Hacı İbrahimdən: “Məndən artıq pul istəyirlər”

0
5

Hacı İbrahimdən: “Məndən artıq pul istəyirlər”

“Avesta Conserni” MMC-nin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmli rəhbərlik etdiyi şirkətin Azərbaycan Vergilər Nazirliyi və Bakı şəhər Vergilər Departamentini məhkəməyə verməsinə münasibət bildirib.

İş adamı Hacı İbrahim Nehrəmli Publika.az-a açıqlamasında deyib ki, Vergilər Nazirliyi onlardan vergidən artıq vəsait istəyir: “Bilirsiniz ki, biz “Xəzər adaları” ərazisində 36 hektar su sahəsini torpaqla doldurmuşuq. Hazırda da orada iş aparırıq”.

Hacı İbrahim dövlətdən rəsmi şəkildə müvafiq sənədləri alıb Vergilər Nazirliyi əməkdaşlarına təqdim etdiyini söyləyib: “Həmin sənəddə də göstərilir ki, biz ancaq 36 hektar torpağın vergisini ödəməliyik. Ancaq Vergilər Nazirliyi bizdən 36 hektar əvəzinə 500 hektarın vergisini istəyir. Bizdən su olan ərazilərin də vergisini istəyirlər. Ona görə də biz bu problemin aradan qaldırılması üçün məhkəməyə müraciət etmişik. Hətta, iş üzrə biz apelyasiyanı udmuşuq. Daha sonra onlar bizi Ali Məhkəməyə verib. İndi Ali Məhkəmə də işi yenidən apelyasiyaya geri qaytarıb ki, əgər burada qanunla vergi nəzərdə tutulmursa, o zaman sahibkar vergi verməməlidir. Hesab edirəm ki, Vergilər Nazirliyi bizdən qanunsuz olaraq əlavə pul tutub. Biz də ona görə Vergilər Nazirliyini məhkəməyə vermişik. Yəni, Vergilər Nazirliyi bizdən qeyri-qanuni bir qəpik pul ala bilməz. Qanunda nə vergidirsə, onu almalıdır. Vergilər 500 hektar ərazinin hamısından torpaq pulu tuturlar. Ancaq biz də onlara başa salmaq istəyirik ki, o ərazinin hamısı torpaq deyil, sudur. Torpaq yalnız 36 hektardır və biz də qanuna müvafiq həmin ərazinin vergisini ödəməliyik”.

LEAVE A REPLY