“2000-Cİ İLDƏN SONRA MƏTBUAT TƏDRİCƏN DİZ ÇÖKMƏYƏ BAŞLADI”
Qulu MƏHƏRRƏMLİ: “BİR VAXTLAR MÜSTƏQİL MƏTBUAT ADINA SİNƏSİNƏ DÖYƏNLƏR, İNDİ HƏMİN SİNƏLƏRƏ MEDAL DÜZMƏYƏ BAŞLAYIBLAR”
Qulu Məhərrəmlinin xüsusi təqdimata ehtiyacı yoxdu. İllərlə Azərbaycanın doğan sabahlarına AzTv-də “Səhər”lə ayna tutan bir verlişin yaradıcısı olan Qulu Məhərrəmli elə o “Səhər”lə birgə efirlərdən getdiriləndən, daha hamının sabahlarına aydınlıq gətirən o səhərlər yoxdu. Elə Qulu müəllimin özü də uzun müddətdi ki, efirlərdə görsənmir. Amma kim nə deyir-desin, Azərbaycan tamaşaçısı, öz səsi, öz üslubu, öz manerası və özünəməxsus diksiyası ilə seçilən, Azərbaycan teleefirlərinin indi daha çox ehtiyac duyduğu peşəkar aparıcılıq məharəti kimsədə şübhə doğurmayan Qulu Məhərrəmlini hələ uzun müddət unuda bilməyəcək. Ta ki, bi efirlərdə yeni Qulu Məhərrəmlilər görünməyincə.
İllərin nostaljisindən doğan hisslərlə Qulu Məhərrəmlinin axtarışına çıxdıq və bəlli oldu ki, indi bu peşəkar televiziyaçı efirlərdən uzaq salınsa da, gözlərdən və könüllərdən iraq tutulmağa çalışılsa da, hələ də öz işinin başında və arzularının peşindədi. Ölkənin bir neçə aparıcı təhsil müəssisələrində, həmçinin Milli Akademiyanın Dilçilik institutunda, öz təbirincə desək, millətin və dövlətin naminə əlindəm gələni etməklə məşğuldu. Bütün hallarda bütövlükdə çağdaş dövrün bəzi məsələlərinə, o cümlədən də Azərbaycan mediasının indiki durumuna Qulu Məhərrəmlinin bələdçiliyi ilə ayna tutmağa çalışdıq. Beləliklə, növbəti müsahibimiz Qulu Məhərrəmlidi, beləcə titulsuz-filansız, sadəcə hamının efirlərdən görüb sevdiyi Qulu Məhərrəmli.
“BU MƏTBUATIN H.ZƏRDABİNİN GÖRMƏK İSTƏDİYİ MƏTBUATA HEÇ BİR DƏXLİ YOXDU”
II HİSSƏ
– Qulu müəllim, Milli Mətbuatın 140 illik yubileyi ilə bağlı sizin təbirinizcə desək, boz bir şeylər oldu. Sizcə əslində bu yubiley ilində baş verən nə idi və niyə baş verdi?
– Bayaqdan barəsində danışdığımız proseslər gedir və mətbuat da bu prosesləri özündə əks etdirən bir güzgüdür. Bu güzgüdə cəmiyyət də, mətbuatın özü də aydın görsənir. 90-cı illərin əvvəlindən bu yana Azərbaycanda normal bir mətbuat formalaşmışdı. Təxminən 2000-ci ilə qədər bizim yaxşı mətbuatımız, keyfiyyətli mətbu orqanlarımız, xüsusilə də qəzetlərimiz var idi. Televiziya sahəsində müəyyən problemlər həmişə olub. Amma yazılı mətbuatımız, bir vaxtlar, ən azı Cənubi Qafqazda ən güclü mətbuat idi. Bizdə məsələn, “Zerkalo” qəzeti çıxırdı, “Exo” çap olunurdu, “Azadlıq”, “Yeni Müsavat”, bunlardan əvvəl “Aydınlıq”, lap son vaxtlara qədər sizin özünüzün redaktoru olduğunuz “Nota-bene” və digər qəzetləri oxuyanlar var idi. Yəni, tənqid güclü idi. Məsələn, mənim xatirimdədi ki, biz Elçin Şıxlı ilə Misirdə olanda, “Zerkalo” qəzetinin bir nüsxəsini özbəkistanlı bir jurnalistə vermişdik. Səhər tezdən biz onunla görüşəndə, adam gözləri şişmiş halda bildirdi ki, səhərə kimi yata bilməyib. Səbəb kimi də onu göstərdi ki, axı bu necə ola bilər, siz öz qəzetinizdə ölkənin ciddi adamlarını, böyük vəzifə sahiblərini bu cür tənqid eləyə bilirsiniz. Bir sözlə, onu demək istəyirəm ki, bizim bu cür keyfiyyətli mətbuatımız, qəzetlərimiz var idi. Amma təxminən 2000-ci ildən sonra bu proseslər əksinə gedib. O zamana qədər bizim ayrı-ayrı jurnalist təşkilatlarımız var idi. Bu sırada “Yeni nəsil jurnalistər birliyi”, “Azad Jurnalistlər Təşkilatı”, Hacı Hacıyevin rəhbərlik etdiyi “Jurnalistlər Birliyi” və