Terrorizm bəlası!
Suruç terrorunun arxasında kimlər var?
Bir neçə gün öncə Türkiyənin Şanlıurfa vilayətinin Suruç bölgəsinin mərkəzində, Amara Mədəniyyət mərkəzinin bağçasında Suriyanın Kobani şəhərinə getmədən öncə mətbuat toplantısı təşkil edən Sosialist gənclər dərnəkləri fəderasiyasına bağlı gənclərə qarşı terror hadisəsi həyata keçirildi. Nəticə: otuz beşə yaxın ölü və on beşi ağır olmaqla yüzdən artıq yaralı…
Gəlin, öncə Amara mədəniyyət mərkəzinin bağçasına Türkiyənin dörd bir tərəfindən gəlmiş gənclərin Kobaniyə getmə məqsədlərini, habelə bu terror hadisəsinin kimlər tərəfiindən və hansı məqsədlərlə həyata keçirilə biləcəyinə nəzər salaq. Daha sonra təhlükəsizlik qüvvələrinin bu terror hadisəsinin qarşısının alına bilməməsindəki acizliklərini müzakirə edərik.
Öncəliklə onu qeyd etməliyik ki, Amara mədəniyyət mərkəzinə toplanmış gənclərin əsas məqsədləri aylar öncə Kobanidə “İŞİD”lə kürd terrorçu dəstələri arasında keçirilən döyüşlərdə xaraba qalmış şəhərin təmirinə yardım edə bilmək, eyni zamanda bu şəhərdə yaşayan insanlara, onların övladlarına maddi-mənəvi dəstək verə bilmək məqsədi ilə Suriya torpaqları içərisində olan, lakin kürd terror qruplaşmalarının nəzarətindəki bu şəhərə getmək idi. Ayrıca onların məqsədlərinə Kobani ilə həmrəyliklərini media vasitəsi ilə dünyaya duyurmaq və sərhəd keçid məntəqələrindəki bürokratik əngəllərə də diqqət çəkmək idi. Burada onu da xüsusilə qeyd etmək lazımdır ki, Türkiyədə yaşayan etnik kürdlər bu istiqamətdəki sərhəd keçid məntəqələrindəki bütün əngəllərin aradan qaldırılmasını və insanların sərbəstcə, istədikləri vaxt istədikləri yerə gedib-gələ bilmələrinin təmin edilməsini istəyirlər.
Bunun üçün aylar öncə Sosialist Gənclər Dərnəkləri federasiyaları tərəfindən təşkilatlanmağa başlayan gənclər öz aralarında yardım məqsədi ilə pul toplamış, hətta bu məqsədlə İstanbul və digər böyük şəhərlərdə səyyar satlıcılıq edərək qazandıqları vəsaitləri bir yerə toplamışdılar. Bir neçə həftə öncə Ankaraya gedərək xalqların demokratiyası partiyasının başqan yardımçısı Pərvin Buğdan ilə görüşən gənclər ondan da mənəvi dəstək aldıqdan sonra sosial media üzərindən Kobaniyə getmək üçün Urfada toplanacaqları yeri və günü elan etmişdilər. Ayın iyirmisi səhər-səhər mədəniyyət mərkəzinin bağçasında yerləşən çayxanada toplaşan gənclər birlikdə qəlyanaltı edərək media bilgiləndirmə toplantısının baş tutacağı saatı gözləməyə başlamışdılar. Media bilgiləndirmə toplantısının başlandığı dəqiqələrdə, yəni yerli vaxtla saat 11:45-də əraziyə toplaşmış üç yüzdən artıq gəncin arasına sızmağı bacaran canlı bomba özünü partladaraq onlarca insanın həyatına bais oldu. Xatırlatmaq istərdik ki, canlı bombanın on səkkiz yaşlarındakı çadralı qadın olduğu və üzərindəki bombanın da qəlpəli bomba olduğu bildirilməkdədir.
Burada bir şeyi də vurğulamaq istərdim ki, ayın iyirmisində terror aksiyasına hədəf olan gənclərin bir çoxu Kobani döyüşlərində aktiv şəkildə iştirak etmiş, bu şəhərin müdafiəsində önəmli rol oynamışdılar.
