Zaur Muradxanlı
Misir iqtisadiyyatının “aortası”
Süveyş kanalının çəkilməsindən yüz altmış ilə yaxın bir müddət keçməsinə baxmayaraq, bu kanal hələ də Misir iqtisadiyyatı üçün önəmli rol oynamaqda, illik 4,7 milyard dollarlıq xalis gəliri ilə ölkə gəlirlərinin ana təməlini təşkil etməkdədir. Qırmızı dənizlə Aralıq dənizini birləşdirən bu nəhəng kanalın inşası fikri nə zaman və necə ortaya çıxmışdır. Bunun üçün Süveyş kanalının tarixinə qısaca nəzər salaq, daha sonra kanalın bu günkü vəziyyəti ilə əlaqədər məsələləri müzakirə etməyə davam edərik.
Hələ miladdan əvvəl, Misir fironlarının şah-şahalı dönəmlərində ticarət və hərbi gəmilərinin keçməsi üçün Nil çayı ilə Qırmızı dəniz arasında kanal açılmış və bu kanal nəinki Misirin süqutundan sonra da fəaliyyətinə davam etmişdi, hətta Roma imperiyasının süqutunadək, xüsusən ticarət gəmiləri üçün Asiya qitəsi və əksi istiqamətində önəmli keçid rolunu oynamışdır. Daha sonralar, Roma imperiyasının süqutundan sonra Aralıq dənizində ticarətin zəifləməsi ilə bərabər getdikcə az istifadə olunan və baxımsızlıqdan dolan kanal yüz illər boyu bir daha yenidən açılmamışdı. XIX əsrin ortalarına gəldiyimizdə getdikcə güclənərək mərkəzi Osmanlı hakimiyyətindən asılılığını minumuma endirmək istəyən Misir valisi Səid Paşa bu ərazilərdə daha artıq müstəqil olmaq üçün dünya əhəmiyyətli bir proyektə ehtiyac duyurdu. Bu məsələdə onun köməyinə milliyətcə fransız olan müşaviri yetişdi. Doğrudur, daha öncə, hələ Napoleon Bonopartın dönəmində də Fransa Sinay yarımadasından keçən kanal vasitəsi ilə Aralıq və Qırmızı dənizləri bir birinə birləşdirərək Asiya qitəsinə və orta əsrlərdən bəri “Ədviyyat adaları” adlandırılan Okeaniyanın zəngin bitki örtülü adalarına daha qısa dəniz yolu, daha rahat, daha təhlükəsiz yol açmaq istəyirdi. Lakin o dönəmin mühəndislərinin hesablamaları nəticəsində bu kanalın inşaası o qədər baha görünmüşdü ki, nəticədə Napoleon bu düşüncəsindən imtina etməli olmuşdu.
Ancaq ondan bir neçə il sonra Səid Paşa və onun fransız müşavirinin planları daha cazib idi. Belə ki, Fransız müşavirin mühəndislərə bölgəni daha dərindən tədqiq etdirməsi sonucunda bu iki dənizin arasında sadəcə bir neçə metr yüksəklik fərqi olduğu, üstəgəl kanalın çəkilməsinin nəzərdə tutulduğu ərazidə olan nəhəng çuxurların sayəsində qazılaraq çıxarılacaq torpaq həcminin əhəmiyyətli dərəcədə azaldığı müəyyən edildi. Lakin buna baxmayaraq, həll olunmamış önəmli bir məsələ var idi, o da 160 kilometr uzunluğundakı yeni kanalın maliyyələşdirilməsi məsələsi idi. Səhmdar şirkət yaradıldı və bu şirkətin səhmlərini sata bilmək üçün Səid paşanın müşaviri Avropaya getdi. Lakin Avropa ölkələri içərisində Fransadan başqa heç bir dövlət Səid paşanın bu proyektinə maaliyə vəsaiti yatırmaq istəmədi. Səhmlərin cəmi 16 faizini Fransa dövləti aldı. Digər qismini isə sata bilmədiklərindən 44 faizini Səid paşanın özü almaq məcburiyyətində qaldı. Çünki bu proyekt onun üçün sadəcə iqtisadi lahiyə deyildi, sonunda ona və Misirə daha çox müstəqillik gətirəcək siyasi lahiyə idi.
Beləliklə də 1859-cu ildə Süveyş kanalının tikintisinə başlanıldı. İlkin mərhələdə sadəcə insan və dəvələrin fiziki qüvvəsindən istifadə olunurdu. Qazma işləri davam edərkən həmçinin Nil çayınıdan qol ayrılaraq kanalın keçəcəyi əraziyə istiqamətləndirildi və buradakı çökəkliklərə doldurularaq, bununla da torpağın yumşaldılıb rahat qazılması təmin edildi. Sonrakı mərhələdə buxar maşınlarının da köməyindən qazma işlərində istifadə olundu. Bu əlbəttə əl əməyinin yüngülləşməsinə kömək etməklə bərabər, kanal inşaatının əhəmiyyətli dərəcədə sürətlənməsinə də kömək etdi.
