Türkiyədə nə baş verir?

0
1

Zaur Muradxanlı

Türkiyədə nə baş verir?

Seçimlərə qədər AKP hökuməti ilə kürd terrorçu qruplar arasında davam edən “Çözüm sürəci” seçim nəticələrinə görə Ərdoğanın prezident üsul-idarəsi həvəsinin qursağında qalması ilə birlikdə masadan qaldırıldı. Bu hadisə özlüyündə Türkiyənin daxili və xarici siyasətinin son zamanlarda dövlətçilik ənənələri ilə müəyyən edildilmədiyinin, əksinə olaraq dövlətin siyasətinin necə və hansı istiqamətdə olacağının sarayda əyləşən liderin iki dodağının arasında olduğuna işarə deyilmidir?
Bunun belə ola biləcəyinin və çözüm sürəcinin seçki nəticələri ilə birbaşa bağlı ola biləcəyinin siqnalını baş nazirin müavini Yalçın Akdoğan hələ seçimlərdən öncə “HDP seçim baryerinin altında qalarsa super olar” deyə, bildirərək vermiş və seçim nəticələrini dəyərləndirirkən verdiyi bir bəyanatında; “HDP artıq bundan sonra çözüm sürəcinin filmini çəkər” deyə bildirmişdi. Davam edən günlərdə baş nazirin digər müavini və AKP-nin qurucularından biri olan Bülent Arınc HDP-dən digər partiya və hansısa güclər tərəfindən AKP-nin qalasını yıxmaq üçün qoçbaşı olaraq (qədimdə qalaların taxtadan olan qapılarını qırmaq üçün istifadə olunan alət-Z.M.) istifadə edildiyini bildirmişdi. Daha sonra da Ərdoğan Dolmabağça sarayında yerləşən baş nazirin çalışma ofisində ərsəyə gətirilən razılaşma mətnini inkar edərək belə bir sənədin nəinki olmadığını, hətta mümkünsüzlüyü barədə bəyanat vermiş, bununla da qalmayaraq HDP-yə və bu partiyanın liderlərinə qarşı suçlayıcı ifadələrlə çıxış etmiş, onları lağa qoymuşdu. Doğrudur, həmin razılaşma mətninin hazırlanma və imzalanma mərhələsində HDP tərəfdən iştirak edən insanlar bunun əksini isbat edən dəlillər gətirərək Ərdoğanı yalanlasalar da bu mediada o qədər də geniş yer ala bilmədi.
Hələ seçimlərdən öncə, “Barış sürəci” adı verilən sülh görüşmələri davam edərkən hər nə qədər medianın işıqlandırmasının qarşısını almağa çalışsalar da, kütləvi informasiya vasitələri üzərində qurduqları basqılarla buna nisbətən nail olsalar da, ölkənin xüsusən şərq və cənub şərq tərəfindəki PKK təşkilatlanması, ayrıca bu terrorçu təşkilatın törətdiyi cinayətlər haqqında az da olsa xəbərlər çıxmaqda idi. İndi, yenidən müzakirə masasını devirərək bu təşkilatla yenidən silahlı mübarizəyə başlayan türk hökuməti barış sürəci müddətində PKK-nın silahlı terrorçularının sayının nəinki azalmadığını, hətta xüsusən Şərqi və Cənub-Şərqi Anadoluda hər yerə “indi deyilsə nə zaman” yazılmış elanlar yapışdıraraq tərəfdarlarının sayını sürətlə artırdığını və dağ heyəti adlandırılan silahlılarının sayını on min nəfər artdığını, ayrıca atəşkəsdən istifadə edən PKK-nın bazalarına apardığı gənclərə hərbi təlimlər keçərək onları əsl cani kimi yetişdirdiyini etiraf edir.

