“Siyasətdə olmağı düşünməmişəm”

0
1

“Siyasətdə olmağı düşünməmişəm”

Cəmil Həsənli:“Bu ölkədə biyan kötüyü haqqında qanun var, amma neft haqqında qanun yoxdu”

“Vəziyyət 3il, 5 il hətta bir il bundan əvvəlkindən daha repressivdi”

Cəmil Həsənli ilə ilk dəfə görüşdüm desəm, bir az yanlışlıq olar. Çünki, həbsdən sonra bir-iki dəfə ayaqüstü görüşüb hal-əhval tutmuşduq. Amma bu dəfəki görüşümüzün həm səbəbi fərqliydi, həm də hədəfdə son iki ilin, barəsində ən çox danışılan alimi, ziyalısı və siyasi xadimi ilə ətraflı, geniş, əhatəli müsahibə almaq var idi. Sağ olsun, elə ilk müraciətimə müsbət cavab verdi. Görüşdük, danışdıq, bu bizim aramızda ilk əsaslı tanışlıq görüşü idi. Açığı, onun barəsində fikir və düşüncələrim xeyli mənada dəyişdi, həm də müsbət mənada, çünki niyəsə onun böyük siyasətə daha sanballı gəlişi sayılan prezidentliyə namizədlik iddiasını heç doğru bulmamışdım. Görünür bu həm də zamanında Milli Şura ilə bağlı olan düşüncələrimdən qaynaqlanırdı. Axı, Cəmil müəllim həm də Milli Şuranın sədri olaraq namizədlik kürsüsünə oturmuşdu. Uzun sözün qısası, Cəmil Həsənlini özüm üçün yenidən kəşf etdim – doğru, dürüst, özünə hörmət edən, ölkəsinin, xalqının və millətinin taleyinə, dünəninə, bu gününə və sabahına biganə olmayan bir ziyali kimi.
Söhbətimizin bir hissəsi diktafondan kənar oldu, ancaq diktafonun yaddaşına yazıb cəmiyyətə təqdim etməyi vacib bildiyim hissəsi də var. Bir az gec oldu, gecikdi bu təqdimat. Ancaq belə hesab edirəm ki, Cəmil Həsənli ilə bu müsahibəmiz beş-üç günün gündəminə hesablanmayan və hələ uzun zamanlar üçün aktual olacaq bir müsahibədi. Geridə qalanına qiymət verməyi isə, sizin öhdənizə buraxıram, sayğıdəyər oxucular. Beləliklə, bu dəfəki müsahibim Cəmil Həsənlidi, beləcə titulsuz-filansız. Çünki titullar insanlara deyil,insanlar titullara yaraşıq verər. Bu mənada Cəmil müəllimin olan-olmayan bütün titullarını bir kənara qoyub, onun özünnən baş-başa olun, o qədər.

– Cəmil müəllim necəsiniz?

– Belə də, pis deyiləm, Azərbaycanda adam necə ola bilərsə eləyəm.

– Bu gün həm şəxsi, həm də siyasi mənada olduğunuz yerdən narahat deyilsiniz ki?

– Şəxsi mənada heç bir narahatçılığım yoxdu,yəni bu mənim həyat yolumdu və tutduğum yoldan da peşimanşılıq hissi keçirmirəm. Narahtçılıq o mənada var ki, bizim ölkədə müstəqil olmaqdan, siyasətin içində olmaqdan hakimiyyət dairələri təzyiq vasitəsi kimi istifadə edirlər. Və bu gün bu təzyiqlər mənim üzərimdə də var. Amma bunun özü də mənim üçün bir narahatçılıq mənbəyi deyil, mən bunu təbii qəbul edirəm.

– Milli Şura bir qurum kimi mövcuddu, amma bu bir konkret hədəfləri olan bir siyasi qurum deyil. Bu mənada demək olar ki, sizin siyasi təşkilatınız yox, özünüzün görünən tərəfdar kütləniz yox, basqılar da çox ağırdı. Bax belə bir şəraitdə Cəmil Həsənli nəyə ümid edir, nəyə güvənir?

