Qan yaddaş

0
10

“Millətim” mərhum professor, əməkdar elm xadimi Murtuz Sadıqovun “Qan yaddaşı” adlı sənədli povestini dərc etməyə başlayır. Povest 1937-ci il Stalin repressiyasının millətimizin başına gətirmiş olduğu müsibətlərdən bəhs edir. Həmin müsibəti yaşamış M.Sadıqov gördüklərini tarixi faktlarla dolğun təsvir edə bilib. Sənədli povest SSRİ imperiyasının iyrəncliklərini aşkar etmək baxımından hədsiz əhəmiyyətlidir. Oxucularımızın “Qan yaddaşı”nı həvəslə izləyəcəklərinə qətiyyən şübhə etmirik. Əsəri təhlil eləmək, məzmunu açıqlamaq fikrindən çox uzağıq. Sadəcə olaraq, məsləhət bilirik ki, oxuyasınız. Və görəsiniz ki, bu xalq, bu millət nələr çəkib.

Lalə Ramizqızı

Murtuz Sadıqov

Qan yaddaşı
(Qanlı-qadalı 1937-ci ilin qurbanları haqqında sənədli povest)

…Millət müdrik və uzaqgörən olmalıdır.
(M.F.Axundov)

(Əvvəli ötən saymızda)
Tikanlı məftillər arasında “Arşın mal alan”la görüş

Səhnə bəzədilmişdi, yerə xalça-palaz döşənmişdi. Çalğıçılar üzü camaata, səhnənin bir tərəfində oturmuşdular. Tellinin və Gülçöhrənin rolunu da kişilər oynayırdılar. Əsgər və Vəlinin rolu “siyasi məhbus”lara tapşırılmışdı. Süleyman bəyi isə bizim Əliabbas oynayırdı. Təsəvvür edirsinizmi, ilk dəfə idi ki, doğma dildə tamaşaya baxırdıq, səhnədən doğma musiqimizi eşidirdik. Bu misli görünməmiş bayram idi.
Həmin o rəqs və musiqi gecəsi xeyli uzandı. Vətəndən uzaqlardakı 17 illik ömrümdə bu ilk və son gecə idi ki, doğma Azərbaycanla, onun böyüklü-kiçikli övladları bir yerə yığışıb doğma musiqimizə qulaq asır, sevinirdik. Təkcə 30-cu illərdə latın əlifbası ilə çap olunmuş Azərbaycan dastanlarını çıxmaq şərti ilə oxumalı bir kitabımız da yox idi. Bu yeganə kitab burada evbəev gəzmişdi.
Mənə elə gəlir ki, tikanlı məftil arxasında “Arşın mal alan”nı səhnələşdirənlərin taleyi haqqında məlumat almaq oxucularıma maraqlı olardı. Onlar kimdir? İndi hardadırlar? Bu suallara yəqin ki, heç kim cavab verə bilməz. Bəlkə vəfat edib, bəlkə də vətənlərinə qayıda biliblər?! Qazaxıstan və ya Sibir torpaqlarındakı kiçik təpələr heç vaxt öz sirlərini açmaya.-“Burada haqsızlıq, özbaşınalıq dövrünün qurbanı əbədiyyata dalıb…”-deməyəcəkdir. Düzənlikdən, yaylaqdan keçərkən, kiçik təpələrin qarşısında dayanarkən bu torpağa qovuşanları xatırlayın…
Bu xatirələr axını məni yenə də uşaqlıq çağlarına aparır. Belə xatirələrin biri də Azər Məmməd oğlu ilə bağlıdır.
