Azərbaycan hakimiyyəti təhlükəni hardan gözləməlidir?

0
5

Azərbaycan hakimiyyəti təhlükəni hardan gözləməlidir?

Azərbaycan hakimiyyətinin Qərb ölkələriylə münasibətləri getdikcə gərginləşir. İş o yerə çatıb ki, iqtidar nümayəndələri və hakimiyyətə yaxın mətbu orqanlar ABŞ və Avropanı ölkəmizdə dövlət çevrilişi hazırlamaqda ittiham edir, bir sıra qeyri-hökumət təşkilatının nümayəndələrini onların emissarları adlandırır, beynəlxalq qurumları üzvlükdən çıxacağımızla, siyasi oryentasiyamızı dəyişəcəyimizlə hədələyirlər.
Qərb də, bu hədələrə və basqılara cavabsız qalmır, Azərbaycan tərəfini bərk tənqid atəşinə tutur. Bu zamana qədər rəsmi Bakının ortaya qoyduğu sərt reaksiya qarşısında həmişə geri çəkilən Avropa qurumlarını indi “kürü” siyasətiylə də sakitləşdirmək mümkün deyil.
Qərbin öyrəşmədiyimiz bu tövrü, istər-istəməz, ağla “görəsən, hakimiyyət haqlıdırmı, Azərbaycanda həqiqətənmi çevriliş hazırlanır?” sualını gətirir.
Bu suala dəqiq cavab vermək imkanı və səlahiyyəti aidiyyəti qurumlarda olduğundan biz daha çox iddianın doğruluğunu qəbul edib, bu təqdirdə hansı metod və tədbirlərə əl atılacağı üzərində mülahizə yürütmək istərdik.
Bəribaşdan deyək ki, Qərbin iddia olunan hakimiyyət çevrilişini hansısa bir ovuc emissarlar vasitəsilə reallaşdıracağı haqqında mülahizələr əsla inandırıcı görünmür. İstər ötən illərdə bənzər ittihamlarla həbsə atılan “Nida” gənclər təşkilatının üzvləri, istər Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla Yunus və s. kimi hüquq müdafiəçiləri, istərsə də Milli Şuranın keçirdiyi bir neçə minlik etiraz aksiyaları dövlət çevrilişini reallaşdıracaq gücdə deyil. Ölkə polisi və digər hüquq-mühafizə orqanlarının ictimai stabilliyi tam nəzarət altında tutmaq imkanları, xalqın narazı kütləsinin susqunluğu, üzləşdiyi duruma qarşı passiv mübarizə metodlarına üstünlük verməsi zəif müqavimətlə böyük ideallara nail olmağı mümkünsüzləşdirir.
Üstəlik, sözügedən qeyri-hökumət təşkilatlarına xaricdən ayrılan maliyyə vəsaiti də bir çevrilişi həyata keçirmək yolunda olduqca gülünc rəqəm təsiri bağışlayır. Məsələn, hakimiyyətin iddiasına görə, 2013-cü ildə gənclərin “Əsgər ölümlərinə son!” şüarlarıyla keçirdikləri aksiyalara ABŞ tərəfindən 2 milyon dollar ayrılmışdır. Həmin məbləğlə, təbii ki, hər hansı bir ölkədə çevriliş etmək olmazdı, bunu Qərb bizdən də yaxşı anlayır. Odur ki, dünyanın müxtəlif guşələrində rəngli inqilablar çıxaran, bu təcrübəyə hər kəsdən daha yaxşı yiyələnən ABŞ-ın nəticəsi olmayacaq bir aksiyaya əl atması, bununla da özünü ciddi beynəlxalq qınaqlarla üz-üzə qoyması inandırıcı olmaqdan tamamilə uzaqdır.