İndi, gəlin, ikinci sualı aydınlaşdırmağa çalışaq. Bu terror hadisəsini kim və ya kimlər həyata keçirmişdi?
Hadisənin baş verdiyi ilk anlarda insanların nəzərləri iki istiqamətə yönəldi; İŞİD və Əl-Nusra terror təşkilatlarından birinin bu hadisəni həyata keçirmiş ola biləcəyi vurğulanırdı. Kürd terrorçu qruplaşmalar üzərində demək olar ki, heç kim durmadı. Çünki bu aksiya nəticəsində ölənlərin əksəriyəti elə etnik kürdlər idi, digər insanlar da kürd terror qruplaşmalarının nəzarətindəki Kobaniyə yardım məqsədi ilə bu şəhərə gedənlərdən başqası deyillərdi. Ayrıca Suruçla eyni vaxtda sərhəddin cənub tərəfində, Kobanidə də bir partlayış olduğu soylənməkdədir ki, bu da cinayətkarların məhz İŞİD-İn içində axtarılmalı olduğu fikrini gücləndirməkdədir. Bəs, İŞİD terror qruplaşması necə olur ki, Türkiyə torpaqlarında bu cür sərbəst hərəkət edə bilir? Çünki media açıqlamasının keçiriləcəyi ərazi mühavizə olunurdu və bura gələn gənclər üstləri axtarılaraq mədəniyyət mərkəzinin bağçasına buraxılmışdılar.
Gəlin, yaddaşlarımızı bir az yeniləyək. Hələ İŞİD terror qruplaşması yeni yarandığı və Türkiyə üçün təhdid təşkil etmədiyi, hətta bəzi analitiklərin düşüncələrinə görə AKP hökumətinin bu qruplaşmadan PKK və digər kürd terror təşkilatlarına, eyni zamanda da Suriyada Əsadın devrilməsi üçün istifadə edə biləcəyini söylədiyi vaxtlarda Rəcəb Tayyib Ərdoğandan İŞİD-lə bağlı maraqlı bir bənzətmə gəlmişdi. Belə ki, o, bir bəyanatında İŞİD terror təşkilatını “bir qrup əsəbi müsəlman gənc” deyə adlandırmış və bununla da onları haqlı göstərməyə çalışmışdı. Ayrıca AKP ilə İŞİD-ın isti münasibətləri Mosul konsulluğunun işğalında da özünü göstərmiŞ, konsulluq çalışanlarına “müqavimət göstərməyin” təlimatı göndərən xarici işlər nazirliyi daha sonra qırx doqquz çalışanın tamamını sağ-salamat əsrlikdən qurtarmışdı. Doğrudur, sonralar hər əsir əvəzində Türkiyənin bu terrorçulara bir tank verməsi barədə söz-söhbət yayılmış və əsirləri sağ-salamat qurtarma qarşılığında bu qruplaşmaya verilənlərin nə olduğu barədə rəsmi açıqlama verilməsə də, nələrinsə verildiyini Ərdoğan bir jurnalistin sualına təxminən “tutaq ki, verdik, o önəmli olan insanlarımızın can güvənlikləri və sağ-salamat evlərinə dönmələri idi ki, bunu da etdik”- deyə cavab vermişdi.
