“Biz həqiqəti söyləyəndə cəzalanırdıq”
Ramiz Tağıyev:“İqtidarın sırasında elə xəyanətkarlar var ki, nazir kürsüsündə əyləşib, hələlik ölkə büdcəsini sömürüb, sökməklə məşğuldur”
“Hüseyn Abdullayevin səhvləri çılğınlıqdan yaranır. O, heç bir zaman Azərbaycana xəyanət etməz”
(Əvvəli ötən saymızda)
I Avropa Oyunları uğurla başa çatdı. Ölkə bir müddət bayram əhval-ruhiyyəsində yaşadı. İdmançılarımızın hər zəfərindən qürur duyduq. Bütün bunlarla yanaşı ölkəmizə olan təzyiqlər dayanmadı. Avropa Şurası, ABŞ Dövlət Departamenti Azərbaycanın uğurlarına nəinki sevindilər, əksinə, ölkəmizdə keçirilən möhtəşəm tədbirin fonunda Azərbaycana qarayaxma kompaniyasını bir an belə olsun dayandırmadılar. Baş verənlərə Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyevin münasibətini öyrəndik. Müsahibənin oxucularımız üçün maraqlı olacağını düşünürük.
-İndi ortalığa keçmiş səfir Arif Məmmədov atılıb. Necə düşünürsünüz, jurnalist Eynulla Fətullayevin Arif Məmmədov barəsindində yazdıqları, onun iqtidarda təmsil olunan bəziləri tərəfindən himayə olunduğu həqiqətdirmi?
-Təəssüf ki, millətimizin nümayəndələri sırasında Arif Məmmədov kimi yaramazlar, xəyanətkarlar var. Əgər o, uzun illər diplomatik korpuslarda çalışmasaydı, söylədiklərinə təəccüblənməzdim. Adama neçə illərdir etimad göstərilib, yüksək vəzifələrə təyin edilib və o, bundan sözsüz ki, bəhrələnib. Mən, A.Məmmədovun atdığı addımı təsadüf hesab etmirəm. Belə təsadüflər olmur. Düşünürəm ki, o, həm Azərbaycanda, həm də bir sıra xarici təşkilatlarla məsləhətləşmə apardıqdan sonra xəyanətə imza atıb. Eynulla Fətullayevin onun barəsində apardığı araşdırmalara ciddi yanaşmaq lazımdır. Eynullanın məlumat bazası kifayət qədər zəngindir. Zaman-zaman qərəzli yazılara imza atsa da, onun kifayət qədər istedadlı jurnalist olduğunu qəbul edir, qələminə hörmətlə yanaşıram.
-Arif Məmmədovu himayə edənlərin sırasında bir sıra nüfuzlu həmyerlimizin də adı çəkilir…
-“Milyarderlə ittifaqı”nı görmədinizmi? Uzun illər ölkəmizin keyfini çıxarmış Abbas abbsovkimilər hədsiz çirkin oyunlara girişdilər. Elələri xəyanəti edir, planları baş tutmadıqda maskalarını dəyişib, özlərinə bəraət qazanmaq istəyir. Məndə olan məlumata görə Rüstəm İbrahimbəyov “peşka” kimi ortalığa atılıbmış. Rusiyanın Azərbaycanda prezident etmək istədiyi məhz A.Abbasov imiş. İndi də A.Məmmədov “peşka”dır. Arxasında ciddi fiqurların dayandığı şübhəsizdir.
-Necə olur ki, uzun illər ölkəmizdə hörmət görmüş şəxslər belə xəyanətə imza atır?
-Xəyanətkar birdən-birə yetişmir ki… Onların xislətində əvvəlcədən xainlik, hərislik, hər cür yaramazlıq olur. Yaltaqlıq isə onların əsil peşəsidir. A.Abbasovun Azərbaycandakı sifətini xatırlayırsınızmı? Özünü ən sədaqətli kimi təqdim edə bilmişdi. Pekin olimpiyadasında idmançımız uğur qazanan zaman cənab İlham Əliyevə xoş gəlsin deyə elə hönkürtüylə ağlayırdı. Süni idi ağlamağı. Bəlkə də, anası, dədəsi öləndə gözündən yaş çıxarmayıb. Mən inana bilmirəm ki, psevdovətənpərvər Abbas Bakıda keçirilən Avropa Oyunlarını izləyib, idmançılarımızın uğurlarına göz yaşı axıtsın.
“Müstəqilliyimizin, istiqlalımızın əleyhinə olan Abbasın sinəsinə istiqlal ordeni taxıldı. Yəqin, o, indi ona görə xəyanət edir ki, “Bəxt üzüyü”ndəki Söylünün təbirincə söyləsək, “Mayıf Qasımın sinəsi medal istəyir”
-A.Abbasovun, Arif Məmmədovun indiki iqtidarda himayədarları ola bilərmi?
