Qulliverin XVIII əsrdən XXI əsrə qədər səyahəti…

0
5

Elvin Baycan

Qulliverin XVIII əsrdən XXI əsrə qədər səyahəti…

XVIII əsrin görkəmli yazıçısı Conatan Sviftin (1667-1745) “Qulliverin səyahəti” romanı haqqında bir neçə söz…

Məlumdur ki, insanın insan tərəfindən əzilməsi, zəhmətkeşlərin dilənçi kökünə salınması, pulun məhvedici hakimiyyəti təkcə Sviftin o dövrdə yaşayıb-yaratdığı İngiltərədə deyil, hələ indi də bütün dünyada mövcuddur. Buna görə də, Sviftin satirasının əhəmiyyəti çox böyükdür. O dövrdə heç bir yazıçının yazdıqları Sviftin yazdıqları qədər ifşaedici qüvvəyə malik deyildi. Bu baradə Maksim Qorkinin çox qiymətli fikirləri var:
“Conatan Svift bütün Avropada təkdir, amma Avropa Burjuaziyası elə güman edirdi ki, onun satirası təkcə İngiltərəni qamçılayır”. Nədənsə “Qulliverin Səyahəti” romanı əsasında çəkilən filmə həmişə yarımçıq baxmışam, tərslikdən heç vaxt bu filmə sona qədər baxmaq mənə qismət olmayıb. Uşaqlıq dövrümüzdə “Qulliverin Səyahəti” filmini əyləncə kimi qəbul edirdik, amma böyüdükdən sonra, romanı oxuyub məzmunuyla tanış olduqdan sonra onun nəyə qadir olduğunu başa düşdüm. “Qulliverin səyahəti” kitabının əlimə keçməsinin isə maraqlı bir tarixçəsi var. Bir gün təsadüfən bir yoldaşın evinə qonaq getmişdim, evdə diqqətimi bir kisəyə yığılmış kitablar cəlb etdi. Ev sahibi maraqlandığımı görüb, istədiyim kitabı götürə biləcəyimi dedi. İlk əlimə keçən Sabir Rüstəmxanlının kitabı olsa da, onu bir göz qırpımında bir kənara vızıldatdım. Əlimə üz qabığı korlanmış bir kitab keçdi və nədənsə diqqətimi cəlb edən də məhz bu oldu. Kitabı vərəqləyəndə onun 1957-ci ildə nəşr olunmuş “Qulliverin Səyahəti” romanı olması məni çox sevindirdi. Axı mən bu satirik roman əsasında çəkilmiş filmə hələ axıra qədər baxa bilməmişdim. İndi isə bu əsərin orijinalı məndəydi. Elə həmin gün kitabı dörd gözlə oxumağa başladım. Əvvəlcə köhnə adətimə uyğun olaraq, kitabı sağa-sola vərəqləyib göz gəzdirirdim. İlk diqqətimi cəlb edən kitabın son səhifələrində qələmlə yazılan qısa şərhlər oldu. Yazılanları olduğu kimi qeyd edirəm: Oxudum qutardım. Çox yaxşı kitabdır. 25.02.74 cü il. Oxudum qutardım çox yaxşı kitabdır. Alın oxuyun. Bu kitabı mən 12.02-77 ildə oxudum qutardım. S. Ş 8-ci sinif.
Bu şərhləri oxuyandan sonra bir müddət düşünməli oldum. Hələ 1970-ci illərdə Qazax rayonunun kitabxanasından 8-ci sinif şagirdlərinin dərsdən kənar kitabı götürüb oxuması, oxuyub bitirdikdən sonra roman haqda öz fikirlərini şərh etmələri, üstəlik insanları kitab oxumağa səsləmələri məni heyrətləndirdi. Şagirdlərin şərhlərini oxuduqca, elə hey fikirləşirdim ki, bəs bu gün (2012-ci il) niyə 8-ci sinif şagirdləri insanları kitab oxumağa səsləmirlər? Belə şagirdlər indi varsalar da, niyə belə azdılar?
“Qulliverin səyahəti” və müasir Azərbaycan
Günlərin bir günü dostum Ziya Zöhrabla Nərimanov parkında İstanbul adlı kafedə pivə içirdik. Elə bu ərəfədə əlində kitablar olan bir şəxs müştərilər oturan stolların ətrafında dövrə vura – vura kitabları satdığını deyirdi, Bizim stola yaxınlaşanda mən “Ovod” kitabını istədim, amma o kitabdan yoxuydu. Yoldaş Ziya Deyl Karneginin “Dostları Necə Qazanmalı? İnsanlara Necə Təsir Etməli?” kitabını aldı. Necə oldusa, Conatan Sviftin “Qulliverin Səyahəti” romanından söz düşdü, kitab satan şəxs bizim oturduğumuz stolun digər 70 stoldan fərqli olduğunu görüb, bir qədər həmsöhbət olmaq istədi. Dedim: “Svift “Qulliverin Səyahəti” romanını 1700-ci illərdə yazsa da, ancaq sanki bizim bugünki günümüz və bugünki quruluş haqqında yazıb”. Kitab satan mat-məətəl bizə baxaraq dedi ki, “Yəni biz İngiltərədən üç yüz il geri qalmışıq?” Dedim: “Hə qardaş, nə az, nə çox düz üç yüz il geri qalmışıq. Svift “Qulliverin Səyahəti” romanını XVIII əsrdə yazsa da, ancaq sanki bugünki Azərbaycanı təsvir edib”… Yeri gəlmişkən, “Qulliverin səyahəti”ndə maraqlı bir məqam var, istəyirəm onu sizinlə paylaşım. Müəllif Laqado şəhərindəki böyük akademiyanı təsvir edir: Professorların məşğul olduqları elm və incəsənət… Akademiya, satın alınıb onun işləri üçün uyğun bir hala salınmış və küçənin hər iki tərəfindəki tərk edilmiş bir neçə evdə yerləşirdi. Yanına getdiyim ilk alim üzünü və əllərini his basmış arıq bir adam idi. Bu alim səkkiz il idi ki, xiyardan günəş şüaları almaq layihəsini hazırlayırdı. Orada mən başqa bir alimə də rast gəldim ki, o buzu şiddətli odda qızdırmaqla, onu barıta çevirməyə çalışırdı. Orada ev tikmək üçün yeni üsul icad etmiş olan ixtiraçı bir memar da var idi. Onun fikrinə görə, ev damından tikilməyə başlanıb, özülündə qurtarmalı idi. O, ən ağıllı həşarat olan arı və hörümçəyin yuva tikmək üsulunu göstərib, özünün haqlı olduğunu sübut edirdi. Həmən akademiyanın beş yüz otağı olduğundan oxucuları yormaq istəmədim. Svift burda bildirmək istəyir ki, bəzi insanlar otuz – əlli il hakimiyyətdə oturmalarına baxmayaraq, boş-boş danışıb yalan vədlərlə xalqı aldatmaqla məşğuldurlar, eləcə də bizim akademiyalarımız bu vəziyyətdədir. “Qulliverin səyahəti” kitabını oxuyanda vəziyyətimizin necə ağır olduğunu bir daha dərk etdim… Qazax rayonunun 8-ci sinif şagirdlərindən fərqli olaraq, mən bu roman haqqındakı fikirlərimi daha geniş şəkildə sizlərə çatdırmaq istədim. Sonda bir onu deyə bilərəm ki, mütaliəyə həvəsi olan hər kəs bu kitabı oxumalıdır.

LEAVE A REPLY