Elşad Musayev:“ORDAKI SEÇKİ SAXTAKARLIQLARININ MİQYASLARI BİZDƏKİ İLƏ MÜQAYİSƏ OLUNA BİLMƏZ”

0
1

“TÜRKİYƏDƏ SEÇKİNİN NƏTİCƏLƏRİNİ ÖLKƏNİN ƏHALİSİ MÜƏYYƏN EDİR”

Elşad Musayev:“ORDAKI SEÇKİ SAXTAKARLIQLARININ MİQYASLARI BİZDƏKİ İLƏ MÜQAYİSƏ OLUNA BİLMƏZ”

Qardaş Türkiyədə vəziyyət bəzi gözləntilərin əksinə olaraq, seçimlərdən sonra nəinki düzəlmədi, əksinə gərilim şkalası bir az da yuxarıya doğru hərəkət etməklə, daha da ağırlaşdı. Son günlərdə isə, az qala bütün Türkiyə boyu bir xaos, bir başıpozuqluq izlənməkdədi. Ard-arda gələn dəhşətli partlayışlar və ümumiyyətlə regionda illərdən bəri davam edən müharibə ovqatının qardaş ölkəni də öz ağuşuna alması, xeyli narahatçılıqlar yaradıb. Türkiyənin gəldiyi, yaxud da gətirildiyi bu durumun hardan və niyə qaynaqlandığına ayna tuta bilmək üçün, seçkilərdən dərhal sonra, bir aydan çox Türkiyədə olmuş Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin təəssüratlarını cəmiyyətə çatdırmaq istədik. Bir ay müddətində Türkiynin müxtəlif regionlarında olmuş və hər şeydən öncə Türkiyə cəmiyyətinin müxtəlif təbəqələrinin təmsilçiləri ilə, qardaş ölkədəki vəziyyəti müzakirə etmiş BAP sədrinin düşüncələrini oxuculara təqdim etməyi həm də ona görə vacib hesab elədik ki, Azərbaycan cəmiyyətində Türkiyədə yaranmış durumu narahatlıqla izləyən yüzminlərlə vətəndaşımız var.
Beləliklə, növbəti müsahibimiz BAP sədri Elşad Musayevdi.

“Hələlik hakimiyyətin siyasi təşkilatları istər maliyyə, istərsə də normal fəaliyyət göstərə bilmə baxımından küncə sıxması xətti üstünlük təşkil edir”

– Elşad bəy, nəhayət ki, Türkiyədən qayıtdınız, necə deyərlər, həmişə Vətəndə.

– Təşəkkür edirəm.

– Gəlin ordan başlayaq ki, istər o yana gedəndə, istərsə də bu yana qayıdanda sınıra qədərki, sınırdakı və sınırdan sonrakı vəziyyət barəsində qısaca nələri söyləmək mümkündü?

– O yandan üzü bəri gələrkən, sərhəddi keçən kimi istər-istəməz ciddi basqı və təhlükə hiss edirsən. Oraları görüb gələndən sonra anlayırsan ki, Azərbaycanda yaşamağın özü ciddi təhlükədi. Sərhəddə çatan kimi, sərhədçisindən tutmuş gömrük işçisinə qədər, yaşanan ümidsizliyi gördükcə özünün hansı təhlükələrlə üz-üzə qaldığını hiss etməmək mümkün deyil. Sərhəddən keçib bəri gələn kimi əgər maşınla getmək istəyirsənsə, yol polisinin nahaqdan ilişməsi, lazım gələndə hansısa bir idarədən, lap elə JEK-dən bir sənəd almaq istədiyin zaman, oranın işçilərinin kobud münasibəti, hətta yuxarı səviyyəli məmurlara işin düşərsə belə, onların da öz çapında yerli-yersiz adama ilişmələri gerçək bir təhlükə mənbəyidi. Demək istədiyim odur ki, bu ölkədən kənara çıxıb qayıdan istənilən adam sərhəddi keçdiyi andan hər an özünü təhlükədə hiss edir. Adicə bir çayxada oturmaq belə çətindi, çünki bəzən özündən qat-qat kiçik olan bir uşaq, yaxud da yaşlı-başlı adamlar gah söyüş söyür, gah da ağzına nə gəldi danışır. Və bütün bunlara reaksiya verməmək bir bəladı, vermək isə, dediyim kimi ciddi təhlükə mənbəyidi. Bir sözlə, bu ölkədə yaşamaq, təhsil almaq, siyasi fəaliyyətlə məşğul olmaq, orduda xidmət etmək, qəzetçiliklə məşğul olmaq və s. hamısı təhlükəlidi. Bu qədər təhlükələrin içində olan bu toplumu Allah bir təhər qoruyub saxlayır. Açığı, sərhəddən bu yana hiss olunan əsas məsələ bu təhlükələrdi.

