Koalisiya baş tutacaqmı?

0
3

Zaur Muradxanlı

Koalisiya baş tutacaqmı?
Bülənt Arınc:“İqtidara məhkumuq!”

Qardaş ölkə Türkiyədə keçirilən yeddi iyun seçkilərindən çıxan nəticəyə görə türk xalqı heç bir partiyaya təkbaşına iqtidar olma şansı vermədi və məclisə girən dörd partiyaya “koalisiya hökuməti qurun“ mesajı verdi. İndi seçki sonucları barədə danışmayacağıq, çünki bu məsələni keçən sayımızda dərc olunan yazımızda müzakirə etmişdik. İndi daha çox koalisiya seçənəkləri və erkən seçim ehtimalları üzərindəki fikirlərimi siz əziz oxucularımla paylaşmağa çalışacağam.
Seçimdən dərhal sonra bəyanat verən Cümhuriyyət Xalq Partiyasının (CHP) mətbuat katibi Haluk Koç artıq xalqın AKP iqtidarını hakimiyyətdən endirdiyini, Ərdoğanın təkadamlıq sistemi istəyinə yox dediyini bildirərək bu seçimləri əsil qazananının demokratiya olduğunu və mövcud tabloya görə CHP-nın iqtidar alternativi olduğunu söylədi. Bu açıqca CHP-nin AKP ilə koalisiyaya girmək istəmədiyini bildirməkdən başqa bir şey deyildi. Ayrıca bəhs etdiyimiz məsələdə CHP və digər müxalifət partiyaları heç də haqsız sayılmazlar, çünki hakim olan ortaq düşüncəyə görə AKP ilə heç bir şərt qoymadan, xüsusilə korrupsiya skandallarının araşdırılmasını tələb etmədən koalisiyaya razı olan istənilən partiya vicdanən də olsa AKP-nin bu ləkəli tarixinə ortaq olmuş olacaq. Ankarada hiss olunan ab-havaya görə CHP digər iki müxalifət partiyası ilə ya koalisiya qurmaq, ya da digər birinin məsələn HDP-nin kənardan dəstəkləməsi şərti ilə MHP ilə otaq hökumət qura bilmək niyyətindədir. Doğrudur, məclisdə millət vəkili sayına görə və seçki kompaniyasında verdiyi sözləri də nəzərə alarsaq CHP-nin həm iqtidar partiyası ilə koalisiyaya getmək istəməməsi, həm də irəli sürülən ən azı iki illik restavrasiya dönəmi üçün CHP iqtidarı üçün bu formulalardan birini həyata keçirməyə çalışması ağlabatan fərziyyədir. Lakin bu mümkün olacaqmı?
Məsələnin önəmli tərəfi də elə burada gizlidir. Əgər AKP hökuməti qura bilməsə və bu tapşırıq Ərdoğan tərəfindən CHP başqanı Kamal Kılıcdaroğluna verilərsə onda MHP-nin iqtidar ortaqlığından qaçması tarixin türk millətinə qızıl təpsidə verdiyi fürsəti geri təpməkdən başqa bir şey olmayacaqdır.
MHP konkret olaraq heç bir koalisiyada olmaq istəməməsini açıqlasa da yenə Ankara dəhlizlərində gəzən söz söhbətə görə hər hansı bir partiya MHP-yə koalisiya təklif edərsə bu partiyanın olmazsa olmaz deyə irəli sürəcəyii dörd tələb vardır.
1.Ərdoğanın hökumət üzərində söz sahibi olmasına son verilməsi və onun konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərinə geri dönməsi və bir daha bu səlahiyyətlərini aşmaması.
2.Rəcəb Tayyib Ərdoğanın nazirlər kabineti üçün inşa edilməyə başlanan, lakin daha sonra prezident tərəfindən istifadə olunan sarayı tərk etməsi və həmin saraya nazirlər kabineti ilə yanaşı daimi binası olmadığından kirayədə olan digər dövlət qurumlarının köçməsi.
3.Kürd məsələsində verilən güzəştlərdən geri dönülməsi və bu məsələnin parlament çatısı altında müzakirə edilməsi.
4.Rüşvət və korrupsiya skandallarının üzərinə gedilməsi və iqtisadi islahatlara başlanılması.
