Türkiyənin PKK-İŞİD əməliyyatına beynəlxalq dəstək…
Ramiz Tağıyev: “Türkiyədə vəziyyət bir qədər fərqlidir. Bu baxımdan da yeni bir koalisiyanın yaradılmasına ehtiyac var”
“Çünki problemlərin spesifikası rəngarəngdir”
Türkiyənin Suruç şəhərində baş verən qanlı terror aktı və arxasınca yaşanan digər hadisələr ölkəni yenidən kritik duruma sürükləyir. Koalisiya hökuməti ilə bağlı aparılan müzakirələr fonunda bu cür hadisələrin meydana gəlməsi isə vəziyyəti daha da çıxılmaz edir.
Bir sıra ekspertlər qardaş ölkədə indiki məqamda baş verən olayların heç də təsadüfi olmadığını düşünür. Yaşanan terror aktının məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməsə də, hadisəni İŞİD-in törətdiyi iddia olunur. Hətta bəzi politoloqlar partlayışda PKK-nın və hakim partiyanın da əlinin olduğunu iddia edir. O qədər mürəkkəb vəziyyət yaranıb ki, hadisələrin arxasında kimlərin, hansı dövlətin dayandığını birmənalı olaraq söyləmək çətindir. Ancaq ortada bir fakt var – Türkiyə terrorla üz-üzədir. Biz dünyada baş verən bəzi hadisələrlə bağlı analogiya aparanda tamamilə fərqli bir mənzərəni görürük. Terrorun miqyası baxımından Türkiyədə baş verənlərdən heç də böyük olmayan hər hansı hadisə dünya birliyini zəruri addımlara sövq etdirib. Hətta antiterror adlı bir koalisiyanın yarandığını da görmüşük. Bəs Türkiyə ilə bağlı bu addım niyə atılmır?
Canımız Azərbaycan Naminə Partiyasının sədri Ramiz Tağıyev bildirdi ki, Qərb ölkələrinin, ABŞ başda olmaqla, region müttəfiqləri ilə birlikdə İŞİD-ə qarşı mübarizə koalisiyasının yaradılmasının bir ili tamam oldu: “Ötən ilin avqustunda ilk dəfə ABŞ və Britaniya ordusunun hərbi hava qüvvələri İraq ərazisində İŞİD mövqelərini bombalamağa başladı. İŞİD-in Suriyanın Kobani şəhərinə hücumu ilə koalisiyanın daha da genişləndirilməsi məsələsi gündəmə gəldi.
Çox tezliklə 64 ölkənin qatıldığı böyük bir antiterror koalisiyası yaradıldı. Bir sıra ölkələr hərbi qüvvələri ilə, əksər ölkələr isə sadəcə siyasi və diplomatik dəstək verməklə anti-İŞİD koalisiyasına üzv oldu.
2014-cü il sentyabrın 11-də Ciddədə keçirilən konfransda terrora qarşı mübarizə ilə bağlı bir sıra mühüm qərarlar alındı. Ancaq ötən müddətdə bu istiqamətdə yalnız ABŞ və bir neçə müttəfiq ölkənin hava zərbələri davam etdi. Faktiki olaraq ötən illə müqayisədə İŞİD-ə qarşı mübarizədə ciddi dəyişiklik olmayıb. Baxmayaraq ki, bu müddətdə ABŞ aviasiyası minlərlə İŞİD terrorçusunu, onlara məxsus texnika və silahları məhv edib. Beynəlxalq antiterror koalisiyasının uğur qazana bilməməsi, terrorun əksinə, Orta Şərq və Afrikada daha da genişlənməsinə gətirdi. Hazırda İŞİD və PKK Türkiyəyə həmlə edir. Ancaq beynəlxalq qurumlar və dövlətlər Türkiyədə baş verənlərə bir qədər soyuq yanaşır. Ən qəribəsi isə budur ki, hətta Türkiyənin təmsil olunduğu NATO bloku da passivlik nümayiş etdirir. Vəziyyət o yerə çatdı ki, Türkiyə bu məsələ ilə bağlı NATO-ya müraciət etdi. Suriya və ya İraqla bağlı yaradılan antiterror koalisiyası heç bir effekt vermədi. Türkiyədə vəziyyət bir qədər fərqlidir. Bu baxımdan da yeni bir koalisiyanın yaradılmasına ehtiyac var. Çünki problemlərin spesifikası rəngarəngdir”.
Məhəmmədəli QƏRİBLİ