Jurnalist haqqın, ədalətin yanında olmalıdır.

0
8

Lalə Ramizqızı

Jurnalist haqqın, ədalətin yanında olmalıdır.

Ölkə prezidentinə dəstək verməyimiz də “Millətim”in obyektivliyindən xəbər verir

Azərbaycan Milli mətbuatının 140 illiyi yüksək səviyyədə qeyd olundu. Keçirilmiş tədbirlərə dəvət olunmasaq da, milli mətbuata ölkə rəhbərliyinin diqqətini rəğbətlə qarşıladıq. Biz bir çoxları kimi “orada yoxuqsa, hər şey pisdir” təfəkkürüylə fəaliyyət göstərmirik. Birmənalı qəbul edirik ki, mətbuata dövlət səviyyəsində diqqət, jurnalistlərin cəmiyyətdəki inkaredilməz rolundan, təsir gücündən xəbər verir.
Ölkə prezidenti, cənab İlham Əliyevin Azərbaycan Milli mətbuatının 140 illiyinin qeyd edilməsi barədə imzaladığı sərəncam ölkə rəhbərinin mətbuata hörmətlə yanaşmasının təsdiqi oldu. Təəssüf ki, tarix təkrar olunur, bir çox həmkarımız dövlət rəhbərinin diqqət və qayğısını jurnalistlərin hədiyyələrlə, fəxri adlarla susdurulması kimi qiymətləndirir. Düşünürəm ki, tamamilə yanlış münasibətdir. Əgər fəxri adlar, vəzifələr insanların əqidəsini dəyişə bilsəydi, onda “İstiqlal” ordeninə layiq görülmüş, baş nazirin sabiq müavini Abbas Abbasov gərək cənab prezidentə və eləcə də Azərbaycana heç bir zaman xəyanət etməyəydi. Edirsə, deməli xəyanət onun xislətində əvvəldən varmış. Və yaxud, sabiq səfir Arif Məmmədovun xəyanəti…
Bir məqamı da xatırlatmaq yerinə düşərdi, bəzi hüquq müdafiəçilərinin Fransa dövlətinin ali dövlət mükafatı sayılan “legion” ordeninə, bir çoxlarının isə müxtəlif beynəlxalq təşkilatların təsis etdiyi fəxri adlara layiq görülməsini yüksək qiymətləndirib, səhifələrində palaz-palaz xəbərlər yayan mətbu orqanlarımız, nədənsə öz dövlətimizin mükafatlarını etirazla qarşılayıb, qələm dostlarını xəyanətdə, satqınlıqda suçlayırlar.

“Millətim” azad mətbuatın nümayəndəsi olduğunu çoxdan təsdiq edib

Ayrı-ayrı zamanlarda şər-böhtana məruz qalsaq da, mövqeyimizdən dönməyib, apardığımız mübarizədən üzüağ çıxamaqla mətbuatın cəmiyyətdəki rolunu və gücünü təsdiq edə bilmişik.Onu da qeyd edim ki, zərbələri iqtidardan deyil, müxalifətdən, özünü müxalifətyönlü hesab edən mətbuat nümayəndələrindən almışıq. Nə qədər qəribə olsa da, ilk hücum “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlundan gəlmişdi. Məhz, Rauf bəyin şikayəti əsasında Mətbuat Şurası bir müddət “Millətim”i “qara” siyahıda saxlamışdı. Ancaq oxucularımız şahiddirlər ki, “Millətim” “Yeni Müsavat”ın baş yazarına kin-küdrət saxlamaq fikrindən çox uzaq olub. Hətta haqlı olduğu məqamlarda tərəfimizdən dəfələrlə müdafiə olunub. Əfsuslar olsun ki, qarşı tərəfin hikkəsi, özlərinə vurğunluğu ətrafda baş verənlərə obyektiv nəzər yetirmələrinə mane olur.
“Yeni Müsavat” “Millətim” adını səhifəsinə çıxarmaqdan imtina edərək, 6 ildən artıq ardıcıl işıq üzü görən qəzeti “Milliyətim” kimi təqdim edir. Nə yazıq ki, müsahibə aldıqları şəxslərin münasibətini təhrif edərək, “Millətim”in baş məsləhətçisi Ramiz Tağıyevin soyadını Tağı olaraq səhifəyə çıxarırlar. Bəli, o, həmin R.Tağıyevdir ki, “Yeni Müsavat” bir zamanlar onun adını səhifəsinə çıxarıb, “Ramiz Tağıyev Müsavatı müdafiə etdi” xəbərini yayırdı. Zaman keçdi, R.Arifoğlu öz şəxsi münasibətini önə çəkərək Ramiz Tağıyevin həbs edilmə xəbərini sevincini gizlətmədən “Yeni Müsavat”ın səhifəsinə çıxardı. Hələ bu azmış kimi,yazdığı dezinformasiya ilə günahsız insanın azadlıqdan məhrum edilməsinə şərait yaratdı. Guya, R.Tağıyev Nəqliyyat naziri Ziya Məmmədovun keçirdiyi qapalı müşavirəni gizli yolla dinlətdirib, audioyazısını “Yeni Müsavat”a ötürübmüş. Təbii ki, dəfələrlə etdiyimiz təkidli tələblərimizə baxmayaraq ortaya həmin audiokaset çıxarılmadı. Çıxarıla bilməzdi də… Çünki belə bir kaset heç olmamışdı. Şər idi, böhtan idi. Vəssalam!!!
Biz isə, hər kəsi müdafiə etdik. Hətta AXCP sədri Əli Kərimlini belə… Onun barəsində yazılmış yazıya görə 10 ay hakim qarşısında dayanmalı oldum. Baxın, arxivinizə “Yeni Müsavat” və azadlıq carçısı olduğunu bütün dünyaya car çəkən “Azadlıq”dakı həmkarlarımız. Həmin məhkəmə prosesi barədə kiçicik bir informasiyanız olsa, sizdən üzr istəməyə hazırıq!
Bəli, “Millətim” azad mətbuatın nümayəndəsi olduğunu dəfələrlə təsdiq edib və bundan sonra da doğru bildiyi yolun davamındadır. “Millətim” millətimizin azad tribunasıdır ki, var. Belə olmasaydı, bu gün radikal müxalifətin liderlərindən sayılan “Milli Şura” adlandırılan qurumun sədri Cəmil Həsənlinin 3 səhifəlik müsahibəsi “Millətim” də görünərdimi?

