilərə hazırlığı barədə, həm də ölkəmizdə seçki qabağı ümumi mənzərə haqqında söhbətləşdik. Maraqlı söhbət alındığını ümid edirik…

-Əli bəy, qarşıdan parlament seçkiləri gəlir. Ölkədəki siyasi qüvvələrin seçki hazırlığını necə dəyərləndirirsiz?

-Parlament seçkiləri hər bir cəmiyyətdə cox vacib və ağır prosesdir. Seçkilər tələb edir ki, siyasi hərarət günü-gündən yüksəlsin, fəallıq və hərəkətlilik yaşansın, ictimai-siyasi həyatımızda baş verən hadislər keyfiyyətcə yeni mərhələyə keçsin. Lakin sizin də müşahidə etdiyiniz kimi bu sadaladıqlarımın heç biri yoxdur. Partiyalar cari işləri ilə məşğuldurlar, Ölkə vətəndaşlarının isə başı saatbasaat artan bahalşama fonunda gündəlik qayğılarına və problemlərinə qarışıb. Şəxsən mən partiyaların seçkilərə hazırlaşdıqlarını, secicilərin isə bu seçkilərə marağını görmürəm. Çünki ölkədə ümumiyyətlə seçki mühiti yoxdur.

-Bildiyiniz qədər təmsil olunduğunuz AMİP-də seçkilərdə iştirak edəcəyini bildirib. O zaman belə bir sual yaranır, sizin partiya seçki mühiti olmayan şəraitdə seçkilərə niyə qatılır?

-AMİP yarandığı gündən etibarən demokratik dəyərlər üzərində yaranıb. Patyiya indiyədək öz prinsip və ideyalarında sadiq qaldığı dəyərlərdən bir addım da sapınmayıb. İlk dəfə demokratik və sivil yolla hakimiyyətə gəlməyin hədəflənməsi , çoxpartiyalı siyasi sistemin təməlininin atılması, cağdaş dövrün tələblərinə uyğun partiyadaxili idarəçiliyin, nizam-intizamın, kadrların yetişdirilməsi, müxtəlif siyasi düşərgələr arasında münasibətlərin normal tənzimlənməsi kimi yeniliklər AMİP-lə bağlıdır. Biz probelmlərin həlli yollarını, ölkəmizin gəlcəyini və inkişafını demokratik və azad seçkilərdə görürük. Seçkilər həm də dövlətə etimad, güvən və sahib olmaq deməkdir. Ona görə də partiya indiyədək Azərbaycanda keçirilən bütün seçkilərdə aktiv iştirak edib və böyük uğurlara imza atıb. Qürurla deməliyəm ki, ölkədə seçki kompaniyasının necə uğurlu və müasir standarlarla aparılmasını biz həyata keçirmişik. Amma təəssüflər olsun ki, hakimiyyət üçün ölkədə bu cür seçki kompaniyasının aparılması təşvişdir, qorxudur. İndiyədək keçirilən seçkilərin heç biri azad və şəfaf olmayıb, nəticələr total surətdə saxtalaşdırılıb. Xalqın iradəsi əsas götürülməyib. Nəticədən asılı olmayaraq AMİP həmişə qatıldığı seçkilərə məsuliyyətlə, böyük ruh yüksəkliyi və mütəşəkkiliklə qatılıb. Çünki bu bizim xarakterimizdən irəli gəlir. Əgər bir işə başlayırıqsa o işə həvəslə, qalib gəlmək, uğur qazanmaq üçün gedirik. Hətta, seçki mühiti olmayan indiki dövrdə də daxili inama və potensialımıza güvənərək bu prosesə artıq start vermişik. Ancaq ilk növbədə çalışırıq ki, ölkədə müəyyən qədər də olsa seçki əlverişli mühitinin yaradılmasına nail ola bilək. Onun da fərqindəyik ki, belə ağır və çətin işin öhdəsindən təkbaşına gəlmək heç də asan deyil. Partiyaların özü də seçki hazırlıqlarından çox diqqəti bu istiqamətə yönəltməlidir ki, nəticəyə vara bilsinlər. AMİP seçki qanunvericiliyinin təkmilləşdirilməsi, hamının maraqlarını ifadə edən dəyişiklərə gedilməsi ilə bağlı hökümətə bir neçə təkliflər verıb. Partiyanın rəhbərliyi seçki qabağı digər siyasi qüvvələrlə əməkdaşlıq istiqamətində təşəbbüslərlə çıxış edib, təmaslar qurub. Müxtəlif səpkili görüşlər keçirib. Əgər azacıq da olsa seçkilərın demokratik keçirilməsinə nail ola bilsək, bu sonrakı etap üçün böyük baza, kapital ola bilər. Bizim seçkidə iştirak qərarı verməyimizin əsas səbəblərindən biri də ölkədə siyasi proseslərin ölü nöqtədən çıxarmaq gedişini sürətləndirmək, cəmiyyəti aktivləşdirmək, hakmiyyəti demokratik prinsiplərə və üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirməsinə məcbur etməkdir. Seçkiyə rəsmi start verilənədək görüləcək işlərın həcmi sizin təsəvvür etdiyinizdən də böyükdür.