1956-cı ildə Misir prezidənti tərəfindən o vaxta qədər Fransa və İngiltərə tərəfindən idarə olunan kanal milliləşdirildi. Ancaq bu milliləşdirmə böyük səs-küyə, hətta İngiltərə-İsrail koalisiyası ilə Misir arasında müharibəyə səbəb oldu. Misir bu müharibədə Sinay yarımadasının böyük bir qismini itirsə də, kanalın sahiblik hüququnu qoruyub saxlamağı bacardı.
Sonrakı illərdə Süveyş kanalı sürətlə inkişaf edən Misir iqtisadiyyatının ən təməl dirəklərindən birinə və hərəkətverici qqüvvəsinə çevrildi.
Amerikanın böyük Yaxın Şərq və genişləndirilmiş Afrika planlarının bir hissəsi olaraq Misirdə də “Ərəb baharı” adlı dönəm yaşandı. Arzu olunmayan, Qərb imperialistlərinin mənafeyini güdməkdən başqa bir işə yaramayan bu süni “bahar” nəticəsində Misirdə hakimiyyət çevrilişi yaşandı. Öncə iki il sürən hərbi diktatura və həmən ardınca da demokratik seçkilər nəticəsində ölkənin yeni hökuməti seçildi. Lakin bu yeni hökumət də iş başında çox qala bilmədi və Sisinin yeni dövlət çevrilişi nəticəsində yerini diktaturaya tərk etdi.
Sisi hakimiyyətə gəldikdən qısa müddət sonra həm siyasi cəhətdən gündəm dəyişdirərək Misir xalqının başını iri proyektlərlə qatma ehtiyacı hiss edirdi, digər tərəfdən də gün keçdikcə artan işsizliyə bir çarə tapmaq lazım idi. Ayrıca ölkənin gəlirlərini də əhəmiyyətli dərəcədə artırma ehtiyacı hiss olunurdu. Buna görə də yeni Süveyş proyektinə start verildi.
Nəticədə bir il çəkən çalışmalar nəticəsində Süveyş kanalının həm uzunluğu, həm də genişliyi artırıldı, bundan əlavə olaraq dənizlərə çıxış yerləri dərinləşdirildi. Qeyd edək ki, bu işlərdə dörd yüz şirkət, iyirmi beş min nəfər canlı qüvvə və ən son texnologiyalardan istifadə olunmuşdur. Genişləndirmə nəticəsində kanaldan indiyədək gündəlik gəmi ötürücülük qabiliyyəti 49-dan 97-ə çıxarıldı, ayrıca bu kanalın ətrafında yaradılacaq iş yerlərində gələcəkdə bir milyon insanın işlə təmin olunması planlaşdırılmaqdadır ki, bu da özlüyündə olduqca böyük rəqəmdir.
Bütün bunlara baxmayaraq Qərb mütəxəssisləri genişləndirmə işləri üçün xərclənən səkkiz milyard dollar həcmindəki vəsaitin olduqca çox olduğunu bildirməklə yanaşı, indiki iqtisadi şəraitdə gözlənildiyi qədər də tez özünü doğrulda biləcəyi fikrinə şübhə ilə yanaşırlar. Misir hökuməti isə qərblilərin tam əksinə 2023-cü ilədək Süveyş kanalının gəlirlərini 4,7 milyard dollardan 12-13 milyard dollara çıxacağını ehtimal edir.
Sisi hökuməti Süveyş kanalını genişləndirməklə sadəcə olaraq Misir iqtisadiyyatının gələcəyini təminat altına almadı, həm də öz diktator hökumətinin beynəlxalq arenada nüfuzunu və etibarını möhkəmlətmək üçün önəmli bir addım atmış oldu. Elə kanalın açılışı üçün dəvət olunmuş dövlət və hökumət başçılarının siyahısına baxsaq bu məsələdə nə qədər haqlı olduğumuzu görərik. Ayrıca onu da xüsusi olaraq vurğulamaq istərdim ki, indi demokratiya bəşəriyyətin yaradılışından bu yana olduğundan daha artıq görəcəli qavrama çevrilmiş, bu barədə hətta öz pik dövrünü yaşayır deyə bilərik. Elə Amerika başda olmaqla Qərb dövlətlərinin Rusiyanın əlindən karbohidrogen silahını alaraq iqtisadiyyatını məhv etmək və bu yolla da diz çökdürə bilmək üçün dünənə qədər bir nömrəli düşmənləri olan İranla anlaşma masasının ətrafında nəinki əyləşə bilmələrini, hətta bu masadan əl sıxışaraq qalxmalarını da nümunə olaraq göstərə bilərik. Əlbəttə, əgər Amerikanın mənafələri tələb edirsə şeytanın özü ilə belə dostluq edəcəkdir və demokratiya, modern dünya, insan haqları qavramlarının hamısı birər içi boş şeyə çevrilməkdədir. Bütün bunlar hər nə qədər təəssüf doğursa da, sıravi insanlar olaraq təəsssüf ki, əlimizdən bir şey gəlməməkdədir…