Ağdamın sabiq rəhbərinin başı dərddə…

0
4

Ağdamın sabiq rəhbərinin başı dərddə…

O, həbsin bir addımlığındadı

Cinayət Məcəlləsinin 178.2-ci (dələduzluq) maddəsi ilə haqqında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanaraq həbs olunan Mingəçevir “İzolit” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyyətinin sədri Mehman Mehdiyevin həbsi, eləcə də bu ASC-nin məxsus olduğu “Alfa Layn” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı araşdırmalarımız davam edir və çox maraqlı məlumatlar əldə etmişik.

Bu məlumatlardan biri DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin “İzolit” ASC-də baş verməsindən şübhələndiyi dələduzluqla bağlı məqama aydınlıq gətirməyə imkan verir. Söhbət “Alfa Layn” MMC-nin siam əkizlərindən olan “Siqma Layn” MMC-nin Azərbaycan Beynəlxalq Bankından (ABB) götürdüyü kredit, bu pulların hansı mexanizmlə mənimsənilməsi ilə bağlıdır. Rəsmi qurumların Xaqani Bəşirova məxsus olmasında şübhələndiyi “Siqma Layn” MMC ABB-dən sahibkarlığa yardım kreditləri götürmək üçün müxtəlif müəssisələrlə, o cümlədən də Kürdəmirdəki Şirə zavodu – «Qelios» MMC-i ilə işbirliyi qurub. 2008-ci il martın 7-də “Siqma Layn” MMC-i “Qelios” Şirə zavodunun səhmlərinin 50 faizinə sahib olub, lakin səhmlərinin pulunu tam ödəməyib. Bundan sonra “Siqma Layn”MMC-i “Qelios” MMC ilə birgə biznes adıyla bir neçə dəfə ABB-dən pul alıb. Baxmayaraq ki, bu müddətdə əsas kredit və faizlər üzrə borclarını qaytarmasa da, bank ona kredit verməyə davam edib. Beləliklə də “Siqma Layn” MMC-nin 01 dekabr 2010-cu il tarixinə qədər ABB-dən 6 milyon 346 min manat kredit götürüb, faizləri ilə birlikdə isə ümumilikdə banka 8 milyon 230 min 45 manat 56 qəpik borcu yaranıb. Çox maraqlıdır ki, həmin müddətdə şirkətin əsl sahibi kimi təqdim edilən Xaqani Bəşirov həbsdə olsa da, bank kredit verməkdə davam edib. Bu isə Xaqani Bəşirovun uydurulmuş himayəçi olması haqqında ehtimalları gücləndirir. 2010-cu ildə Bank “Siqma Layn” MMC-dən və “Qelios” MMC-dən kreditlərini tələb etməyə başlayır. “Qelios” MMC isə 1 saylı Bakı İqtisad Məhkəməsində iddia qaldırır ki, “Siqma Layn” MMC ilə müqaviləsinə xitam verilsin.
Əsas olaraq da onu göstərib ki, “Siqma Layn” MMC-i bu ortaqlıqdakı payını maliyyələşdirmək üçün kredit alsa da, öhdəliklərini yerinə yetirməyib. Bank və iki MMC-nin məhkəmə və pul çəkişmələrinin getdiyi bir zamanda Şirə zavodunun mühasibi Nadir Kərimov yoxa çıxır və 21 günlük axtarışdan sonra Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları onun cəsədini Kür çayından tapıblar. Ölən mühasib Nadir Kərimovun ailəsi şikayət ərizəsində bu ölümün intihar deyil, qətl olduğunu iddia etsələr də, nəticə olmur. Baxmayaraq ki, mərhum Nadir Kərimovun oğlu atasının şirə zavodunun rəhbərliyilə münasibətlərində problem olduğunu deyirmiş. Yeri gəlmişkən qeyd edək ki, “Araşdırma Qrupu”muzun açıq mənbələrdən əldə etdiyi məlumata görə nizamnamə kapitalı 11 655 010 AZN olan “Qelios” MMC-nin qanunu təmsilçisi deputat Fərhad Qəribovun beş övladından biri olan Zöhrab Qəribovdur. “Qelios” MMC ilə bağlı “Siqma Layn” MMC-nin kredit fırıldağını ona görə qeyd etdik ki, bu məqam “Alfa Layn” MMC-nin “İzolit” ASC-i ilə bağlı kredit oyununa işıq sala bilər. “Araşdırma Qrupu”muzun açıq mənbələrdən əldə etdiyi məlumata görə, “Siqma Layn” MMC-nin rəhbəri Samir Hacıyevdir. Qeyri-rəsmi məlumata görə isə Samir Hacıyev “Alfa Layn” MMC-nin qanuni təmsilçisi Sadıx Murtuzayevin yaxın adamıdır.
“Siqma Layn” MMC-nin kredit oyunu ilə bağlı məqamı “Alfa Layn” MMC-nin və “İzolit” ASC-i ətrafında baş verən maliyyə fırıldağına işıq salmaq üçün kifayət qədər əsaslı dəlil ola bilər.