-Bir müddət əvvəl belə bir məlumat getdi ki, AMİP hansısa bloka qoşulur, yaxud da yeni seçki blokunun yaradılmasında iştirak edir. Bu xəbərlərin həqiqət yükü nə dərəcədədir?

-AMİP-də qərarlar kollegial şəkildə qəbul olunur. Partiyanın 12 aprel 2015-ci il il tarixdə keçirilən sonuncu Mərkəzi Şuranın qəbul etdiyi qərarda partiyanın seçkilərə təkbaşına iştirak etməsi göstərilib. Seçkilərədək AMİP-in növbəti XI Qurultayının keçirilməsi nəzərdə tutulub. Ola bilsin seçki dövrünədək sosial sifariş dəyişsin, yeni təlabat və istək yaransın. Buna görə də qurultaydan sonra seçkilərdə iştirakın formatı barədə fərqli qərar qəbul edilsin. Siyasət çeviklik və dinamizm tələb edir. Məhz bu baxımdan da çevik və cəmiyyətin, siyasi proseslərin axarına uyğun qərarlar qəbul etməkdə fayda var. O ki, qaldı pariyanın hansısa bloka qoşulması, yaxud da yeni seçki blokunun yaradılmasında iştirakla bağlı xəbərlərə, burda bir qədər korrektəyə ehtiyac var. Çünki yuxarıdada vurğuladığım kimi, partiya olaraq seçki mühitinin yaradılması, müxalifətdaxili inteqrasiya və əməkdaşlığa nail olunması üçün səylərimizi genişləndirməyi məqsədə müvafiq sayırıq və pozitiv təşəbbüslərə də isti yanaşırıq. Amma bu birlik və bloklaşma yaratmaq anlamı vermir. Digər tərəfdən uzun illərin təcrübəsi təsdiqlədi ki, müxalifət hansı birlik formatı yaradırsa yaratsın, hansı təmtaraqlı ad altında bloklaşırsa bloklaşısın bunun heç bir səmərsi olmayıb. Birincisi, ona görə ki, Azərbaycanda xalq yox, Prezident Admnistrasiyası seçir. İkincisi, seçki qabağı mühitin yaradılması diqqətə alınmır,üçüncüsü, yaradılan birliklər formal xarakter daşıyır, əslində isə daxili birlik, vahid komanda alınmır, dördüncüsü, qarşılıqlı şübhələr, inamsızlıq, separatizm saxlanılır, beşincisi, korporotiv maraqlar üstün olur, altıncısı ideoloji xətt və təsnifat gözlənilmir, yeddincisi məhdud dövr üçün nəzərdə tutulur və tələsik, müzakirələrsiz yaradılır, səkkizincisi liderlərin şəxsi münsibətləri üstün olur, siyasi qüvvələrin resursları nəzrə alınmır və s. Bu üzdən də hakimiyyət blokda təmsil olunan partiyalardan birinə bir qədər sıcaq yanaşma sərgiləməsi kifayət edir ki, həmin birlik formatı nəinki darmadağın edilir, hətta qarşıdurma şiddətlənir, bu münasibətlər düşmənçiliyə, ifrat qarşılıqı ittihamlaradək gedib çıxır. Odur ki, AMİP bloklaşmaya və birliklərin yaradılmasına çox həssas yanaşır. Partiyanın qarşısında bundan daha vacib, ölkəni və milləti narahat edən, getdikcə təhlükəli hal alan problemlərin üzərinə getmək vəzifələri durur.