– Yəqin ki, siz öz təşkilatınız yoxdu deyəndə siyasi partiya nəzərdə tutursunuz. Mən heç vaxt siyasi partiya yaratmaq fikrində olmamışam. Hətta düzünü desəm, heç siyasətdə olmağı da düşünməmişəm. Amma həyat elə gətirdi, proseslər elə getdi ki, mən bu prosesə cəlb olundum və Milli Şuranın seçki kampaniyasında vahid namizəd kimi iştirak etdim. Sonrakı dövrdə də dostlarımızla bərabər bu işi aparırıq. Amma indi siz deyirsiniz ki, siyasi təşkilatınız yoxdu, nəyə ümid eləyirsiniz? Bizim hədəfimiz yalnız bir şeydi, millətimizin haqqı və hüququ uğrunda iş görmək və bu yöndə nələrəsə nail olmaq. Bu istiqamətdə nə edə biləcəyiksə, ona da çalışırıq. Söhbət ondan getmir ki, bizim etdiklərimiz hansısa ciddi və böyük dəyişikliklərə səbəb olacaq, yaxud da olmayacaq. Birincisi, mənim nəzərimcə olacaq, ikincisi də olmayacaqsa belə, adam gərək öz keçmişinə baxa bilsin və öz keçmişinə baxanda utanmasın. Sadəcə olaraq, başını aşağı, qollarını da yana salıb hər şeyə göz yummaq olar. Amma bəlli bir dövrdən sonra adam öz uşaqlarının gözünə baxa bilmir. Çünki, birdən soruşa bilərlər ki, siz bu rəzaləti gördünüz niyə etiraz etmədiniz? Cəmiyyətin içərisində bir etiraz hissi olmalıdır. Fərqi yoxdu ki, bunu cəmiyyətin böyük çoxluğu eləyir, yaxud da cəmiyyətin içərisində ayrı-ayrı fərdlər. Sizdən fərqli olaraq mən hesab edirəm ki, Milli Şura kifayət qədər nüfuzlu adamların toplandığı qurumdu və onun fəaliyyəti fərdlər üzərində qurulub və partiyalaşmaq fikri də yoxdu. Amma bu fərdlər ictimai rəyə kifayət qədər təsir etmə imkanları olan adamlardı. Məsələn, elə adamlardan biri deyək ki elə Rüstəm İbrahimbəyovdu, Kamil Vəli Nərimanoğludu, sənətdə, ədəbiyyatda, publisistikada çox böyük rolu olan dostlarımız da var orda. Bu qurumda təmsil olunan 10 nəfərdən çox professor var. Deyə bilərsinizmi bu gün hansı partiyada bu qədər sayda professor var? Bunların hamısı Milli Şurada toplanıb. Siz də bilirsiniz ki, siyasi partiyanın quruluş prinsipi ayrıdı və birmənalı şəkildə kütləviliyə söykənməlidi. Milli Şura isə sırf intellektual göstəricilər üzərində qurulub. Məsələn, sizin dostunuz Qurban Məmmədov. O, kifayət qədər intellektə sahib olan bir adamdı, həm də böyük mübarizə təcrübəsi var. Qurban bəy hələ ötən əsrin 80-ci illərində başlanan proseslərin içərisindədi, çox ağır mübarizə yolu keçib, təzyiqlərə məruz qalıb. Dəfələrlə həbs olunub və hər dəfə də nahaqdan həbs olunub. Amma o da bu gün özünü harada tapdı – Milli Şurada. Yəni Qurban kimi adamların, yaxud da bir az əvvəl adını çəkdiyim və cəkə bilmədiyim bir sıra dostlarımızın cəmiyyətə təsir imkanları böyükdü. Ona görə də Milli Şuranı partiya ilə müqayisə etmək doğru deyil.

