“MİLLİ MƏCLİSİN SİMASI DƏYİŞMƏLİDİ”
Günel SƏFƏROVA: “BİZ BÜTÜN FƏALİYYƏTİMİZ VƏ DAVRANIŞLARIMIZLA MÜXALİFƏTİK”
Bu ilin parlament seçkilərinə ənənəvi formalardan, eləcə də, həm strateji, həm də taktiki baxımdan fərqli boyutlarda qatılacağı gözlənilən “125-lər Siyasi Klubu” barəsində hələ həbsxanada olanda qəzetlərdən oxumuşdum. Təbii ki, bizdə qəzet materialları heç zaman tərəfsiz olmur deyə, bu klub barəsində yazılanlara da sadəcə yazı kimi baxdım. Amma burda adı hallanan və klubun aparıcı üzvlərindən bəzilərini şəxsən, bəzilərini isə qiyabi tanıdığımdan, hər zaman “125-lər” maraq dairəmdə oldu. Həbsdən sonrakı müddətdə özüm üçün qərar verdim ki, işləri azacıq səhmana salan kimi, “125-lər Siyasi Klubu”nun üzvləri ilə görüşüb, onların nəyi və niyə istədikləri ilə maraqlanıb, bütövlükdə fəaliyyətlərinə tərəfsiz ayna tutum.
Bu mənada, Günel Səfərova ilə görüşümüz bəlkə də təsadüf sayılmaya da bilər, amma bu dəfəki müsahibimin məhz Günel xanım olması sırf təsadüfdü. Bu görüşdən “125-lər”in fəaliyyəti ilə bağlı aldığım təəssüratlar və gəldiyim qənaətlər, hələlik yalnızca mənə məxsusdu. Ancaq dediyim kimi, Günel xanımla söhbət zamanı, “125-lərin” fəaliyyət dairəsinə, onların Azərbaycana nə vermək istədiklərinə və Azərbaycan parlamentinə nə ilə getdiklərinə nə qədər müdaxil ola bildiyimə özünüz qiymət verin, istəkli oxucular.
Beləliklə, növbəti müsahibim “125-lər Siyasi Klubu”nun üzvü, növbəti parlament seçkilərində deputatlığa namizəd kimi çıxış edəcək Günel Səfərovadı.
“QANUNVERİCİLİYİ BİLƏN ÇOX AZ MİLLƏT VƏKİLİMİZ VAR”
– Günel Səfərova kimdi və hardan hara getmək və ya gəlmək istəyir?
– Mən Bakı Dövlət universitetinin hüquq fakultəsini bitirmişəm. Amma bir az əvvələ gəlib deyim ki, Avropa liseyində oxumuşam. Sonra da, dediyim kimi, hüquq fakültəsinə qəbul olmuşam. Hüquq fakültəsindən sonra təhsilimi xaricdə davam etdirmişəm. Eyni zamanda universitetdə oxuya-oxuya bir neçə dəfə xaricə təhsil səfərlərim olub. Əsasən Avropa ölkələrində – Fransada, Hollandiyada və digərlərində olmuşam. Sonralar iş prosesində də xarici səfərlərim davam edib. Həm universitet illərində, həm də təhsilimi bitirəndən sonra, geniş şəkildə ictimai fəaliyyətlərim olub. Bu əsnada daha çox Avropada Azərbaycan gəncliyini təmsil eləmişəm. Mən bu fəaliyyətə başlayanda müstəqil Azərbaycan gəncliyinin ictimai fəaliyyəti təzə-təzə formalaşırdı. Hələ 1999-cu ildə bizim “Avropanın Gənc Azərbaycanlı Dostları” assosiyası adında bir ictimai birliyimiz var idi və fəaliyyətimiz əsasən ikitərəfli əlaqələrə söykənirdi. Həm Avropalı gəncləri Azərbaycana gətirirdik, həm də Azərbaycanlı gənclərin Avropa ölkələrinə səfərlərini təşkil edirdik. Bildiyiniz kimi, o vaxtlar Azərbaycanın qaçqın və köçkün problemləri daha çox idi. Müxtəlif təyinatlı düşərgələr yaradır, sosial layihələr həyata keçirirdik. Düzdür, o vaxt mən yaş baxımından hələ balacaydım, çox gənc idim. Gerçək mənada iş fəaliyyətimə gəlincə, bu yöndəki bütün fəaliyyətim xarici təşkilatlarla, beynəlxalq qurumla bağlı olub. “Azad Əməkdaşıq Fondu”nda işləmişəm. “SOS” Uşaq Gənclər Azərbaycan Assosiyasında, BMT-nin müxtəlif proqramlarında ekspert kimi çalışmışam, bir sıra beynəlxalq layihələrə dəstək proqramlarına qoşulmuşam və s. Nəhayət 2013-cü ildə qərar verdim ki, mən siyasətdə olmalıyam və 2014-cü ildə “125-lər Siyasi Klubuna” gəldim. Bütövlükdə fəaliyyətim daha çox sosial hüquqlarla, uşaq hüquqları ilə bağlıdır. Azərbaycanda ictimai vəkilliklə məşğul olmuşam, qanunların qəbuluna təşəbbüs və s. kimi geniş spektrda gücüm yetdiyi qədər çalışmalarda bulunmuşam. Bilmirəm, verdiyim bu cavab Günel Səfərovanın kimliyini nə qədər əhatə elədi, amma qısaca deyə biləcəklərim bu qədərdi.