-Bir partiya üçün seçkidən vacib hansı məsələlər ola bir ki?

-Seçki vacibdir. Lakin bütünlükdə seçki mövzusuna tiklanmaq da olmaz. Zatən hakimiyyət də bunu istəyir ki, hamının başını seçki adı ilə qarışdırıb, ölkədəki böhranlı vəziyyətdən fikri yayındırsın. Partiyaların da seçkilərlə bağlı fəaliyyətlərini özləri özlərini aldatmaqdan, gündəmdə qalmaqdan başqa bir şey saymıram. Onsuz da hər kəs bilir ki, Azərbaycanda siyasi təsisatlar və vətəndaş cəmiyyəti məhv edilib. Tənqidi media da qalmayıb. Hətta, hakim partiya sayılan YAP-ın da mövcudluğu formaldır. Ölkə bir qrup və bir-birinə zidd olan yüksək məmurun idarəciliyindədir. Siyasi sistem işlək və mühərrik bir sistem olmaqdan çıxıb. Xalq hakimiyyətin mənbəyi deyil və nə hakimiyyət qollarının formalaşmasında, nə ona ictimai nəzarət etməkdə, nə də iştirakçılıqdan kənarlaşdırılıb.Prosesin bu cür gedişatı siyasi partiyaların seçkilərdə iştirakını mənasız edib. Siyasi meydanda demək olar ki, partiya da qalmayıb. Seçkilər mojaritar qaydada keçirildiyindən hər kəs öz işini fərdi quracaq və partiyaya ehtiyac da duymacaq. Birlik və bloklaşma parlament üsul-idarəsi və proporsional seçki sistemləri üçün daha optimaldır. Eyni zamanda seçkilər o cəmiyyətlərdə aktual və bir saylı mövzu olar ki, orda insanlara, seçicilərə, vətəndaşlara sərbət seçim imkanı verilsin. Siyasi institutların ölkənin siyasi həyatında və idarəçiliyində rola malik olsun.

-Əli bəy, gəlin etiraf edək ki, xalqın özü də öz taleyinə və gələcəyinə biganə yanaşır. Seçkilərdə iştiraka həvəs göstərmir. Bütün bunların günahın iqtidarın üzərinə atmaq nə dərəcədə ədalətlidir?

