Klassik Xalq Cəbhəsi Partiyasının qurultayı nələri ortaya qoydu?
İxtiyar Şirinin ixtiyarını kimlər almaq istədi?
Avqustun 1-də Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) üçüncü qurultayını keçirdi. Qurultay Bakının Suraxanı rayonu Əmircan qəsəbəsindəki, Səttar Bəhlulzadə adına Mədəniyyət evində baş tutdu. KXCP-nin keçirilmiş qurultayında partiya nümayəndələri ilə yanaşı, ölkədəki bir sıra partiyaların təmsilçiləri, siyasilər, ziyalılar da qonaq qismində iştirak ediblər. BAXCP sədri Qüdrət Həsənquliyev, AXP sədri Pənah Hüseyn, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, AMİP sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, VİP partiyasının sədri Əli Əliyev, Milli Konqres Partiyasının sədri İxtiyar Şirin və Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər qonaq qismində qurultaya qatılmışdılar.
Xatırladaq ki, KXCP-nin 26 rayon təşkilatı partiyanın qurultayını boykot edib. Həmin partiyanın Salyan rayon təşkilatı daxil olmaqla, 26 rayon şöbəsi “Demokratik Birlik” fraksiyasını yaradıb və öncədən bəyan etmişdilər ki, qurultaya qatılmayacaqlar. Qurultaydan öncə KİV-lərə etdiyi açıqlamada KXCP Salyan rayon şöbəsinin sədri “Demokratik Birlik” fraksiyasının həmtəsisçisi Ədalət Yusubov partiya rəhbərliyindən narazılıq edərək söyləmişdi:”KXCP üzvlərinin əksəriyyəti qayəsi, mahiyyəti bölücülükdən ibarət olan hazırki rəhbərliyin təşkil etdiyi qurultayda iştirak etməyəcəklər. Bizim Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin fəaliyyəti ilə bağlı məlumatımız olmayıb. Bilirsiz, KXCP ən yaxşı partiyalardandır, sadəcə yiyəsi yoxdur, qabiliyyət sahibi yoxdur ki, partiyanı idarə etsin. Qurultaya hazırlıq üzrə Təşkilar Komitəsinin 3-5 nəfər toplayıb, konfrans keçirib, protokol tərtib ediblər. Əksər protokollar KXCP-nin mərkəzi qərargahında hazırlanıb. Təssüflər olsun ki, saxtakarlığa yol verirlər və Əbülfəz Elçibəyin ideyalarını dəstəkləyənlərin bəziləri də bu siyasətin qurbanı olublar. Dəyərli insanların alver predmetinə çevrilməsi üzücü haldır. KXCP rəhbərliyindən narazı olanlar təklif edirdi ki, avqustun 1-də qurultay keçirilən binanın qarşısında 300-350 nəfərlik partiya üzvü toplaşsın və etiraz etsin. Sonradan isə bu fikrimizdən daşındıq. Əminik ki, üzvlər partiya rəhbərliyinin siyasətinə “dayan” deyəcəklər. Hazırda 26 rayon şöbəsi Mirmahmud Mirəlioğlunun yürütdüyü siyasəti dəstəkləmir.”
Ədalət Yusubov onu da qeyd etmişdi ki, qurultayla bağlı “Demorkatik Birlik” fraksiyasının adekvat cavabı olacaq: “İstefa verməyi düşünmürük, “Demokratik Birlik” fraksiyasında təmərküzləşmə prosesi baş verəcək. Partiya daxilində KXCP-nin ideyasına xəyanət edənlərə qarşı sona qədər mübarizə aparacağıq. Zaman gələcək, üzvlər deputat mandatı alverinə girənləri fitə basacaq.”
