Qəza, yoxsa provakasiya?

0
3

Zaur Muradxanlı

Qəza, yoxsa provakasiya?

I Avropa Olimpiya oyunlarının açılış mərasimi olduqca gözəl, görülməyə dəyərdi. Hətta biz çəkinmədən bu açılış mərasimini qüsursuz, və ya mükəmməl də adlandıra bilərik. İstər açılışda iştirak edən önəmli dövlət və hökümət başçıları, idman ailəsinin dəyərli nümayəndələri, istərsə də açılışın təşkilati baxımdan mükəmməlliyi bizi bu barədə danışmağa sövq edir.
Olimpiya oyunlarının təntənəli açılış mərasimindən sonra müxtəlif yerlərdə qarşılaşdığımız sadə vətəndaşlarımızın bu mərasimdən danışarkən sinələrinin necə iftixar hissi ilə qabardığını görmək hər bir vətənsevər kimi bizim də zövqümüzü oxşamaqdadır. Əlbəttə, Azərbaycanımıza məhz belə gözəl təşkil edilmiş açılış və qüsursuz ev sahibliyi yaraşırdı. İndi bəzi fəlakət dəllalarının oyunlar başlamadan öncə apardıqları qaralama kampaniyaları, bizim ölkə olaraq bu məsuliyyətli işin altından layiqincə qalxa bilməyəcəyimizə dair proqnozlar vermələri və ən əsası da oyunlar bitdikdən sonra xərclənən külli miqdarda vəsaitlər ucbatından hökumətimizin iqtisadi böhranla qarşı-qarşıya qalacağı barədə dediklərini xatırlayıram. Onların arqumentləri arasında, məsələn, Yunanıstanın Olimpiya oyunlarını təşkil etdkdən sonra iqtisadi böhranla üzləşməsi, ayrıca oyunlara xərclənəcək vəsaitlərin iqtisadi cəhətdən heç vaxt özünü doğrultmayacağı barədə fikirlər var idi. Lakin bu arqumentləri irəli sürərkən Azərbaycanın hələ 2017-ci ildə islam ölkələri oyunlarına da ev sahibliyi edəcəyini unudur, ayrıca avropalı atletlərin oyunlar bitdikdən sonra tikilən möhtəşəm idman arenalarını bellərinə yükləyib aparmayacaqlarını, bu arenaların Azərbaycan gənclərinin həmişəlik istifadəsində qalacağını unudurdular. Qoy, onlar istədikləri qədər qaralama kompaniyası aparsınlar, əsas odur ki, istədikləri alınmadı…

