Ziya Məmmədov hara baxır?
Nəqliyyatdakı problemləri həll edən tapılacaqmı?
Bizi bir sual həmişə düşündürür, bərbad gündə olan nəqliyyatımızın naziri hara baxır görəsən? Ümumiyyətlə, Nəqliyyat nazirliyi nə işlə məşquldur? Hər kəs öz vəzifəsini layiqincə icra edirsə, bəs onda niyə nəqliyyatın qalaqlanmış problemləri həll olunmur. Əgər Z.Məmmədov tutduğu vəzifənin öhdəsindən gələ bilmirsə, nə işi var ölkənin Nəqliyyat naziri postunda?
Yox, əgər deyirsinizsə nazir yaxşıdır nazirliyin işçiləri peşələrinin öhdəsindən layiqincə gələ bilmir, o məsuliyyətsiz işçilərin nə işləri var Nəqliyyat Nazirliyində.Bu sualların sayını sonsuzadək artırmaq olar. Ümumiyyətlə, problem kimdədir, nədədirsə nəticə heç də ürəkaçan deyil. Bu qurum heç də normal işləyən qurum deyil. İlk öncə sürücülərindən tutmuş sıravi nəqliyyat işçisinə kimi çox kobuddurlar. Biz yalan yazırıqsa, şəhərdə azca müşahidə aparsaz dediklərimizin şahidi olacaqsınız. Biz də şəhərdə hər gün acınacaqlı vəziyyətin şahidi oluruq.
İllərdir bitmək bilməyən tıxac problemindən başlayaq. Deyəcəklər tıxac dünyanın çox nöqtəsində var, yaxşı bunu başa düşürük. Bəs, taksilərin qadağan olmuş yerlərdə saxlayıb avtobus dayanacaqlarını zəbt etmələrinə nə deyirsiniz? Saxlamaqları bir yana taksi sürücülərin uca səslə hamılıqla cığır-bağrışla müştəri çağırmaqlarına nə deyirsiniz? Avtobus dayanacaqlarını zəbt edən taksi sürücüləri də tıxacların yaranmasında ən böyük səbəblərdəndir. Əhmədli metrosunun ətrafında taksi sürücülərinın çığır-bağırtıları adamın qulaq pərdələrini “yırtır”. Koroğlu metrosundan çıxırsan həmin səhnə yenə təkrar edilir. Taksi sürücülərin çığır-bağırla Maştağa, Nardaran, Buzovna, Ramana, Suraxanı, Binə çığırtıları həmçinin qulaq deşir.
20 Yanvar metrosundan da çıxar-çıxmaz dəhşətli mənzərə ilə rastlaşır adam. Taksi sürücülərinin Sumqayıt, Ceyranbatan sədaları qulaq deşir. On metr o tərəfə gedirsən İmişli, Sabirabad, Saatlı, Ağcabədi səsləri adamı bezdirir, təngə gətirir.
Cənab, Ziya Məmmədov, olmazmı bütün nəqliyyat vasitələrinə yerlər ayrılsın, növbə ilə normal fəaliyyət göstərsinlər? Niyə illərdir bu problem öz həllini tapmır?
Axşam tərəfi ki oldu vəziyyətin nə dərəcədə ağır, çətin olduğu məlum məsələdir. Gah avtobus olmur, gah da tıxacların ucu- bucağı görünmür. Tıxaclar zamanı avtobusların uca səsli siqnalları adamı intihara sürükləyir. Hətta bir dəfə canavar kimi ulayan siqnalı da eşitdim. Yəni biz buyuq, bizim nəqliyyat mədəniyyətimiz bundan ibarətdir?!
Çox deyirsiniz ki, ölkəmizin inkişafını Avropanın gözü götürmür. Çox gülməlidir, hansı inkişafı nəzərdə tutursunuz. İnkişaf, mədəniyyət elə yoldan başlayır. Ümumiyyətlə yazmaqla problemlər tükənəcək? Axı, quyuya su tökməklə doldurmaq olmaz. Bu ölkədə sanki heç kim vəzifəsini vicdanla yerinə yetirmək istəmir.
Sizə təqdim etdiyimiz şəkildə Post Patrul Xidmətin işçisi ərazini təmzimləmək əvəzinə əyninə Yol Patrul Xidmətinin gödəkcəsini geyinib keçiddən istifadə etməyən vətandaşları cərimələməklə məşquldur. Ölkədəki problemlər o vaxt həllini tapacaq ki, yüksək rütbəli məmurlar, nazirlər xalqın arasına çıxıb, əhalinin problemlərinin canlı şahidi olsunlar. Amma, çox heyif onlar prezident aparatının yüksək mərtəbələrində yerləşən kabinetlərin pəncərələrindən bizə yuxarıdan aşağı baxırlar…
Hazırladı: Elvin Baycan
Dəyanət Babayev