Prezident hüzurunda beli bükülənlər…

0
3

Prezident hüzurunda beli bükülənlər…

Onların saxta mərhəməti insanları təkrarən əzir

Napoleonun, müasir idarəçilik strukturuna aid leksika ilə desək, öz nazirlərinin fəaliyyətini izlətmək üçün xüsusi adamlar və həmin adamlar üzərində də diqqət olsun deyə, başqa izləyicilər tutması, yəni, iki pilləli nəzarət metodu bu bilgiləri tarixi kitablardan oxuyanlarda, bəlkə təəccüb, ya da Fransa sərkərdəsinin bu xarakterik cəhətinə, iş üslubuna bir heyranlıq doğura bilər.
Düşünəndə qəti əmin olursan ki, hakimiyyət ierarxiyasında yer tutan fiqurlar, ən vacib sahələrə məsul edilmiş güclü məmurlar üzərində doğrudan da, belə bir nəzarət üsulu mütləq tətbiq olunmalıdır. Əks təqdirdə, dövlət başçısının komandası onun gözündən iraq əndazəni aşıb, ona dolayısı gedib çatan informasiya qaynaqlarını susdurub, elə oyunlardan çıxar, elə yanlış təhlükəli sularda üzmək qərarı ilə hərəkət edə bilər ki, bu sularda təkcə özünü yox, elə dövləti də, cəmiyyəti də batıra bilər…
Prezident İlham Əliyevin penoplast ucbatından bir binada baş verən faciənin ağırlığına necə həssas yanaşdığını hafizəmiz özündə çox yaxşı saxlayır. Həmin müşavirədə dövlət başçısının tənqid tonu, tapşırıq və göstərişlərindəki qətiyyət, ümumi duruma yanğısı təmir-tikinti işlərinə səlahiyyətli hər bir vəzifəli şəxsə hökmlü bir xəbərdarlıq idi.
Bakı Şəhər İçra Hakimiyyətinin özünə “işgüzar” görkəm verməyi, hərdən kövrəlib, gözləri yaşla dolan bir obrazda kütlənin adamı (?!) kimi təəssürat yaratmağı bacaran rəhbəri Hacıbala Abutalıbov başda olmaqla, dövlət rəhbərinin hüzurunda əmrə müntəzir duruşda onun gözünə girməyə çalışanlar dərhal bir neçə binanın üzlüyünü sökdürüb yerə qoydurdular, bir neçə binanı təcili təmir şirkətlərinin öhdəsinə verdilər, sanki onların da içində binəva vətəndaşların həyatına məsuliyyət, rəhm hissi varmış. Halbuki, bu yanaşmanın vizual tərəfi idi.
Problemlə əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri Abid Şərifovun insanlarla ünsiyyətdə seçdiyi məlum kobud üslub bu işlərin hansısa mərhələsində bir axsama olacağına, prezidentin qəlblərdə açdığı ümidin faciədən başqa təmənnalar güdən səlahiyyətlilər tərəfindən boğulacağına şübhə yeri qoymurdu.
Budur, artıq ortalıqda ciddi giley-güzar, hətta avqustun 10-da Nazirlər Kabinetinin qarşısında piket hazırlığının mesajları var, çünki zərərçəkmişlərin iddiasına görə kompensasiyalar ödənilmir və düzgün hesablanmır. Halbuki, prezident bütün məişət əşyalarının dəyərləndirilməsi, həmin bəlanı yaşayan ailələrin dövlət təminatı altına götürülməsi haqqında sərəncam və tapşırıqlar vermişdi.
Üstəlik, həmin binada aparılan təmir işlərinə görə ustalar və fəhlələrin əmək haqları kəsilir, eyni zamanda, maaşlar aylarla yubadılır və onların da mətbuat səhifələrinə tökülən dərdləri eyni vaxtda zərərçəkmişlərin bu narazılığı ilə birləşib, ortaya xoşagəlməz mənzərə çıxarır.
Digər tərəfdən, ciddi mətbuatın araşdırmaları nəticəsində Bakı şəhərində və rayonlarda penoplast üzlüklü binalarda söküntü prosesinin dayanması, üstəlik, bu materialdan istifadənin məhdud şəkildə davam etməsi faktlarının mövcudluğu məmurların prezident yanında sərgilədikləri yanğı, peşmançılıq, məsuliyyət görkəmi ilə ciddi bir paradoks yaradır. Sual olunur-yanğının tükürpədən dəhşətləri bu qədərmi tez unuduldu?