Doğrudur,bədxahlarımızın bu saydıqlarım söz və “arqumentlərini” xatırlayarkən dodaqlarımın qaçmadığını desəm yalançı olaram, çünki daha açılış mərasimindən etibarən oyunların necə yüksək səviyədə təşkil olunduğu və hökumətimizin bu oyunların ən yüksək səviyyədə başa çatdırılması üçün əlindən gələni edəcəyi də ortaya çıxmışdır. Əllərini ovuşduraraq bizim oyunların gedişində səhvlər buraxmamızı və dünyada rəzil olmağımızı gözləyənlərin indidən istəklərinə çatmayacaqlarını bilmələrini isə tam əminliklə deyə bilərəm.
Oyunların təntənəli açılış mərasimindən sonra hər şey öz axarında, planlandığı kimi davam edir. Amma açılışdan qısa müddət öncə olimpiya iştirakçısı olan idmançılar üçün nəzərdə tutulmuş ərazidə qəza baş verdi. Nəticədə üç Avstriyalı idmançı ağır dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi. Qeyd edək ki, bu idmançılardan biri, on beş yaşlı yeniyətmə qızın vəziyyəti kritikdir və həyat təhlükəsi davam etməkdədir. Hələ komadan çıxmayan qızcığazın bədəninin müxtəlif yerlərində çoxsaylı sınıqların olduğundan bəhs edilir. Bəs, qəza necə və hansı şəraitdə baş verib?
İnternətə düşən görüntülərə görə avtomobillər üçün hərəkətin məhdudlaşdırıldığı və maksimum hərəkət sürətinin saatda beş kilometr olaraq müəyyən edildiyi ərazidə otuz beş kilometr sürətlə hərəkət edən “Baku bus”-a məxsus avtobus yolu keçməkdə olan topa halındakı insanları vuraraq dayanmadan qəza yerindən qaçmağa çalışıb.
Doğrudur, ərazidəki hüquq mühavizə orqanları əməkdaşlarının sayıqlığı və çevik reaksiya vermələri nəticəsində hadisə yerindən qaçmağa çalışan avtobusun önü kəsilib, idarə etdiyi ictimai nəqliyyat vasitəsini tərk edərək piyada qaçmağa çalışan sürücü isə zərərsizləşdirilərək həbs edilib.
Bu şəxs haqqında lazımi ölçülərin götürüləcəyindən şübhə etmirik. Lakin onu da bilmək istəyirik ki, yenə internetə düşən məlumatlara görə daha öncə idarə etdiyi avtobusla qəza törətmiş və üzərində iki il şərti iş olan bir nəfərə “Baku bus”-da hansı əsasla yenidən ictimai nəqliyyat vasitəsinin açarları etibar edilib? Həm də belə yüksək mühavizə tələb edən ərazidə işləyəcək marşurut üzrə…
Yəqin ki, bəhs etdiyimiz şirkətin ictimai əlaqələr şöbəsindən məsələ ilə bağlı hansısa açıqlama veriləcəkdir, hər halda ictimaiyyət nümayəndələri olaraq biz bu şəxs üçün “dostunun əvəzinə bir günlük işə çıxıb” cümləsini eşitməyəcəyik, çünki bu sadəcə insanları deyil, dövlətimizi də ələ salmaqdan başqa bir şey olmaz.
Ancaq onu nəzərə almaq lazımdır ki, xarici idmançılarla bağlı qeydə alına biləcək hər hansı neqativ hadisə ölkəmizin imicinə mənfi təsir göstərəcəkdir. Bundan kimsənin şübhəsi olmasın. Əgər elə olacaqdısa, onda hökumətimiz niyə ətək-ətək pul xərcləyir? Niyə, mötəbər yarışları Azərbaycanımıza gətirdə bilmək üçün dəridən-qabıqdan çıxır? Təbii ki, Azərbaycanımızın dünyada tanınırlıq səviyyəsini artırmaq, ölkə insanımızın qonaqpərvərliyini reklam etmək və turistlərin hər il vətənimizə artan sayla gəlişlərini təmin edə bilmək üçün. Amma bir avtobus sürücüsünün etdiyi səhlənkarlıq nəticəsində aləm bir-birinə qarışır.
Bir də məsələnin başqa bir tərəfi də var, bu sadəcə səhlənkarlıq, və ya gerçəkdən də bir qəzadırmı? O sürücü alacağı yüksək miqdarda vəsait qarşılığında hansısa düşmən dövlət və ya terror təşkilatı üçün bu hərəkəti edə bilməzdimi? Təbii ki, bu da sadəcə olaraq bir fəziyyədir, ancaq qonaq idmançıların vurulması, həm də sürət həddinin tam yeddi dəfə aşılaraq vurulması bağışlanacaq hadisə deyildir. Doğrudur, indi çıxıb təklif verməyin yeri yoxdur, çünki atalar dəmişkən “daldan atılan daş topuğa dəyər”. Amma məncə xüsusi ərazilərdə hərəkət edəcək marşurut avtobuslarının sürücüləri bu işi bacaran MTN işçiləri ilə əvəz olunmalı idi. Məncə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində bu işin öhdəsindən lazımınca gələ biləcək kifayət qədər təcrübəli kadrlar vardır. Onlar sadəcə avtobus sürücüsü kimi deyil, həm də şəhərimizin xoş və gülərüz siması olaraq turistlərin də rəğbətini qazana bilərdilər. Bu mənim fikrimdir, bəlkə qərarverici yerlərdə əyləşənlər başqa cür düşünürlər, bu barədə deyə bilmərəm.
Digər tərəfdən bəhs etdiyimiz qəza yuxarıda da qeyd ətdiyimiz kimi, provakasiya ehtimalını da gündəmə gətirir. Əlbəttə ki, hansısa provakasiya ehtimalı qarşısında əvvəlcədən tədbirlərini almış olan hüquq mühvizə orqanları bu məsələ ilə bağlı dərinləməsinə araşdırmalar aparacaqlar. İstənilən halda bu qəza heç birimizin arzu etmədiyi hadisə idi. Təəssüflər olsun ki, baş verdi. Amma sadəcə olimpiya oyunları zamanı deyil, elə oyunlardan sonra da avto qəzaları minumuma endirmək üçün dövlətimizin ciddi addımlar atmalı olduğu qənaətindəyəm. Bu xüsusən ictimai nəqliyyat vasitələrinin sürücü və şirkətlərinə aiddir. Heç kimə sirr deyil ki, bu gün şəhərimizdə onlarla sürücülük vəsiqəsi olmayan avtobus sürücüsü vardır və bunların da əksəriyyətini əsgərlikdən yeni gəlmiş 20-21 yaşlı gənclər təşkil edir. Bu insanlara maddi çıxarları naminə, bəlkə də vergidən yayınmaq üçün avtobuslarını etibar edən şirkət sahiblərinə qarşı ciddi tədbirlər görülmədikcə və sürücülük vəsiqəsi olmadan yaxalanan avtobus sürücüləri ciddi cəzalandırılmadıqca xüsusən ictimai nəqliyatdakı qəzaların önünə keçmək mümkün olmayacaqdır.
Ayrıca mən burada vergidən yayınma ehtimalını da boş yerə gündəmə gətirmədim, çünki istənilən halda nəqliyyat şirkəti kifayət qədər sürücülük təcrübəsi olmayan, habelə sürücülük vəsiqəsi olmayan şəxslərlə əmək müqaviləsi bağlaya bilməz. Bu da öz növbəsində vergidən yayınma hallarının baş verməsinə gətirib çıxarır. Məsələni hər tərəfli şəkildə işlədikdə bəzi savadsız, sadəcə avtomobil idarə etməyi bacaran gənclərin deyil, bəzi iş adamlarının da içinə daxil olduğu vergidən yayınan böyük bir şəbəkə ilə qarşılaşmaqdayıq. Bu şəbəkə həm də sadəcə dövlətimizin büdcəsinə zərbə vurmaqla qalmır, eyni zamanda ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin, dolayısı ilə vətəndaşlarımızın həyatını təhlükəyə atır.
Ümid edirəm ki, I Avropa Olimpiya oyunları başa çatdıqdan sonra hökumətimiz bu məsələ ilə məşğul olacaq və lazımi tədbirlər görüləcəkdir. Amma öncə ölkəmizdə hər kəs, həm hökumətimiz, həm də sadə vətəndaşlar olaraq bizlər olimpiya oyunlarının elə başlandığı kimi gözəl və qüsursuz şəkildə başa çatması, bundan sonra təşkil ediləcək Avropa və Dünya olimpiya oyunlarına referans göstərilə bilməsi üçün əlimizdən gələni etməliyik. Bu oyunlar hamımızın qürur və iftixar vəsiləsidir, gəlin bunu unutmayaq.

LEAVE A REPLY