Lalə Ramizqızı
Kaş ki, faciə baş verməyəydi…
Hadisəni siyasiləşdirənlərin məqsədi nədir?
Jurnalist Rasim Əliyevin qətl edilməsinin şokunu yaşamaqdayıq. Bu qədər də olmazdı… Valideynlərinə dağ çəkildi, toy gününü gözləyən nişanlısı isə göz yaşlarını sel kimi axıtmalı oldu. Həmkarlarımız günahkarların axtarışına baş vurdular. Təəssüf ki, yenə həqiqəti aşkarlamaq əvəzinə, kimlərdənsə qisas almağa can atıldı.
Çox gözləmədik, cinayəti törətmiş şəxslər aşkar olunub cinayət məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçildi. Başqa cür ola bilməzdi, bir gəncin həyatına son qoyulmuşdu. Sözün əsil mənasında qudurğanlıq edilmişdi. Adi bir söz çəkişməsi neçə-neçə ailənin faciəsinə səbəb oldu desək, yanılmarıq. Bəli, suçlu billinib, həbsə atılan futbolçu Cavidin də ailəsi faciə yaşamalı olacaq. Eləcə də digər günahkarların ailələri…
Getməməliydilər…Ancaq artıq gecdir. Bunu Rasimin üzərinə hücum çəkməmişdən öncə düşünmək gərəkdi. Axı, Rasim düşmən deyildi, qanımıza susamış erməni millətinə mənsub deyildi.
Rasimi geri qaytarmaq mümkün olmadığı kimi, Cavid və dostlarını da bəxtəvər günlərinə qaytarmaq mümkün deyil. Nə qədər sevinc yaşatmışdı Cavid bizə. Minlərlə insan Cavidi alqışlamışdı. O, bir andaca ölkənin sevimlisinə-hamının ağızdolusu söhbət açdığı qəhrəmana çevrilmişdi. “Apollon” futbol klubunun qapısından keçirdiyi qol minlərlə vətəndaşımızın ayağa qalxıb, onu alqışlamasına səbəb olmuşdu. Nə yazıq ki, Cavid növbəti dəfə qohumları və dostlarının törətdiyi ağır cinayətə rəğmən gündəmə gəldi. Əfsuslar olsun… Nə Rasim ölməli idi, nədə ki, Cavid həbs edilməli…
Dəfələrlə yazmışdıq, xəbərdar etmişdik ki, vətəndaşlarımız arasında xoşagəlməz aqressivlik hökm sürür. Sanki küçəyə çıxan və yaxud evinə qayıdan dava-dalaş üçün bəhanə arayır. Sükan arxasında oturanlar da həmçinin. Dəfələrlə şahidi olmuşuq, işıqforun qırmızı işığında dayanmış avtomobilə arxada gözləyən digər avtomobilin sürücüsü “siqnal” verib, qıcıqlandırır. Axı, öndəki bədbəxt hara sürsün qırmızı işıqda.
Və yaxud bina sakinləri səhər yuxudan səs-küyə oyanıb, həyətlərindəki yaşıllığın qırıldığını, uşaqlarının əyləncə məkanının sökülərək, həmin ərazinin qudurğan “əmi”lər tərəfindən necə çəpərləndiyinin şahidi olurlar. Dava-mərəkə baş alıb gedir və sonunda haqlıların haqqı əlindən alınır, üstəlik də cəzalara məruz qalır. İndi gəl, özünü ələ al, səbirli ol görüm…
Nə üçün bunları xatırlatdım, əlbəttə, səbəbsiz deyil. Çünki xatırlatdığım epizodlarda qoluzorluluqlar qələbə çalır, qanunsuzluq tüğyan edir. Cavid və dostları da belə mühitdə böyüyüb. Kim pulludur, vəzifəlidir, adlı-sanlıdır, qanunun onlar tərəfində olduğunu görə-görə yaşayıblar. Bizlərin isə yazdıqları ya oxunmayıb, yada ki, “daş”a dəyərək üstümüzə qayıdıb.
Yazmışdım, qələmlər susduqca, hələ çox faciələr yaşamalı olacağıq Etiraf edək, dəyərli həmkarlarımız!!! Qələmlərimiz sındırılıb, susdurulub. Əksəriyyətimizin düşündüyü yalnız öz şəxsi gün-güzəranımızdır. Sifarişli yazılarla, şərə xidmət etmirikmi?!