– Çox əhatəli danışdınız, Avropadakı fəaliyyətinizlə bağlı hələ sualım olacaq, amma bayaq dediniz ki, o zaman çox balacaydım. Artıq böyüdüyünüzü və böyük siyasətədə millət vəkili kimi fəaliyyət göstərə biləcəyinizi düşünürsünüz, mən doğrumu anladım?
– Əslində mən öz fəaliyyətim haqqında çox qısa danışdım. Amma mənim fəaliyyətim uzun müddətli bir fəaliyyətdir. Azərbaycanda gənclərlə bağlı uzunmüddətli və davamlı işlərimiz olub. Demək olar ki, Azərbaycanın bütün bölgələrində təlimlər keçmişəm. Bu təlimlər əsasən ictimai sektorla, eləcə də müxtəlif siyasi və sosial mövzularla bağlı olub. Bütün bunları da elə-belə iş və fəaliyyət xatirinə etməmişəm. Gördüyüm işlərə hər zaman inandığım əsaslarda baş vurmuşam və bu yöndə qazandığım biliklər və bacarıqlar məni indiki duruma gətirib. Ayrıca da, mən hüquq fakültəsini bitirmişəm və bir hüquqşünas kimi qanunvericilik sahəsində məşğul olmaq üçün yetərincə bilgilərim və təcrübəm var. Ikincisi də, mən uzun illərdi ki, əhali ilə işləyirəm, insanlarla təmasda oluram. Mənim indiyə qədər işlədiyim material yalnız insan olub, yəni həyatım boyu bütün iş və təcrübə kapitalımı insanlarla bağlılıqda əldə etmişəm. Çoxlu şəbəkələr qurmuşam, gəncləri bir araya gətirmişəm, onların çağdaş dəyərlərə uyğun formalaşmasına çalışmışam, müxtəlif təşkilatlar yaratmışam. Ölkənin sosial problemləri ilə uzun müddət məşğul olduğuma görə, bu sahədə də problemlərə yaxından bələdəm. Istər paytaxtda, istərsə də regionlarda sosial vəziyyəti çox yaxşı bilirəm. Təbii ki, yolumu indi getdiyim yöndə davam etdirə bilmək üçün siyasi bilgilərə də ehtiyacım olduğunun fərqindəyəm. Açığı, 2010-cu ildən başlayaraq göstərdiyim fəaliyyətlərin bir hissəsi də sırf siyasi anlam daşıyıb, hətta bu arada fikirləşdim ki, parlament çərçivəsində Milli Məclsdə təlimlər təşkil edim. Elə siyasətə gəlməyim üçün şərait yaradan amillərdən biri də bu olub. Açığı düşündüm ki, bizim Milli Məclisin siması dəyişməlidi və orda daha şox sahəsinin ekspertləri, insanlarla işləyən adamlar olmalıdır. Çünki Milli Məclisin mənzərəsinə kənardan baxanda, çox az sayda millət vəkili görsənir ki, qanunvericiliyi və qanun yaratma mexanizmini bilsin. Mən indi burda parlamentdə oturanların xətrinə də dəymək istəmirəm, amma doğrudan da qanunvericiliyi bilən çox az millət vəkilimiz var.
– Başa düşdüm, Günel xanım, siz ən azı parlament səviyyəsində inqilab eləmək istəyirsiniz…
– Söhbət inqilabdan getmir, amma mən sizə açıq deyəcəm. Biz deputatlığa təyinatlı bir vəzifə kimi baxa bilmərik.
– Siz təyinatlı və ya təyinatsız deməyinizlə heç nə dəyişməz ki. Azərbaycanın 125 millət vəkili var. Bunlardan uzağı 20 nəfərini, yaxşı və ya pis mənada, cəmiyyət tanıyır. Qalan 100 nəfəri nəinki qonşuları, heç öz qohumları da düz əməlli tanımır və elə sual da burdan yaranır ki, bəs bu adamlar kimin səsi ilə və necə parlamentə düşüblər. Deməli təyinat var və bu cür sistemi inqilabsız dəyişməyi necə təsəvvür edirsiniz?