Bu maddələr üzərində gedərsək əslində CHP də eyni şeyləri tələb edir, lakin MHP-nin HDP-yə qarşı kəskin davranması və bu partiya ilə heç vaxt eyni masa ətrafında bir araya gəlmək istəməməsi CHP-nin nəzərdə tutduğu üçlü və yaxud HDP-nin kənardan dəstək verəcəyi CHP-MHP iqtidarını mümkünsüz etməkədir. Ayrıca yuxarıda saydığımız dörd şərti Ərdoğanın qəbul etməsi mümkünsüz olduğundan (ona görə AKP deyil Ərdoağn deyirəm ki, AKP-nin Ərdoğanın iradəsinin qəbul etmədiyi hər hansı məsələni qəbul edə biləcəyi ehtimal xaricindədir) mümkün deyildir. Dolayısı ilə üfüqdə AKP ilə MHP koalisiyasının görünməsi bugünkü şərtlərlə mümkün deyil.
HDP-nin seçki baryerini aşaraq məclisə girdiyi bəlli olar-olmaz partiyanın həmsədrlərindən Səlahəddin Dəmirtaş bəyanat verərək, AKP ilə nə birbaşa, nə də kənardan dəstəkləyərək koalisiya qurmaları nümkün deyildir açıqlamasını verdi. Bunu da iqtidar partiyasının kürdləri sadəcə seçimdən- seçimə səs toplamaq üçün araçı olaraq gördüyüylə əlaqələndirir və ayrıca Ərdoğanın həm onun, həm də partiyadaşları haqqında mitinq meydanlarında soylədiyi təhqiramiz sözləri, həmçinin yenə Ərdoğanın kürd problemi olmaması ilə bağlı bəyanatlarını bəhanə göstərir. Bütün bunlarla bərabər müxalifətdəki istənilən partiya ilə ya birbaşa, ya da kənardan dəstəkləmək şərti ilə koalisiya qurmağa hazır olduğunu da bəyan edir.
AKP də öz növbəsində seçkilərdən birinci partiya olaraq çıxmalarının verdiyi məclisdəki millət vəkili sayının üstünlüyündən istifadə edərək istənilən halda onlarsız koalisiyanın mümkünsüz olduğunu birinci ağızdan söyləyir və iqtidarı əldə tuta bilmək üçün bütün vasitələrdən istifadə edəcəklərini bildirirlər. Elə üçüncü dönəm olduğu üçün hal-hazırda o parlamentdən kənarda qalan (AKP və HDP də partiya nizamnamələrinə görə üç dəfə ard-arda millət vəkili seçilən şəxslər bir daha millət vəkili seçilə bilmək üçün ən azı bir seçim kənarda gözləməlidirlər) müvəqqəti hökumətin nümayəndəsi Bülənt Arınc son günlərdə verdiyi bir bəyanatında AKP-nin iqtidara məhkum bir partiya olduğunu bildirmişdi. Bülənt bəyin bu sözlərinə baxılırsa təcrübəli siyasətçini heç də haqsız olmadığını görərik, çünki xüsusən öncəki parlament seçimlərindən sonra bu partiyanın yüksək səviyyəli məmurlarının əksəriyyəti korrupsiya çirkabına bulaşıb və əgər AKP iqtidardan gedərsə o şəxslərin hamısı tərəfsiz türk məhkəmələri önündə cavab vermək məcburiyyətində olacaqlar ki, bunu istəmədikləri də bəllidir. Ayrıca 17-25 dekabr böyük rüşvət əməliyyatında adı keçən Ərdoğanın oğlu Bilal Ərdoğanın da bitərəf məhkəmələr tərəfindən sorğu-sual olunması nəinki Bilal Ərdoğanın öz taleyi, eyni zamanda atasının siyasi karyerası və “dindar” kimliyini şübhə altında qoyacaqdır.
Burada xatırlatmaq yerinə düşərdi ki, mediaya sızdırılan telefon dinləmə qeydlərinə görə Bilal Ərdoğanla atası arasında rüşvət və eyni zamanda əməliyyat gecəsi “paraları sıfırlamaq” danışıqları var idi. Son illərdə polis və Ədliyyə sistemində aparılan məqsədli yerdəyişmələr və yaradılan, Ərdoğanın dili ilə desək “projə məhkəmələrinin” varlığı müəyyən qədər AKP-li korrupsionerlər üçün ümid qaynağı olsa da, elə yuxarıda bəhs etdiyimiz kimi, CHP restavrasiya deyərkən məhz bu ədalətsiz qanunların yeni, daha demokratik qanunlarla əvəz olunmasını, qanun qarşısında suçu olan hər kəsin cavab verə bilməsini təmin etmək üçün ədalətli sistem yarada bilməyi nəzərdə tutmaqdadır. Bu bəlkə də mümkün olmayacaqdır.