– Mən Milli Şuranın nüfuzunu şübhə altına alacaq heç nə demədim, ancaq gəlin məsələyə bir az ayrı yöndən baxaq. Siz artıq prezidentliyə namizəd kimi siyasi proseslərin önünə çıxmış bir adamsınız. Bundan sonraya da yəqin ki, hədəfləriniz dəyişməyib, ancaq təmsil olunduğunuz və başında dayandığınız qurumun, ən nüfuzlu şəxsləri ora toplasanız belə, siyasi hədəfləri yoxdusa, bax bu iki bir-birinə zidd vacib məsələni necə bir arada tuta bilirsiniz? Həm də Milli Şurada konkret hədəfləri olan siyasi partiyalar və onların rəhbərləri təmsil olunurlar.

– Birinci onu sizə deyim ki, söhbət məndən gedirsə, hətta prezident seçkilərinin ən qızğın vaxtında da deyirdim ki, siyasət mənim həyatımın yalnız bir hissəsidi, hamısı deyil. Özü də çox kiçik bir hissəsdi. Və mən bütövlükdə siysətin içərisində deyiləm. Amma o şeyləri ki mən edirəm, bunlar bir ziyalının edə biləcəyi şeylərdi. Nə vaxtdan nahaqdan həbs olunmuş bir və ya bir neçə insanı müdafiə eləmək siyasət olub? Bu bir vicdan məsələsi, bir mövqe nümayişidi. Bu gün Azərbaycanda yüz nəfər civarında siyasi məhbus var. Əgər kimsə hesab edirsə ki, bunları müdafiə etmək bir siyasət məsələsidi, çox böyük yalnışa yol verir, çox ciddi şəkildə səhv edir. Bunları müdafiə etmək adamın, fərdin özünə hörmət məsələsidi, vətəndaşlıq mövqeyi, ziyalılıq, haqsızlığa, ədalətsizliyə etiraz etmək məsələsidi. Öz millətinin haqqını tələb etmək, islahat çağırışları ilə çıxış etmək nə vaxtdan siyasət olub? Mən bu siyahını uzada da bilərəm, bütün bunlar daha çox bir ziyalının görəcəyi işlərdi, nəinki bir siyasətçinin. Ona görə də mən öz missiyamı bir siyasətçi olmaqdan daha çox, bir ziyalı olmaqda görürəm. Və inanın mənə, biz bu həyatda yaşayırıq, bu ölkədəki haqsızlıqları görürük, biz bu korrupsiyanın, rüşvətin tüğyan etdiyini, biz Azərbaycan xalqının bu vəziyyətə salınmasını görürük. Və bunları görə-görə kifayət qədər namuslu insanların, məsələn, Tofiq kimi, Anar kimi, İntiqam kimi, İlqar kimi, Leyla və Xədicə kimi, Seymur Həzi kimi, bir hissəsi də mənim tələbələrim olan gənclər kimi adamların həbs olunduqlarını görürük və bilirik. Bunları müdafiə etmək siyasi mövqedən daha çox, vətəndaşlıq mövqeyinə bağlı məsələdi. Milli Şura da mən hesab edirəm ki, bu məsələdə öndə gedir. O ki qaldı sizin “Milli Şuranın hədəfləri yoxdu” deməyinizə, məlumunuz olsun ki, Milli Şuranın proqramı, nizamnaməsi var. Həmin sənədlərdə hədəflər də müəyyən olunub, gediləcək yol da göstərilib. Təşkilatı strukturla bağlı məsələlər də nizamnamədə qeyd olunub. Amma bilirsinizmi mən ona tərəfdar deyiləm ki, yaşadığımız canlı həyatda hər şeyi gətirib proqram prinsiplərinə bağlayasan. Sadəcə iş görmək, qabağa getmək, mövqe nümayiş etdirmək, xalqın etiqadını qazanmaq lazımdır.

