Ramiz Tağıyev: “Heç bir güclü təşkilata, xalq kütlələrinin səsini alan quruma bunu edə bilməzlər”

0
6

Milli Şuranın gücü seçki boykotu üçün yetərsiz sayılır

Ramiz Tağıyev: “Heç bir güclü təşkilata, xalq kütlələrinin səsini alan quruma bunu edə bilməzlər”

Milli Şuranın son sessiyasında payızda keçiriləcək parlament seçkiləri məsələsi müzakirə edilib. Qurumun sədri Cəmil Həsənli çıxışında deyib ki, hazırda seçkilərin keçirilməsi üçün minimum şərait yoxdur.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli isə çıxışında bildirib ki, hər şey əvvəldən bəlli olan seçkidə iştirak etməyəcəklər. AXCP sədri Milli Şura olaraq sessiyadan sonra cəmiyyətə və hökumətə çox aydın şəkildə mesajlar verilməsini, sessiyanın nəticəsi olaraq, Milli Şuranın Koordinasiya Şurasına qurumun seçkiyə münasibətini ifadə edən sənəd qəbul etməsini təklif edib.
Bir sıra siyasi təhlilçilər hesab edir ki, Milli Şuranın rəhbərliyi bununla əslində seçkiləri boykot edəcəklərinin, seçkidə iştirak edəcək digər müxalif qüvvələri isə “nəticəsi əvvəldən bəlli olan seçkiyə demokratik don geyindirən satqınlar” adlandıracaqlarının anonsunu vermiş olub.
Bəllidir ki, indiyə qədər radikal müxalifətin seçkilərlə bağlı boykot qərarı olub. Ancaq həmin qərarın hansısa faydası hiss edilməyib. Milli Şuranın bu dəfə boykot yolunu seçəcəyi proseslərin gələcəyi üçün nə vəd edir?

Tanınmış siyasətçi Ramiz Tağıyev bu taktikanı effektsiz adlandırır: “Uzun illərdir bəzi müxalif dairələr iqtidarı bu üsulla şantaj edir. Seçki güclərin ortaya qoyulması üçün yeganə düzgün vasitədir. İndidən boykot qərarından danışmaq zəifliyi ifadə edir. Seçki dairələrində demokratik mühitin yaradılması, müşahidəçilərin sərbəst iştirakının təmin olunmasının mən də tərəfdarıyam. Bunları açıq şəkildə tələb etmək olar. Adətən Milli Şurada təmsil olunanlar seçkilərdəki nəticələrin saxtalaşdırıldığını irəli sürür. Heç bir güclü təşkilata, xalq kütlələrinin səsini alan quruma bunu edə bilməzlər. Çünki həmin qüvvə xalqı meydanlara çıxarmaqla öz səsini tələb edə bilər. Demək, bu güc hakimiyyətin heç bir alternativində yoxdur”.
Seçkiləri boykot etmək məsələsinə digər müxalif partiyaların münasibətinə gəlincə, Milli Şuradan kənarda olan partiyalar boykot mövqeyini dəstəkləmir.

Elman Fəttah: “Müsavat Partiyasının parlament seçkilərində iştirakla bağlı Məclis tərəfindən qəbul edilmiş qərarı var”

Müsavat Partiyası başqanının müavini Elman Fəttah bildirdi ki, hələlik Milli Şuranın seçkilərlə bağlı yekun qərarı yoxdur. Sonuncu sessiyada sadəcə çıxışlar olub: “Bütövlükdə, rəsmi qərar olanda biz ona rəsmi münasibət bildirərik. Müsavat Partiyasının isə parlament seçkilərində iştirakla bağlı Məclis tərəfindən qəbul edilmiş qərarı var. Qərar Müsavatın seçkidə partiya olaraq iştirakını nəzərdə tutur. Bu qərardan irəli gələn istiqamətlər yönündə də fəaliyyətimizi davam etdiririk. İndiyə qədər 70-dən artıq seçki dairəsi üzrə namizədlərimizin ilkin siyahısı bəllidir. Avqust ayı ərzində prosedurlar üzrə işlər yekunlaşacaq. Avqust ayı və yaxud sentyabrın əvvəli partiyanın Məclisində seçki dairələri üzrə kimlərin namizədliyinin irəli sürülməsi Məclisin qərarı ilə təsdiq olunacaq. Yəni Müsavat Partiyasında seçkiyə getməmək məsələsi müzakirə mövzusu deyil. Seçkidə iştirak etməklə bağlı yekdil qərar var. Müsavat Partiyasının siyasi iradəsi mütləq seçkidə iştirakdır”.

Məhəmmədəli

LEAVE A REPLY