-Şübhəsiz… Onlar mütləq himayə olunublar. Himayə olunmasaydı, A.Abbasov dövlətin ən yüksək fəxri adlarına, orden və medallarına layiq görülərdimi? O, zamanında müstəqillik haqqında Konstitutsiya aktına imza atmayan birisi olub. Heydər Əliyevə hörmət bəsləyən şəxs, təcrübəli dövlət xadimi, siyasət uzmanı olan H.Əliyevin imza atdığı sənədə mütləq imza atmalıydı. Müstəqilliyimizin, istiqlalımızın əleyhinə olan Abbasın sinəsinə istiqlal ordeni taxıldı. Yəqin, o, indi ona görə xəyanət edir ki, “Bəxt üzüyü”ndəki Söylünün təbirincə söyləsək, “Mayıf Qasımın sinəsi medal istəyir”. Burada ölkə rəhbərini günahlandırmaq düzgün olmazdı, xəyanətkarları qəhrəman kimi, işgüzar kimi təqdim edənlərin üzərindədi suç.
-Yəqin ki, Sizə təsir edir, müstəqilliyin əleyhinə olanlar zirvələrə qaldırılır, mükafatlara layiq görülür, siz və sizin kimi ölkəmizin müstəqilliyi uğrunda, müqəddəs torpaqlarımızın müdafiəsi naminə əvəzsiz xidmətlər göstərmiş şəxslər isə müxtəlif təhdidlərə, təqiblərə və hətta həbslərə məruz qalırsınız?
-Bizlərə ədalətsiz münasibət bəsləyənlər, zaman-zaman özləri də ədalətsizliklə üzləşirlər. Başqa cür ola bilməz. Əvvəl-axır haqq-ədalət qələbə çalır. Mənə münasibətə gəlincə, artıq öyrəncəliyəm. Mən, iqtidardan da, bir çox müxalifət nümayəndələrindən də eyni münasibəti görürəm. Məni iqtidar həbs etdirir və ənənəvi müxalifət isə həbsimə sevinir. İqtidarımızla ənənəvi müxalifətimizin mahiyyətcə fərqlənmədiyini düşünürəm. Heç biri haqlı iradı, tənqidi qəbul etmək istəmir. Bir müddət öncə söyləsəydik ki, iqtidar sırasında xəyanətkarlar var, üstümüzə hücum çəkəcəkdilər ki, yalan deyirsiniz, böhtan atırsınız. İndi də deyirəm, iqtidarın sırasında elə xəyanətkarlar var ki, nazir kürsüsündə əyləşib, hələlik ölkə büdcəsini sömürüb, sökməklə məşğuldur. Övladları çirkli pullarla konqresmenlərə ziyafət təşkil edib, yaxın gələcək üçün plan qururlar. Sağlıq olsun, yaşasaq, həmin xəyanətləri də görəcəyik. Ənənəvi müxalifətin isə xəyanət gündəlik fəaliyyət proqramına, yaşam tərzinə çevrilib.
-Necə düşünürsünüz, xəyanətlərin qarşısı necə alına bilər?
-Mətbuatın tam azadlığına nail olmaqla. Heç kim bundan çəkinməməli, əksinə, bu yöndə yardımı əsirgəməməlidir. Azad mətbuat ölkə iqtidarının fəaliyyətinə sözün əsil mənasında yardım edər, dəstək olar. İnan ki, çirkli işlərlə məşğul olanlar mətbuata basqı təşkil edirlər. İkincisi, qanunların aliliyinə hər kəsin hörmət bəsləməsi ilə. Bu günlərdə mətbuatda sabiq müdafiə naziri Rəhim Qazıyevin 30 ildən artıq yaşadığı mənzili özəlləşdirə bilməməsi barədə məlumata rast gəldim. Həqiqətən acınacaqlıdır. Nə üçün belə olmalıdır. Əvvəla, R.Qazıyev cinayət edibsə, cəzasını çəkib. İndi nə istəyirlər? Onun bu ölkədə yaşamaq hüququnu kim əlindən ala bilər? Digər tərəfdən, mən onu əvvəldən də cinayətkar hesab etməmişəm. Məni dəfələrlə necə cinayətkar ediblərsə, Rəhim bəyi də o cür cinayətkar etmişdilər. Əlbəttə, bizim də müəyyən səhvlərimiz olub, ancaq həmin səhvlərin cinayətə zərrə qədər aidiyyatı olmayıb. Əksinə, bir neçə dəfə Rəhim bəylə söhbətim olub, günahsız 13 il həbs cəzası çəkmiş insanın zərrə qədər də olsun iqtidara nifrəti, kini yoxdur. Tənqid