Ramiz Tağıyev: “Qənimət Zahidin qohumlarına qarşı edilən təzyiqləri qətiyyətlə pisləyirəm”.

0
3

Ramiz Tağıyev: “Qənimət Zahidin qohumlarına qarşı edilən təzyiqləri qətiyyətlə pisləyirəm”.

İyulun 18-də Şamaxı rayon Polis Şöbəsi “Azadlıq” qəzetinin mühacirətdə olan baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının rəhbəri Qənimət Zahidin qardaşı Fərasət Zahidovun oğlu Tural Zahidovu Bakıda iş yerində saxlayıb. Şamaxı rayon məhkəməsinin qərarı ilə Tural Zahidova 30 sutka inzibati həbs verilib.
Q.Zahid “Azadlıq” qəzetində dərc etdirdiyi “İnqilab başlayır. Kod adı: “Xədicə” (Qənimət Zahidin anasının adı Xədicədir-N.S.) adlı məqaləsində qeyd edib ki, iqtidar ona görə qohumlarını incitmək fikrinə düşüb. Belə ki, iyulun 20-də Qənimətin əmisi oğlu Rövşən Zahidov da həbs edilərək barəsində 25 sutka inzibati həbs cəzası qərarı verilib. Rüfət adlı digər qohumu isə AR CM-nin 234.1.1 maddəsi ilə ittiham edilərək azadlıqdan məhrumetmə təhlükəsi altında həbsə alınıb.
Bu həbslərə münasibət bildirən Canımız Azərbaycan Naminə Partiyasının sədri Ramiz Tağıyev Qənimət Zahidin qohumlarının həbs edilməsindən təəssüfləndiyini gizlətməyib. “Q.Zahidin Fransaya sığınıb, Azərbaycana qarşı apardığı əks-təbliğatı bəyənməmişəm. Nəinki Qənimətin, eləcə də mühacirət etmiş digərlərinin ölkəmizdən kənarda, xaricilərin himayəsi ilə Azərbaycan barədə alçaldıcı təbliğatın tam əleyhinəyəm. Ancaq bu əsas vermir ki, Q.Zahidin qohumları təqib edilsin və müxtəlif ittihamlarla həbsə məruz qalsınlar. Belə həbslər ölkəmizin demokratik imicinə zərbə vurur.
Yaxın keçmişdə məndə ədalətsiliyə məruz qalmışdım. Təəssüf ki, dostlarıma, qohumlarıma təzyiq göstərilərək əleyhimə ağılalmaz, həqiqətə zərrə qədər uymayan ifadələr alınmışdı. Həmin qanunsuzluqların başında isə təhlükəsizliyimizdən sorumlu olan MTN-nin bir sıra əməkdaşı dayanmışdı. Qeyri-peşəkarlıqla edilmiş ədalətsizliklər isə çox keçmir ki, üzə çıxır. Etiraf edirəm ki, xüsusi xidmət orqanları ölkənin təhlükəsizliyini qorumaq naminə müxtəlif əməliyyatlar keçirə bilər. Ancaq həmin əməliyyatlar elə peşəkarlıqla hazırlanmalıdır ki, ölkə vətəndaşlarının, xaricilərin qınağına tuş gəlməsin. Təəssüf ki, bizdə belə olmur. Nəticədə Cəmil Həsənli kimilərin əlinə faktlar verilir ki, o da bütün dünyaya ölkənin “37” metodları ilə idarə edilməsi barədə car çəkir. Düşünürəm ki, belə həbslər ölkə prezidenti İlham Əliyevin gördüyü böyük işlərə kölgə salmaqdan savayı heç nəyə xidmət etmir. Tam əminəm ki, cənab prezident bu cür həbslərin marağında deyil. Məhz həmin səbəbdən də, Q.Zahidin qohumlarının həbs edilməsini qətiyyətlə pisləyirəm.”

Qüdrət

LEAVE A REPLY