– Siz Türkiyəyə gedəndə seçkilər bitmişdi, yoxsa seçkilərin lap qızğın çağına düşdünüz?

– Mən bir neçə dəfə seçkilər dövründə Türkiyədə olmuşam və oradakı atmosferi izləmişəm. Amma bu dəfə seçkilər bitəndən sonra getdim. Mən gedəndə artıq seçkinin nəticələri tam bəlliydi və siyasi qüvvələr seçkidən alınmış nəticələr üzərindən öz mövqelərini izah etməyə çalışırdılar. Məsələn, MHP sədri Dövlət Bağçalı çıxıb dedi ki, xalq bizə müxalifət görəvini verdi. Başqaları da xalqın səsindən çıxan nəticələrdən öz maraqlarına uyğun görəvlər aldıqlarını bəyan etdilər. Amma ən əsas məsələ odur ki, Türkiyədə seçkinin nəticələrini ölkənin əhalisi müəyyən edir. Aşağıdan yuxarı da hamı bu nəticlərə uyğun davranmaq və onunla hesablaşmaq zorundadı. Biz də istəyirik ki, Azərbaycanda da vəziyyət bu cür olsun və Konstitusiyada qeyd olunduğu kimi, hakimiyyətin mənbəyi Azərbaycan xalqı olsun. Illərlə apardığımız mücadilə və mübarizə də Azərbaycan xalqının bu haqqını və hüququnu qaytarmaq və qorumaq üçündür.

– Elşad bəy, Türkiyədəki ictimai rəylə seçkilərin nəticələri adekvatdımı, yoxsa orda da, son vaxtlar tez-tez deyildiyi kimi, seçkinin nəticələrinə az və ya çox dərəcədə əl gəzdirənlər var.

– Təbii ki, orda da iqtidarda olanların hakimiyyət resurslarından seçkidə öz xeyrinə yararlanmaq faktları, az da olsa, mövcuddu. Amma seçim sonuclarının əks olunduğu anketlər və ictimai rəy sorğuları göstərir ki, seçkiyə hər hası şəkildə müdaxilənin səviyyəsi, ən pis halda 1 faiz, bəlkə də yarım faiz ola bilər. Lakin bir şey dəqiqdi ki, seçkinin bütövlükdə nəticələrinə təsir edəcək müdaxilələr sadəcə mümkün deyil. Amma yenə də deyirəm ki, iqtidarda olanların hakimiyyət resurslarından müəyyən mənada istifadə etdiklərini də kimsə inkar eləmir. Sadəcə, ordakı müdaxilənin miqyasları ilə Azərbaycandakı müdaxilənin miqyaslarını müqayisə etmək belə mümkün deyil. Çünki Azərbaycanda seçki saxtakarlıqları total xarakter daşıyır və birmənalı şəkildə nəinki seçkinin nəticələrinə təsir edir, hətta bütün növ seçkilərin taleyi bu saxtakarlıqlarla həll olunur.

“BİZDƏ BƏZİ PARTİYALARIN MÖHÜRÜNÜN BELƏ KİMDƏ OLMASI BƏLLİ DEYİL”

– Türkiyənin son seçki dönəmində Ərdoğanın prezident olaraq diyar-diyar, şəhər-şəhər dolaşaraq AKP-nin tərəfində təbliğata qoşulmasının cəmiyyət tərəfindən necə qarşılandığını və Türkiyə cəmiyyətinin bu məsələyə reaksiyasını necə gördünüz?

– Bir məsələni qeyd edim ki, Türkiyədə, hələ Osmanlı dövründən üzü bəri, bir dövlətçilik gələnəyi və müəyyən mənada oturuşmuş sistem var. Kimin bundan xoşu gəlsə də, gəlməsə də, müəyyən dövrdə tərəddüd keçirsə də, hər zaman yekunda türk xalqının rəyi öz sözünü deyib. Bu seçkidə də cumhurbaşqanının diyar-diyar, şəhər-şəhər gəzərək, özünü bir siyasi partiyanın təmsilçisi kimi aparmasına türk xalqı təpkisini göstərdi. Və bunun nəticəsiydi ki, Ərdoğan bu seçkidən başqanlıq səlahiyyəti ilə çıxa bilmədi. Yəni, Ərdoğanın prezident olaraq izlədiyi siyasi xəttə türk xalqının təpkisi bu seçkidə özünü birmənalı şəkildə göstərdi.