Artıq bildirdiyim kimi Azər müəllim bizim rayon mərkəzindəki orta məktəbdə rəsmxət dərsləri aparırdı. Elə birinci dərsdə o, özünü təqdim edib, bizə adını, atasının adını, familyasını demişdir. Axşam mən valideynlərimə bizim yeni qafqazlı müəllim barədə xəbər verdim. Onun həmvətənlərimizlə çox oxşarlığını qeyd edib, adını, soyadını çəkdim. Demə, atam Azər müəllim barədə çox şey bilirmiş. –Azər məşhur Məmmədəmin Rəsulzadənin oğludur-dedi-Kirov rayonuna təzə gəlib.
Mənim hər şeylə maraqlandığımı bilib və bu haqda suallarımı qabaqlayıb Rəsulzadə haqqında bildiklərini mənə nəql etdi. Söhbətindən sonra mənə möhkəm tapşırdı:
-Azər müəllimin valideynləri haqqında məktəbdə heç kimə danışma, yoxsa, Yudin onu pedaqoji fəaliyyətdən kənar edə bilər. Yəqin sizin məktəbdə də ara söz gəzdirən az deyil. İndi dövr belədir-ölkənin yarısı söz gəzdirəndir.
Məni o vaxt on altı yaşın var idi. Həyat mənə sirrləri qorumağı öyrətmişdi. Lakin məktəbdə fasilə vaxtı mən tez müəllimlər otağının qabağına qaçaraq Azər müəllimi gözləyib onunla təklikdə Azərbaycanca salamlaşır, ona Azər müəllim deyə müraciət edirdim. O da mənə azərbaycanca cavab verirdi. Mən bu kiçik görüşlərdən özümü xoşbəxt sayırdım. Zənnimcə Azər müəllim də, şagirdlərin arasında öz həmvətənlisini görməyə şad idi.
Vaxt keçdi, dövr dəyişdi. Sonralar mən Azər müəllimin atası haqqında sənədlər, xatirələrlə tanış oldum. Rəsulzadənin ilk işi ilə mən 1980-cı ilin 23 noyabrında Lodz şəhərində olarkən polyak dilində rastlaşdım. O vaxt mən Aslan Atakilşiyevlə birlikdə polyak-şərq ədəbiyyatı və mədəni əlaqələrinə həsr edilmiş konfrasnda iştirak etmək üçün Polşaya getmişdik. Rəsulzadənin yaradıcılığı və şəxsiyyəti polyakları valeh etmişdir.
Öz vətənində, Azərbaycanda isə onun haqqında yalan iftiralardan başqa bir şey yox idi. Ey tanrı, bu məzlum, yatan xalqı oyat!
Üstündən illər keçdi. Stalinizm dövrünün əzablarını çəkmiş adamlar hələ indi az da olsa azad nəfəs almağa başlayıb. Tariximizin böyük bir hissəsini tutan o illərin dərinliyinə baş vurmağa cəhd etdilər. Bəli, yalnız cəhd etdilər.
Şüvəlanda dincəlirdik. Yaradıcılıq evinin həyətində bir neçə yazıçı bir yerə yığışmışdı. Söhbət repressiyanın qurbanı olan şairlərdən düşmüşdü. Qumilyovdan, Pasternakdan, Zoşşenkodan, Əhməd bəy Ağayevdən, Əli bəy Hüseynzadədən danışırdıq. Kim isə Rəsulzadənin də adını çəkdi. Soruşdular ki, görəsən, indi Rəsulzadənin ailəsi haradadır?