Nəzər alsaq ki, “Demokratik Birlik” fraksiyasının həmsədri Ədalət Yusibov hələ AXC zamanından nüfuzlu hərəkatçılardan sayılır, onda, KXCP-də baş verəcək proseslərin heç də M.Mirəlioğlunun xeyrinə olmayacağını proqnozlaşdırmaq olar. Araşdırmalar Ə.Yusubovun haqlı olduğunu bir daha təsdiq edir. KXCP-də qurultaya hazırlıq dövründə kifayət qədər saxtakarlıqlar edilib. Əksər rayonlarda konfranslar keçirilməyib, protokollar Ə.Yusubovun qeyd etdiyi kimi mərkəzi qərargahda yazılıb.
Qurultayda nələr baş verib?
Qurultay nümayəndələrinə mandatlar konfransların nəticəsi olaraq deyil, qurultayın keçirildiyi zalı doldurmaq xatirinə paylanmışdı. Dəvət olunsalar da, Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, “Milli Şura” sədri Cəmil Həsənli və YAP-dan kimsə qatılmayıb.
Qurultayda çıxış edən M.Mirəlioğlu KXCP-nin parlament seçkilərində iştirak edəcəyini bildirib. Xatırladıb ki, seçkilərdə iştirak etməklə KXCP yeni seçki mühiti yaratmaq istəyir və həmin məqsədə seçkiyə 10-a yaxın partiyanın blokunu yaradacaqlar.
Ümumiyyətlə, KXCP-nin üçüncü qurultayı ötən əsrin 80-90-cı illərində keçirilmiş tədbirləri xatırladırdı. Natiqlər proqram xarakterli çıxışlar edib, təkliflər vermək əvəzinə, daha çox keçmişləri xatırlayıb, pafosa böyük önəm verirdilər.
BAXCP sədri Qüdrət Həsənquliyev AXC iqtidarının tarixi xidmətlərinə qiymət verib, bəzi səhvlərdən söhbət açması, İsa Qəmbəri qıcıqlandırdı. Daima tənqidə dözümsüzlük nümayiş etdirən İ.Qəmbər çıxışında AXC-Müsavat iqtidarının heç bir səhvi olmadığını bəyan etməsi əksəriyyətin istehzasına səbəb oldu. Qeyd etməliyəm ki, İ.Qəmbərin psixoloji durumunun normal olmaması açıq-aşkar sezilir. Sabiq başqan imkan tapıb psixoloqa müraciət etsə, seçkiöncəsi səhhətini bir xeyli yaxşılaşdıra bilər.
KXCP-nin üçüncü qurultayının ötən əsri xatırlatması Milli Konqress Partiyasının sədri, AXC-Müsavat iqtidarı zamanı Baş Prokuror vəzifəsini tutmuş İxtiyar Şirinin çıxış üçün tribunaya qalxması zamanı bir daha özünü büruzə verdi. KXCP-çilər İ.Şirinin çıxışını kəsərək “Elçibəy, Elçibəy” şüarını səsləndirməklə İ.Şirinə etirazlarını bildirdilər. Pərtliyini gizləmək istəyən sabiq Baş Prokuror “Yaşasın Elçibəy” söyləməklə çıxışını davam etdirmək istədi. Görəsən, KXCP rəhbərliyi İ.Şirini qurultaya dəvət edib, ona etiraz etməyi öncədən planlaşdırmışdı və ya təşkilat ötən əsrin meydan ənənəsindən qurtula bilməyib?
Qurultay KXCP-ni dəyişə biləcəkmi?