– Türkiyədki son durumlardan yəqin ki, xəbəriniz var. Bir ay müddətində qardaş ölkənin müxtəlif təbəqələrdən olan vətəndaşları ilə görüşmək, müzakirələr aparmaq imkanınız oldu. AKP-nin və Ərdoğanın 14 illik hakimiyyət dönəminə, doğru-yanlış baxımından, ictimaiyyətin münasibəti necədir və ictimai rəy bu haqda nə deyir?

– Son dövrlərdə yaşanan olaylar və seçkinin nəticələri də bir şeyi göstərdi ki, artıq türk xaqı AKP-nin təkbaşına hakimiyyətini qəbul etmir. Və təbii ki, bundan sonra vəziyyət xeyli dəyişəcək. Başqa sözlə, indi AKP-nin durumu baxımından vəziyyət əks istiqamətə dəyişir. Son vaxtlar keçirilən ictimai rəy sorğularında ortaya çıxan anket sonucları da AKP-nin qazandığı səslərin aşağı düşməsini göstərməkdədi. Bütün hallarda AKP-nin hakimiyyəti dönəmində də xeyli işlər görülüb. Həmçinin bu dönəmdə yaşananların içərisində xeyli qüsurların olduğu da ortaya çıxır. Təbii ki, məsələnin bu tərəfi artıq onların daxili işləridi. Amma hər halda bir məsələ dəqiqdi ki, artıq türk xalqı AKP-yə təkbaşına iqtidar olmaq səlahiyyətini vermədi. Bu, o deməkdi ki, türk xalqı hakimiyyətə koalision hökumət qurmaq göstərişini verdi. Əgər bu da mümkün olmayacaqsa, o zaman təkrar seçkilər olacaq.

– Koalisiya danışıqları hələ də davam edir, ancaq ictimai rəy nə deyir, kualision hökumətmi, yoxsa erkən seçimmi?

– Bu yöndə də müxtəlif versiyalar var. Çünki taban baxımından MHP və AKP daha yaxın idi və ilkin olaraq da belə bir rəy mövcud idi ki, bu iki təşkilatın koalisiya qurması daha məqsədəuyğundu. Bunun səbəbi kimi də, hər iki partiyanın tabanını milliyyətçi mühafizəkar kəsimin təşkil etməsi göstərilirdi. Amma bu arada MHP sədrinin çox sərt tavrları ortaya çıxdı və MHP-çilər qırmızı cizgilərinin olduğunu bəyan etdilər. Bu nədənlə də AKP və MHP-nin koalisiya qura bilmək ehtimalı azaldı. Indi isə CHP ilə AKP-nin koalisiya qurma məsələsi gündəmdədi və bu yöndə danışıqlar davam edir. Bu məsələlərdə CHP başqanı Kılıçdaroğlu özünü daha ilımlı göstərir. Amma, bütün bunlara baxmayaraq, təkrar seçki ehtimalı daha çoxdur. Çünki cumhurbaşqanının da bunu daha çox istədiyi hiss olunur. Problem isə ondadı ki, anket sonucları təkrar seçkidə AKP-nin səslərinin təqribən 35 faizə düşəcəyini göstərir. Ona görə də burda müəyyən tərəddüdlər mövcuddu və elə bu səbəbdən də koalisiya hökumətinin yaradılması məsələsi gündəmdən çıxmır. Bütün hallarda Ərdoğanın erkən seçim istəyi özünü daha bariz göstərir. Ancaq bizdən fərqli olaraq orda anket sonuclarını kifayət qədər ciddiyə alırlar və əgər bu sonuclar AKP-nin xeyrinə heç nə vəd eləmirsə, o zaman koalisiya hökuməti, bir növ məcburiyyət formasında ortaya çıxacaq. Bir müddət əvvəl MHP başqanı Dövlət Baxçalı çıxış edərək demişdi ki, ən son anda biz, lazım gələrsə, tək əlimizi yox, gövdəmizi belə daşın altına qoymağa hazırıq. Bir şeyi də nəzərə alsaq ki, Türkiyədə siyasi proseslər əsasən HDP xaricində üç partiya arasında gedir. Bunlar bütün hallarda dövlətçilik mövqeyində dayanan AKP, CHP və MHP təşkilatlarıdı. Bu mənada nə qədər gözlənilməz olsa da, istənilən an AKP ilə MHP-nin də koalisiyaya getməsini istisna etməmək lazımdır.