etsə də, özünə tam bəraət qazanmaq üçün mübarizə aparsa da, kin-küdrət bəsləmir heç kimə. Hətta son prezident seçkilərindən öncə namizədlərin sırasında prezidentliyə ən layiqli olan namizəd kimi İlham Əliyevi qəbul etdiyini etiraf edirdi. İndi nə edək, R.Qazıyev yaltaqlıq, məddahlıq edə bilmir deyə, bu ölkədə yaşamaq haqqını əlindən alaq? Məni kimsə inandıra bilməz ki, ölkə prezidenti R.Qazıyevin mənzilinin özəlləşdirilməsi tapşırığını versin. Kimlərsə belə cılız addım atmaqla özlərinin yuxarılara sədaqətini nümayiş etdirmək istəyir. Qarşılıqlı nifrət, kin ölkənin gələcəyinə yaxşı heç nə vəd etmir. Ölkəmizə hücum çəkən düşmənlərin çoxluğunu nəzərə alıb, dövlət, millət sevən insanlar ölkədə vətəndaş sülhünün tam bərqərar olması naminə bir araya gəlməsi zəruridir. Bu, mənim arzumdur. Mənim Azərbaycan adlı Vətənimdə düşmən hesab etdiyim kimsə yoxdur. Əlbəttə, rəqabət ola bilər, ancaq ölkə içində düşmənçilik, ədavət, kin-küdrət toxumu səpənlərin xəyanətkardan başqa bir adı yoxdur. O cümlədən də A.Abbasov, A.Məmmədov kimi xaricilərə qucaq açıb, vətəni barəsində hədyanlar danışanların da bir adı var-Xəyanətkar.
-Ramiz bəy, sabiq millət vəkili Hüseyn Abdullayev (Quska-red), deyəsən sizin həmyerlinizdir. Axı, o da xaricdə oturub, ölkə iqtidarını sərt tənqid atəşinə tutmaqdadır…
-Bəli, Hüseyn Abdullayevlə həmyerliyik. Ancaq onu Abbas Abbasovla, Arif Məmmədovla eyniləşdirmək fikrindən çox uzağam. Əvvəla, Hüseyn siyasətçi deyil iş adamıdır və bəstəkardı. Təbiətcə çılğın olduğundan, haqsızlğı sakit qəbul etmir. Açıq söyləyim, mən elə o zaman Hüseynin digər millət vəkili Fəzail Ağamalıyla əlbəyaxa savaşından sonra onun sərt cəzalandırılmasının-həbs edilməsinin əleyhinə olmuşam. Adi bir insident idi. Nə bilim, bəlkə də mənim bilmədiyim başqa nələrsə olub ortalıqda…Ancaq bütün hallarda Hüseyn həbs olunmağı haqq etmirdi. Onun az xidməti olmayıb. Ölkə iqtidarına da, Vətənə də…
-Bilirik ki, qatı Heydər Əliyev tərəfdarı olub. Ancaq vətənə xidmətləri barədə məlumatımız yoxdur.
-1989-cu ildə Naxçıvanı qorumaq üçün könüllü müdafiə batalyonu yaratmışdım. Hüseyn birbaşa döyüşlərdə iştirak etməsə də, müdafiə işlərində yardımlar edirdi. Azərbaycanın bir çox döyüş bölgələrinə də yardımları olub. Belə işləri xatırlamamaq düzgün deyil.
-Söylənilənlərə görə bir zaman Hüseynlə aranızda insident yaranıb…
-Xırda bir anlaşılmazlıq olmuşdu. Yenə deyirəm, o zaman da onun çılğınlığından istifadə etmək istəyən qüvvələr var idi. Səhv etmirəmsə, 1989-cu il idi. Biz o zaman SSRİ imperiyasını ciddi narahat edən dəmiryolçuların tətilinə başlamışdıq. Hüseyn çılğınlıqdan yaranmış səhvini tez başa düşdü və o da mənim ən yaxınlarımdan biri oldu. O, sonradan Bakıya köçmüşdü və cəmi bir-iki dəfə görüşmüşdük. Açıq söyləyim, zamanında ona xeyli yaxşılıqlar etsəm də, çətin günlərimdə məni heç xatırlamadığına görə ürəyimdə bir inciklik var idi.
-İndi yoxdur?
-Qətiyyən! Mən, çətin günlərdə dostların və bütün insanların yanında olmağı sevirəm. Hüseyngil çox yaxşı ailədir. Onlarla çörək kəsmişəm. Çörək müqəddəsdir. Onlara qarşı edilən haqsızlıqları düzgün hesab etmirəm.
-Hansı haqsızlıqları nəzərdə tutursunuz?