Bu sözləri deyərkən, hüquq-mühafizə orqanlarının üzə çıxartdığı dəlilləri inkar etmək fikrində deyilik. Əlimizdə bunu isbatlayacaq hər hansı sənəd olmadığından, irəli sürəcəyimiz iddialar da ciddilik əxz etməz. Hətta o da mümkündür ki, istər bu, istərsə digər siyasi aksiyalara qəsdən çevriliş rəngi verilsin. Fəqət bu, ABŞ və Qərb imperializminin inqilabçı niqabında təqdim etdiyi qüvvələrə, həqiqətən də, “stavka” etdikləri mənasına gəlmir. Ola bilər, müstəmləkələrini qan gölündə boğmaqla hegemonluğunu sürdürmək istəyən qüvvələr öz ənənəvi siyasətlərini – “sağ göstərib, sol vurmalarını” Azərbaycanda da tətbiq etsinlər. Bu səbəbdən də hökumət onu gözləyən sürprizlərə hazır olmalı, anti-inqilabi tədbirlərində bu məkrli ehtimalı nəzərə almalıdır.
Açığı, Azərbaycanı gözləyən qarışıqlığın hansısa leqal və strukturlaşmış təşkilatlar vasitəsiylə deyil, xaotik hərəkatlarla həyata keçiriləcəyi ehtimalı daha ağlabatandır. Partiya və digər siyasi müxalifətlərin bilinən liderləri ortada olduğundan, Qərb imperializminin bütün oyunlarını onların üzərində qurması taktiki cəhətdən yalnış olardı. Kifayət qədər güclü strukturlarıyla Azərbaycan hakimiyyətinin həmin təşkilatları zərərsizləşdirmək imkanı yüksək olduğundan, ölkəmizdə xaos yaratmağa çalışan qüvvələrin yerinə kim olsa, bir mərkəzdən idarə edilməyən kütləvi ixtişaş metodlarına üstünlük verər, öz niyyətlərini bu yolla həyata keçirər.
Mümkündür ki, Qərb imperializmi qəsdən siyasi və demokratik müxalifətə inqilabçı rəngi verməklə həm diqqətləri əsas təhlükədən yayındırır, həm də yerinə yetirəcəyi xaotik iğtişaşlara münbit zəmin hazırlayır. Bu siyasətin məntiqi isə çox sadədir: Nə qədər ki, ölkədə demokratik metodları əldə rəhbər tutub siyasi mübarizə aparan təşkilatlar var, bir o qədər də narazı kütlənin onların ətrafına toplanıb haqq və hüquqlarını tələb etməsi ehtimalı mövcud olacaq. Bu baxımdan, siyasi partiya və qeyri-hökumət təşkilatları istənilən ölkəni xaotik iğtişaşlardan qoruyan ən ciddi vasitədir. Deməli, hakimiyyətin əlində aciz qalacağı siyasi proseslərin önünü açmaq üçün, ilk növbədə, demokratik qüvvələr sıradan çıxarılmalıdır. Nə yazıq ki, imperializm bu niyyətini də demokratik qüvvələri cin-şeytan cildində göstərərək yerinə yetiririk, bir növ, hakimiyyətin öz əliylə özünə torba tikir.

İstər “ərəb baharları”nda, istərsə də son zamanlar Ermənistanda baş verən iğtişaşlar zamanı sosial baza olaraq xaotik kütlələrdən istifadə olunması bizi narahat edən bu ehtimalı qüvvətləndirir. Üstəlik, Azərbaycanda bu kütlələrin çoxdan formalaşdırıldığı müşahidə olunur. Bu gün Suriyada, İraqda nə qədər azərbaycanlı “xilafət”çilərin vuruşduğunu təsbit etmək belə mümkün deyil. Onlar canları bahasına qürbətdə apardıqları bu mübarizənin daha rahatını öz ölkələrində həyata keçirə bilərlər.