– Məni sizinlə görüşməyə gətirən də sizin vətəndaşlıq mövqeyiniz, barəsində danışdığımız bütün məsələlərə bu qədər canıyananlıqla və səbrlə yanaşmağınızdı. Bunu bilmənizi istəyirəm. Amma yenə də deyirəm, baxın son illərdə mən ümumiyyətlə mitinqlərə getmirdim, son iki mitinqə getdim. Mənə çoxqəribə gəlir ki, Cəmil Həsənlinin mitinq tribunasından sərgilədiyi mövqe və ritorika cəmiyyətin yaxşı tanıdığı iddialı partiya sədrlərindən qat-qat sərt və amansız görünür. Bunu nəylə izah edirsiniz?

– Mən həyatda həmişə, yəni özümü tanıyandan bəri, cəmiyyətin tam hüquqlu bir zərrəciyi olaraq düşündüyümü deməyə çalışmışam. Mən 10 il parlamentin üzvü olmuşam və bu müddət ərzində orda elə şeylər demişəm ki, heç vaxt o tribunadan elə fikirlər səslənməyib. Orada müəyyən partiya sədrləri, təşkilat nümayəndələri də olublar, onlar da öz növbəsində müəyyən şeylər deyiblər və mən bunu da inkar eləmirəm. Amma bununla bərabər, mən millət vəkilliyi müddətimin bir hissəsini AXCP-nin üzvü olaraq partiyalı, bir hissəsini isə müstəqil deputat kimi fəaliyyət göstərmişəm. Hamı elə bilirdi ki, mənim müstəqil deputat kimi fəaliyyət göstərməyə qərar verməyim hakimiyyətin tərəfinə keçməyimlə bağlıdır. Amma hamı gördü ki, bu belə deyil. Sadəcə olaraq həmin dövrdə mənim çıxışlarım elə idi ki, onları televiziyada verməyə belə qorxurdular. Tutalım ki, mən parlament tribunasından hələ çox-çox illər qabaq dedim ki, ölkədə ayaq açan bu korrupsiya barədə prezident İlham Əliyev öz mövqeyini bildirməlidi. Yəni mən bunu hansısa qəzetə müsahibə formasında deməmişəm ee, dövlətin rəsmi tribunasından demişəm. Ayrıca bizi çox narahat eləyən Qarabağ məsələsi ilə, neft siyasəti ilə də bağlı parlamentdə ciddi çıxışlarım olub. Baxın, bu ölkədə biyan kötüyü haqqında qanun var, amma neft haqqında qanun yoxdu. Mən tək deputat olmuşam ki, həmin 10 il müddətində hər il iki dəfə payız və yaz sessiyasında neft haqqında qanunun qəbul olunmasını tələb eləmişəm. Hətta mənim tələbimlə bu qanunun hazırlanması barədə açıqlama da verilib. Amma eyni zamanda da son anda bu qanunun qəbulunu lazım bilmədilər. Çünki neft haqqında qanun olanda neftin hüquqi siyasəti, daha doğrusu onun kimə məxsus olduğu məlum olur. Bu gün isə Azərbaycan nefti Azərbaycan xalqından başqa hamıya məxsusdu. Amma qanun olsaydı, orada bənd-bənd neftin hüquqi və mülkiyyət statusu yazılmalıydı. Sizin mitinqlərdə olunan çıxışlarla bağlı sualınıza gəlincə isə, indi hər adam öz düşündüklərini deyə bilmir. Yəni vəziyyət 3il,5 il hətta bir il bundan əvvəlkindən daha repressivdi. Tutaq ki, 10 il bundan əvvəlki vəziyyət isə indiki ilə ümumiyyətlə müqayisə etmək mümkün deyil. Bir sözlə bu gün sırf repressiv metodlara söykənən bir rejim yaranıb.

– Demək istəyirsiniz ki, tribunada sizinlə yanaşı duran liderlər düşündüklərini deyə bilmirlər, ya da deməkdən çəkinirlər?

Ardı var…
Söhbətləşdi: Sərdar Əlibəyli

LEAVE A REPLY