s. fəaliyyətdə idilər və hiss olunurdu ki, mətbuat gerçəkdən də söz sahibiydi. Bütün hallarda dördüncü hakimiyyət ola bilməsə də, o zamankı qəzetlər və jurnalist təşkilatları, hər halda ictimai rəyi formalaşdıran, ona ciddi təsir edə bilən vasitə idi. 2000-ci ildən sonrakı proseslərdə mətbuat tədricən diz çökməyə başladı və mənim dostum Arif Əliyevin də dediyi kimi bir vaxtlar biz bu ölkədə müstəqil mətbuat təmsilçiləriyik deyə sinəsinə döyən adamlar, artıq həmin sinələrinə orden, medal düzməyə başladılar. Bu əslində böyük bir fəlakətdi, mənəvi deqradasiyadı, cəmiyyətdə dəyərlərin gözdən düşməsidi və çox təəssüflər olsun ki, mətbuatın da çökməsidi. Açığı, bizdə formal cəhətdən görünən çox şeylərimiz var. Məsələn, yaxşı qanunlarımız, KİV-ə dəstək fondu mövcuddu və son bir iki ildə mətbuata faktiki olaraq 20-25 milyon manat vəsait xərclənib. Amma bunun nəticəsində mətbuat inkişaf eləyibmi?
– Elə mən də bunu soruşacaqdım, bu qədər pulun-paranın, dövlət dəstəyinin və “atalıq qayğısı”nın nəticəsində mətbuatın inkişaf əmsalını əks etdirən şkala nə qədər qabağa gedib?
– Açığı, bu suala cavab verməyə bir az çətinlik çəkirəm. Yəqin ki, tək mən yox, çoxları bu sualı cavablandırmağa çətinlik çəkər.
– Mən həbsxanada olanda, Rauf Mirqədirovun həbsindən sonra “Zerkalo”nun bağlanması prosesində Elçin Şıxlının açıqlamalarını oxudum. Həbsxanadan sonra isə Mehman Əliyevin eyni motivli və eyni səpkidə çıxışları diqqətimi çəkdi. Onların ikisi də etiraf edirdilər ki, biz əslində Mətbuat Şurasının da, KİVDDF-nin də yaranmasına dəstək verəndə, ən böyük yanlışımızı elədik. Elə-belə məlumat üçün onu da deyim ki, Mətbuat Şurasının yaranmasına da, artıq bu xətlə ilkin mərhələ pulların paylanmasına da mən “Böyük Rəzalət” kimi qiymət vermişdim. KİVDDF yarananda isə, mən yazdım ki, “bu KİV-ə dəstək yox, KİV-in dəfn fondudu”. Bunları ona görə deyirəm ki, nə Elçin Şıxlı, nə də Mehman Əliyev mətbuatda elə-belə adam deyillər. Sizdən isə soruşmaq istədiyim odu ki, doğrudanmı bunlar o zaman nə baş verdiyini bilmirdilər, yoxsa…
– Bütün hallarda hər kəsin ürəyindən keçə bilərdi ki, bütün bu məsələlərin pis tərəfi də ola bilər. Amma heç kim inanmazdı ki, məsələn, bax mənim tanıdığım Sərdar Əlibəyli sabah başqa cür düşünəcək və bambaşqa bir adam olacaq. Mən əminəm ki, o zaman sizin dediyiniz şəxslər də, bu prosesə qoşulmuş digər adamlar da bu məsələlərə çox nikbinliklə yanaşmışdılar. Amma siz də bilirsiniz ki, insan çox mürəkkəb bir məxluq, bəzi hallarda isə anlaşılması çox çətin olan bir varlıqdı. Və insanın qarşısında diz çökə biləcəyi çox şeylər var, bax, o vasitələr işə düşəndən, pul və başqa həvəsləndirici vasitlər ortaya gələndən, xüsusilə də kütləviləşəndən sonra, olanları durdurmaq çətin bir prosesə çevrilir. Xüsusilə də həmin vasitələr mətbuat üçün aparıcı stimula çevriləndən sonra dediyiniz proseslər getdi. Məsələn, bizim dostumuz Mehman Əliyev indi də nikbin bəyənatlar verir ki, hər şey yaxşı olacaq və s. Elçin Şıxlının özü bu proseslərin qurbanı olduğuna görə daha real düşünə bilir. Əlbəttə, biz uzun müddət Elçinlə də, Mehmanla da Mətbuat Şurasında təmsil olunmuşuq və müəyyən fikir ayrılıqlarımızın olmasına baxmayaraq, ümumən azad mətbuat üçün çalışmışıq. Amma bununla yanaşı, indi gedən proseslər çox fərqlidi. Indi faktiki olaraq, tənqidçi media adına yalnız “Azadlıq” qəzeti qalıb və nə yaxşı ki, azadlıq