Mən sevimli Azər müəllimin haqqında nə bilirdimsə, hamısını danışdım və onun hal-hazırda Karaqandada yaşadığını bildirdim. Təəssüflə qeyd etdim ki, o öz yurdunda daha çox fayda verə bilərdi.
İllər ötdü, 80-ci illərin ikinci yarısında bizdə Məmmədəmin Rəsulzadə haqqında ilk məqalələr çap olunmağa başladı. Mən, “Azərbaycan” jurnalında (1989) Azər müəllim barədə özümə məlum olan faktlardan oxuculara xəbər verdim. Həmin məqaləni Azər müəllimin də oxuduğunu uzaq Karaqandada olan şair T.Qurbandan xəbər tutdum.
Məmmədəmin Rəsulzadənin ailəsilə maraqlanmağa başladılar.
Stalin Rəsulzadənin öhdəsindən gələ bilmədi. O, 20-ci illərdə xaricə mühacirət etmişdir. Lakin onun ailə üzvləri (“xalq düşməninin ailəsi kimi” –Markaryan və Baqdasaryan imzası olan istintaq protokolunda və qərarda belə yazılmışdır) 30-cu ilin repressiyallarına məruz qalmışlar.
Böyük oğlu 1914-cü il təvəllüdlü Rəsul həbs edilib Bakıda, 1938-ci ildə güllələnmiş, həyat yoldaşı Ummul Banu Əbdül Əziz qızı, qızı Xalidə, oğlu Azər, yetmiş iki yaşlı analığı Maral xanım 1937-ci il oktyabrın 31-də həbs edilmişdilər. Alicənab Ummul Banu xanım cinayətkarlar və fahişələrlə bir yerdə qarışıq zindana salınmışdır. Həmin ilin noyabr ayında bütün adı çəkilənlər Azərbaycandan sürgün edilmişdilər. Azərin o vaxt 17 yaşı var idi. Həmin ildə Məmmədəminin əmisioğlu Məmmədəlinin də ailəsi Azərbaycandan sürgün edilmişdir. Lakin Rəsulzadə nəslini məhv edə bilmədilər. Hal-hazırda Azərbaycanda Məmmədəminin nəvələrinin yaşadığı mənə məlumdur.
Bu yaxınlarda “İzvestiya” qəzetində (12 fevral, 1988) “Yarım əsr sonra çap olunur” başlıqlı bir məlumat çap olunmuşdu. Yazıdan məlum oldu ki, məşhur Ukrayna tarixçisi, Mərkəzi Ukrayna əksinqilabi təşkilatının başçısı (inqilabdan sonra xaricə mühacirətə gedib, bir neçə ildən sonra qayıdıb, akademik olub-M.S.) Qruşevskinin əvvəllər fonddan çıxarımış əsərləri oxuculara çatdırılıb.
Məlumatda deyilirdi: “Biz öz xalqımızın tarixini davam etdiririk”. Bəs, biz niyə tariximizin açılmamış qatlarına “enməyək”, məsələn, biz niyə Məmmədəmin Rəsulzadənin irsini üzə çıxarmayaq? Mayası xeyirxahlıq, ədalət və humanizm ilə yoğrulan yaradıcılıq bu qoca dünya kimi əbədidir. Bəlkə arxivləri açaq, milli irsimizin açılmamış səhifələrini xalqa təqdim edək?
Mən öz acı xatirələrimin bir parçasına bu ümidlə yekun vurmaq istəyirəm və bu nikbin əhval-ruhiyyə ilə söhbəti yekunlaşdırıb yeni bir fəsil başlamaq istəyirəm.