-Mən xalqı suçlamaq fikrindən tamailə uzağam. Xalqı elə duruma salıblar ki, ümidini Allahdan başqa hamıdan üzüb. Bunun da babalı-gühahı təbii ki, iqtidarın üzərindədir. Uzun illər yürüdülən siyasət ondan ibarət olsun ki, cəmiyyət süsləşdirilsin, heç kim haqqını tələb etməsin, ələbaxan olsun, satqınçılıq, yaltaqlıq etsin, oğurluqla, korrupsiyaya uğramaqla həmişə qorxu və gözükölgəli yaşasın. Hərdən bir də hökümətdəkilərin könlünə düşüb bir əlindən verdiyini digər əlindən artıqlaması ilı aldığını xalqa minnət qoysun, xeyirxahlıq, müdriklik kimi qəbul etdirsin. Siz özünün də dərin təhlildən keçirsəniz görərirsiz ki, əvvəlki illərlə nisbətdə Azərbaycanda bütün sahələrdə nə qədər geriləmələr var. Ölkə getdikcə Şimali Koreyaya, Venesuelaya bənzəyir, beynəlxalq ictimaiyyətlə Azərbaycan iqtidarı artıq Rusiya üslubunda, rusca danışır. Mərhum prezident H.Əliyevin siyasi kursunun davamından danışırlar. Ədalət naminə demək lazımdır ki, onun dövründə ölkə daha demokratik, daha güclü, daha inamlı idi. Mərhum prezident partiya sıralarında, partiya işində yetişdiyindən dövlətin idarə edilməsində və dayaqlığında siyasi instutların hansı rola malik olduğunu yaxşı bilirdi. Ona görə də cəmiyyətdə az-çox demokratik prinsiplərə hörmət edilirdi. Siyasi partiyalar vətəndaş cəmiyyətləri, tənqidi media güclü idi və hətta, cəmiyyətin ən dərin qatlarına nüfuz edə bilirdi. Yaxud da mərhum prezidentin dövründə hansı məmur cürət edib onun qərar və göstərişlərini sabotaj edə, yaxud da yerinə yetirməyə bilərdi? Onun zəhmi, tərs bir baxışı yetərdi ki, hər kəs özünü yığışdırsın. İndi oliqarx məmurlar hərəsi özünü bir prezident sayır. Ölkə başçısı İ.Əliyevin son müşavirələrdəki çıxışlarını dinləyəndən sonra belə qənatə gəlmək olur ki, heç kim heç kimin kitabını oxumur. Prezident göstəriş verir ki, Azal qiymətlər aşağı salmalıdır, Cahangir müəllim buna əməl etməyə tələsmir, prezident tapşırır ki, Xalqlar dostluğu parkında güya sahibi bəlli olmayan tikililər sökülüsün Hacıbala müəllimin kiminlə ədavəti var idisə bir-iki nəfərin evini sökdürür, yenə icra olunmur, dərmanların qiyməti və keyfiyyəti normal qaydaya salınsın, dövlət xəstəxanalarında biabırçılıqlara son qoyulsun Oqtay müəllim şıdırgı alverinı davam etdirir və s. Siz nümunə üçün bir sahəni göstərə bilməzsiniz ki, orda az-çox qayda-qanuna rayət edilir. Bütün sahələr çirkab və rəzalət içindədir. Bunları kim edib? Əlbbətə mövcud siyasi rejim. Deyirlər ki, ictimai nəzarət olmalıdır, xalq fəallıq göstərməlidir, haqqını tələb etməlidir. Mən də razıyam. Qapalı rejimlərdə ictimai nəzarətdən, xalqın fəallığından danışmaq gülüncdür. İctimai nəzarət üçün azad və tənqidi media olmalıdır, siyasi partiyalar, vətəndaş cəmiyyətləri olmalıdır və onlara imkan və güc vermək, dəstək vermək lazımdır. Cəmiyyət dövlət orqanlarının fəaliyyətinə nəzarəti məhz bu üsulla yerinə yetirir. Bizim xaqlı günahlandırmağa haqqımız yoxdur. Çünki xalqı səfərbər edib, onu arxasınca aparacaq qüvvələr də zatən qalmayıb. Kimə arxalanıb, kimə dəstək olub, həmin siyasilər, liderlər bu inam və etbarı doğrulda bilməyiblər. Bir qismi yorulub əldən düşüb, bir qismi bezikib, bir qismi iqtidarın yanında yer alıb, bir qismi də, hakimiyyətin xioşuna gəlmək və rəğbətini qazanmaq üçün hər cür dona girir. İndi insanlar daha prqamatik düşünürlər. xalq görsə ki, onun həqiqətən də maraqları uğrunda kimsə mübarizəyə girişib, ianın ki, yenə həmin qüvvəni, həmin şəxsi başının üzərində gəzdirər. Amma xaqlın ayağına gedən yoxdur, xalqın qayğılarını öz qayğısı, problemini öz problemi kimi bilən yoxdur. Ona görə də hər kəsdən küskün, incik, inamısız halda çəkilib hücrəsinə, öz problemləri ilə baş-başa qalmağa üstünlük verib.