ruhunu saxlayan tək-tək jurnalistlər də qalır. Məni sevindirən də budu – azad jurnalistlərin olması. Avropada buna “frelans” deyillər. Və o jurnalistlərin tutaq ki, biri sayt açır, biri başqa vasitələrlə fəaliyyətini davam etdirir, bəziləri bir az obyektiv olan qəzetlərə yazıllar, materiallar hazırlayırlar və s. İndilik yalnız buna sevinmək lazımdı ki, belə jurnalistlər hələ də var. Amma mediada olan çoxluq, yəni 98-99 faiz civarında, jurnalistlərin tam əksəriyyəti media vasitələrindən, mətbuat platformasından piar, təbliğat və təşviqat formasında yararlanır, istifadə edir, mətbuatda varlığını bu cür görür. Ona görə də dediyiniz mətbuatın 140 illik yubileyinə və bu xüsusda keçirilən bütün tədbirlərə mən bir şou kimi baxdım və fikirləşdim ki, əcəba, doğrudanmı insanlar düşünürlər ki, bu mətbuatın yubileyidi. Bununla bağlı bir status da yazdım ki, bu cür məsələlərdə Həsən bəy Zərdabinin ruhunu incitmək olmaz və bu mətbuatın onun görmək istədiyi mətbuata heç bir aidiyyatı yoxdur. O adam qəzet yaratdı ki, milləti qaranlıqdan qurtarsın, onun fikrini, zehnini və zəkasını işıqlandırsın. Qəzet çıxartmadı ki, insanlara yalan desin, manipulyasiya ilə, saxtakarlıqla məşğul olsun, mədhiyyələr söyləsin.
– Tənqidçi mətbuat adına “Azadlq”ın varlığından danışdınız. Amma mən istəyirəm sizdən soruşum ki, “Azadlıq”ın özünün azadlığı nə qədərdi və yaxud da haraya qədərdi? Bu barədə heç düşünübsünüzmü?
– Əlbəttə düşünmüşük, hətta onların yubileyində də bu barədə danışmışıq. “Azadlıq” qəzeti müəyyən partiyaya bağlı olan qəzetdi. Və yaxud hər hansı bir halda partiya maraqlarından çıxış eləyən bir qəzetdə, fərqi yoxdu, YAP-a, Müsavata və ya AXCP-yə bağlı olsun, asılılığın dərəcəsi fərqli ola bilər, amma müəyyən mənada, yenə də məsələlərə və proseslərə yanaşmada bir subyektivlik var. Amma ümumiyyətlə götürəndə və müqayisə eləyəndə, biz tutaq ki “Yeni Azərbaycan” qəzeti ilə “Azadlıq” qəzetini tərəzinin eyni gözünə qoya bilmərik. Çünki faktiki olaraq ölkədə tənqidçi əhval-ruhiyyədə olan jurnalistlər və oxucular “Azadlıq”la bağlıdı. Başqa qəzetlər də müəyyən mənada tənqid yaza bilirlər, amma bu mütəmadi deyil. Tutaq ki, mən baxanda görürəm ki, insanların əksəriyyəti bu və ya digər məsələlərlə bağlı məlumatıları əsasən “Azadlıq” qəzetindən alırlar. Və yaxud da hansısa məsələyə münasibət bildirmək üçün hansı qəzetə üz tuturıar, yenə də “Azadlıq” qəzetinə və çox nadir hallarda da “Yeni Müsavat”a . Lakin biz hamımız fərqində olmalıyıq ki, bu cür qəzetlərin çox məhdud sayda olması, həddindən artıq pis göstəricidir. Cəmiyyət üçün ən önəmli olan məsələlərdən biri plüralizmdi, yəni fikir müxtəlifliyidi. Məsələn, mən çox radikal yazılar yazıramsa, o zaman qəzetimin adının “Yeni Azərbaycan” yaxud da “Azadlıq” olmasının heç bir mənası yoxdur. Amma biz jurnalistikanın prinsiplərindən çıxış edirik, yəni verilən məlumat dəqiq, qərəzsiz, balansı və dolğun olmalıdı. Bu yoxdusa, deməli, jurnalistikanın prinsipləri pozulub. Bəs hansı halda biz jurnalistikanın prinsiplərini pozmağı məqbul hesab edirik? Bu çox fövqəladə və nadir təsadüf olunan bir hadisədi. O halda ki, cəmiyyətin maraqları bunu tələb edir, o vaxt ki, həqiqəti bütün çılpaqlığı ilə demək lazım olur, onda bəzən bu prinsiplərdən bəziləri axsayır. Amma bütün hallarda mətbu prinsiplərin pozulmasına yol verməməyə çalşmaq lazımdı və dediyim kimi çox nadir hallar istisna olmaqla bunu etmək olmaz.