KXCP-nin qurultayı müxalifət partiyalarının demokratik prinsiplərdən uzaqlaşdığını bir daha təsdiq etdi. Yenidən sədr seçilən M.Mirəlioğluna alternativ tapılmadı. Hesabat çıxışında partiyanın gələcəyi barədə ətraflı nə isə söyləyə bilməyən sədr giley-güzarını önə çəkdi: “Əleyhdarlarımızın da, tərəfdarlarımızın da gözü hazırda bu zaldadır. Dəvətimizə məhəl qoymayıb tədbirimizə gəlməyənlər də var. Biz düşünürük ki, millətimizə sahib çıxmalıyıq. (Partiyanı parçalayıb, bütövlükdə millətə sahib çıxmaq istəyi nə qədər məntiqlidir, özünüz müəyyən edin-N.Sadiq.) Gördüyümüz işlər sırasında danışmalıyıq ki, bir il əvvəl məcbur olduq bir araya gələk, hamının hüququnu müdafiə edək. Çünki ölkədə hüquq müdafiəçisi qalmadı, hamısını həbs etdilər. Biz hüquqlarımızı qorumağa hüquq müdafiəçisi tapa bilmədik. Haqq sözünü deyən qələm əhli azaldı, həbs etdilər onları. (M.Mirəlioğlu nə danışdı ki, bizlər onu yazmaqdan imtina etdik? “Millətim”-in əməkdaşları həbs edildikdə isə səsini çıxarmağı lazım bilmədi-N.S.) Sabitlik və inkişaf o vəziyyətə gətirib çıxardı ki, ölkəni, Bakının ortasında, Binəqədidə, Azadlıq prospektində vətəndaş öz evində yandı.”
Gördüyünüz kimi, KXCP sədri qurultay deyil, mitinq çıxışı edib. Belə mövqe ilə KXCP-nin M.Mirəlioğlu ilə yola davam edə biləcəyi inandırıcı görünmür. Qurultaydan sonra da KXCP-dən gedənlərin və yaxud “Demokratik Birlik” fraksiyasına qoşulanların sayı böyük ehtimalla çoxalacaq.
KXCP sədri yaradılan seçki blokundan da söhbət açdı. Qeyd etdi ki, bu ilki seçkidə birgə mübarizə aparacaqlar: “Biz bu qurultaya həm iqtidar, həm də müxalifət partiyalarını qonaq dəvət etmişdik. Ancaq onlar özlərini hökmdar partiya hesab edib, gəlmədilər. (Yaxşı ki, gəlmədilər Mirmahmud bəy, yoxsa, uzun müddət iqtidarın gülüş hədəfində qalacaqdınız-N.S.)”
M.Mirəlioğlu KXCP-nin seçkilərdə iştirak edəcəyini diqqətə çatdırıb: “Gördüyümüz işlər göz önündədir. Keçirilmiş konfranslar barədə xəbəriniz var. Bu il seçkilər olacaq, mütləq iştirak etmək lazımdır. KXCP bu seçkilərə böyük önəm verir. Silahlarımızdan biri seçkidir və seçkidə iştirak etmək lazımdır. Bunun alternativi yoxdur. Boykotla bağlı atılan addımlar özünü doğrultmayıb. Buna görə KXCP seçkiyə getmək qərarındadır və müttəfiqlərlə dairələr üzrə namizədlərimizi müəyyənləşdirməliyik.”
KXCP qurultayın sırasını dəyişsə də, partiya olaraq irəli bir addım ata bilmədi. Əksinə, təşkilat tam dağılmanın astanasındadır. Görünən odur ki, KXCP-dən Mirmahmud Mirəlioğlunun diktatorluq iddiası hökm sürdükcə, “Demokratik Birlik” fraksiyasının sıraları daha da genişlənəcək. KXCP-ni şəxsi mülkiyyəti hesab edən M.Mirəlioğlu sahib çıxdığı qərargah və digər əmlakı kimsəyə verməyəcəyi səbəbindən “Demokratik Birlik”in tezliklə yeni bir partiyaya çevrilməsi ehtimalı böyükdür.
KXCP-də sədrin dəyişmədiyi kimi, seçkili orqanlarda da böyük dəyişiklik baş vermədi. M.Mirəlioğlunun yenidən özünə müavin təyin etdiyi 70 yaşlı Ayaz Mədətoğlu və ondan heç də cavan olmayan KXCP Ali Məclisinin sədri seçilmiş Bəybala Əbillə nələrisə dəyişə biləcəyinə təşkilatda qalmış azsaylı üzvlərin də inamı yoxdur.
Nicat Sadiq