Ramiz Tağıyev: “Rusiya bu gedişatla əzəli müttəfiqini blokadadan çıxarmağı düşünür”

0
3

Rusiya-Ermənistan dəmir yolunun açılması yenidən gündəmə gətirilir

Ramiz Tağıyev: “Rusiya bu gedişatla əzəli müttəfiqini blokadadan çıxarmağı düşünür”

Dünyada baş verən mühüm geopolitik dəyişikliklər fonunda Rusiya öz imperialist maraqlarını daha da gücləndirir. Xüsusilə də bu əzələ nümayişi keçmiş SSRİ respublikalarına qarşı daha açıq şəkildə ortaya qoyulur. Yəqin ki, bununla Rusiya öz varlığını dünyaya yenidən nümayiş etdirməyə çalışır.
Güney Qafqaz, onun iki müstəqil ölkəsi – Gürcüstan və Azərbaycan belə hazırlıq ssenarilərində, təbii ki, ilk sıralarda gəlir.
Bu arada mətbuatda kifayət qədər mötəbər mənbələrə istinadən rus əsgərlərinin Ermənistana quru yolunun açılması üçün hərəkətə keçdiyi haqda məlumat yayılıb. Söhbət 20 ildən çoxdur işlək vəziyyətdə olmayan və ot basmış, Ermənistanla Rusiyanı birləşdirən Abxaziya dəmir yolundan gedir.
Xəbərə görə, Rusiyanın işğalçı qüvvələrinin 800-ə yaxın hərbçisi artıq Abxaziya dəmir yollarının təmizliyinə başlayıb. Bu barədə mətbuata separatçı qurumun nümayəndəsi İqor Marqaniya söyləyib. Onun sözlərinə görə, dəmir yolları Abxaziyadan tranzit keçidlərin yenidən bərpası üçün hazırlanır. Abxaziya Nəqliyyat İdarəsinin rəisi Zurab Xacimba isə bildirib ki, yolu kapital təmir məqsədilə, “Abxaziyadan tranzit yolunun bərpası üçün” təmizləyirlər.
Rusiyanın bu planı reallaşdırmaqda hansı marağı ola bilər?
Canımız Azərbaycan Naminə Partiyasının sədri Ramiz Tağıyev bildirdi ki, bir neçə il öncə Gürcüstan mətbuatı ölkənin keçmiş baş naziri Bidzina İvanişvilinin Moskva ilə Abxaziyadan keçən dəmir yolunun açılması üçün gizli danışıqlar apardığı haqqında xəbər yaymışdı: “Lakin az sonra rəsmi Bakının təzyiqi ilə Tiflis məlumatı təkzib etdi və plandan vaz keçdi. Bu məsələnin reallaşacağı bir o qədər də inandırıcı görünmür.
Çünki layihənin reallaşması üçün üçüncü tərəfin də razılığı olmalıdır. Gürcüstan bu məsələdə açar rolunu oynayır.
Onun razılığı olmadan yolun açılması mümkün deyil. Hazırda Rusiya ilə Gürcüstan arasında münasibətlər rəvan deyil. Eyni zamanda, bu razılığın verilməsi Azərbaycan-Gürcüstan münasibətlərini zədələyə bilər. Yəni Gürcüstanın itkisi qazancından çox ola bilər.
Təbiidir ki, bunu Rusiya təkidlə tələb edir, ancaq əlində Gürcüstanı razı sala biləcək heç nə yoxdur. Rusiya bu gedişatla əzəli müttəfiqini blokadadan çıxarmağı düşünür. Çünki bu gedişlə Ermənistanda adam qalmayacaq. Dözülməz şərait kütləvi köçlərə rəvac verib ki, bu da Rusiyanın maraqlarına cavab vermir”.

Məhəmmədəli QƏRİBLİ

LEAVE A REPLY