Fətullah “Xoca” irəli dedi…
Nurçular Milli Məclisdə yer ala biləcəkmi?
ABŞ-ın Pensilvaniya Ştatında məskunlaşmış Fətullah Gülənin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətinin düşmənçilik həddinə çatması artıq şübhə doğurmur. Onların yola birgə davam edə bilməmələri barədə müxtəlif versiyalar səslənsə də, əsil həqiqət göründüyü kimi ortada deyil. Belə ki, hər ikisinin tərcümeyi-halında qaranlıq məqamlar var. Türkiyə prezidentinə yaxın KİV-lər hətta Gülənin yəhudilərlə ilişkisi olduğu barədə informasiyalar yaydı.
Fətullah Xocanın sabiq Türkiyə prezidenti Abdullah Güllə normal münasibətdə olduğu geniş müzakirə mövzusuna çevrilib. AKP iqtidarıın bir zamanlar Güləndən ABŞ-dakı yəhudi lobbisiylə xoş münasibət qurmaqda, bir çox senatorun Türkiyəyə gətirilməsində istifadə etməsindən də söhbət açılıb. Bütün bunlara baxmayaraq Fətullah Xocanın Türkiyədəki və hətta ölkəmizdə fəaliyyət göstərən məktəbləri qapadıldı. Türkiyədə Fətullah tərəfdarları sözün əsil mənasında küncə sıxışdırıldı. Gülənə yaxınlığı ilə seçilən məşhur futbolçu Hakan Şükür belə yenindən Türkiyə Böyük Millət Məclisinə mandat qazana bilmədi.
İndi Xocanın yeganə ümidi Türkiyənin sabiq prezidenti Abdullah Gülün yenidən siyasi meydana atılacağına bağlanıb. A.Gülün yeni siyasi partiya yaradacağı barədə xəbərlər gündəmdə olsa da, görünən odur ki, hələlik Fətullah Xocanın Türkiyədə fəaliyyət çevrəsi başdan-başa qapadılıb.
Fətullah Gülənin bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da xeyli məktəbi var idi. Etiraf etmək olar ki, həmin məktəblərdə tədrisin keyfiyyəti yüksək olur və buna rəğmən məzunlarının əksəriyyəti nüfuzlu üniversitetlərdə təhsil almaq imkanı qazana bilirdi. O da sirr deyil ki, Gülənin tədris müəssisələrində çalışanların böyük əksəriyyəti “nurçuluq” təriqətinə mənsublar olurdu. Nəticədə isə həmin məktəbləri bitirən məzunların dünyəvi baxışlarında Fətullah Gülən “fəlsəfəsi” əsas yeri tuturdu.
Bir müddət öncə ölkəmizin idarəçilik strukturlarından gülənçilərin təmizlənməsinə ehtiyac duyuldu. Açıq etiraf edilməsə də, həmin təmizlənmədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin rolu inkaredilməzdir. Prezident Administrasiyasında olduqca önəmli post tutmuş (Prezident Admisintrasiyasının Siyasi təhlil və İnformasiya təminatı şöbəsinin müdiri-T.T.) Elnur Aslanov vəzifəsini itirməli oldu. KİV-lərin araşdırmaları nəticəsində sabiq şöbə müdirinin Fətullah Gülənlə sosial şəbəkələrdə yazışmaları aşkarlandı. Məhz bundan sonra Türkiyə iqtidarı rəsmi Bakıdan “ya biz, ya Gülən” tələbini etdiyi barədə məlumatlar KİV-lərə sızdı.
Bütün cəhdlərinə baxmayaraq fətullahçıların Türkiyə Böyük Millət Məclisinə seçkilərdə acınacaqlı məğlubiyyətə məruz qalmaları məlum oldu. Ancaq görünən budur ki, Gülən illərlə sağa-sola xərclədiyi paraların bəhrəsini görməkdə israrlıdır. Etibarlı mənbədən aldığımız məlumata görə, Gülənçi “texnoloqlar” Azərbaycanda keçiriləcək parlament seçkilərinə ciddi hazırlığa start veriblər. Məlumatda xüsusi olaraq vurğulanıb ki, “nurçu”ların seçki hazırlığına millət vəkili Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov rəhbərlik edir: “Fətullah Gülən öz camaatına “irəli” göstərişini verib. Onun tərəfdarları sırasında gözlənilməz isimlər yer alacaq. Sabiq deputatlar, yeni hərəkat yaratmış gənclər və növbəti dəfə seçilmək istəyən hazırkı deputatlar Fətullah Gülənin böyük maliyyə dəstəyindən yararlanmaq istəyirlər. Azərbaycanda “Gülən camaatı”nın lideri statusunu qeyri-rəsmi daşıyan E.Aslanovun anası, millət vəkili R.Aslanovanın da bu sırada yer alacağı ehtimal olunur. Onun YAP-ın seçki siyahısına daxil ola bilmədiyi səbəbindən narazı qaldığını və seçkiyə oğlu ilə bir “blok”da qatılacağı gözləniləndir”.
Turan Türk