Son zamanlar İŞİD-in Qafqazı “dar ül-hərb” (müharibə aparılan ölkə) siyahısına salması və Azərbaycanın bu coğrafiyada faktiki yeganə müsəlman ölkəsi olması qorxumuzu qüvvətləndirən amillərdəndir. Dünən demokratik müxalifətin mübarizəsinə ümid bağlayan çox sayda narazı kütlənin bu gün radikal qruplara yönəlməsi də heç kimə sirr deyil. Getdikcə halından razı qalmayan başqa qüvvələr də radikalların təsiri altına düşə bilərlər.
Radikal qrupların ideoloji əsasa çevirdikləri dini motivlər müqəddəslik ehtiva etdiyindən əhatə dairələri də daha böyükdür; yalnız narazı kəsimləri deyil, həm də imkanlı məmur övladlarını özünə cəlb edir. Ölkəmizdə zaman-zaman bir sıra böyük iş adamının radikal dini qruplaşmaları maliyyələşdirdiyinə görə həbsə atıldığı xəbərləri dediklərimizi təsdiqləyir. Onlarla mübarizə aparmaq isə demokratik qüvvələrə savaş açmaq qədər asan deyil. Ən azı, ona görə ki, bu qurumların demokratik qüvvələr qədər şəffaf strukturları yoxdur. Maliyyələşmələr isə “Allah rizası üçün edilmiş yardımlaşmalar”dan ibarətdir və heç kim kimisə “xeyirxahlığa” görə ittiham edə bilməz.
Maraqlıdır ki, ölkəni xaotik duruma sürükləmə prosesi yalnız qüvvələr nisbətini radikal qrupların xeyrinə dəyişməklə qalmır, həm də onun iqtisadi əsasları yaradılır. Bu iqtisadi əsasların bir neçə istiqamətdə formalaşdırıldığını müşahidə edirik. Bir tərəfdən ölkənin əsas gəlir mənbəyi sayılan neftin qiymətləri dünya bazarında getdikcə aşağı düşür, digər tərəfdən isə neft hasilatımızın özü azalır. Bir neçə il bundan əvvəl ölkə başçısı açıq şəkildə BP və sair şirkətləri öhdəlikdə nəzərdə tutulandan az neft çıxartmaqda ittiham etmiş və bunu iqtisadi rəqəmlərlə əsaslandırmışdı. Onun sözlərindən belə çıxırdı ki, beynəlxalq şirkətlər heç bir lüzum olmadan hasilatı azaldırlar. Təbii ki, bu siyasət Azərbaycan xalqının sərvətlərini gələcək nəsillərə saxlamaq niyyətindən irəli gəlmirdi.
Həm neft hasılatının azalması, həm də dünya bazarında enən qiymətlər ölkəmizin büdcəsinə daha az vəsaitin daxil olmasıyla nəticələnir. Milli gəlirinin böyük əksəriyyəti neft və neft məhsulları hesabına formalaşan istənilən ölkənin rəhbərliyi bu durum qarşısında məcburən bir çox layihələri dayandırmalı, daxili və xarici borclarını artırmalıdır. Bu da öz növbəsində böyük narazılar kütləsini ortaya çıxarır. Ölkəni bürüyən işsizlik, inflyasiya əhalinin sosial rifah halını aşağı saldıqca, dini radikal qrupların da sırası sıxlaşır, hadisələr nəzarət edilə bilinməyəcək hala gəlir.
Sözsüz ki, ölkə büdcəsi daraldıqca, hüquq-mühafizə orqanlarının da işi əvvəlki tempdə davam etməyəcək. Böyük ehtimalla, büdcə xərclərini azaltmaq üçün bu qurumlarda da ciddi ixtisarlar aparmaq lazım gələcək.Sayları getdikcə artan narazılar üzərində azalan dövlət nəzarəti prosesləri effektli şəkildə idarə etməyi çətinləşdirəcək.
Azərbaycan hakimiyyətinin maliyyə siyasəti də mövsümi xarakter daşıyır. İctimai narazılığı sabit saxlamaq, gözlənilən devalvasiya prosesinin qarşısını almaq üçün hər ay dövriyyəyə buraxılan valyuta ehtiyatları əriyir, ölkənin ictimai narazılıqlardan sığorta potensialı yox olur.
Yürüdülən maliyyə siyasətindən ən çox əziyyət çəkən, təbii ki, bank sistemi olur. Artıq bir çox banklar özünün çöküş prosesini yaşayır. Son zamanlar Beynəlxalq reytinq agentliyi “Moody's İnvestors Service”in hesabatlarına nəzər salsaq, Azərbaycan banklarının acınacaqlı durumda olduğunu görərik. Hesabatlara görə, bir sıra bankların reyting göstəriciləri “Caa 1” və “Caa 2” səviyyəsinə enmişdir. Mütəxəssislərin fikrincə, bu göstəricilər defolt vəziyyətindən bir pillə yuxarıdır.
Əslində defolt vəziyyətinə bir addım uzaqlıqda olan təkcə bank sistemimiz də deyil. Qeyri-neft sektorunun ümumiyyətlə inkişaf etdirilməməsi, büdcədən qidalanan təşkilatların kifayət qədər çoxluğu Azərbaycanın bütün sosial həyatını iflas təhlükəsiylə üz-üzə qoymaqdadır.
Bu gün defolt olduğunu açıqlayan Yunanıstanın böhrandan əvvəlki durumuna nəzər salsaq, bizdən çox da fəqlənmədiyini görə bilərik. Orda da əhalinin maaşları 37 faiz azalmışdı, bizdə sadəcə devalvasiya nəticəsində sıravi Azərbaycan insanı 35-36 faiz az əmək haqqı almağa məhkum oldu.
Bu hələ işləyə bilənlərimizdir. İqtisadi böhran nəticəsində ixtisar olunan işçi və məmurlarımızın sayı da yunanlardan az deyil. Bizimkilər statistikanın başına oyun gətirdiyindən bu barədə dəqiq məlumata sahib deyilik. Yunanıstanda ixtisara düşənlərin isə sayı 33% idi. Orda da pensiyalar 48% azalmışdı. Bizdə də pensiyalar infilyasiya nəzərə alınmadan artıq neçə illərdir ki, sabit saxlanılır və dolayısıyla azaldılır.
Bütün bunlar azmış kimi, bir də ölkəmiz önümüzdəki illərdə xeyli beynəlxalq tədbirlərə hazırlaşır. Hər beynəlxalq yarış ölkəni dünyaya tanıdan ən gözəl vasitələrdən sayılsa da, eyni zamanda büdcənin imkanlarını daraldır. Yürüdülən iqtisadi siyasətlə getdikcə defolt vəziyyətinə sürüklənən ölkəmizin bir də bu yükünü nəzərə alanda Qərbin “sol zərbəni” hardan vura biləcəyi aydın olur.
Sözsüz ki, Azərbaycan gözlənilən iğtişaşları indidən zərərsizləşdirmək üçün təxirəsalınmaz islahatlar aparmalı və bu islahatlara bütün siyasi dustaqları buraxmaqdan, demokratik müxalifətin inkişafını və effektli mübarizəsini təmin etməkdən başlamalıdır…

Heydər Oğuz

LEAVE A REPLY