“Burda başqa bir əl də işləyir ki, insanları hakimiyyətə qarşı qaldırsın”

0
4

“Burda başqa bir əl də işləyir ki, insanları hakimiyyətə qarşı qaldırsın”

Rüstəm Behrudi :“Azərbaycan hökuməti özündə güc tapmalıdı və gedib Qarabağı almalıdı”

“Rus sənin düşmənindi. Düşmənə bel bağlayıb, sənə xeyir gətirəcək nəsə gözləmək böyük yalnışdı”

(Əvvəli ötən saymızda)

Rüstəm Behrudinin geniş oxucu kütləsinə xüsusi olaraq təqdim olunmasına elə bir ehtiyac yoxdu. Onun oxucularının sayı bizim düşündüyümüzdən, oxunma arealı da bizim təsəvvür edə biləcəyimizdən çox genişdi. Bu arada, bəlkə də, iki ili aşqın bir müddətdə, gah mənim azadlıqda olmamağım səbəbindən, gah da, onu son vaxtlar çox narahat eləyən səhhəti üzündən görüşə bilməmişdik. Həm də bu baxımdan, indiki görüşümüzün ayrı bir mənası və ayrı bir havası var idi, elə ikimiz üçün də. Açığını deyim ki, üzüldüm, Rüstəm bəy bu iki ildə əməlli-başlı qocalıb, səhhətində də xeyli problemlərin olduğu adi gözlə sezilir. Əslində onun halı elə sosial şəbəkələrdə yazdıqlarından da anlaşıldığı kimi, məmləkətin və əhli-Azərbaycanın halıdı. Şair üçün bu aralar doğrudan çətin yaşanan dövrdü, buna səbəblər də “N” qədər. Elə onunla söhbətimizin diktafonun yaddaşına yazdığım və oxucularla paylaşmaq istədiyim hissəsində də, dövrdən, zamandan, zəmanədən və olacaqlardan danışmağa çalışmışıq. Amma buna nə qədər müyəssər ola bildiyimizi, Siz özünüz dəyərləndirin, əziz oxucular.
Beləliklə, bu dəfəki müsahibim XALQIN ŞAİRİ RÜSTƏM BEHRUDİDİ.

– Rüstəm Behrudi ümumiyyətlə indiki medianı necə dəyərləndirir? Təbii ki, indiki media bütün halları ilə azadlıq hərəkatı dövründən başlanğıcını götürüb gələn media deyil.

– Təbii ki, o medianı artıq ələbaxan media əvəz eləyib. Əlbəttə indi də Azərbaycandakı KİV iki yerə bölünüb. Bir tərəfdə iqtidarı, digər tərəfdə isə guya “müxalifəti” müdafiə eləyən mətbuat mövcuddu.

– Əslində bu bölgü simvolikdi və hər iki tərəf mahiyyətcə eynidi.