CHP koalisiyaya razı olacaqmı?

Əgər Ərdoğanın seçimlərdən birinci partiya olaraq çıxan AKP-yə verdiyi hökumət qurma səlahiyyətindən bu partiya, təbii ki, Ərdoğanın da istəyi ilə istər hökuməti qursun, istərsə də qurmasın, 45 günlük müddətin sonuna qədər istifadə edər və məsələn, koalisiya ortağı tapa bilmədiyini görərək bu vəzifədən könüllü surətdə imtina etməzsə erkən seçim qaçınılmaz olacaqdır. Erkən seçim olduğu təqdirdə isə yeni seçkilərə qədər müvəqqəti hökumət vəzifə başında qalacaqdır. CHP hər nə qədər iqtidar olmaq üçün fürsət gözləsə də, yuxarıda qeyd etdiyimiz səbəblərdən AKP-nin bu partiyaya şans tanıyacağına inanmıram və məncə ən yaxşı halda koalisiya ortaqlığı təklif edəcək ki, yenə Ankara dəhlizlərində gəzən söz söhbətlərə görə, Təhsil, Daxili işlər, Ədliyyə nazirlikləri kimi kritik önəm daşıyan əhəmiyyətli nazirlikləri AKP əlində tutmaq istəyəcək, habelə prezidentlik sarayının mübahisə mövzusu olmasını və 17-25 dekabr böyük rüşvət əməliyyatının yenidən gündəmə gəlməsini qətiyyən istəməyəcəkdir. Bəs, bu şərtlər altında CHP koalisiyaya razı olacaqmı? Bu olduqca çətin görünür, hətta deyə bilərəm ki, mümkünsüz kimidir.
Yuxarıda qeyd etdiyimiz səbəblərdən AKP ilə istər MHP, istərsə də HDP arasında koalisiyanın mümkünsüz göründüyündən yeganə ortaq hökumət qurma imkanı olan CHP-yə qarşı da bu şərtlər qoyularsa, onda bu AKP-nin “mən koalisiya istəmirəm, erkən seçimə gedək” deməsi olacaqdır. Bunun cavabını isə hər halda türk xalqı qutuda layiqincə verəcəkdir. Amma bir də gəlin bardağın dolu tərəfindən baxaq.
AKP ilə qurulacaq istənilən koalisiya həm Davudoğlunun Ərdoğana qarşı əlini gücləndirəcək, ayrıca koalisiya ortağının tələbinə görə Ərdoğan məcburən prezidentlik səlahiyyətləri çərçivəsinə dönəcəkdir. Əhməd Davudoğlu heç vaxt partiyanın aşağı təşkilatlarında, nə də qurulma mərhələsində iştirak etmədiyindən hələ ki, Ərdoğana qarşı əli zəifdir və onun hər istəyini yerinə yetirmək məcburiyyətindədir. Əgər dediyimiz variant alınarsa, bu həm də AKP-nin müəyyən qədər Ərdoğanın nəzarətindən çıxmasına səbəb olacaqdır. Türk mediasında hələ seçimlərdən öncə çıxan xəbərlərə görə hətta bəzi nazirlər Davudoğlunun başı üzərindən birbaşa Ərdoğanla təmas qurur, vacib məsələləri onula məsləhətləşirlər. Əlbəttə ki, koalisiyada bu mümkün olmayacq, ən azından minumuma endiriləcəkdir.

