“İNDİ QEYRİ-PEŞƏKARLIQ HƏR YERİ ÖZ AĞUŞUNA ALIB”

0
7

“İNDİ QEYRİ-PEŞƏKARLIQ HƏR YERİ ÖZ AĞUŞUNA ALIB”

Qulu MƏHƏRRƏMLİ: “MƏNASIZ, İŞIĞI GÖRMƏYƏN, ONDAN QORXAN VƏ İÇIĞI ZƏRƏRLİ HESAB EDƏN BİR SİTUASİYA İLƏ ÜZ-ÜZƏYİK”

Qulu Məhərrəmlinin xüsusi təqdimata ehtiyacı yoxdu. İllərlə Azərbaycanın doğan sabahlarına AzTv-də “Səhər”lə ayna tutan bir verlişin yaradıcısı olan Qulu Məhərrəmli elə o “Səhər”lə birgə efirlərdən getdiriləndən, daha hamının sabahlarına aydınlıq gətirən o səhərlər yoxdu. Elə Qulu müəllimin özü də uzun müddətdi ki, efirlərdə görsənmir. Amma kim nə deyir-desin, Azərbaycan tamaşaçısı, öz səsi, öz üslubu, öz manerası və özünəməxsus diksiyası ilə seçilən, Azərbaycan teleefirlərinin indi daha çox ehtiyac duyduğu peşəkar aparıcılıq məharəti kimsədə şübhə doğurmayan Qulu Məhərrəmlini hələ uzun müddət unuda bilməyəcək. Ta ki, bu efirlərdə yeni Qulu Məhərrəmlilər görünməyincə.
İllərin nostaljisindən doğan hisslərlə Qulu Məhərrəmlinin axtarışına çıxdıq və bəlli oldu ki, indi bu peşəkar televiziyaçı efirlərdən uzaq salınsa da, gözlərdən və könüllərdən iraq tutulmağa çalışılsa da, hələ də öz işinin başında və arzularının peşindədi. Ölkənin bir neçə aparıcı təhsil müəssisələrində, həmçinin Milli Akademiyanın Dilçilik institutunda, öz təbirincə desək, millətin və dövlətin naminə əlindəm gələni etməklə məşğuldu. Bütün hallarda bütövlükdə çağdaş dövrün bəzi məsələlərinə, o cümlədən də Azərbaycan mediasının indiki durumuna Qulu Məhərrəmlinin bələdçiliyi ilə ayna tutmağa çalışdıq. Beləliklə, növbəti müsahibimiz Qulu Məhərrəmlidi, beləcə titulsuz-filansız, sadəcə hamının efirlərdən görüb sevdiyi Qulu Məhərrəmli.

“TELEVİZİYAÇILIQDA VƏ MEDİADA ÇOX QEYRİ-CİDDİ BİR MƏRHƏLƏYƏ GƏLMİŞİK”

– Qulu müəllim nə var, nə yox?

– Salamatçılıqdı.

– Bəzən mənə elə gəlir ki, sizi düz 41 ildi görməmişəm.

– Neçə il?

– 41.

– 41 il haa, əladı ki. 41 ildən sonra alınan müsahibəyə veriləcək sulların sayı adamı qorxudur.

– Indi hardasınız, Qulu müəllim?

– Mən indi çox yerdəyəm, amma eyni zamanda da heç yerdə deyiləm. Yəni, universitetdə dərs deyirəm, özü də birində yox, ikisində, BDU–da və Avrasiya universitetində. Xəzər televiziyasında məsləhətçilik eləyirəm və Akademiyanın Dilçilik institutunda Monitorinq şöbəsinin müdiriyəm. Bir də özəl bir nəşriyyatda lüğətçilik işi ilə məşğulam – kitablar yazırıq, lüğətlər tərtib edirik və s. Yəni, belədi, harda oksigen varsa, biz də ordayıq.