– Onu siz bilirsiniz, mən bilmirəm axı. Mən bu şeyləri o qədər də ayırd eləyə bilmirəm. Çünki mən jurnalist deyiləm, amma “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini əvvəl həmişə alıb oxuyardım. Amma son vaxtlar, tutaq ki, “Yeni Müsavat” qəzetini almıram. Amma yenə də internetdən bu qəzetin başlıqlarını nəzərdən keçirirəm, çünki o daha qəzet kimi mənim marağımı cəlb eləmir. Ancaq “Azadlq” qəzetini hələ də oxuyuram və yəqin bu da ona görədi ki, orda hələ məni təmin edən şeylər var. Ancaq mətbuat niyə bu günə düşdü sualına gəlicə, bunun da öz səbəbləri var. Çünki zəngin olan şəxslər, bəzi nazirlər, müəyyən qüvvələrə bağlı oliqarxlar hərəsi özünə bir qəzet, sayt açdı. Ancaq bütün bu muzdlu zümrədən kənarda qalan və əksəriyyəti də ləyaqətli qələm sahibi olan şəxslər bir də onda ayıldılar ki, muzdu mətbuata gedənlər hər şeyə nail olublar. Qismən də olsa, müxalifətin yanında qalan jurnalistər də həmin şeyləri qazandılar. Deməli, burdakı əvvəldən gələn tarazlıq da pozuldu. Bəs bu tarazlıq niyə pozuldu? Bunu da pul verib qəzet və sayt acan zənginlər elədi. Onlar bütövlükdə əllərində olan medianı, əsasən şəxsi və bir çox hallarda isə qrup maraqlarına işlətməklə medianı öz əsas missiyasından kənara çıxardılar. Əslində insan həyatı çox qısa bir zaman kəsiyidi və hər kəs də bu zaman kəsiyində mümkün qədər yaxşı, hətta əli çatarsa, dəbdəbəli həyat yaşamaq istəyir. Bayaq dediyim kənarda qalan jurnalistlər də bütün bunları görəndən sonra, məcbur olurlar ki, maska taxıb ya iqtidar, ya da müxalifət mətbuatında kimlərəsə xidmət eləsinlər. Ona görə də indi Azərbaycanda olan mətbuat bu gündədi. Bu səbəbdən çağdaş mətbuatda namuslu və ləyaqətli adamlar çox az qalıb. Mən indi demək istəmirəm ki, niyə bunlar ya müxalifəti təqdir eləmirlər, ya da niyə iqtidarı tənqid eləyirlər, yaxud da tərsinə. Bütün hallarda media orqanlarının işi budur ki, kimlərisə ya tənqid, ya da təqdir eləsin. Ancaq ortada bir həqiqət də var axı. Bax o həqiqətdən yapışıb lap iqtidarı mədh eləsin, yaxud da müxalifətin yanında olsun. Əgər doğrudan da mətbu orqanın yaxud da jurnalistin istinad nöqtəsi sağlamdısa və dedikləri həqiqətdisə, o zaman onlara kimsə irad tuta bilməz ki. Ancaq bunlar elə şeyləri müdafiə eləyirlər ki, sonradan bizim kimi oxucuların özlərinin o qəzeti müdafiə etməyə gücü çatmır. Mən o vaxtlar prezident Əbülfəz Elçibəyə deyirdim ki, sizin hakimiyyətdə hərdən elə şeylər baş verir ki, mən ən yaxın dostun kimi, səni müdafiə etmək gücündə ola bilmirəm. Çünki o qədər böyük səhvlər baş verirdi ki, məsələn, Hafiz Hacıyev kimi bir adamı gətirib nazir qoymaq, artıq sadəcə səhv yox, günahıydı. Inid mən “Yeni Müsavat” qəzeti, Rauf Arifoğlu və Cəmil Həsənli arasında gedən qovğanı, söz davasını izləyirəm. Şəxsən mən belə hesab eləyirəm ki, əlində bu boyda səlahiyyət olan bir qəzetin Cəmil Həsənliyə bu cür hücum eləməyi düzgün deyil. Həm də haqlı və ya haqsız olmasından asılı olmayaraq. Çünki Rauf Arifoğlunun əlində o boyda qəzet varkən, Cəmil Həsənlinin əlində heç nə yoxdur. Bax elə burdan da qəzetin tutduğu mövqe məlum olur. Tutaq ki, hələlik “Azadlıq” qəzeti haqqında mən bu sözləri deyə bilmirəm, ancaq günlərin bir günü belə bir situasiya ortaya çıxarsa, onu da deyə bilərəm.

– Orta məktəbdə tədris olunan ədəbiyyat kitablarına heç baxıbsınızmı?

– Arada olub, bir-ikisinə baxmışam. Çox qəribədir, nədən olduğunu bilmirəm, amma o dərsliklərdə mənim də bir-iki şeirim var.

– Doğrudan?

– Səhv etmirəmsə 10-11-ci siniflərin, bir də 5-ci sinfin ədəbiyyat dərsliklərində mənim şeirlərim var. Özü də hansı şeirlərim? “Vətən”, nə bilim “Tanrı dağına yol gedir” kimi şeirlərimi salıblar dərsliklərə. Amma yəqin ki, bir azdan onları da çıxardarlar.

– Rüstəm bəy, mənim soruşmaq istədiyim ayrı məsələdi. Tutaq ki, Nizami, Füzuli, Nəsimi 500-1000 il əvvəlin şairləridir. Ancaq bu arada o dönəmlərdən üzü bəri tanınan-tanınmayan, istedadlı-istedadsız, ortada olan-olmayan, yüzlərlə, minlərlə şairlərimiz olub, ancaq bunların heç birini nə cəmiyyət düz əməlli tanıyır, nə də adlarını çəkən var. Ta bir də, arada ötən əsrin əvvəlindən Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, ortalarından da Səməd Vurğun, Hüseyn Cavid və bir də müasirlərdən Anar, Elçin, Fikrət Qoca və s. var. Yəni, nə vaxta qədər Azərbaycanın orta və ali məktəblərində yalnız bu 5-10 nəfəri oxumaqla yetiniləcək? Bəs barəsində danışdığımmız, adı heç yerdə çəkilməyən yüzlərin, minlərin haqqında cəmiyyət nə zaman məlumat alacaq və bu xalqın övladları onları nə vaxt oxuyacaq?