Faciədən yenə bəhrələnmək istəyənlər tapıldı. Təəssüf ki, bəzi həmkarlarımız ağılalmaz versiyalar irəli sürüb, özlərini gülünc vəziyyətə saldılar. Guya baş vermiş cinayət sifarişlidir. Guya, klanlarası rəqabətin nəticəsiymiş… Hətta bəziləri irəli gedib, “Qəbələ” futbol klubunun prezidenti Taleh Heydərovun adını hallandırmağa girişdi. Yox, dostlar, yox! Bu qədər olmur… Axı, həmin “Qəbələ” futbol klubu bir gün öncə bəyanat yayıb, stadionda polis işçisinin azarkeşə qarşı etdiyi zorakılığı pisləmişdi. Adi insidenti bəyanatla pisləyənlər, cinayətin tərəfdarı ola bilərlərmi?! Və yaxud, böyük ideallar, məqsədlər uğrunda çarpışanlar xırdalığa varıb, bir jurnaliistin üzərinə 5-6 qoluzorlu göndərərlərmi? Axı, bu cinayət hadisəsinin klanlararası savaşa nə aidiyyatı ola bilər? Bu, cəmiyyətimizin bəlasıdır və hamımız günahkarıq. Azmı cinayət olur ölkəmizdə? Bir qarış torpaq uğrunda qardaş qardaşı baltalamırmı? Öz bacısını qətlə yetirən qızı unudaq? Oğulun atasını öldürməsinimi yaddan çıxarmışıq?
Görünən odur ki, Rasimin qanı yerdə qalmayacaq. Hələlik yalnız bununla təskinlik tapa bilirik. Yeni cinayətlərin baş verməyəcəyinə zəmanətimiz isə yoxdur. İddialı, lovğa, təkəbbürlü gəncliyimiz yetişib. Onlar üçün süni preparatlarla əzələlərini broyler toyuqları kimi şişirib, küçədən keçənlərə çəpəki baxmaq, “papa”larının hesabına əyləşdiyi avtomobili sağa-sola şığıdıb, qəza vəziyyəti yaratmaqla digərlərinin bədbəxtliyinə səbəb olmaq qəhrəmanlıq sayılır. Biz isə onları sükutla izləyib, hər faciədən sonra əlimizə qələm almaqla qəhrəmana dönürük.
Məni qınasanız da, Rasimin nakam ölümünə acıdığım qədər, Cavidin də uğursuz taleyinə biganə qala bilmirəm. Bəlkə də Cavidin atası şəhid olmasaydı, o, belə faciəni yaşamayacaqdı. Oğullar üçün atanın əvəzsiz olduğunu yaxşı bilirəm. Həyat yoldaşım da şəhid övladıdır. Bir problemlə baş-başa qaldıqda “kaş ki, atam sağ olsaydı” deyir. İndi bağlı qapı arxasında olan Cavidin atasını xatırladığına tam əminəm. Nə bilək, bəlkə Cavidin baş verən qətldən heç xəbəri olmayıb. Bəlkə onun zirvəyə ucaldığını görən qohum və dostları ondan “sağ olun” kəlməsini eşitmək üçün bir gəncin ömrünə son qoymağı lazım biliblər.
İstəsək də, istəməsək də müharibənin bizə vurduğu dəhşətli zərbələrin faciəsini yaşamaqdayıq. Etiraf edək ki, təhsilimizə, mədəniyyətimizə və hətta mentalitetimizə zərbə vurdu müharibə. Neçə-neçə körpə yetim qaldı, uşaqlar dərsi buraxıb küçələrdə avtomobil şüşüləri silməklə böyümək zorunda qaldılar. Nəticədə ölkəmiz üçün spesifik olmayan cinayətlərin sayı çoxaldı. Qınamayın məni, müharibənin torətdiyi fəsadları hər gün yaşamaqdayıq. Yaşadığımız acılar, sözsüz ki, xarakterimizdə, gündəlik davranışımızda bir sərtlik yaradıb. Məmur vətəndaşa, vətəndaş məmura qarşı barışmaz münasibəti hər gün görür. Unuduruq ki, biz bir Millətin övladlarıyıq. Düşmən əhatəsində yaşamağa məhkum edilmiş Millətik. Məhz həmin səbəbdən də düşməni öz aramızda axtarmaqdan biryolluq imtina etməliyik. Tənqid düşmənçilik kimi qəbul edilməməli, dostun, qardaşın, eyni Millətin bir övladının məsləhəti, tövsiyyəsi olaraq qəbul edilməlidir. Başqa yol görünmür. Varsa da, həmin yolun sonu peşmanlıqla bitər. Və qətiyyən şübhə etmirəm ki, Cavid və dostları artıq peşmanlıq, xəcalət bataqlığında boğulmaqdadır. Ani bir qıcıq, yersiz qəzəb və sonunda böyük faciə.
Kaş ki, bu faciə baş verməyəydi. Kaş ki, Rasim yaşayıb, “Qəbələ”nin və ya “Qarabağ”ın yeni uğurlarından söhbət açıb, qələmə alaydı. İtirdik, Rasimi ədəbi itirdik, Cavid və dostları isə Rasimi itirdikləri kimi, özlərini, gəncliklərini bitirdilər. Tanrı bir daha Millətimizi qorusun! Qoy tanrı qələm əhlini həm Şərdən, həm də Şərə imza atmaqdan hifz etsin. Haqqın, ədalətin yanında olaq, dəyərli həmkarlarım!!!