– Amma əvvəllər arabir efirlərdə sizi görmək olurdi, son vaxtlarsa ümumiyyətlə efir məkanında görünmürsünüz, bu nəylə bağlıdı?

– Bildiyiniz kimi, efirdə görsənmək bizim öz iradəmizdən asılı deyil. Ya gərək özünün verilişin ola, ya da səni hansısa verilişə dəvət eləsinlər. Açığı, bəzən bu cür dəvətlər də olur. Məsələn, sağ olsunlar, bir-iki televiziyadan mətbuat günü ilə bağlı dəvət gəlmişdi. Amma soruşdum ki, orda başqa kimlər olacaq? Biləndə ki, orda kimlərlə birgə çıxış etməli olacam, getməkdən vaz keçdim. Yəni o adamlarla birgə çıxış eləmək istəmədim.

– Əvvəllər Xəzərdə aparıcısı olduğunuz bir-iki veriliş var idi, onlar nə oldu?

– Bəli, var idi, ancaq müəyyən səbəblərdən o verilişlər bağlandı. Xəzər tv-də aparıcısı olduğum sonuncu veriliş “Gündəm” adlanırdı. Sakit bir veriliş idi, beynəlxalq məsələləri şərh edirdik, bəzən daxili məsələlərə də toxunurduq. Hər halda belə hesab edirəm ki, maarifçi və təhlil eləyə bilən veriliş idi, yaxşı analizlər var idi. Ayrıca da mən bu verilişə çox maraqlı insanları cəlb eləyirdim. Yəni bu veriliş baxılırdı və artıq özünün auditoriyası da var idi. Sonradan belə məsləhət oldu ki, o veriliş getməsin. Veriliş getməyəndə mən heç nə itirmirəm, sadəcə olaraq hansısa televiziya, hansısa tamaşaçı, hansısa auditoriya nələrisə itirə bilir. O baxımdan, kim nəyi itirdiyini özü yaxşı bilir. Amma indi biz də meydansız deyilik. Saytlarla əməkdaşlıq eləyirəm, sosial şəbəkələrdə varam. Bəzən yazılar yazıram. Statuslar paylaşıram. Ən əsası və önəmli olan odu ki, adam hələ düşünə və danışa bilir və bunun özü çöx vacibdi.

– Son vaxtlar, xüsusilə də son 5-6 ildə həmişə və hər yerdən iradlar gəldi ki, mətbuata, televiziyalara və digər KİV-lərə qeyri-peşəkarlar gəlir. Bu iradların fonunda da addım-addım az və ya çox dərəcədə peşəkar sayıla biləcək adamları bütün müstəvilərdən kənara itələdilər. Nəticə etibarilə indi televiziya da daxil olmaqla, bütün KİV-lər qeyri peşəkarlarla doldurulub. Siz bu peşəkarlıq sözünün özünə bir aydınlıq gətirin. Peşəkar və ya qeyri-peşəkar deyəndə camaat nə başa düşməlidi və bu bucaq altından yaranmış durumu dəyərləndirin.