-Hüseyn ciddi iş adamı olub. Ona məxsus xeyli əmlak var. Onlara hücum çəkilib, yerlə-yeksan edilməsini qanunsuz hesab edirəm. Xatırlayırsınızsa, mən “Dostluq” parkı yaxınlığında tikilmiş villaların da sökülməsinə mənfi münasibət bildirmişdim. Tikilmələri nə qədər qanunsuz olubsa, sökülmələri də bir o qədər qanunsuzdur. Bu, çox pis ənənədir. Mülkiyyət toxunulmazlığına hər an təhlükə törədə biləcək ənənə. Şəxsən mənim üçün belə təhlükə yoxdur. Nəyim var ki, nədən də ehtiyat edim. Qoy, onlarla villası, müxtəlif obyektləri olanlar narahat olsunlar. Çünki bu ənənə halını alacaqsa, uzun illər davam edəcək.
-Ölkə prezidenti qeyd etdi ki, həmin villaların tikilməsindən xəbəri olmayıb…
-Bunu normal qarşılayıram. Prezidentin saysız-hesabsız tikintilərdən xəbərinin olmaması təbii qarşılanmalıdır. Ancaq məsul şəxslər var ki, onların mütləq xəbəri olub. Mən, inana bilmirəm ki, sənədsiz-filansız o qədər villa tikilə bilərdi. Bax, həmin sənədlərə imza atanlar, qanunsuz tikililərə göz yumanlar cəzalandırılmalıdı. Bu barədə gedib Naxçıvanda Vasif Talıbovun təcrübəsindən öyrənsinlər. Bir dənə olsun qanunsuz, şəhər və hətta rayonların baş planına uyğun gəlməyən tikili yoxdur. Yoxsa milyonlarla pul xərclənir və sonradan bir andaca havaya sovrulur. Belə olmaz axı…
-Hüseyn Abdullayev bu gün müxalifətə dəstək verir. Bu, bir zamanlar təmsil olunduğu iqtidar komandasına xəyanət hesab oluna bilməz?
-Bildiyim odur ki, Hüseyn heç bir müxalifət partiyasının üzvü deyil. Mən bunu heç istəməzdimdə… Ənənəvi müxalifət digər imkanlı şəxslər kimi Hüseyndən də istifadə etməyə cəhd göstərir. İnanmıram ki, o, sadəlövhlük edib, perspektivsiz birilərinə yardım etsin. Birmənalı söyləyirəm, ənənəvi müxalifət liderləri o qədər kinli biriləridir ki, Hüseyn onlara yardım etsə belə, iqtidara gəlsələr onu bağışlamazlar. Əksinə, Hüseyn nə qədər çılğın olsa da, sədaqətli, prinsiplərinə xəyanət etməyən insandır. Düşünürəm ki, Hüseyn kimi insanların bəzi iqtidar yetkililəri bilərəkdən düşmən obrazını yaratmaq istəyib.
-Bəstəkar Hüseyn Abdullayevi necə, qəbul edirsinizmi?
-Onun bəstələrini çox xoşlayıram. Xüsusilə vətənpərvərlik ruhunda yazılmış bəstələri. Hətta bəzi nəğmələrin sözünü də özü yazıb. İndi siz mənə deyin ”Qurban olum Azərbaycan” deyən Hüseyn Abdullayev xəyanətkar ola bilərmi? Əlbəttə, yox! Mən, istəyərdim ki, o, Vətənə qayıtsın və ona şərait yaradılsın ki, iş adamı və bəstəkar kimi qurban olmaq istədiyi və torpağını müqəddəs hesab etdiyi Azərbaycan adlı Vətəninə yenə əlindən gələn xidməti göstərsin.
-Həmyerlinizi o qədər təriflədiniz, müdafiə etdiniz ki, indi biriləri başlayacaq ki, Hüseyn Abdullayev sizə yardım edib…
-Məni tanıyanaları belə şayiələrlə aldatmaq olmaz. Mən, təmənnalı xidmət göstərən olsaydım, ehtiyaclar içində yaşayardımmı? Bəli, Hüseyn əliaçıq, mərd insandır. Zamanında bir çox insana yardım edib. Çoxlarına sözün əsil mənasında həyat verib. Onun da deyəsən çörəyinin mənim çörəyimtək duzu olmadı. Çünki çörək verdiklərinin əksəriyyəti sonunda asi oldu. Sussaydılar barı, əksinə, barəsində ağızlarına gələn böhtanları yazdılar. Belələrinin haqsız əməllərinə göz yummaq çox çətindir. Ümumiyyətlə, indiki durumda ölkə iqtidarının H.Abdullayev kimi insanları düşmənə çevirməsinin tam əleyhinəyəm. Bu mənim mövqeyimdir. Kimin xoşlayıb, xoşlanmamasından asılı olmayaraq.
-Hüseyn Abdullayev sizə əməkdaşlıq təklifi etsə, qəbul edərsiniz?
Ardı var…
Söhbətləşdi: Nicat Sadiq