– Bu günlərdə ulusal kanalda bir veriliş izləyirdim. Uzun illər Amerikada işləmiş bir uzman danışırdı. O tam ciddiyyətilə dedi ki, inşallah bayramları xeyirliklə yola verək, ancaq Türkiyənin bayramdan sonrakı vəziyyətini çox qaranlıq görürəm və bundan da çox narahatam. Elə bayramların səhəri günü Türkiyədə ağır itkilərə səbəb olan partlayışların baş verməsi onun dediklərini təsdiqlədi. Həm də məsələyə bu yöndən baxaraq, HDP-nin Türkiyə siyasətində bu qədər irəli getməsi, sadəcə Türkiyə seçməninin istəyidimi, yoxsa bütün bunlar AKP-nin yanlış siyasəti kimi ortaya çıxıb? Yəni, bu haqda əhali nə fikirləşir?

– HDP-nin bu qədər güclənməsinin bir sıra səbəbləri var. Birincisi, heç kəsə sirr deyil ki, son illərdə xeyli aktivləşən bir kürd hərəkatı gedib və ölkənin kürd əhalisi arasında görünən bir aktivlik var. Burda, ikinci əsas məsələ isə, AKP-nin Ərdoğanı cumhurbaşqanı edə bilmək üçün apardığı siyasətdən qaynaqlanır. Ərdoğanın təkbaşına hakimiyyətə və səlahiyyətlərə yiyələnmək istəyi var idi ki, buna təpki verən seçmənlərin xeyli hissəsi bilərəkdən HDP-yə səs vermək zorunda qaldı. Ayrıca Türkiyə siyasətində mövcud olan marginal qruplar, o cümlədən də solçular və kommunistlər də əsasən HDP-yə səs verdilər. Üçüncü əsas məsələ isə, Türkiyədən kənarda olan qüvvələrin HDP-yə dəstək vermələri ilə bağlıdı. Məsələn, seçkilər dönəmində HDP-çilər “SNN Türk” kanalından düşmürdülər. O cümlədən də digər bir sıra kanallar və vasitələrlə HDP-yə çox güclü dəstək verənlər var idi. Bütün hallarda, məsələnin başında Ərdoğanın istəklərinin alınmaması üçün HDP-nin bu qədər önə çıxması bir növ labüdləşmədi gəlir. Hətta HDP-nin aldığı səslər anket sonuclarından çıxan ilkin nəticləri də xeyli üstələdi. Burda bir məsələni də mütləq vurğulamaq lazımdı ki, bu deyilənlərlə bərabər, HDP-çilər təbliğat işlərini də doğru qura və ortalığa yeni gənc və dinamik liderlər çıxara bildilər. Bu liderlər də, daha çevik və daha sanballı seçki təbliğatı apara bilməklə, öz missiyalarının öhdəsindən layiqincə gələ bildilər. Onu da deyim ki, məsələnin bu yönünü HDP-ni istəyən və istəməyən bütün tərəflərin özləri də etiraf edirdilər. Nəticə etibarilə, HDP solçu Türkiyənin təmsilçisi kimi ortaya çıxdı.

– Elşad bəy, siz Türkiyədə olanda Azərbaycanda da bəzi şeylər oldu. Siyasi partiyaların maliyyə vəsaitlərinə dövlət tərəfindən əl qoyulma kimi bir şey oldu və bütün təşkilatlardan hesabat istənildi. Vətənə qayıdandan sonra bu haqda maraqlandınızmı, əslində nələr və niyə baş verir?

– Siyasi partiyaların maliyyələşməsi ilə bağlı hesabat əvvəl Ədliyyə Nazirliyinə verilirdi, indi isə, qanunda olan dəyişikliyə əsasən, bu hesabat MSK-ya verilir. Bir sözlə, qanunun müəyyən tələbləri var ki, ona uyğun da hesabatlar tələb olunur. Eyni zamanda, bu məsələ ilə bağlı auditor rəyi də tələb olunur. MSK tərəfindən siyasi partiyalara bu hesabatla bağlı tələblər olmuşdu. Azərbaycanda indi təxminən 50-yə yaxın qeydiyyatdan keçmiş siyasi partiya mövcuddu ki, onlardan da haradasa 20-sinin mövcudluğu şübhə altındadı, hətta bu partiyaların möhürünün, ştampının belə kimdə olması bəlli deyil. Ona görə də bu tip arayışların tələb olunması əslində formal xarakter daşıyır. Ancaq bu proseslərin sonunda nə olasıdı, nə olmayasıdı, dəqiq bilmirəm. Lakin onu bilirəm ki, indi siyasi təşkilatların hər hansı şəkildə maliyyə toplaya və maddi vəziyyətini yaxşılaşdıra bilməsi üçün şərait yoxdu. Təbii ki, burdan da cavablandırılması çətin olan suallar ortaya çıxır.

