Çimərliklərdə biznes.

0
3

Qüdrət Əzizov

Çimərliklərdə biznes.

Yay fəsli gəldikdə hər kəs istirahət haqqında planlar qurur. Kimisi rayonlara, kimisi xarici ölkələrə, kimlər isə dənizə üz tuturlar. Amma çoxları bu fikirdədir ki, istirahət üçün rayonlara getməkdənsə, hansısa bir xarici ölkəyə getmək daha sərfəli başa gəlir. Çünki ölkəmizdə olan istirahət mərkəzlərində qiymət o qədər şişirdilib ki, adam istirahət belə etməkdən çəkinir. Həmin məbləğlə xarici ölkədə istədiyin şəkildə istirahət etmək mümkündür. Ölkəmizin turizm regionlarında qiymətlərin bu artımı nə ilə bağlıdır, hələ də anlaya bilmiş deyiləm.
Dəniz, qızmar günəş, sahil, bunlarsa yayda ayrılmaz məkanlarımızdır. Ancaq getdikcə deyəsən bundan da məhrum olacağıq. Bu günlərdə yoldaşlarımla dənizə getdim və qarşılaşdığım mənzərə bunu bir daha təsdiq etdi. Novxanı çimərliyində elə bir hadisəyə şahid oldum ki, sanki bizlər dənizdə cimməyə, istirahət etməyə yox, dənizi yeyəcəkmişik kimi hiss etdik. Bu qədər özbaşınalıq olmaz axı. Bir-bir istirahət mərkəzlərinə yaxınlaşdıqda içəri girərkən bizə 3-4 nəfər yaxınlaşaraq girişin ödənişli olduğunu dedi. Bu sadəcə girişin puludur, əgər orda stulda əyləşsən buna görə də pul verəcəyimizi vurğuladı. Adam başı giriş pulunun isə 15 manat olduğunu dedilər. Bir-bir digərlərinə yaxınlaşdıq, eyni ilə bu hadisələr təkrarlandı və giriş ücün pul 10-15 manat arası dəyişirdi. Sonunda bir istirahət mərkəzinə girdik və bizə 4 stul verərək 7 Azn ödəniş aldılar və əlavə stul lazım olarsa, ona da ödəniş edəcəyimizi söylədilər.
Bu dəniz xalqındır, millətindir. Bizim orada istirahət etmək haqqımız var. Kimlərsə gəlib burda biznes qurub, özəlləşdirəcək deyə bu millət dənizdən istifadə etməməlidir? Bizlərin haqqı yoxdurmu, buna? Məncə aidiyyatı orqanların bununla bağlı tədbir görmələrinin əsil vaxtıdır.
Təhlükəsizlik məsələlərinə gəlincə isə, Novxanı çimərliyində təhlükəsizlik xidməti sadəcə ad olaraq qalır deyə bilərəm. Təhlükəsizlik işçilərinə aid olan kabinə boş olur və heç kim nəzarət etmir. Dənizdə təhlükəli yerlərə xüsusi şarlar yerləşdirilsə də, artıq yox olublar, bilinmir bunu özləri edib, yada ki, dənizdən istifadə edənlər. Amma hər bir halda butun bunlara nəzarət olunmalıdır.
Sahil kənarı təmizlik isə sadəcə bərbaddır. Sahil boyu butulkalar, qarpız, qarğıdalı qabuqları. Təbii ki, bunları edən insanlar böyük qəbahət işləyir. Onların ətrafı zibilləməyə nə haqları, nə də hüquqları yoxdur. İstirahət mərkəzinə rəhbərlik edən şəxs də buranı təmizlətdirməməkdə və əraziyə zibil qabları qoymamaqda günahkardır.
Mən sadəcə Novxanı çimərliyində qarşılaşdığım mənzərəni sizlərin nəzərinə çatdırdım.Yəqin ki, bu yazını oxuyan aidiyyatı qurumlar tədbir görməkdə gecikməz.

LEAVE A REPLY