– Həqiqətən bu ciddi bir məsələdi ki, biz mətbuatı da, televiziyaları da illər uzunu ciddilikdən-qeyri-ciddiliyə, peşəkarlıqdan qeyri-peşəkar platformaya itələmişik. Məsələn, elə dünən mən bağdaydım və köhnə televiziyaçılardan biri zəng elədi ki, “Spase”-dən bir veriliş gedir, ona bax. Mən də elə bildim ki, nəsə yaxşı bir verlişdi və çevirəndə baxdım ki, Mikayıl şou aparır. Ona əvvəl də bir-iki dəfə baxmışdım. Yəni, sanki televiziya qarşısında yox, çadır toyunda əyləşmisən, ölçülər kiçilib, məişət səviyyəsindən də aşağı söhbətlər gedir. Amma bu insanlar elə hesab edirlər ki, belə olmalıdı. Lakin peşəkarlıq tələb edir ki, bu belə olmamalıdı, yəni biz bir layihə düşünürüksə, onun bütün detallarını, konsepsiyasını düşünməliyik, ideyası olmalıdı. Bir sözlə, peşəkarlıq bir şeyi yaxşı bilmək, onu bütün qaydalara əməl edərək göstərmək və bunu tam şəkildə doğru və dürüst ortaya qoymaq, göstərmək, təqdim eləməkdi. Qeyri-peşəkarlıq isə, sadəcə heç nəyi bilmədən, heç bir qaydaya əməl etmədən nəyisə eləməyə girişməkdi. Təəssüf ki, indi bizdə peşəkarlıq anlayışı itdiyinə görə, insanlar hamısı tədricən formalaşan cılız bir auditoriyaya yönəldilirlər. Və insanlarda belə bir təəssürat yaratmağa çalışılır ki, məsələn, filankəsin verilişində hamı ağlayırsa, demək çox o insani verlişdi, yaxud da filankəsin verilişində söyüş, təhqir baş alıb gedirsə, demək bu yaxşı verlişdi və s. Yəni artıq biz televiziyaçılıqda və mediada olduqca qeyri-ciddi bir mərhləyə gəlib çatmışıq. Bu sahəyə olmazın qədər qeyri-peşəkarlar doluşub. Burdakı bütün vəzifələrə boz adamlar dırmaşıb. Yəni, bu cür adamlar üçün peşəkarlar əlbəttə ki, artıq bir yükdü. Və belə bir yükdən azad olmaq üçün həmişə onları uçurumdan itələyirlər. Mən bir dəfə pritça yazmışdım. Mövzusu təxminən beləydi ki, matroslar bir gəmi tapırlar və hamısı bu gəmiyə doluşandan sonra məlum olur ki, gəmi batır. Bu arada peşəkar bir kapitan sahildə gəzərkən batan gəmini görür. O, dərhal gəmiyə gələrək matroslara təklif edir ki, şərait yaradın mən bu gəmini batmaqdan xilas edim. Bundan sonra o, peşəkarcasına fizika qanunları ilə, həndəsə qanunları ilə hərəkət edərək, gəminin yönünü dəyişməklə, gücü hesablamaqla gəminin batmasının qarşısını alır. Bunu görən matroslar, dərhal yerbəyerdən onun üstünə gələrək, “sən bizə lazım deyilsən” deyə bildirirlər. Kapitan nə baş verdiyini soruşanda ona deyirlər ki, əgər sən bu gəmini sonadək xilas edib yoluna qoya bilsən, o zaman gərək həm də bizim komandirimiz olasan, bizsə bunu istəmirik, çünki komandir özümüz olmaq istəyirik. Bir sözlə, bax bu cür mənasız, işığı görməyən, işıqdan qorxan və onu zərərli hesab edən bir situasiya ilə üz-üzəyik. Elə ona görədi ki, indi qeyri-peşəkarlıq hər yeri öz ağuşuna alıb. Həm də bu təkcə jurnalistikada belə deyil, elmdə də, idarəçilikdə də, təhsildə də, səhiyyədə də belədi və.s. və bütün bunlar nəticə etibarilə millətin və xalqın düşüncə baxımından geridə qalmasına, dövlətin zəifləməsinə və bütövlükdə ölkənin çağdaş dünyayla ayaqlaşa bilməməsinə səbəb olur.

– Bu günlərdə mən də bir yazı yazmışdım. Maraqlıdı, son illərdə millətin çibindən, dövlətyin büdcəsindən, bütövlükdə xalqın kisəsindən çıxan milyonlar hesabına Avropada, Amerikada və dünyanın digər yerlərində sayılıb-seçilən universitetlərdə oxumuş on minlərlə insanımız var. Sizin də dediyiniz kimi ölkənin ilbəil geriləyən bütün sahələrində həmin o insanların səsi-bəsi gəlmir. Çünki sadəcə onlara yer verilmir. O zaman təbii bir sual yaranır ki, əgər bunlar oxuyub gələndən sonra millətin, dövlətin və xalqın nəfinə çalışmayacaqdılarsa, biz onları niyə oxutduq?