Bütün bunlardan əlavə PKK-nın Suriya qolu olan PYD-nin sədri Cəmil Bayıq hələ keçən ilki prezident seçimlərindən az sonra çıxış edərək Rəcəb Tayyib Ərdoğanın seçimlərdə onlardan dəstək istəyərək cənubi və Cənub-Şərqi Anadoluda insanların onun lehinə səs vermələrini təmin etmələrini xahiş etdiyini bildirmişdi. Təəssüf ki, Cəmil Bayığın bu bəyanatı sonrakı dövrdə nə prezident adminstrasiyası, nə də AKP hökuməti tərəfindən yalanlanmadı.
Həm Dolmabağça razılaşmasının olduğunu bildiyimiz halda, həm də Cəmil Bayığın yalanlanmayan yuxarıda qeyd etdiyimiz sözləri AKP ilə PKK və PYD arasında keçmişdə sadəcə bir müzakirə masası deyil, həm də mənfəət münasibətlərinin olduğunu göstərməkdədir. Bəs, necə olur ki, birdən birə, seçimlərdən sonra iqtidarda təmsil olunan və artıq təkbaşına hökumət qura bilməyəcəyi meydana çıxan AKP ilə HDP (HDP-nin timsalında silahlı və ya silahsız bütün kürd qruplar-Z.M.) arasında körpülər atılır?
Məncə bunun bir nömrəli səbəbi HDP-nin seçki kompaniyası dönəmində “səni cumhurbaşkanı yapdırmayacağız” şüarı və digər etnik ünsürlərin də bu şüara dəstək verərək nəinki AKP-nin Ərdoğanın istədiyi kimi dörd yüz millət vəkili kürsüsü qazanmasına imkan verməmişdilər, həm də HDP-nin dördüncü partiya olaraq məclisə girməsi səbəbindən səs paylaşımından sonra AKP təkbaşına iqtidar olma şansını itirdi. AKP-nin on üç illik təkpartiyalı iqtidarına son verilmişdi.
İndi də bir az İŞİD-lə münasibətlərə nəzər salaq. İŞİD birləşmələrinə iki min tır dolusu silah göndərilməsi və bu terror qruplaşmasının yaralı üzvlərinin Suriya ilə sərhəd vilayətlərdə müalicə almaları, habelə Türkiyə ərazisində sərbəstcə gəzib-dolaşan İŞİD nümayəndələrinin bu terrorçu təşkilata döyüşçü toplaması kimi mediada yer alan iddialarla bağlı məsələlərə girməyəcəyik.
Hələ keçən ilin əvvəllərində ingilis mediasının önəmli təmsilçilərindən BBC-nin jurnalistləri önəmli bir xəbər hazırlamışdılar. Belə ki, Ankaranın Hacı Bayram səmtinə gələn televiziya əməkdaşları buradakı qəhvəxana və digər ümumi istifadədə olan yerlərə gedərək özlərini İŞİD təmsilçiləri olaraq adlandıran şəxslərlə görüşmüş və onlardan müsahibələr almışdılar. Bu ilin iyul ayının on altısında isə “New York Times” qezetində geniş bir məqalə yayınlandı. Araşdırma yazısı olan məqalədə Türkiyənin İŞİD-lə münasibətləri və İŞİD-in Türkiyədən döyüşçü toplamasından bəhs edilirdi. Ayrıca onu da qeyd edək ki, rəsmi rəqəmlərə görə Türkiyədən İraq və Suriyadakı döyüşlərdə iştirak etmək üçün göndərilən terror təşkilatları sempatizanlarından min əlli nəfər bu döyüşlərdə ölüb. Onlardan yeddi yüz əlli nəfəri PKK və PYD-nin sıralarında, digər üç yüz nəfəri isə İŞİD tərəfdən döyüşlərdə iştirak edərkən öldürülüb. Yenə də qeyd edirəm bunlar sadəcə rəsmi rəqəmlərdir.
AKP ilə İŞİD arasındakı isti münasibətlər barədə çox yazmışdıq. Elə görünür ki, həm keçən il BBC-də yayınlanan xəbər, həm də “New York Times”-da ayın on altısında dərc olunan araşdırma yazısı da bu barədə bizim dediklərimizi təsdiq edəcək mahiyyətdədir. Bunun belə olmasını istəməzdim və yanılmaq istərdim, amma təəssüf ki, bu məsələdə yanılan və ya aldatılan tərəf mən deyiləm.
Suruçdakı partlayış və otuzdan artıq türk gəncinin ölümündən sonra bəzi cavabsız suallar ortaya çıxdı. Məsələn, Amara Mədəniyyət mərkəzi və ətrafındakı təhlükəsizlik kameralarının son on aydır işləməməsi, HDP-lilərin gənclərin təşkilatlanaraq oraya toplanmalarında fəal iştirak etmələrinə rəğmən ölən və yaralananlar arasında heç bir HDP-linin olmaması və sairə kimi. Amma ən önəmlisi isə Kamikadzenin özünü partlatmasından az öncə Amara Mədəniyyət mərkəzinin bağçasına toplaşmış insanların sənədlərini yoxlamağa gələn hüquq mühavizə orqanlarının nümayəndələrinin sənədləri yoxlamalarına imkan verilməməsi bəzilərinin bu hadisədən öncədən xəbərdar ola biləcəyi barədə şübhələr oyatmaqdadır. Burada bir şeyi vurğulamaq istərdim. Təxminən bir ay, bəlkə də bir az artıq Şanlı Urfa valisinə keçirdiyi mətbuat toplantısı zamanı jurnalistlərdən biri “ortalıqda İŞİD üzvlərinin sərbəstcə gəzib dolaşdığı ilə bağlı xəbərlər var” deyə sual ünvanladığına görə valinin təlimatı ilə həbs edilmişdi. Terrorçuların burada gerçəkdən də olduğuna inanmaq istəmirəm, lakin Suruçun Kobaninin birbaşa önündə yerləşdiyini və Kobani uğrunda gedən döyüşlərdə buradan qaçan mülki şəxslərin Suruça gələrək Amara Mədəniyyət mərkəzinin bağçasında qurulan çadırlarda qonaq edildiklərini nəzərə alarsaq İŞİD-in kürdlərdən intiqam almaq üçün bu partlayışı törədə biləcəyi ehtimalı şübhə qazanmaqdadır.

