Monoton qutular
Ölkəmiz və paytaxtımız bir sıra sahələrdə sürətlə inkişaf etsə də, təmizlik mədəniyyyəti cəhətdən olduqca geridə qalmaqdayıq. Zibil qutularından tutmuş, bu qutulların varlığına ehtiyac duymayan, sanki bəzi insancıqlar əlindəki şüşədən tutmuş damağındakı siqaret kötüyünədək hara və necə gəldi tullayan, ən pisi isə bunları tullamadan öncə ətrafına boylanıb zibil qutusunu görməyə belə can çəkən vətəndaşlarımız vardır. Onların sayəsində bu gün şəhərimizin istənilən küçəsi siqaret kötükləri, əzilərək atılmış kağız parçalarından tutmuş içki şüşələrinə, plastik torbalaradək növbənöv tullantılarla doludur.
İnsanların təmizlik bilincinin bu qədər geri qaldığı bir yerdə problemi sadəcə olaraq xadimələrin sayını artırmaq və onların əlindən süpürgənin düşməməsinə imkan verməməklə həll etmək olmaz. Öncə vətəndaşlarımızı ta ibtidai siniflərdə oxuduqları vaxtdan başlayaraq maarifləndirmək, onlara şəhər və kəndlərimizin hamımızın ümumi evi olduğunu anlatmaq lazımdır. Bu gün Yaponiyada birinci sinif uşaqlarına dişlərini fırçalayarkən suya necə qənaət edəcəkləri praktiki dərslərlə öyrədilirsə, və ya başqa bir ölkədə təkrar istifadə oluna bilən məişət tullantıları ilə bağlı birinci siniflərdən başlayaraq dərslər keçirilirsə bizdə niyə bu olmasın? Hələ altmışıncı illərin sonundan başlayaraq Amerikada zibil qutuları yan-yana dörd ədəd qoyulur, birinə şüşə və plastik, digərinə kağız-karton, üçüncüsünə ərzaq vasitələrinin artıqları, dördüncü qutuya isə digər növ məişət tullantıları atılır. Və insanlar bu tullantıları evlərində ayıraraq hazır paketlərdə gətirib zibil qutusuna atırlar. Daha bizim şəhərimizin bəzi “sanitariya dostu” sakinləri kimi zibil qutusuna on metr qalmış hara gəldi tolazlayıb getmirlər.
Sonra da fərq istər-istəməz ortaya çıxır, onlar dünyanın elm, texnologiya cəhətdən ən inkişaf etmiş dövlətləri kimi biz isə neft satıb texnologiya idxal edən dövlət kimi tanınırıq. Hansı daha yaxşıdır? İxracatçı, yoxsa idxalatçı olmaq? Buna özünüz qərar verin.
Sovet imperiyasının çökməsi və eyni zamanda da başlayan Azərbaycan-Ermənistan münaqişəsi nəticəsində Bakımıza pənah gətirən yüz minlərlə insan şəhərimizin sosial mühitini pozdu. Bu bəs deyilmiş kimi sonrakı illərdə işsizlikdən, yoxsulluqdan baş götürüb mərkəzə üz tutan insanlarımızın sayəsində paytaxtımızın demoqrafik vəziyyəti əməlli-başlı pozuldu. Nə vaxt düzələcək, bilmirəm bildiyim tək şey sadəcə olaraq bir gün şəhərlərimizin sadəcə adlarının deyil, insanlarının da gerçək şəhərli zehniyyəti ilə yaşadıqları günü görməkdir. Bu mənə nəsib olacaqmı? Bilmirəm və bunu sadəcə arzulayıram.
Murad