AXCP-də kütləvi istefaların sifarişi hardan gəlir?

0
3

AXCP-də kütləvi istefaların sifarişi hardan gəlir?

Razi Nurullayev yeni partiya yaradır?!

AXCP sədri Əli Kərimlinin sərəncamı ilə partiyadakı sədr müavini vəzifəsindən çıxarılan və bundan sonra sonra partiyadan uzaqlaşmağa məcbur qalan Razi Nurullayev növbəti dəfə hücuma keçməyə hazırlaşır. Onun AXCP-dəki tərəfdarlarından sayılan AXCP Rəyasət heyətinin üzvləri Sahib Kərimli və İlham Hüseyn artıq sıravi cəbhəçilərlə danışıqlar aparmağa girişiblər. AXCP üzvlərinə şirnikləndirici təkliflər etməklə onları ələ almağa çalışanlar istefaları əvəzində sıraviləri daha yüksək mükafata layiq görüləcəyi barədə vəd verir.
AXCP-dəki mənbəmizin verdiyi məlumata görə Gürcüstan səfərindən qayıtmış AXCP-nin təşkilat şöbəsinin sabiq müdiri Rafiq Daşdəmirov da artıq hərəkətə keçib.Sabiq şöbə müdiri mütəmadi olaraq R.Nurullayevlə görüşüb, AXCP-dəki tərəfdarlarını yeni yaratmaq istədikləri partiyaya “transfer” etməyin yollarını arayırlar. Aldığımız məlumatda o da xüsusi olaraq vurğulanır ki, AXCP sədri Ə.Kərimli artıq şübhələndiyi S.Kərimli və İ.Hüseynlini partiyadan uzaqlaşdırmağın yollarını arayır. Elə həmi səbəbdən də bir müddət öncə AXCP sədrinin müavini Gözəl Bayramlı S.Kərimlinin doğulduğu Şəki şəhərinə ezam edilmişdi. Müavin xanım AXCP Şəki şöbəsinin fəalları ilə müzakirə aparıb, S.Kərimlinin qeydiyyatda olduğu şöbə tərəfindən AXCP sıralarından çıxarılmasına nail olmaq istəsə də, sonunda istəyinə nail ola bilməyib. S.Kərimli isə əvzində AXCP Rəyasət Heyətinin yığıncaqlarına qatılmaqdan imtina edib. Ə.Kərimli tərəfdarları onu qorxaqlıqda suçlayır və Rəyasət Heyətinin yığıncağına qatılmamasının səbəbi kimi S.Kərimlinin AXCP sədrindən ehtiyatlandığını qeyd edirlər.

Xatırladaq ki, bir neçə ay öncə AXCP-dən çıxarılmış R.Nurullayev sonradan keçmiş partiyasına və partiyadaşlarına qarşı ittihamlara başlamışdı. Bir sıra KİV-lər ona ittihamlarını tirajlamaq üçün şərait yaratmışdı. R.Nurullayev bununla kifayətlənməyib, hətta mətbuat konfransı keçirib. Etiraf etmək lazımdır ki, AXCP yetkililəri mətbuat çəkişməsində sabiq müavini tamamilə tərksilah edə bilib. Məhz həmin səbəbdən R.Nurullayev bir müddət səssiz qalmağı üstün tutub.
AXCP-dəki mənbəmiz iddia edir ki, R.Nurullayev ölkə iqtidarında təmsil olunan yüksək çinli məmurlar qarşısında öhdəlik götürsə də, həmin işi yerinə yetirə bilməyib. Mənbə xüsusi olaraq vurğulayıb ki, AXCP sədrinin sabiq müavini Ə.Kərimlini istefaya göndərib, sədrliyi ələ keçirməli imiş. Həmin vəzifənin öhdəsindən gələ bilməyən R.Nurullayevdən maliyyə hesabatı tələb olunduğundan o, növbəti dəfə hərəkətə keçməli olub. Guya, budəfəki missiyası AXCP-nin parçalanmasına, səs-küylü istefalara hesablanıb.
AXCP-dəki mənbəmiz Razi Nurullayevi yaxşı tanıdığını, onun siyasi fəaliyyətindən daha çox “para” qazanmağa meyilli olduğunu da qeyd edib: “Razinin daima güclü və imkanlı himayəçiləri olub. Maliyyə imkanları böyük olsa da, tamahkarlığı və simicliyi uğur qazanmasını əngəlləyir. İndi yenidən fəallaşıb. Deyəsən, “sponsor”-ları onu bərk sıxır. Görün, nə hala düşüblər ki, İ.Hüseyn AXCP-də oturub açıq-aşkar Razini təbliğ edir və cəbhəçiləri onun ətrafına toplaşmağa dəvət edir. Yaxşı tanıdığımdan onu da bilirəm ki, R.Nurullayev prespektivsiz siyasətçidir. Ona güvənənlərin tezliklə ağır duruma düşəcəklərini proqnozlaşdırmaq bir o qədər çətin deyil”.
AXCP-də növbəti çaxnaşmalar qaçılmaz görünür. Bu, R.Nurullayevin fəaliyyəti nəticəsində deyil, məhz AXCP sədri Ə.Kərimlinin təşkilatı düzgün yönləndirə bilməməsindən baş verəcək. Müsavat və KXCP-nin son qurultaylarından üzü ağ çıxa bilməmələri artıq sirr deyil. Hər iki təşkilat ciddi parçalanmaya məruz qaldı. Böyük ehtimalla AXCP çox yaxın zamanlarda ciddi itkilər verəcək və ölkə mətbuatı hər gün həmin təşkilatdakı sensassion istefalardan məlumatlar tirajlayacaq.
“Millətim” olaraq ölkənin oturuşmuş müxalifət partiyasında çaxnaşmanı arzu etməsək də, təəssüf ki, AXCP təlatümlərdən yan keçə bilməyəcək.

Leyla

LEAVE A REPLY