Ayrıca həmin vaxtlarda döyüşlərdə yaralanan bəzi İŞİD liderlərinin Türkiyənin xəstəxanalarında müalicə olunmaları barədə xəbərlər də yayınlanmışdı. Bütün bunlardan əlavə Suriyaya göndərilən və son seçki kampaniyasında AKP-nin önəmli şəxslərindən birinin açıqladığına görə tam iki min tır silah-sursatın da bu qruplaşmaya getdiyi güman olunmaqdadır. Doğrudur, hər nə qədər AKP hökuməti bu rəsmisinin bəyanatına qədər tırlarda silah-sursatın olmadığını iddia edirdisə də və bu milli kəşfiyyat təşkilatının müşayəti ilə Suriya istiqamətində hərəkət edən bu tırları saxlayaraq daşıdıqları silah-sursatlardan labarator analiz üçün nümunə götürən jandarma əməkdaşları və istintaq əməliyatında iştirak edən prokurorları həbs edərək onların barəsində Vətənə xəyanət və sair ağlagəlməz maddələrlə cinayət işi açdırsa, kor gözüm barmağına dəyər kimi inadla tırların Suriya türkmənlərinə ərzaq və dərman yardımları daşıdıqlarını iddia etsələr də, təəssüf ki, türkmənlər də onları yalançı çıxardı. Belə ki, Suriya türkmən liderlərindən bəziləri bəyanat verərək Türkiyədən onlara hər hansı şəkildə ərzaq və dərman yardımı gəlmədiyini, ayrıca silahlardan xəbərləri olmadığını bildirdilər. Burada kimə inanmaq lazımdır? Tırlarda qətiyyən silah yox idi, o maşınlar sadəcə humanitar yardım aparırdı deyən Ərdoğanamı, bəli silah göndərdik, ancaq İŞİD-ə deyil, Suriya Azadlıq Ordusuna (xatırladaq ki, Suriya Azadlıq Ordusu adlı qeyri-qanuni müxalif silahlı birləşmə silahların göndərildiyi tarixdə artıq İŞİD-in tabeliyinə keçdiyi haqqda bəyanat vermişdi-Z.M) deyən AKP-li idarəçiyəmi, yoxsa biz yardım filan görmədik deyən türkmənlərəmi? Artıq buna siz özünüz qərar verəcək, bu suallardan hansına inanmaq istədiyinizi özünüz seçəcəksiniz.
Sonrakı dönəmdə, yəni Kobani uğrunda kürd qruplaşmalarla İŞİD arasında gedən ağır döyüşlərdə Amerika və digər qərb güclərinin təzyiqlərinə dözə bilməyən türk hökuməti nəinki öz ərazisindən Şimali İraqdakı kürd muxtariyyətinin silahlı birləşmələrinin Suriyaya keçərək PYD və YPY tərəfindən döyüşlərdə iştirak etməsi üçün koridor açmaq məcburiyyətində qaldı, hətta kürd terror qruplaşmalarının üzvlərinə öz ərazisində hərbi təlimlər də keçməli oldu. Bütün bunlarla birlikdə Türkiyə həm də anti İŞİD koalisiyasının tərkibinə daxil olduğunu da rəsmən açlıqladı. Bütün bunlardan sonra qarşılıq olaraq İŞİD artıq Türkiyənin də onun hədəfləri arasına girdiyi barədə bəyanat verdi.
Bu ilki seçki kompaniyası dönəmində və hətta üfiqdə erkən seçimin göründüyü hazırkı vaxtda da həm AKP-nin ağır topları, həm də elə Ərdoğan özü birbaşa HDP-nin əslində müstəqil siyasi partiya olmadığını iddia edərək həm bu partiyanı və onun dəstəkçilərini təhqiramiz bir şəkildə hədəf göstərir, həm də çözüm sürəcinin bitdiyindən danışırlar. Əlbəttə ki, burada onların əsas qayğıları səs itkisinin qarşısını almaq, MHP-yə gedən səsləri geri qaytarmaqdan başqa bir şey deyildir. Bu düşüncəmə misal olaraq “Dolmabağça razılaşması” deyilən sənədi misal olaraq göstərə bilərəm. Belə ki, bu yaxınlarda Ərdoğan bəyanat verərək belə bir mətnin olmasının mümkünsüz olduğunu, çünki bir hökumətlə bir siyasi partiya arasında hansısa rəsmi razılaşmanın olmasının mümkün olmadığından danışdı. Daha sonra, bu bəyanatının üstündən bir neçə gün keçdikdən sonra Ərdoğan yenə bir bəyanatla çıxış edərək bu razılaşmadan xəbərsiz olduğunu bildirdi. Ancaq cavab da özünü çox gözlətmədi. HDP tərəfindən Dolmabağçadakı razılaşma sənədini imzalayan şəxslər mediada çıxış edərək Ərdoğanın hətta kimin hansı masada əyləşdiyindən belə xəbəri olduğunu, ayrıca müzakirələr tıxanma nöqtəsinə gəldiyində Ərdoğanın telefon vasitəsilə araya girərək hər iki tərəfi də razı salmağa çalışdığını bildirdilər.