Keçən həftənin sonlarından başlayaraq həm Suruçdakı qətliam, həm də Suriya ilə sərhəddə növbə çəkən türk əsgərlərinə İŞİD yaraqlıları tərəfindən atəş açıldı və nəticədə iki gizir şəhid edildi, dördü isə yaralandı. Bundan sonra hərəkətə keçən türk silahlı qüvvətləri eyni zamanda həm Suriyadakı İŞİD mövqelərini, həm də Şimali İraqdakı PKK mövqelərini bombardman etməyə başladı. Xüsusən türk qırıcıları və qırx kilometr mənzilli fırtına qaubitsaları tərəfindən Şimali İraqda vurulan PKK bazalarının əksəriyyəti çözüm sürəci başa çatdığı zaman boşaldılması planlanan bazalardır. Məsələ burasındadır ki, pilotsuz təyyarələrlə aparılan kəşfiyyat zamanı PKK-nın həmin bazaları nəinki boşaltmağa hazırlaşmadığı məlum olub, hətta xəstəxanadan terrorçu yataqxanalarınadək bir sıra yeni binaların tikildiyi ortaya çıxıb. Bu da PKK-nın türk dövlətinə inanmadığının və hələ bir neçə ay öncəsinə qədər davam edən “Çözüm sürəci”nin müsbət sonla bitəcəyinə ümid etmədiyinin ən önəmli nümunəsidir.
Son günlərdə Suriya və Şimali İraqda həyata keçirilən antiterror əməliyyatlarında iki yüzdən artıq döyüş təyyarəsi iştirak edib və nəticədə həm ölkə daxilində, həm də ölkə xaricində toplamda beş yüzdən artıq hədəf məhv edilib.
Terrorçulara qarşı aparılan hərbi əməliyyatlardan başqa ölkə daxilində də otuz dörddən artıq vilayətdə həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində min iki yüz nəfərdən artıq adam həbs edilərək barələrində istintaq hərəkətləri aparılıb. Bu min iki yüz nəfərin içərisində İŞİD-in Türkiyə üzrə koordinatorundan tutmuş İstanbul əmirinədək müxtəlif dərəcəli üzvləri var.
Burada bir sual meydana çıxır. Əgər yuxarıda xüsusən İŞİD-lə bağlı qeyd etdiklərimiz və dünya mediasının öndə gələn qurumlarının bizi təsdiqləyəcək mahiyyətdə səsləndirdiyi, yaxud da dərc etdiyi məlumatlar yalandırsa onda Türkiyənin hüquq-mühavizə orqanları bir anda bu qədər adamı əli ilə qoyubmuş kimi necə toplayır?
Bir də bir məsələyə diqqət çəkmək istərdim ki, bu da terror qruplaşmalarının liderləri və tərəfdarları olduqları iddia edilən şəxslərin həbs edilərkən mediaya verilən görüntülərdir. Belə ki, terror təşkilatının, xüsusən İŞİD-in liderlərindən olduğu iddia edilən şəxslər həbs edilərək polis avtomobillərinə və yaxud həbsxanalara aparıldıqları vaxt əllərinin açıq olduğu, bunun əksinə