– Adətən siyasi partiyalar dövlətin ayırdığı vəsaitlə, üzvlük haqları və ianələrlə öz büdcələrini formalaşdırırlar. Və bu bütün dünyada belədi. Azərbaycanda isə, parlamentdə təmsil olunan bir neçə partiya xaric, heç bir partiyaya dövlət tərəfindən pul ayrılmır. Siz 20 dediniz, mən isə hesab edirəm ki, həmin 50 partiyadan ən azı 40-nın nə üzvləri, nə də üzvlük haqqı fondu var. Oysa qalır tək ianələr və bütün dünyada heç bir formada ianələrə görə hesab sorulmur. O zaman, sizcə bu maliyyə yoxlamaları, yaxud da arayışları kimə və nəyə lazımdı? Bax, konkret sizin partiyada maliyyə durumu necədi və bu hesabatı necə verdiniz?

– BAP-a dövlət tərəfindən heç bir maddi yardım və ya dəstək ayrılmır. Partiyanın fəaliyyəti isə, əsasən digər bu tip təşkilatlar kimi, üzvlük haqları və ianələr hesabına təmin edilir. Partiyaların maliyyələşmə vasitələri qanunda da bu cür göstərilir və qanuna görə də bu hesabat verilməlidir. Bizim bir partiya olaraq maliyyə şəraitimizi necə təmin edib-etməməmiz, yaxud da buna dövlətin necə şərait yaradıb-yaratmaması tamam başqa söhbətin mövzusudur. Amma bir daha deyirəm ki, maliyyə arayışlarının və hesablarının sorulması qanunvericiliyə əsaslanıb və burda da qəribə heç nə yoxdu.

– BAP neçə ildi mövcuddu?

– 10 ildi.

– Bu 10 ildə sizdən neçə dəfə maliyyə hesabatı istəyiblər?

– Dedim axı biz ilbəil Ədliyyə Nazirliyinə hesabat verirdik. Indi də bu məsələ qanunvericiliklə MSK-ya həvalə olunub və hesab edirəm ki, bu məsələnin üstündə biz kifayət qədər dayandıq.

– Elşad bəy, partiyanızın bank hesabları varmı və ümumiyyətlə maliyyə durumunuz necədi?

– BAP-ın maliyyə imkanları ilə digər partiyaların maliyyə imkanları arasında elə bir fərq yoxdu. Maliyyə imkanlarımız məhduddur və biz bunu gizlətmirik də. Bu baxımdan, normal fəaliyyət göstərməmiz üçün heç bir şərait yoxdur. Başqalarından fərqli olaraq partiya kimi tutduğumuz yola adekvat mövqeylə qarşılaşırıq. Hətta bir çox hallarda müəyyən qrumlarda çalışan partiya üzvlərini gizlətmək məcburiyyətində qalırıq. Ianələrə gəlincə, indi Azərbaycanda istənilən siyasi təşkilata açıq şəkildə ianə verən adam dərhal cəzalandırılar. Ona görə də partiyaların ianələr hesabına ciddi maliyyə qaynaqları formalaşdırması mümkünsüzdü və bu praktika artıq bizdə ortadan qaldırılıb. Bütün bunları nəzərə alaraq biz hesab edirik ki, Azərbaycanda ciddi siyasi islahatlar keçirilməli hakimiyyətin alternativ siyasi təşkilatlara olan basqıları aradan götürülməli, onların normal fəaliyyəti təmin olunmalıdır. Bütün dünya bu yolla gedir və mən hesab edirəm ki, indiki Azərbaycan iqtidarında da məsələnin bu tərəfini anlayışla qarşılyan müəyyən qüvvələr var. Amma hələ də siyasi təşkilatları əzmək ruhu ilə yaşayan qruplar da kifayət qədərdi. Hələlik isə hakimiyyətin siyasi təşkilatları istər maliyyə, istərsə də normal fəaliyyət göstərə bilmə baxımından küncə sıxması xətti üstünlük təşkil edir.

Söhbətləşdi: Sərdar Əlibəyli

LEAVE A REPLY