Məhkum ailəsi fəryad qoparır…

0
1

Məhkum ailəsi fəryad qoparır…

Bərdədə ünvanlı sosial yardım kimlərə verilir?

Qəribədir, illər ötsə də, problemlər təkrarlanmaqdadır. Yenə həmin imza, yenə eyni məzmunlu məktub. Bir il öncə də Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində yerləşən “SMU”-32 idarəsinin həyətində bir otaqda məskunlaşmış məcburi köçkün Hüseynova Səbinə Tufan qızından ünvanlı sosial yardım ala bilməməsi barədə şikayət məktubu almışdıq.
Düzdür, uzun süründürməçilikdən sonra himayəsində iki azyaşlı övladı olan xanım ötən il ünvanlı sosial yardım almağa nail olsa da, təəssüf ki, o, yenidən süründürməçiliyə tuş gəlib. Ailə isə hədsiz acınacaqlı vəziyyətdə yaşayır. Belə ki, Səbinə xanımın əri məhkumluq həyatı yaşayır. Övladının biri 10, digəri isə 6 yaşındadır. Buna baxmayaraq işləyib, çalışıb ailəsinin ehtiyaclarını ödəmək istəyir. İs arasa da, buna nail olmayıb. Qəribə orasındadır ki, ailə 3 ay bundan öncəyə qədər sosial müavinət alırmış. Məlum olmayan səbəbdən Səbinə xanımdan yenidən sənəd toplamaq tələb olunub. Əgər, sənədlərin yenilənməyinə ehtiyac duyulurdusa, bu tələbi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bərdə rayon şöbəsi nə üçün ilin əvvəlində etməyib? Müəmmalıdır, elə beyilmi?
Nəzər alınsa ki, ehtiyac içində boğulan məcburi köçkün ailəsidir, onda belə süründürməçiliyə lüzüm yox idi. Deyəsən, Bərdə rayon Sosial Təminat şöbəsi rəhbərliyinin ölkədə süründürməçiliyə, rüşvətxorluq, korrupsiya və sosial ədalətsizliyə qarşı aparılan mübarizədən məlumatı yoxdur. Bəlkə məcburi köçkün ailəsinin başçısının məhkumluq həyatı yaşaması şöbə rəhbərliyini narahat edib? Əgər elədirsə, xatırladırıq ki, ailə başçısının məhkumluq həyatı yaşaması, onun həyat yoldaşını və iki azyaşlı övladını dövlətin verdiyi imtiyazlardan məhrum edə bilməz. Təəssüf ki, belə hallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış islahatlar kölgə salır. Düşünürük ki, Səbinə xanımın müraciəti nəzərə alınacaq və yoxsulluqdan ciddi əziyyət çəkən məcburi köçkün ailəsi ünvanlı sosial yardımla təmin ediləcək. Ona da ümid bəsləyirik ki, tikinti idarəsinin yaşam şəraiti olmayan otağına sığınmış ailə tezliklə məcburi köçkünlər üçün inşa edilən mənzillərdən birində məskunlaşdırılacaq.
Bizim isə borcumuz imkansız ailənin fəryadını aid orqanlara çatdırmaqdır ki, ümidvarıq məcburi köçkün ailəsinə yardım edənlər tapılacaq.

Nicat Sadiq

LEAVE A REPLY