Bütün bu faktlar da indi HDP tərəfindən anti-AKP təbliğatı üçün istifadə olunmaqda, eyni zamanda Robotskidən Reyhanlıya, Ağrı hadisələrindən tutmiş Diyarbəkr terror aksiyasınadak üstü açılmayan cinayət, terror və provakativ hadisələr üçün qütbləşdirici siyasətindən dolayı məhz AKP hökuməti və Rəcəb Tayyib Ərdoğan hədəf göstərilməkdədir.
İndi bir az da təhlükəsizlik qüvvələrinin hadisələrdə zəif qalma səbəblərini araşdırmağa çalışaq. Urfadakı dəhşətli terror aksiyasından sonra medianın verdiyi məlumata görə milli kəşfiyyat təşkilatı və jandarma kəşfiyyat idarəsi terror hadisəsinin ola biləcəyi ilə bağlı vilayətin rəsmi strukturlarını məlumatlandırıb. Ayrıca bölgə ilə bağlı bir məlumatı da vermək istərdim ki, Kobanidə döyüşlər gedən vaxt Suriyadan gələn saysız-hesabsız qaçqın məhz burada, Amara mədəniyyət mərkəzinin bağcasında qurulan çadırlarda qonaq edilib. Onlar isti yemək, dərman ləvazimatları və digər zəruri yaşam vasitələri ilə təmin olunublar. Kobaninin sadəcə on kilometr şimalında və üzbəüz yerləşən Suruç həm Kobani, həm də Türkiyədə yaşayan kürdlər üçün həyati dərəcədə strateji əhəmiyyətə malikdir. Ayrıca İŞİD və digər terrorçu birləşmələrlə qonşu olduğundan, sərhədlərini nəzarət altında saxlamaqda çətinlik çəkdiyindən türk silahlı qüvvələri həm bölgədə əsgər sayını xeyli artırmaqla bərabər eyni zamanda polis idarəsi və milli kəşfiyyat təşkilatı da gücləndirilmiş iş rejiminə keçmişdir. Lakin burada bir şeyi xüsusilə qeyd etmək istərdim ki, 17-25 dekabr böyük rüşvət əməliyyatından sonra ölkənin polis sistəmindəki bəzi Ərdoğana biət etməyən qüvvələrə qarşı”paralel təşkilat” adlandırılaraq başladılan “burun sürtmə” əməliyyatı nəticəsində xüsusilə antiterror şöbələrində həyata keçirilən işdən çıxarmalar nəticəsində polisin bu sahədəki təcrübəli kadrları vəzifələrindən uzaqlaşdırılmış və bunun sonucunda da bacarıqsız məmurların iş başına gətirildiyi polis orqanları terror aktlarının qarşısını almaqda aciz qalmaqdadırlar. Biz bunu daha öncə, İstanbulda- Bərkin Əlvanın öldürülməsi ilə bağlı istintaq işini aparan prokurorun DHŞKPC terror təşkilatının üzvləri tərəfindən İstanbulun göbəyində, Ədliyyə sarayında girov götürülməsi və”uğurlu” antiterror əməliyyatı nəticəsində öldürülməsi, indi də təhlükəsizlik tədbirlərinin bu qədər yüksək səviyyədə olduğu bir vaxtda Suruçda hansısa kamikadzenin bu qədər rahatlıqla terror aksiyası həyata keçirməsi əlbəttə ortaya cavabsız suallar çıxarmaqdadır.
Əlbəttə, bütün bu sualları bir gün biri mütləq cavablayacaqdır, amma kim və harada, bax onu Allah bilir. Olan isə zavallı sadə, günahsız insanlara olmaqdadır…
Murad