– Mənə elə gəlir ki, məsələnin bu yönünü çox düzgün tutmusunuz. Doğrudan da çox haqlı bir məsələ qaldırırsınız. Mən də demirəm ki, adını çəkdiyiniz və çəkmədiyiniz şair və yazıçılarımızı unutmalıyıq. Təbii ki, bizim oxuduqlarımızın və oxutduqlarımızın içində Nizami də, Füzuli də, Xətai də və s. də olmalıdı. Məsələnin bu tərəfi mütləq və vaz keçilməz bir anlam daşıyır. Ancaq bunlar, indi sənin qaldırdığın məsələdə deyildiyi kimi, 11 il orta məktəb və 5-6 il də ali məktəb dərsliklərinin hamısını tutmamalıdı. Həqiqətən də bunlar öz dövrlərindən 500-1000 il keçmiş adamlardır. Bunların hamısını icmal şəklində verib şagird və tələbələri məlumatlandırmaq da olar. Və bu icmallar o şəkildə olmalıdır ki, ardınca tələbələrin də, şagirdlərin də onlarla maraqlanıb oxumaq həvəsi yaransın. Və mən hesab edirəm ki, indi ölkənin olan-qalan bütün kitabxanalarında, hətta şəxsi kitabxanaların demək olar ki, hamısında Nizamidən Səməd Vurğuna, Hüseyn Cavidə qədər olan bütün şair və yazıçıların cild-cild kitabları var. Yəni, marağı olanların, bu istəkdə bulunanların onları tapıb oxumaq problemi yoxdur. Mən həm də müəlliməm və müəllim kimi nə dediyimin və niyə dediyimin yaxşı fərqindəyəm. Ancaq artıq Azərbaycan üçün, bizim kütləvi oxucu kontingenti üçün itirilmiş sayılan, heç yerdə nə adı, nə də kitabları olmayan yazıçı və şairlərimizin sayı-hesabı yoxdur və bu bir millət, bir xalq üçün çox böyük itkidir. Bir müddət ötüb keçəcək və indi Azərbaycanda bu məmləkətin cağdaş dönəminin şair və yazıçıları da ölüb gedəcəklər. Yəni bu o deməkdir ki, bir neçə ildən sonra bizlərin də adı və yazıb- yaratdıqları unudulub gedəcək.

– Bəs elə isə niyə cağdaş Azərbaycan ədəbiyyatının incilərini yaradan, bütün halları ilə, yaxşı ya pis, istiqlalımızın carçıları olan, müstəqillik dönəminin ədəbiyyatını yaradan şair və yazıçıları millətin gələcəyinə sahib olacaq övladlarımıza tanıtmaq istəmirik?

– Mən demirəm ki, əski dönəmlərin, eləcə də sovet dövrünün ədəbiyyat adamlarını tamam unutduraq, müəyyən mənada onlar da olsun və yəqin ki, icmal şəklində də olsa, onlar cəmiyyətin oxuyan övladlarına tanıdılmalıdır. Ancaq bunlardan sonra da ortada böyük bir nəsil var və Azərbaycan ədəbiyyatının kasad bir ədəbiyyat olmadığı heç kəsə sirr deyil. Məsələn, o gün mən cavan bir uşağın Ramiz Rövşən haqqında bir yazısını oxudum. Indi kim nə deyir desin, amma Ramiz Rövşən son 100 ildə Azərbaycan ədəbiyyatına gələnlərin sırasında şair adlandırıla biləcək 3-5 adamdan biridir. Cəmiyyətin istər yaşlı, istərsə də cavan nəslinin qəbul edib-etməməsindən asılı olmayaraq, bu belədir.

– Hətta Rüstəm Behrudinin özü qəbul eləməsə belə?

– Əlbəttə, mən ayrı cür düşünsəm belə, bu faktdır ki, Ramiz Rövşən şairdir. Bu mövqedən çıxış edərək, mən üzümü cəmiyyətə və bu günün təhsil ocaqlarında oxunan ədəbiyyatı yazanlara tutub soruşuram ki, niyə Ramiz Rövşənin əsərləri bu dərsliklərdə yoxdur? Əgər bu adamın şeirlərini Azərbaycan cəmiyyətinin oxuyan hissəsinin yüzdə əllisi əzbər bilirsə, daha nə lazımdı ki, adamın yazdıqları həm də dərsliklərdə olsun, yaradıcılığı tədris olunsun. Bəs nə vaxt olacaq, bəlkə gözləyirlər ki, Ramiz Rövşən də ölsün sonra onun adı ədəbiyyata gətirilsin.