Mingəçevir “İzolit” ASC-i adına rəsmiləşdirən 30 milyon manat kreditin təminatı kimi Səhmdar Cəmiyyətin binası, 15 hektar torpaq sahəsi və müəssisənin fəaliyyət göstərən avadanlıqları girov qoyulub. Həbs olunan Mehman Mehdiyevin vəkili bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs özünü təqsirli hesab etmir. Çünki, onun 20 milyon dollar civarında dəyəri olan girovu var. Burada ortalığa bir neçə sual çıxır ki, istintaq orqanları bu suallara hökmən cavab almalıdırlar. Birinci sual ondan ibarətdir ki, həbs olunan iş adamının 20 milyon dollar civarında qiymətləndirdiyi “İzolit” ASC-nin əmlakını necə olub ki “Alfa Layn” MMC-i su qiymətinə özəlləşdirib. Xatırladaq ki, “İzolit” MMC-nin özəlləşdirilməsi ilə bağlı o zaman Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən rəsmi məlumatda deyilirdi ki, “Mingəçevir İzolit” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxıldıqdan sonra Müsabiqə Komissiyası açıq səsvermə keçirmişdir. Səsvermənin nəticəsinə uyğun olaraq “Alfa-Layn” MMC-i “Mingəçevir İzolit” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdir.
“Alfa-Layn” MMC təqdim etdiyi İnvestisiya Proqramına və Komitə ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən səhmdar cəmiyyətinə bir il ərzində 701 min AZN məbləğində sərmayə yatıracaqdır. Həmin məbləğ əsasən mövcud istehsal sahəsinin genişlənməsi və yenidən qurulmasına, qurğu və avadanlığın müasir standartlara uyğunlaşdırılmasına yönəldiləcəkdir.
Müsabiqənin digər şərtlərinə müvafiq olaraq “Alfa-Layn” MMC alqı-satqı müqaviləsinin imzalandığı tarixdən 60 təqvim günü müddətində 200 min AZN məbləğində vəsaiti dövlət büdcəsinə köçürməli, 90 təqvim günü ərzində 15 min dövlət özəlləşdirmə çekini təqdim etməlidir. Göründüyü kimi, 701 min manat sərmayə qoyuluşu öhdəliyini, dövlət büdcəsinə ödəniləcək 200 min manatı və 15 min ədəd özəlləşdirmə çekinin bazar qiymətini topladıqda bunun cəmi 2 milyon manat etmir. Deməli indi 20 milyon dollar qiymətləndirilən “izolit” ASC-nin özəlləşdirilməsində saxtakarlıqlara yol verilib. Hüquq mühafizə orqanlarının cavab tapmalı olduğu ikinci sual bu kredit əməliyyatında “Alfa Layn” MMC-nin iştirakı ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, mülkiyyətçi “Alfa Layn” MMC-i olduğundan onun icazəsi olmadan Mehman Mehdiyev bu kredit əməliyyatını həyata keçirə bilməzdi. Mülkiyyətçinin icazəsi olmadan onun mülkü girov qoyula bilməz və heç bir Bank, hətta Beynəlxalq Bank kimi anarxiyanın hökm sürdüyü maliyyə qurumu da belə girovu qəbul edə bilməzdi.
Deməli, Mehman Mehdiyevlə yanaşı istintaqa cəlb edilməli olan ən azı bir nəfər də var ki, bu da “Alfa Layn” MMC-nin rəhbəri Sadıx Nəbi oğlu Murtuzayevdir. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu adamı da istintaqa cəlb etsə o zaman həm özəlləşdirmə, həm də kredit məsələsi ilə bağlı suallara cavab ala bilər. “Araşdırma Qrupu”muz isə Mehman Mehdiyevi Sadıx Murtuzayev arasındakı bağlılığı araşdırmağa çalışıb. Əldə etdiyimiz məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dələduzluqda şübhəli bilib həbs etdiyi “İzolit” ASC-nin sədri Mehman Mehdiyev əslən Ağdam rayonundandır. Məhz bu məqam Mehman Mehdiyevin Sadıx Murtuzayevlə əlaqələrinin kökünü tapmağa kömək edir. Belə ki, Sadıx Nəbi oğlu Murtuzayev uzun müddət Ağdam rayonun birinci katibi olub. Məlumata görə, Sadıx Murtuzayev 1988-ci ildə Ağdam rayon ictimaiyyətinin təzyiqi altında vəzifəsindən faktiki olaraq qovulsa da, bu rayondakı adamları ilə əlaqəsini kəsməyib.
Onun bu rayonda bir çox şəxslərlə, o cümlədən də indiki icra başçısı Raqub Məmmədovla əlaqə saxlaması haqqında məlumatlar var. “Araşdırma Qrupu”muz Sadıx Murtuzayevin Ağdam rayonun birinci katibi vəzifəsindəki fəaliyyəti, bu rayonda hansı şəxsləri hansı şərtlərlə irəli çəkdiyi, bu rayonda öz təsirini saxlamaq üçün hansı işlər görməsi ilə bağlı məlumatlar alıb. Həmin məlumatları araşdırdıqdan sonra oxucularımızla tanış edəcəyik. O zaman biləcəksiniz ki, bir zamanlar özünün “İnsanla, torpaqla üz-üzə” kitabında mərhum prezident Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik illərini pisləyən bir şəxs İlham Əliyevin hakimiyyəti illərində kadr siyasətinə necə təsir göstərir?

Murad

LEAVE A REPLY