Məhkəmə Xədicə İsmayılovanı şüşə qəfəsdə saxladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyeva sədrlik etdiyi prosesdə X.İsmayılovanın vəkili Fariz Namazlı bir sıra vəsatətlərlə çıxış edib.
F.Namazlı müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarılaraq vəkilin yanında əyləşdirilməsi, X.İsmayılova barədə cinayət işinə xitam verilməsi və həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun vəkili Yalçın İmanovun yenidən prosesə qaytarılması və işdə iştirakına icazə verilməsi, bir sıra şahid ifadələrinin sübutlar siyahısından çıxarılması, əlavə şahidlərin dindirilməsi, məhkəmə prosesində audio və videoçəkilş aparılmasna icazə verilməsi, zərərçəkən Tural Mustafayevin videomüracətinin sübutlar siyahısına daxil olunması barədə vəsatətlər qaldırıb. Lakin vəsatətlər təmin olunmayıb.
Bununla da məhkəmə prosesi başa çatıb. Məhkəmə baxışı avqustun 7-si saat 11-ə təyin olunub.