– Əgər Nizami azı 500 il ədəbiyyatda öndə gəlibsə, o zaman tutaq ki, Rüstəm Behrudinin 500, bəlkə də 1000 il bundan sonra o səviyyədə ədəbiyyata gətirilmə ehtimalı olar, bəlkə də daha çox…

– Ramiz Rövşənin gözəl bir şeiri var və o deyir ki, mənim hətta ulu Füzulinin də yanında durub heykələ dönmək həvəsim yoxdur. Əgər adam bu sözü deyirsə, demək onun şəxsi mənada dərsliklərə-filana düşmək ehtiyacı da yoxdu. Amma bu millətin, bu xalqın və böyük anlamda dövlətin Ramiz Rövşənin şeirlərini cağdaş nəslə məhz tədris vasitəsilə oxutmaq ehtiyacı var. Bir sözlə, siz bu məsələni çox gözəl tutmusunuz və mən də o fikirdəyəm ki, Azərbaycanın indi məktəblərdə oxunan ədəbiyyatı və bu ədəbiyyata münasibət qətiyyətlə dəyişməlidi.

– Sosial şəbəkələr kifayət qədər sanballı və cağdaş zamanı özündə əks etdirən ədəbi nümunələrlə doludu, hətta bəzən hamısını oxuyub çatdırmaq belə olmur. Sizcə, bu ədəbi nümunələrin və onları yaradanların, həm də milli dövləti baxımdan rasional şəkildə istifadəsi nə vaxt baş verəcək və bunun üçün neyləmək lazımdır?

– Bilirsinizmi, indiki ədəbi gəncliyin və indiki şair və yazıçıların bədbəxtliyi nədədir? Məsələn, niyə bir zaman gəldi ki, biz, yaxşı-pis tanına bildik. Tutaq ki, o vaxt bir ölkədə cəmi üç dənə ədəbiyyat dərgisi var idi: ”Azərbaycan” jurnalı, “Ulduz” jurnalı, bir də “Ədəbiyyat və incəsənət” qəzeti. Bu dərgilər bütün ölkə boyu yayılırdı və orada, hətta bircə şeiri çap olunan şairi də bütün Azərbaycan oxucusu tanıyırdı. Əslində sosial şəbəkələrin bu qədər genişlənməsi bir tərəfdən cağdaş dünyaya qovuşmanın və texniki tərəqqinin göstəricisidirsə, digər tərəfdən, dediyim kimi, bu gün küllən Azərbaycanda tanıdılması lazım və vacib olan adamlar üçün əslində bədbəxtlikdi. Ona görə ki, sosial şəbəkələr nə qədər çox yayılsa da, hələ də Azərbaycanda bundan rasional şəkildə istifadə edənlərin sayı olduqca məhduddur. Tutaq ki, orta və yaşlı nəsil ümumiyyətlə bu sistemi ya qəbul etmir, ya da artıq bunu qavramaq istəyində, ya da bacarığında deyil. Bu biri yandan da, Azərbaycanın ucqar əyalətlərində də sosial şəbəkələrə müdaxil olmaq faizi olduqca aşağı səviyyədədi. Mən hesab edirəm ki, indinin özündə də həmin o dərgilər daha çox ədəbi gəncliyin, cağdaş yazı-pozu adamlarının tanıtımı ilə daha çox məşğul olmalıdı. Əslində indiki ədəbi gəncliyin özü də, ya bilməyərəkdən, ya da yekəxanalıqdan dolayı bu dərgilərə üz tutmur. Və nəticə etibarilə, ancaq “facebook”da bu yazdı o bəyəndi, o yazdı bu bəyəndi prosesi gedir. Beləcə də zaman keçəcək və nəticədə bir-birindən başqa onları kimsə tanımayacaq. Yəni geniş oxucu kütlələrinə və ictimaiyyətə tanıtım bazası yoxdu. Belə götürəndə, indi istər sosial şəbəkələrdə olsun, istərsə də çap məhsulları şəklində ortaya çıxan o qədər “bezdarnı” ədəbi nümunələr və kitablar var ki, açığı bunları tanınmağından tanınmamağı yaxşıdı.