Ölkə prezidentinə dəstək verməyimiz də “Millətim”in obyektivliyindən xəbər verir

Dəfələrlə söyləmişik, jurnalist kiminsə yanında yox, haqqın, ədalətin yanında olmalıdır. Bu, həm də “Millətim”in fəaliyyət kursu olaraq qəbul edilib. Biz, heç bir zaman həqiqəti söyləməkdən, obyektiv mövqeyimizi sərgiləməkdən çəkinməmişik. Və bunu yalnız ölkəmizin maraqları naminə etmişik. Hələ 2008-ci ildə, ABŞ və Rusiya dövlətlərinin səyi nəticəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmdə olarkən, bir çox “azad” mətbuat nümayəndələrindən fərqli olaraq açıq-aşkar ölkə prezidenti cənab İlham Əliyevin cəsarətli və haqlı mövqeyini müdafiə etdik. Əvəzində isə “azad” mətbuat “Millətim”i iqtidaryönlü mətbu orqanların siyahısına saldı. İndi hər kəs qiymət versin; “Millətim” kimi müdafiə etməliydi, supergüc dövlətlərin təzyiqindən çəkinməyib, nə zamansa şəxsən özünə ciddi basqılar ediləcəyini bilə-bilə, milli və dövlətçilik maraqlarını hər şeydən uca tutan cəsarətli ölkə prezidentinimi, yoxsa irticaçı Ermənistana yeni nəfəs verəcək Türkiyə-Ermənistan sərhədlərinin açılması tərəfdarı olan və yaxud loyal yanaşan müxalifətimi?
Yanılmadıq… Ən düzgün olanı etdik və bir çox proqnozumuz özünü doğrultdu belə. Bir daha etiraf etmək lazım. Türkiyə-Ermənistan sərhədlərinin açılmasının qarşısını məhz Azərbaycan prezidetinin Cəsarəti və Ləyaqəti kəsdi.
Bir gün Qərbin komandasıyla oturub-durmağı adətə çevirmiş ənənəvi müxalifətdən isə kimsə soruşmur ki, axı, sizin sevimli Qərbiniz işğalçı Ermənistana sanksiyalar tətbiq etmək əvəzinə, nə üçün NATO-nun üzvü olan Türkiyəyə qapı açmaq istəyirdi? Ədalətdirmi, demokratiyadırmı bu?
Yaxın keçmişdə böyük və təcrübəli dövlət xadimi Heydər Əliyev dəfələrlə ölkə müxalifəti və müxalifətyönlü mətbuatla isti münasibətlər yaratmaq istədi. Yəqin ki, çoxları xatırlayır, Fransa səfriliyində keçirilən tədbirdə H.Əliyev müxalifət liderləri Etibar Məmmədov və İsa Qəmbərə yaxınlaşıb, əl azadaraq xoş münasibətini nümayiş etdirdi. Bəs, sizlər nələri yazdınız, hörmətli həmkarlarım?! Tarixi addımı dəyərləndirməyib, cürbəcür iftiralara imza atmaqdan çəkinmədiniz.
Təəssüf ki, bu gün də səhvlər təkrarlanır. Ölkə prezidentinin mətbuata, jurnalistlərə verdiyi qiymət obyektiv dəyərləndirilmir. Cənab İlham Əliyevin zaman-zaman elm xadimlərini, səhiyyə və təhsil işçilərini, idmançıları və bir çox sahədə uğura imza atmış insanların əməyinə dəyər veribsə, onda mətbuata, jurnalistlərə qayğısına nədən dodaq büzülməlidir? Axı, jurnalistika daha önəmli sahədir. Cəmiyyətin maariflənməsi, istiqamətləndirilməsi, informasiya ilə təmin edilməsi vəzifəsi bu peşə sahiblərinin üzərinə düşür. Eləcə də vətənpərvərlik, millətsevərliyin təbliğatı ilə gəncliyi qələbələrə kökləmək mətbuatın ümdə vəzifəsi olmalıdır.
Prezidentin fərq qoymadan müxtəlif baxışlı jurnalistləri fəxri adlara, mükafatlara layiq görməsi həm də ölkəyə bir barış mesajı sayılmalıdır. O barış və əmin-amanlıq ki, müharibə şəraitində yaşamağa məhkum edilmiş ölkəmiz üçün hava-su kimi zəruridir. Bunda gözəl nə ola bilər ki? İndi qalır belə barışdan yararlanıb, həbsxana həyatı yaşamağa məhkum edilmiş həmkarlarımızın azadlığına nail olmaq. Təəssüf ki, ölkə prezidenti ilə görüşmək imkanı əldə etmiş həmkarlarımız həmin mövzuya toxunmaq istəmədilər.

LEAVE A REPLY