Xətai rayonunda “yaşıl soyqırım” başlayıb…
Bir neçə ay öncə Xətai rayonu Məhəmməd Hadi küçəsi 43 ünvanında yerləşən binanın qarşısındakı yaşıllığa naməlum şəxslərin hücum çəkməsindən yazmışdıq. Yaxşı ki, binanın sakinləri yaşıllıq qənimlərinin qarşısını almış, illər ərzində ərsəyə gətirilmiş ağacların soyqırımını dəf etməyə nail olmuşdular. Sakinlərin ciddi etirazına şahidlik etmiş Xətai rayonu icra hakimiyyəti əraziyə təcilli xəbərdarlıq lövhələri vurub: “Burada Xətai rayonu İcra Hakimiyyəti tərəfindən abadlıq işləri aparılacaq” yazmaqla narazı sakinləri sakitləşdirə bilmişdi.
Bina sakinlərinin narazılığı əsassız deyil. Belə ki, illər uzunu ağaclar əkib, qulluq edib və ətrafında azyaşlıların istirahəti üçün öz vəsaitləri hesabına əyləncə məkanı yarada biliblər. Həqiqətən, sözün əsil mənasında gözəllik yaradılıb. Sakinlərinin verdiyi məlumata görə naməlum işbazlar həmin ərazidə iki “göydələn” inşa etməyi planlaşdırıb. Əgər plan baş tutarsa həmin ərazidə elə bir sıxlıq yaranar ki, insanların hərəkətinə belə problem yaranar.
“Millətim” qəzetinin ötən sayında yenidən həmin məhəllədə yaranan problem haqqında geniş yazı vermişdik. Bu dəqiqələrdə sakinlərdən aldığımız məlumata görə həmin ərazinin bir hissəsi artıq hasarlanıb. Sakinlərin etirazına baxmayaraq yaşıllıq qənimləri buna nail olublar. Bu da o deməkdir ki, min bir zəhmət bahasına ərsəyə gətirilmiş gözəl yaşıllığın artıq sonu yaxınlaşıb. Şoran torpaqlarda görüntü yaratmaq naminə ağac əkdirənlərin şəhərin mərkəzində olan yaşıllıqları məhv etmələri başa düşülən deyil.
Biz bütün vicdanlı həmkarlarmızı M.Hadi 43 ünvanında baş verən bu qanunsuzluğu işıqlandırmağa çağırırıq. Həmçinin Xətai rayonundan Milli Məclisə seçilmiş deputatlarımızdan da bu məsələni nəzarətə götürməyi xahiş edirik.
Murad