– Mən də özümü əsasən tənqidçi jurnalistikanın içərisində görürəm. Bununla belə, böyük və ya balaca olmasından asılı olmayaraq, başında dayandığım bütün qəzetlərin və saytların mümkün olduğu qədər azad olmasına çalışdım. Bizim qəzetlər fəaliyyətdə olduğu müddətcə istənilən adam, tutaq ki İlham Əliyev barəsində xoş sözlər yaza, hətta onu mədhiyyə səviyyəsində tərifləyə də bilərdi. Yəni mən buna həmin yazıları yazan insanların haqqı kimi baxırdım. Amma adamın nə qədər səmimi olduğu, məncə medalın ayrı üzüdü və qoca bəşəriyyət hələ ki, “vicdanometr” adlı cihazı kəşf etməyib. Tutaq ki, mən hər zaman “Azadlıq” qəzetini də, digər qəzetləri də o cür görmək istərdim. Məncə “Azadlıq”ın azadlığı, sərbəstliyi indikindən daha çox olsa, fəaliyyəti də bir o qədər uğurlu alınar, oxucu kütləsi də xeyli artar.
– Mən də sizinlə şərikəm ki, qəzetin ümumiyyətlə azadlığı nə qədər böyük olursa, onun auditoriyası da bir o qədər genişlənir. Məsələn, bəlli məsələlər var ki, o zaman partiya mövqeyindən çıxış eləmək müəyyən dərəcədə həqiqətin yarımçıq təqdimatına səbəb olur. Düzdür, “Azadlıq”da bir az bolşevizm ruhu var, ancaq onu xilas eləyən də cəmiyyətin indiki əhval-ruhiyyəsini əks etdirməsidir. Bir çox hallarda qəzetin intonasiyası cəmiyyətin özündən gəlir. Baxın, bizdə bir müddət əvvələ qədər neçə dənə orta mövqedə dayanan, yəni müstəqil qəzetlər var idi. Indi bu tip qəzetlər demək olar ki, yoxdur və bunların çoxu, bəlkə də hamısı artıq siyahıdan çıxıblar. Həm də, bilirsiniz, artıq dünya praktikasında qəzetləri keyfiyyətli və keyfiyyətsiz qəzetlər kateqoriyasına bölürlər. 2000-ci ildə bütün dünya üzrə müəyyənləşdirdilər ki, təxminən 5 qəzet keyfiyyətli qəzetlər kateqoriyasına aiddir. Bunlar “Vaşiqton Post”, “Nyu York Tayms”, “Qardian” qəzetləri, ”Şpiqel” jurnalıdı və s. Yəni, bax bunlar artıq dünyanın keyfiyyətli media qurumları sayılır. Əslində indi bizdə olan mətbuat bu cəmiyyətin bir parçasıdı, bu cəmiyyətin içində doğulur və orda yaşayır. Ona görə də istənilən mətbuat içində doğulduğu cəmiyyətin bütün rənglərini özündə əks etdirir. Indi bizim burda oturub, “Vaşinqton Post” kimi qəzet çıxartmağımız bir az gülünc olardı və buna imkan da verməzlər. Yəni, biz hansı rejimdə yaşayırıq və bu rejimi idarə edənlərin qəzetə münasibəti necədi? Bax bu kimi məsələlərin hamısı mətbuatın keyfiyyətinə təsir edir və görüntüsündə rol oynayır. Bizim bütün problemlərimiz həmin o idarə edənlərlə qəzetçilərin, gerçək fikir ifadə edənlərin arasında anlaşmanın olmamasından qaynaqlanır. Əgər bu gün biz 5-10 adama orden verib, onları yaxşı jurnalist kimi təqdim ediriksə və cəmiyyət də onları qəbul eləmirsə, bu alt qatda ciddi narazılıqlar yaradır.
– Siz ümumiyyətlə jurnalistlərə medal verilməsinə, fəxri ad verilməsinə, ev verilməsinə necə baxırsınız, bunun özü nonsens deyilmi?
Söhbətləşdi: Fəxrəddin Qardaşlı
Davamı var
My Webpage