-İddia olunur ki, parlament seçkilərindən sonra cənab prezident İ.Əliyev köklü islahatlar aparacaq, kabineti yeniləyəcək, parlamet üzvlərinin də çoxu dəyişdiriləcək…

-Təəssüf ki, mən bu səslənən iddialarla bağlı optimist deyiləm. Bəlkədə ölkə rəhbəri vəziyyətin tam nəzarətdən çıxmasını önləmək, neqativ halları aradan qaldırmaq və yetişən dərin böhranı qabaqlamaq üçün preventiv addımlar atmaq istəsin. Ancaq bunların nəyisə köklü surətdə müsbətə doğru dəyişəcəyinə inanmıram. Əvvəla ona görə ki, dəyişikliklər üçün ilk növbədə istək və siyasi iradə lazımdır. İkincisi, sistem elə qurulub ki, fərdlərin dəyişməsi heç nəyi dəyişmir, əksinə daha da pisləşdirir. Misal üçün Səhiyyə Naziri Əli İnsanov, Təhsil Naziri Misir Mərdanov, iqtisadi inkişaf naziri Fərhad Əliyev, Parlamentin spikeri Murtuz Ələsgərov, Əmək və Əhalinin Sosial müdafiəsi naziri Füzuli Ələkbərov və s. dəyişdirildi. Həmin sahələr üzrə nə müsbət dəyişiklik baş verdi? Heç nə! Sizin islahatlar dediyiniz bir rüşvətxor, korrupsiyalaşmış məmurun başqası ilə əvəzlənməsindən, yerdəyişməsindən başqa bir şey deyil. Bütün sahələrdə rüşvət və korrupsiya leqallaşdırılıb. Yeri gəlmişkən, bu yaxınlarda başıma gələn bir hadisəni danışmaq istərdim. 2-ci dərəcəli əlil olan yaxın qohumlarımdan birini Milli Onkologiya Mərkəzinə-xəstəxanaya aparab UZİ deyilən aparatdan keçirməli oldum. Dövlət xəstəxanası olan həmin xəstəxanadan bunun üçün 150 manat pul ödəməli olduğumu dedilər. Etiraz etdim bilirdilər ki, bizlik deyil, baş həkimə yaxınlaşın. Baş həkim sanki dədəsinin özəl xəstəxanası kimi 130 manatdan aşağı endirim edə bilməyəcəyini deyərək göndərişin üzərinə 130 manat yazdı. Bundan sonra 130 manatı ödəmədən UZİ-dən keçmək mümkün olmadı. Hələ bu ağır xəstəliyə düçar olmuş 2-ci qrup xəstənin ayda bir dəfə keçməli olduğu bir müayinədir. Bu Allahsızlıqdır. Bütün sahələr Allahsızlaşdırılıb. Heç olmasa səhiyyə, təhsil kimi vacib sahələrdə bu cür Allahsızlığı, rəzaləti yığışdırsınlar. Vallah siz görəcəksiz ki, ölkəyə daş yaxacaq. Ölkədə millət, xalq üçün əsl cəhənnəm, özləri üçünsə cənnət yaradıblar. Parlamentin tərkibinə gəlincə bunun xalqın iradəsi ilə dəyişməli olduğu düşüncəsindəyəm. Onun üçün seçkiləri bir fürsət hesab edirəm. Azərbaycan üçün qurtuluşun yeganə və son fürsəti. Əgər bu seçkilərdə də yenə əvvəlki kimi heç nəyin dəyişməsinə imkan verilməyəcəksə, bundan sonra batan gəmini heç kəs xilas edə bilməyəcək.

Söhbətləşdi:Nicat Sadiq

LEAVE A REPLY