– Baxın, indi çox gözəl bir məqama gəldik. Biz də, bax elə bu və buna bənzər digər məsələlərin dəyişilməsini istəyirik. Milli Məclis elə bir qurumdu ki, orda sadəcə oturub lazım gələndə barmağını düyməyə basmaq yox, aktiv şəkildə müzakirələrə qatılaraq, qəbul olunan qərarların daha da yaxşılaşmasına çalışmaq lazımdır. Qanunların yaxşılaşması ilə bizim həyatımız yaxşılaşa bilər. Mən bilmirəm, bəlkə də indi Milli Məclisdə oturan insanlar bunun əhəmiyyətini o qədər də dərk eləmirlər. Biz isə düşünürük və “125-lər”də birləşən insanları bir araya gətirən dəyərlər də ondan ibarətdi ki, qanunvericilik sahəsində, məhz bizim indi yer aldığımız sektordan gələn insanlar dəyişiklik edə bilərlər. Çünki bütün fəaliyyətimiz və davranışlarımızla biz müxalifətik. Ona görə də, bu hakimiyyət bizi nə icra hakimiyyəti qoyası, nə də nazir təyin edəsidi ki, düşündüyümüz dəyişiklikləri orada həyata keçirək.
– Yəni siz özünüzü gerçək müxalifətçi hesab edirsiniz və parlamentə də müxalif platforma ilə gedirsiniz …
– Bəli, biz müxalif platformadayıq. Bizim “125-lər Siyasi Klub”u müxtəlif sahələrdə ekspert olan insanlardan ibarətdi. Məsələn, bu sırada media üzrə ekspertlər, hüquqşünaslar, xarici siyasəti yaxşı bilənlər, sosial sahəyə kifayət qədər bələd olanlar və s. var. Biz bu cür insanları bir araya gətirmişik və özümüzü də Milli Məclisdə görürük. Bu yöndəki əsas hədəfimiz isə, həmin dəyişiklikləri edə bilməyə, dövlətimizin möhkəmlənməsinə, xalqımızın sosial rifah halının yaxşılaşmasına yönəlib.
– Günel xanım, dediniz ki, 2014-cü ildə qərar verdim və “125-lər klub”una gəldim. Siz gələndə klub artıq var idi, yoxsa onun təsisçilərindən biri də sizsiniz?
– Mən klubun təsisçilərindən biriyəm. Amma bu klubun yaradılması ideyası məndən əvvəl var idi. Yəni, bu ideya, klubun əsas təsisçilərinin müzakirəsindən sonra mənimlə də müzakirə olunub. Bilirsinizmi, mən ictimai sferada siyasi mənsubiyyətindən asılı olmayaraq bütün gənclərlə işləmişəm. Mənə kluba qoşulmaq təklifi gələndə, bu ideya digər siyasi partiyaların siyahısına düşməkdən daha cazib görsəndi. Birincisi, bizim partiya bağlılığımız yoxdu, ikincisi də müəyyən dəyərlərə münasibətdə çox oxşar adamlarıq. Artıq dediyim kimi məndən əvvəl bu ideya bir neçə nəfər arasında müzakirə olunmuşdu və mən təsisçilik məsələsinə prosesin gedişində qoşuldum.
– Yəni belə demək mümkündümü ki, “125”-lər gürçək müxalif platformada dayanan insanlar toplusudu?
– Bəli, daha doğrusu, bu cür hesab eləmək olar. Baxın, bəlkə də indi mənim deyəcəklərim hansısa müxalif qüvvənin və ya, lap elə iqtidarın da xətrinə dəyə bilər. Amma mən sizə deyim ki, Azərbaycan cəmiyyətində siyasətə baxanda, mən həmişə iki rəng görmüşəm – ağ və qara. Özü də inana bilərsiniz ki, mənim bu siyasətə həm nəzəri, həm akademik, həm də praktiki bucaqlar altından baxmaq imkanım olub. Bu ağ və qara rənglərin fonunda görsənən iqtidar bir tərəfə qalsın, müxalifət də həmişə çox radikal görsənib. Ayrıca iqtidarın özü isə heç bir islahata getməyən sistem formasında fəaliyyət göstərir.
– Bir az dəqiqləşdirək. Sizcə, iqtidar daha radikaldı, yoxsa müxalifət?
– Açığı mən bunları nə bir-birinə, nə də cəmiyyətə münasibətdə fərqləndirə bilmərəm. Hesab edirəm ki, istər iqtidar, istərsə də müxalifət hər iki sahədə kifayət qədər radikaldı. Amma məncə ortada bir rəng çatışmır, yəni, hər şey ağ və qara rəngdən ibarət deyil. Əminəm ki, həmin o ortada olan rənglər biz ola bilərik, daha doğrusu, bizik. Biz düşünürük ki, heç bir halda nə radikal müxalifət, nə də indiki şərtlərdə iqtidar ola bilərik. Biz Azərbaycan cəmiyyətini inkişafa aparan istənilən işdə və yolda varıq.
– “125-lər Siyasi Klubu”nun proqramı, nizamnaməsi varmı, yoxsa bu sadəcə ictimai əsaslarda yaranan birləşmədi?
Ardı var…
Söhbətləşdi:Sərdar Əlibəyli