Su hardan bulanırmış

Bizim sürgün olunduğumuz yerdə “Arşın mal alan”ın tamaşası göstəriləndə mən on altı yaşında idim və artıq bu dünyada çox şeyi anlayırdım, çox şeylər barədə düşünürdüm, daha doğrusu, həyat özü məni düşünməyə məcbur eləyirdi; zamanın elə sualları ilə üzləşirdim ki, qalırdım içimdən kəsilə-kəsilə. Nədənsə mənə elə gəlirdi ki, bizim bu müsübətə düçar olmağımızda bəzi-bəzi adamlar günahkardı. Hə, bəzi-bəzi adamlar. Dövlət, hökumət yox. Hərdən fikirləşirdim ki, bu bəzi-bəzi adamlar olmasaydı bizim və eləcə də bizim kimi bu yerlərə sürgün olunanların başına bu cür fəlakətlər gəlməzdi, biz bu sayaq məhrumiyyətlərlə üzləşməzdik.
Yalan, riyakarlıq, haqsızlıq baş alıb gedirdi və o zaman mən ağlıma da gətirmirdim ki, bu haqsızlığın başında “ellər atası” durur. Özünə vurulmuş “ellər atası” hər yerdə “düşmən” axtaran, “xalqın gələcəyi naminə” xalqın oğullarının qanına susayan, qan içməkdən doymayan “ellər atası”. Və o zaman mən bu “ellər atası”na inanırdım. Çoxları kimi mən də ona pərəstiş eləyirdim. Düzdür, elə o zaman da o “Usatıy” haqqında nalayiq lətifələr söyləyirdilər, amma mən bu şeyləri heç eşitmək də istəmirdim. Mənə elə gəlirdi ki, bizim və bizim kimilərin başına gətirilən oyunlardan onun xəbəri yoxdur. Mən bu əqidədə idim ki, əgər o belə şeyləri bilsə, ölçü götürər, heç olmasa, bizə qan udduran komendant Judini bu yerdən rədd eləyər. Hətta mənə elə gəlirdi ki, komendant Yudin kimi beş-on adamı aradan götürsələr dünya dəyişər.
Hə, o zaman mən belə fikirləşirdim və ağlıma da gətirmirdim ki, komendant Yudin və Yudin kimilər repressiya maşınının vintcikləridir və bu vintciklər olmasa, represiya maşını işləyə bilməz.
İndi, uzun illər keçəndən sonra xəyalən o günlərə qayıdanda, o hissləri yenidən yaşayanda ürək ağrısı və əzab çəkirəm.
Mən yuxarıdan, kiminsə əli ilə idarə olunan “zülm, işgəncə aparatı”nı deyil, komendant Yudin kimi adamları günahkar sayırdım və mənə elə gəlirdi ki, bizim Qafqazda da yudinlər var, Qafqazdan da bizi yudinlər didərgin salıblar. Fikirləşirdim ki, onları, məhz onları cəzalandırmaq lazımdır. İntiqam hissi məni doğma yurda çəkirdi; istəyirdim ki, gedim, bizi yurdumuzdan-yuvamızdan didərgin salanlardan qisas alım. Mənə elə gəlirdi, lap əlimi qana da batıra bilərəm…
…Beləcə həyat məni çox erkən yaşımdan qəddarlaşdırmışdı. Tək qalmaq istəyirdim. Tək qalmaq və düşünmək. Daha tay-tuşlarımdan da qaçırdım. Kitablara bağlanmışdım. Əlimə bir tarix dərsliyi də keçmişdi və o dərslikdə Şeyx Şamil haqqında maraqlı hekayətlər vardı. Açığını deyim ki, o hekayətlərin sehrinə düşmüşdüm.
…Müharibə sona çatmaqda idi. Çox keçmədi ki, qələbə xəbərini də eşitdik. Bu qələbə xəbəri bizim köçürüldüyümüz bu çöllü-biyabana göz yaşı da gətirdi: Cəbhədən qayıtmayanların arasında bizimkilər də az deyildi: Daha neyləmək olardı? Kiminin sevincinə şərik oldum, kiminin kədərinə.
Hər halda qələbə xəbərinə sevinənlər daha çox idi. Axı, bu qələbədə hamının payı var idi. Arxa cəbhə olmasa, ön cəbhə neyləyə bilərdi? Ön cəbhəni yedirdən-içirdən, geyindirib-kecindirən arxa cəbhə deyildimi? Arxa cəbhədə isə kim əlindən gələni əsirgəyərdi? Məgər biz özümüz bu çöllübiyabanda gecə-gündüz can qoymurduqmu? Bizim isə sayımızı-hesabımızı bilən vardımı? Bir ucu Sibir, bir ucu Qazaxıstan, hara gedirdin, hara addımını atırdın, -bizim kimi sürgün çəkənlərlə qarşılaşırdın.
1937-38-ci illərdə Şimali Qazaxıstana və Özbəkistana sürgün olunmuş azərbaycanlı ailələrin bir dəstəsi biz yaşayan sovxoza köçüb gəlmişdilər və biz azərbaycanlılar bu sovxoz qəsəbəsində bir qədər də artmışdıq. Onlar əsasən Azərbaycanın sərhəd rayonlarından, Naxçıvandan və Qarabağdan sürgün olunanlar idi.

Ardı var…

My Webpage

LEAVE A REPLY