Müsavat ağır “artilleriya”sını itirir…

0
5

Müsavat ağır “artilleriya”sını itirir…

Rauf Arifoğlu nədən narazıdır?

Görünən odur ki, Müsavat partiyası iflasdan xilas ola bilməyəcək. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiyadan istefa verəcəyi xəbəri Müsavatda “şok” effekti yaradıb. Bizim R.Arifoğluna olan münasibətimizə baxmayaraq, etiraf etməliyik ki, “Yeni Müsavat”ın baş yazarı uzun illər partiyasına əvəzssiz xidmət göstərib. O da qeyd edilməlidir ki, 1993-2005-ci illərdə R.Arifoğlu bütövlükdə ölkə müxalifətini ardıcıl olaraq müdafiə edib və nəticədə bir neçə dəfə həbsə məruz qalıb.
Burada R.Arifoğlunun rəhbərlik etdiyi “Yeni Müsavat” qəzetinin kollektivinin də xidmətlərini xatırlatmaq yerinə düşərdi. Ancaq nə etmək olar, özünü ana-ata müxalifət adlandıranlar bir çoxlarının tarixi xidmətini, fədakarlığını bir anda unudub, qaraladıqları kimi “Yeni Müsavat”ın baş yazarını da ləkələmək üçün ciddi səylər göstərməkdədir. “Milli Şura” adlanan qurumun sədri Cəmil Həsənlinin R.Arifoğlu barədə söylədiyi təhqiramiz fikirlərə Müsavat partiyası rəhbərliyinin etinasız münasibəti baş yazara təsirsiz ötüşə bilməzdi. Axı, R.Arifoğlu və rəhbərlik etdiyi kollektiv Müsavatı sözün əsil mənasında yaşatmış, partiyanın təbliği üçün əllərindən gələni etmişdi. Bu gün isə “Yeni Müsavat” illərlə müdafiə etdiklərindən zərrə qədər olsun dəstək görə bilmədi. AXCP yetkililərinin və “Azadlıq” yazarlarının təşkil etdikləri total hücumun qarşısında R.Arifoğlu demək olar ki, tək buraxıldı. Əslində AXCP rəhbərliyi R.Arifoğlu barəsində böyük haqsızlığa imza atdı. Zamanında və AXCP-nin ən çətin durumunda “Yeni Müsavat” Əli Kərimliyə və “yurdsevən” komandasına qədərindən artıq dəstək verə bilmişdi. Düzdür, Ə.Kərimli özünəməxsus susqunluq nümayiş etdirsə də, sözçüləri R.Arifoğluna yerli-yersiz hücumları davam etdirməkdədir. Müsavat partiyası isə hələ də sakitliyi qoruyur və bununla da “Yeni Müsavat”ı meydanda tək buraxdığını etiraf etmiş olur.
R.Arifoğlu əslində Müsavatı tərk etməklə heç nə itirməyəcək, görünən odur ki, bu addımıyla izafi xərclərdən qurtula biləcək. Söylənilənə görə, “Yeni Müsavat” hər ay Müsavat başqanına heç də az olmayan miqdarda maliyyə yardımı edir. Aldığımız digər bir məlumatda isə R.Arifoğlunun sabiq başqan İsa Qəmbərin oğluna əlavə yardımlar etdiyi bildirilir.
R.Arifoğlunun Müsavat partiyasına qəlbdən bağlılığına şübhə etmək nadanlıq olardı. Onun istefa etmək niyyətini bəyan etməsi və hələlik son addımını atmaqda çətinlik çəkməsi də həmin bağlılığın təsdiqidir.
“Yeni Müsavat”ın baş yazarı onu da bilir ki, istefa verdiyi təqdirdə Müsavatı daha çətin duruma salacaq. Sirr deyil ki, baş yazarın ardınca yüzlərlə müsavatçı partiyanı tərk edəcək. Təbii ki, həmin sırada “Yeni Müsavat” komandası da olacaq. O da məlumdur ki, Müsavat partiyasında əksəriyyət hələ də təşkilatın xilasını R.Arifoğlunun başqanlıq məqamına gətirilməsində görür. Bu barədə məlumata malik olan Müsavat başqanı Arif Hacılının R.Arifoğluna qısqanc yanaşması açıq-aydın görünür. Başqanla R.Arifoğlunun münasibətindəki soyuqluq “Yeni Müsavat”ın ona tribuna verməsindəki simicliyi ilə daha aydın sezilir. Belə ki, xidmətləri əvəzində Müsavat yetkililəri tərəfindən heç bir dəstək görməyən “Yeni Müsavat”ın baş yazarı A.Hacılı və yaxın ətrafının qəzetə çıxışını məhdudlaşdırıb. Üstəlik də mühacirət həyatı yaşayan “Yeni Müsavat”ın yazarı Elbəyi Həsənlinin İsa Qmbər və A.Hacılını sərt tənqid etməsinə şərait yaradıldı ki, bu hər kəsi təəccübləndirdi. Axı, “Yeni Müsavat” yarandığı gündən İ.Qəmbərə sədaqətlə xidmət etmiş və sabiq başqanın uğrunda əzablı günlər yaşamağı bacarmışdı.
“Azadlıq” qəzeti R.Arifoğlunun Müsavatdan istefa verib, Ümid partiyasına üz tutacağı barədə məlumat yaysa da, “Yeni Müsavat”ın baş yazarı məlumatı həmən təkzib edib və bildirib ki, partiyanı tərk edəcəyi təqdirdə başqa partiyada təmsil oluunmaq barədə düşünmür. Bəziləri isə R.Arifoğlunun Müsavatdan istefa vermək istədiyi barədə bəyanatının payızda keçiriləcək Milli Məclisə seçkilərə hesablandığını söyləsələr də, bu inandırıcı görünmür. Əksinə, Müsavatda qalması baş yazarın seçilmə şansını artıra bilər.
R.Arifoğlunun istefa etmək istədiyi barədə açıqlaması onun incikliyindən doğub. Əlbəttə, baş yazarın inciməyə haqqı var. R.Arifoğlunun yuxarıda qeyd etdiyim kimi 1993-2005-ci illərdə bütövlükdə müxalifətə göstərdiyi xidməti unutmaq nadanlıqdan başqa bir şey deyil. Ancaq, nə etmək olar, ənənəvi müxalifətin unutqanlığı daima olub və Rauf Arifoğluna bu günkü münasibətləriylə unutqanlıq ənənəsini yaşatmaqda israrlı olduqlarını nümayiş etdirirlər.

Nicat Sadiq

LEAVE A REPLY