İnsanların faciəsinə barmaqarası baxan saxtakar mərhəmətlilərin hər birinin üzərində bir nəzarətçi ayrılmasından, onların əməllərinin gizli qalan məqamlarının birbaşa prezidentə məruzə edilməsindən başqa yol yoxdur. Bu, təkcə maliyyənin xərclənməsini yoxlayan strukturların edə biləcəyi bir iş deyil. Dövlət başçısının mətbuatdan, televiziyadan başqa, daha iti görən və sirləri təhrif etməyən gözlərə ehtiyacı var.
Çünki təsəvvür edin, “bizə sökmək tapşırığı gəlməyib”- deyən AAAF yaşayış kompleksinə məsul insanların tikdikləri binalarda, eləcə də başqa ərazilərdəki bu tipli yaşayış evlərində sabah, Allah əsirgəsin, anoloji faciə baş versə, ölkənin birinci şəxsi 9 milyonluq xalqın qarşısında hansı vəziyyətə düşə bilər.
Təsəvvür edək ki, maddi, mənəvi bəlaya düçar olan insanlara ödənilməli vəsait hansısa mərhələlərdə it-bata düşür, zavallı insanların əlinə gəlib çatmır, yaxud, onlar qəpik-quruşla təhqir edilir, bu, istənilən çətin situasiyalarda təsəlli və comərdliyini əsirgəməyən prezidentlə vətəndaşların arasına girmək deyil, bəs nədir? Hətta sabotaj deyilmi?
Prezidentin ən sonuncu müşavirəsində tənqid olunan turizm, vergilər, səhiyyə, hava nəqliyyatı sahələrində başlanan islahatların vətəndaşların mənafeyinə hesablanması yanan binanın məsələsinə bunca laqeyd, ədalətsiz münasibət timsalında qeyri-səmimi görünür. Tənqidə məruz qalan ünvanların canfəşanlığının virtual tərəfində Həsən keçəl, elə keçəl Həsən məsələsi kimi qalacaq, çünki məmur təbəqəsi həmin səhvlərə bilərəkdən gedir və dərd burasıdır ki, müşavirələrdə əllərinə qələm götürüb qeydlər aparsalar da, birinci şəxsə verilən sözü istənilən səviyyədə tutmur, əslində özbaşınalığın davamı, sosial təbəqəni lüzumsuz bəhanələrlə dilxor etmək, incitməklə dövlət rəhbərinə xəyanət edirlər.
AZAL biletlərin qiymətlərindəki endirimi vətəndaşların yüklərinə tətbiq etmək, Əlinin papağını Vəlinin, Vəlininkini isə Əlinin başına qoymaqla, gözdən pərdə asmağa çalışsa da, ciddi bir dəyişikliyin olmadığı apaydın ortadadır.
Səhiyyə Nazirliyinin dərmanların qiymətlərinin tənzimlənməsi siyasətinin sonunda dərd-ələm içində olan aşağı təbəqənin deyil, yenə də əczaçılıq biznesinin arxasında dayananların maraqlarına xidmət edəcəyi zərrə qədər şübhə doğurmur.
Bizə hərdən elə gəlir ki, prezident hər şeyi özü görməli, özü araşdırmalı və elə dərhal da kimisə qapı arxasında qoymalıdır. Ölkənin strateji məsələlərini bir kənara qoyub, məmurların əməllərinin izinə düşmək, hər künc-bucağı didik-didik etmək prezidentin görməli olduğu və fiziki baxımdan heç də asan iş deyil.
Əgər prezident dəmir əl deyilsə, onun mülayimliyindən sui-istifadə edənlər özbaşınalıqda davam edirlərsə, burada təqsirkar vicdanında qüsur olan, özünü mükəmməl, nümunəvi tərbiyə qəlibinə sala bilməyənlərindir.
Yuxarı çevrədə dövlət rəhbərinin görən gözü, eşidən qulağı ola bilən kifayət qədər insanlar var. Lakin şərt ondan ibarətdir ki, dövlətin və cəmiyyətin əleyhinə işləyən informasiyalar, barıt çəlləyi yaradan məmurların tamahı ucbatından meydana çıxan ümumi vəziyyət bütün çılpaqlığı ilə birinci şəxsin masası üzərinə qoyulsun. Qoyulurmu? Tapşırıqlara, sərəncamlara göstərilən məsuliyyətsiz münasibət bu suala aydın cavab verə bilir.
Görünür ki, birinci şəxsin problemləri, əsasən öyrəndiyi ənənəvi qaynaq elə mətbuat olaraq qalır. Mətbuata isə heç də həmişə inandırıcı, dürüst mənbə kimi yanaşılmır. Çünki əlində böyük səlahiyyətlər cəmləmiş insanlar, həm mətbuata, həm də dördüncü hakimiyyətə üz tutan sosial təbəqəyə utanmadan çox asanlıqla böhtançı damğası vurmağı bacarır…

Vəfa Allahverdiyeva

LEAVE A REPLY