terror təşkilatlarının sıravi üzvləri sayıla biləcək şəxslər isə əlləri qandallı şəkildə aparılmaqdadırlar. Doğrusu, anlamaqda çətinlik çəkirəm, bu nəyin nəticəsidir? İkili standartın, yoxsa terrorçuların lider heyətinə göstərilən xüsusi hörmətin? Əgər Türkiyə bir hüquq dövlətidirsə, ki bunun belə olduğuna ümid edirəm, bu verilən görüntü heç də xoş bir görüntü deyil.
Sadəcə BBC telekanalının və “New York Times” qəzetinin deyil, eyni zamandə “The Quardian” və başqa nüfuzlu media orqanlarının da davamlı olaraq işıqlandırdıqları İŞİD kimi Suriya ilə sərhəd vilayətlərdə bu terrorçu qruplaşmanın yaralı üzvlərinin müalicəsindən tutun, onların Türkiyə ərazisində rahatca döyüşçü toplamalarına, xaricdən gələn döyüşçüləri qəbul edərək Türkiyə ərazisindən tranzit kimi istifadə etməklə Suriyaya keçmələrindən tutun Türkiyənin İŞİD-in ən böyük neft alıcısı və silah təchizatçısı olmasınadək bütün iddiaları doğrudurmu? Əgər bütün bu iddialar doğrudursa, onda Türkiyənin beynəlxalq ictimaiyyət qarşısında imicinin zəifləməsinə, bəlkə də sıfırlanmasına həftələr, bəlkə də günlər qalmışdır. Ayrıca kimlərinsə şəxsi eqoları və mənfəətləri naminə Türkiyə kimi böyük bir dövlətin adının terrorçu qruplarla yanaşı çəkilərək ləkələnməsi bizi dərindən yaralayan bir hadisədir.
Son günlərdə Türkiyənin Şərqi yenidən terror atəşi içində qalmışdır. Bu yanğın elə də tez söndürüləcək yanğına oxşamamaqdadır. Çünki burada sadəcə terror təşkilatları ilə silahlı birləşmələr arasında mübarizə getmir, eyni zamanda bölgədə maraqlı dövlətlərin kəşfiyyat şəbəkələri, eqosunu tətmin etmək istəyən bəzi insanların ehtirasları bir birinə qarışmış, ortalığı bu qarışıqlıqdan doğan toz-duman bürümüşdür.
Son dönəmdə AKP iqtidarının paralel paroniyasına düşərək hüquq mühavizə orqanları daxilində apardığı geniş həcmli yerdəyişmələrin də ölkənin təhlükəsizliyinin təminində zəiflik yaranmasında böyük rolu olmuşdur. Bir tərəfdən də gecikən hökumət qurma çalışmalarının da bu sürəcdə danılmaz rolu vardır.
Ümid edirik ki, ən qısa müddətdə Türkiyədə yeni hökumət qurulacaq və ölkənin təhlükəsizlik sistemində ciddi islahatlar aparılaraq üzə çıxan naqisliklər aradan qaldırılacaqdır. Ayrıca Türkiyənin xarici siyasət kursunda da ciddi dəyişikliklərə ehtiyacı vardır ki, bu da yeni hökumət qurulmadan mümkünsüzdür.

LEAVE A REPLY