Və son…

0
5

Turan Türk

Və son…

Günahı ilə, savabı ilə Azərbaycanımızın ev sahibliyində keçirilən ilk Avropa Olimpiya Oyunları- Bakı-2015 başa çatdı. Bu oyunların yekun nəticələrinə görə medal sıralamasında Rusiyadan sonra ikinci yeri tutmağımız sadəcə böyük idman nəaliyyətlərindən sayılmaqla qalmayıb, həm fərdi olaraq idmançılarımızın, həm İdman Federasiyalarımızın, həm də hökumətimizin ev sahibliyi etdiyimiz oyunlara nə qədər ciddi surətdə hazırlaşdıqlarını göstərməkdədir. Ayrıca hələ oyunlar bitmədən bəzi beynəlxalq idman federasiyalarından gələcəkdə bu idman növləri üzrə beynəlxalq turnirlərin, habelə Avropa və Dünya çempionatlarının ölkəmizdə keçirilməsi üçün təkliflər almağımız da Azərbaycanın həm yüksək təşkilatçılıq bacarığının, həm də qonaq idman federasiyalarının ölkəmizdən nə dərəcədə razı qaldıqlarını göstərmək üçün əhəmiyyətli ölçü rolunu oynamaqdadır.
Bütün bunlar eyni zamanda gələcəkdə ölkəmizdə keçiriləcək mötəbər idman turnirləri üçün də əhəmiyyətli dərəcədə vacib referans təşkil etməkdədir. Məsələn, bu gözəl referanslar həm Bakıda Futbol üzrə Avropa Çempionlar liqasının final oyununun keçirilməsi, həm Avropa super kubokunun milli stadionumuzda oynanılması, həm də Avro 2020-in oyunlarından bir neçəsinə ev sahibliyi edə bilməmiz üçün olduqca önəmlidir. Yeri gəlmişkən, onu da xatırladaq ki, hələ 2017-ci ildə İslam ölkələrinin oyunları da Bakımızın ev sahibliyində keçirilcəkdir. Bu oyunlar ölkəmizin beynəlxalq səviyyədə tanınması üçün olduqca əhəmiyyətlidir. Məsələn, elə indi, Avropa oyunları bitdikdən həmən sonra Azərbaycanımızın üç-beş ay öncəkinə görə dünyada çox daha artıq tanınan, bilinən dövlət halına gəldiyini əminliklə, iftixar hissi ilə deyə bilərik.
Oyunlar zamanı təbiidir ki, neqativ, heç birimizin arzulamadığımız və bizə baş aşağılığı gətirən hadisələr də oldu. Bu hadisələr də baş verən iki avtoqəza nəticəsində iki xarici vətəndaşın ölməsi və dördünün də ağır şəkildə yaralanmasıdır. Ən pisi isə orasındadır ki, bu avtoqəzaların hər ikisinə də “Baku bus” firmasının avtobusları qarışıb və yol nəqliyyat hadisələri sürət həddini aşmaqla piyadaların vurulması nəticəsində olub. İlk qəzanın qurbanları avstriyalılar idi. Nəticədə üç idmançı elə olimpiya kəndi ərazisindəcə vurulub və zərərçəkənlərdən biri, on beş yaşlı idmançı dünyasını dəyişib. Digər iki idmançı isə ağır şəkildə yaralanıb. İkinci avtoqəzada isə avtobus tərəfindən vurulanlar olimpiya oyunlarının təşkilat komitəsində çalışanlar olub. Nəticədə bir ingilis vətəndaşı ölüb, ikisi isə ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
Heç şübhəsiz ki, hüquq mühavizə orqanları bu qəzaları törədən sürücülərə və onlarla lazımınca maraqlanmadan işə götürən şirkət sahibləri ilə bağlı lazımi ölçüləri götürəcəklər. Bunu, yəni lazımınca maraqlanmadan işə götürmək məsələsini xüsusilə vurğulamaq istərdim, çünki ilk qəzada, avstriyalı idmançıları vuran avtobus sürücüsünün üstündə iki il icbari işinin olduğu və bu işi də daha öncə elə avtobusla adam vurmaqdan aldığı ortaya çıxmışdı. Sürücülərin kimliyini araşdırmadan içində onlarca insanın daşındığı nəhəng nəqliyyat vasitələrinin açarlarını soyuqqanlı şəkildə onlara təhvil verənlər əlbəttə ciddi cəzalandırılmalıdırlar.
Bu avtoqəzaları nəzərə almazsaq demək olar ki, diqqətə layiq neqativ hadisə baş vermədi və şükürlər olsun ki, həm ölkə, həm hökumət, həm də millət olaraq bu oyunlardan üzüağ çıxdıq.
Əgər belə olmasaydı yuxarıda qeyd etdiyimiz, Gənclər və İdman naziri Azad Rəhimovun da dediyi kimi hələ indidən beynəlxalq idman federasiyalarından gələcəkdə ölkəmizdə Avropa və dünya çempionatlarının keçirilməsi üçün xahişlər gəlməzdi.

LEAVE A REPLY