– Və nəhayət, siz şairlərin Allaha yaxın bəndələr olduğunu deyillər, özünüz də “şairlər Allahın yerdəki xəfiyyələridi” deyirsiniz. Allahın xəfiyyəsi Rüstəm Behrudi Azərbaycanın pozulmuş ərazi bütövlyü haqqında nə düşünür, bu günlərdə Çinin baş nazirinin BMT-yə Dağlıq Qarabağın müstəqilliyini de-yure tanıması haqqında müraciət etməsi xəbəri yayıldı. Yəni belə çıxır ki, biz burda istər hərbi, istər siyasi, istər diplomatik, istərsə də fiziki anlamda attdanıb-düşməkdəykən…

– Dünya başqa qərarlar qəbul eləyir…

– Yox, sadəcə düşmən yaxşı işləyir.

– Bütün hallarda əgər Çin baş nazir səviyyəsində məsələyə bu cür yanaşma sərgiləyibsə, bu çox təhlükəli bir şeydir.

– Bəs sizin öz intuisiyanız nə deyir? Azərbaycanın ərazi bütövlüyünün bərpası ümumiyyətlə mümkün olacaqmı?

– Açığı son vaxtlar məni çox ağrıdan bəzi məsələlər var. Mən həm də azərbaycançılıqdan daha çox, turançı-türkçü bir adamam. Bu gün məni Türkiyənin taleyi Qarabağın taleyindən daha çox narahat eləyir. Çünki təkcə Qarabağın yox, Azərbaycanın öz taleyi də Türkiyədən asılıdı. Kim nə deyir-desin bu belədi və zaman-zaman tarixi hadisələr də bunu sübut edib. Bu dəqiqə Türkiyə federallaşma təhlükəsi ilə üz-üzədi, Türkiyənin ərazisində ikinci bir kürd dövlətinin yaradılması təhlükəsi var. Və Türkiyənin özü sanki böyük bir məzarlığa oxşayır. Bu boyda təhlükələrin qarşısında bir adamın səsi çıxmır. Hətta mən MHP-nin başqanının və millət vəkillərinin çıxışlarını oxuyuram, elə bil ki, bunlar fil qulağında yatıblar və Türkiyəni kürdlərə buraxıb getmək istəyirlər. Məni də narahat eləyən budur. Indi Azərbaycanda keçirilən Avropa oyunlarının bir xeyri olacaq ki, bu balaca ölkəni – cırtdan dövləti bütün dünyada tanıyacaqlar. Kim nə deyir desin bu belədi, ancaq bu məsələdə bir belə təm-təraq və az qala məmləkətin taleyini bu oyunlara bağlamaq kimi yanaşma hardan qaynaqlanır, onu başa düşə bilmirəm. Təsəvvür edin ki, kütləvi halda respublikanın bütün idarə və müəssisələrində, hətta özəl təşkilatlarında camaatın maaşlarından kəsərək, guya bu oyunlara xərcləndiyini iddia edən xəbərlər dolaşır. Bu cür faktlarla və maaşından kəsilmiş adamlarla mən də rastlaşmışam. Bu millətə bu şəkildə təm-təraq düzəltmək mənə elə gəlir ki, cinayətdi, bütün hallarda hər nədisə, düzgün şey deyil. Azərbaycan hökumətinin sərəncamında kifayət qədər pul da var, imkan da var, dövlətin bu qədər sərvətləri var. O gün bir yerdə oxudum ki, son 20 ildə Azərbaycan hökumətinin kassasına 500 milyard dollar daxil olub. Bu ekspertlərin və mütəxəssislərin yazısıdı. Indi Azərbaycanın büdcəsi 20 milyard civarındadı və son 4-5 ilin büdcələrini, bir də bu oyunlarla bağlı çəkilən izafi xərcləri də toplayanda aşağı-yuxarı 100 milyard dollardan söhbət gedir. Bəs 400 milyard pul hanı? Demək istədiyim odur ki, Azərbaycan hökumətinin xalqı soyaraq bu tədbiri keçirməsinə ehtiyac yox idi. Kim nə deyir-desin, mən inana bilmirəm ki, İlham Əliyev bu cür tapşırıq verə. Ki, siz camaatın maaşından kəsin ki, biz burda belə böyük bir tədbir keçirək. Deməli burda başqa bir əl də işləyir ki, insanları hakimiyyətə qarşı qaldırsın. Bütün hallarda bu oyunlar-filan hamısı keçib gedəcək. O ki qaldı Qarabağ məsələsinə, bunun həllinin