“Bu icra nümayandələrində heçmi vicdan yoxdur?”
Şəhid bacısı:“Nə yaxşı pul gələn ocağı tez görənlər bizim kimi ailələrin köməksiz vəziyyətdə qaldığını görmürlər?”
Qəzetimizin ötən sayında şəhid bacısı Nargilə xanım müraciət edərək, çox ağır yaşayış durumları ilə bağlı aidiyyatı qurumlardan kömək istəməsi barədə məlumat yaymışdıq. Biz də özümüzə borc bilib qəzetimizdə sözü gedən məsələni işıqlandırmışdıq. Dünən (22.07.2015) yenidən aidiyyatı qurumların kömək edib-etmədiklərini öyrənmək üçün sözü gedən məsələ ilə bağlı şəhid bacısı Nargilə xanımla əlaqə saxladıq.
Nargilə xanım qəzetimizin kollektivinə bu məsələni ictimaiyyətə çatdırdığı üçün dərin təşəkkürünü bildirdi. Daha sonra məsələ ilə bağlı suallarımızı cavablandırdı.
– Nargilə xanım, probleminizin “Millətim” qəzeti vasitəsi ilə işıqlandırılmasının sizə hansısa bir köməkliyi oldumu?
– Ay qardaş, oldu da sözdür… Hələ də gözlərimə inana bilmirəm, həqiqətən də bizim xalq xeyirxah xalqdır. Bir daha əmin oldum ki, insanlıq ölməyib, insanlıq yaşayır. Nə gizlədim, dəfələrlə özümü öldürmək istəmişəm, amma baxmışam bir tək oğluma, özümü zorla saxlamışam. Axı, mən ona Ağdam rayonunda şəhid olmuş qardaşım Əkrəmin adını qoymuşam. Sonra düşünmüşəm ki, qəbiristanlığın giriş qapısının ağzında dilənməli olsa da mən Əkrəmə görə yaşayacağam, onu yaşadacağam. Təki Allah bizə ikinci Əkrəmi çox görməsin.
-Kimlər sizinlə maraqlandı?
– Beşinci gün bir qara xarici maşın gəldi (maşın markalarını tanımadığına görə adını bilmədi, deyəsən qara rəngli Mercedes olub – E.B.) Bir nəfər idi, karobkada ərzaq gətirmişdi, gücü çatdığı qədər maddi yardım da etdi. Ondan sonra ər-arvad gəldilər, özləri də həci və həcixanım idilər, onlar da ərzaq gətirmişdilər, üstəlik mənə pul da verdilər. Bu ayın 22-si anamın il mərasiminə getmək üçün yolpulu. Daha sonra başqa üç nəfər cavan oğlan gəldi, pul yığıblar, dostlarının adından təqdim etdilər. Müqəddəs Ramazan bayramı münasibəti ilə bizim kimi köməksiz yoxsul ailəyə yardım etmək üçün. Bazar günü də bir xanım gəlib bizə baş çəkdi, yaşayış şəraitimizlə yaxından tanış oldu və həqiqətən ürək ağrıdıcı bir vəziyyətdə yaşadığımızı qeyd etdi. Gələnlərin heç biri adını demədi, hamısı – “Biz də allah bəndəsiyik, sizə köməyə gəlmişik. Çalışacağıq ki, tez-tez ziyarətinizə gələk, sizi köməksiz qoymayaq. Özümüzdən ağır durumda yaşayanlara köməklik göstərmək bizim vicdan borcumuzdur”-deyirdi. Bir tanımadığımız xanım da sosial yardımla bağlı problemimizin həll olunacağına söz verdi. Artıq ikinci gündən sosial yardımla bağlı sənədlərimizi hazırlamağa başlamışıq. Ümidvaram ki, bu məsələ də tez bir zamanda həll olunar. Köməyə gələnlərin çoxu bu xəbəri internetdə oxuyub xəbər tutduqlarını deyiblər. “Millətim” qəzeti vasitəsi ilə hər bir insana öz adımdan və ailəmiz adından təşəkkürümüzü bildiririk. Bütün əməyi keçən insanlara, internetdə məlumatın geniş yayımlanmasına köməklik göstərən hər bir şəxsə çox, çox sağ ol deyirik.
– Nargilə xanım, bəs kimlər ziyarətinizə gəlmədi?
– Qardaş, mənə bir şey maraqlıdır; bizə gələnlər, baş çəkənlər hamısı heç də imkanlı insanlar deyildi. Sadəcə insanlıq naminə gəldilər, bunu özlərinin vətəndaşlıq borcu bildilər. Bax, bu icra nümayandələrində heçmi vicdan yoxdur? Heç vicdanları sızlamırmı? O yeyib harınlamışlar, bahalı xarici maşınlarda gəzib bahalı villalarda yaşayanlar bizlərin şəhid olmuş qardaşlarının qanları naminə bu gün rahat yaşayırlar. Bəs nə yaxşı bir ayaqyolu tikib daşı daş üstə qoymamış icra hakimiyyəti öz nümayəndəsini göndərir? Bəs, nə yaxşı pul gələn ocağı tez görənlər bizim kimi ailələrin köməksiz vəziyyətdə qaldıqlarını görmürlər? Görürlər, əslində çox da yaxşı görürlər. Niyə görmürlər ki?! Sadəcə vicdanlarını susdurub görməzdən gəlirlər. Onların qəlbində vətənə sevgi yoxdur, etdikləri vətənə xidmət deyil, onların həyatda yalnız bir məqsədləri var: sərin kabinetlərdə oturub ciblərini doldurmaq.
Elvin Baycan
Dəyanət Babayev