Türkiyə bilinməzlik içərisində…

Seçimdən sonra Türkiyədə bəzi hadisələr baş verməkdədir. Bunlardan biri seçkilərdən dərhal sonra, iyun ayının 11-də iqtidarda olan müvəqqəti hökumətin nazirlər kabineti tərəfindən imzalanaraq qüvvəyə minən “türk parasını koruma kanununun” 32-ci maddəsinə edilən düzəlişdir. Belə ki, artıq istənilən şəxs pulunu və qızıl, brilyant kimi qiymətli əşyalarını çantalara dolduraraq ölkə daxilində mövcud olan 21 azad ticarət zonasından birinə apara və elə buradan da təyyarə və ya gəmilərin vasitəsi ilə bank nəzarəti olmadan ölkədən çıxara bilər. Sizcə, bu addım niyə və nə səbəbə atılmışdır? Mənim şəxsi qənaətimə görə bu addımın bir tək səbəbi ola bilər, o da rüşvət və digər qaranlıq yol ilə toplanan çirkli pulların iqtidar mənsubları, və yaxud onların yaxınları tərəfindən ölkədən sərbəst şəkildə və gizli olaraq çıxarılmasını təmin etmək üçündür. Bu qanun əslində edilən dəyişiklik hər nə qədər səssiz-səmirsiz olaraq həyata keçirilsə də səsi sonradan çıxacaq qanunlar cinsindəndir. Çünki Türkiyədən sadəcə rüşvət yolu ilə qazanılmış pullar deyil, eləcə də mafioz qrupların silah qaçaqmalçılığından tutmuş narkotik malların dövriyyəsindən əldə etdikləri haram qazanclar da leqal maddi vəsaitlərlə eyni statusda ölkədən çıxarıla biləcək. Doğrudur, hər nə qədər müxalifət müvəqqəti hökumətin bu cür ciddi məsələdə və tələskənliklə qərar qəbul etməsinə qarşı çıxsa da, artıq verilmiş qərarı dəyişdirmək iqtidarında deyildir. Bu on üç illik AKP hökumətləri dönəmində Türkiyənin siyasi həyatında görməyə alışdığımız hadisələrdəndir. Bir gecə yarısı çıxarılan qanunlar, qanunların yanından dolanıb keçmək üçün verilən qanun hökmündə qərarnamələr…
İndi məni daha bir məsələ maraqlandırır. Görəsən, AKP seçkilərdən yenə də təkbaşına iqtidar olaraq çıxsaydı və hakimiyyət onların istədiyi kimi davam etsəydi, yenə də bəhs etdiyimiz qanunda bu dəyişiklik ediləcəkdimi? Qətiyyən xeyir, çünki indiyə qədər etməmişdirlərsə indi niyə etsinlər ki? Yenə də qeyd etdiyim kimi Türkiyə bilinməzlik içərisindədir və nə olacağını kimsə bilmir. Koalisiya hökuməti qurulacaqmı? Əgər qurulacaqsa bu hökumət hansı partiyalar arasında qurulacaq? AKP hər nə qədər koalisiya üçün birinci alternativ kimi görünsə də, bu partiyanın belə hökumətdən kənarda qalma şansı var, demək ki, türk parasını qoruma qanundakı dəyişikliyin səbəbi öz-özünə ortaya çıxır…
Bəhs etdiyimiz qanun dəyişikliyi nəticəsində bu qanun dəyişilərək “türk parasını qoruma” qanunu deyil, çirkli pulları qoruma qanuna çevrilmişdir.
Ümid edirəm ki, növbəti seçkilərdə türk xalqı bu qanun dəyişikliyini də nəzərə alacaqdır…

LEAVE A REPLY