tək bir yolu var. Tutaq ki, ermənilər Xocalıda o boyda qətliam törətdilər və dünya buna nə dedi, nə kimi reaksiya verdi? Əslində heç nə demədi və heç kimin səsi də çıxmadı. Azərbaycan hökuməti özündə güc tapmalıdı və günlərin bir günü BMT-nin illərdi qəbul etdiyi 4 dənə qətnaməsini əldə rəhbər tutaraq, gedib Qarabağı almalıdı. Buna bizim dövlətimizin iradəsi də, ordumuzun gücü də çatar. Deməli biz, əslində oyun oynayırıq, dünya bizlə oynayır, biz də qanmadan dünya ilə. Bu yaxınlarda “Qarabağdakı azərbaycanlı uşaqları” barəsində bir yazı oxudum. Söhbət əlbəttə ki, orda ermənilərdən olan uşaqlardan gedirdi. Bu baxımdan psixoloji durumum xeyli pisləşmiş, əsəblərim gərilmişdi. Bu haqda çox yüksək səlahiyyət sahibi olan bir nəfərlə söhbətim oldu. O mənə dedi ki, biz indiki gücümüzlə bir həftəyə Qarabağı tam azad edə, bütün erməniləri də ordan qova bilərik, ordumuzun da buna yetəcək qədər potensialı var. Amma o sonda dedi ki, əgər biz bunu etsək, sonrası qaranlıq və təhlükəli ola bilər. Axı burada qorxulu nə ola bilər? Tutaq ki, erməni gəldi və Xocalını dağıtdı, millətimizi o cür barbarcasına qırdı, nə oldu ki? Bütün dünya bunun qarşısında susmadımı? Indi də sən get öz torpağını azad elə. Bir daha deyirəm ki, bu məsələnin bircə yolu var, o da ondan ibarətdi ki, Azərbaycanın prezidenti və bu işə məsul olan hamının, günlərin birində heç kimə baxmadan qərar verib torpaqları azad etməsidi. Sonrası nə olacaq, onu da görəcəyik. Yoxsa, belə çıxır ki, bundan sonra da 20-30 il gözləməliyik? Hər halda mən belə düşünürəm. Mən o zaman Heydər Əliyevlə görüşdə də demişdim ki, əsgəri girdiyi torpaqdan ancaq əsgər çıxara bilər. Indi də o fikrimdə qalıram və doğrudan da bunun başqa alternativi yoxdur. Yəni bu qədər qanlar tökülmüş bir yerdə sən sülhlə razılıq əldə eləyib, torpaqları azad eləyə bilməzsən. Bütün dünyada belə bir şey olmayıb. Baxın, az qala yarım əsrdi ki, bütün dünya İsrail-Fələstin problemini həll etməyə çalışır. Onları zaman-zaman bir masa ətrafına oturtsalar da, hər iki tərəf ordan qalxan kimi öz işləri ilə məşğul olur, İsrail öz işğalçı fəaliyyətini davam etdirir, Fələstin də bacardığı səviyyədə buna qarşı durmağa çalışır. Deməli dünya güclərinə, büynəlxalq təşkilatlara və güclü dövlətlərə arxayın olub biz bu problemi həll edə bilmərik. Elə indi özünüz dediniz ki, Çinin baş naziri nə cür bəyənat verib. Əgər, adətən belə problemlərə yanaşmada çox ehtiyatlı davranan Çin dövlətindən də bu cür bəyənatlar gəlirsə, demək dünyada çox qaranlıq işlər gedir, həm də bizim üçün çox təhlükəli işlərdi bunlar. Belə görünür ki, biz də bütün bu proseslərin arxasında dayanan rusa müti olub, onun nə edəcəyini gözləyirik. Amma zaman-zaman bir məsələ onlarca, yüzlərcə dəfə sübut olunub ki, rus sənin düşmənindi. Yəni düşmənə bel bağlayıb, sənə xeyir gətirəcək nəsə gözləmək böyük yalnışdı. Mən şeirlərimdən birində yazmışdım ki, gedək ölək, ya öldürək, birdəfəlik bitsin bu iş. Yəni, illər ötür və biz öz başımızın çarəsinə özümüz baxmalıyıq. Axı nə qədər təhqir olunmaq olar? Biz indi sadəcə öz başımızın altına yastıq qoymaqla məşğuluq, amma bunu da nə məqsədlə etdiyimizi bilmirəm.

Söhbətləşdi:Sərdar Əlibəyli

My Webpage

LEAVE A REPLY