– Bilirsiniz, biz ümimiyyətlə təbətin qanunları əleyhinə şıxış edirik, genlərin, hüceyrələrin təzələnməsi prosesini pozuruq. Baxın, məsələn, bu sahədə qonşu Gürcüstanda vəziyyət necədi? Orada əvvəldən də bu proses vardı, amma Saakaşvilidən sonra daha geniş vüsət aldı və indinin özündə də normaya çevrilib. Yəni, bu ölkədə vəzifələrə irəli çəkilən nazirlərin, nazir müavinlərinin və digər yüksək dövlət vəzifələri tutan şəxslərin orta yaş həddi 35-40 arası dəyişir. Orda 40 yaşını keçən məmurları artıq yaşlı məmurlar kateqoriyasına aid edirlər.

– Əslində orda bu rəqəm 35-in altındadı.

– Bəli, amma niyə orda bu vəzifələrə belə cavan adamlar gətirilir? Çünki, onların tam əksəriyyəti Avropada oxuyublar, Qərb düşüncəsinin daşıyıcılarıdı, korrupsiyaya uğramamış, rüşvətə bulaşmamış adamlardı, həm də düşüncə etibarilə öz xalqının və dövlətinin gələcəyinə yaxşı mənada töhfə vermək istəyirlər. Amma bizdəki vəziyyət indi o həddə gəlib ki, bu məsələdə çox illuziyalara qapanmaq olmaz. Çünki son 5-6 ildə Azərbaycandan xaricə gedərək oxuyub gələn adamların əksəriyyəti vəzifəli və varlı adamların uşaqlarıdı. Bunlar gəlib cəmiyyətdə yenilik eləmək əvəzinə, atalarının yaradaraq möhkəmləndirdikləri sistemin vintlərini bir az da bərkitmək istəyirlər. Yəni, bunlar da təfəkkür etibarilə atalarının yolundan çox da kənara çıxa biləcək adamlar deyillər. Indi xaricdə alınan təhsilin məzmunu və keyfiyyəti dəyişilir. Əvvəl tutaq ki, sosioloqlar, hüquqçular və digər sosial sahələrin insanları xaricə təhsil almağa göndərirdilər. Indi yalnız dəqiq elmlərlə bağlı adamlar təhsil üçün xaricə gedirlər. Müəyyən dövrdən sonra bizdəki humanitar sahənin adamlarının sırasında yüksək səviyyəli ixtisas sahiblərinin sayı kritik səviyyəyə düşəcək. Çünki dediyim kimi, artıq humanitar sahə üzrə xaricə təhsil dalınca göndərilən adamlarımız ya yoxdu, ya da çox azdır. Burada bir məsələyə də diqqət etmək lazımdı. İndi fikir verin görək, Azərbaycandan təhsil üçün hansı ölkələrə adam göndərirlər – İndoneziya, Pakistan, Türkiyə, Əlcəzair, Misir və s. İndi əsasən Azərbaycandan kənara gedən adamlar bu ölkələrdə oxuyurlar. Gəlin baxaq görək bu gün ABŞ-da bizim neçə adamımız oxuyur və hansı ixtisaslar üzrə. Bir sözlə, bu məsələdə də geriyə doğru müəyyən bir keyfiyyət dəyişikliyi var ki, biz bunu da nəzərdən qaçırmamalıyıq.

– Qulu müəllim, Milli Mətbuatın 140 illik yubileyi ilə bağlı sizin təbirinizcə desək, boz bir şeylər oldu. Sizcə əslində bu yubiley ilində baş verən nə idi və niyə?

Davamı var

Söhbətləşdi:Fəxrəddin Qardaşlı

LEAVE A REPLY