Ban Ki Mundan atəşkəs çağrısı
Yəməndə artıq aylardır hökumət çevrilişi edərək hakimiyyəti ələ alan terrorçu qrupaşmalarla Səudiyyə Ərəbistanının liderliyindəki koalisiya qüvvələri arasında davam edən münaqişə və eyni zamanda bu ölkədə vətəndaş müharibəsi həddinə çatan daxili qarışıqlıq nəticəsində minlərlə insan ölmüş, bundan dəfələrlə artığı isə ev-eşiyini buraxaraq daha təhlükəsiz bölgələrə qaçmaq məcburiyyətində qalmışdır.
Yəmənin münaqişədən öncə də dünyanın ən yoxsul ölkələrinən biri olması səbəbi ilə insanların həyat tərzi daha da ağırlaşaraq dözülməz həddə çatmışdır. Keçdiyimiz günlərdə terrorçu birləşmələrlə koalisiya qüvvələri arasında humanitar yardımların ölkəyə təhlükəsiz şəkildə gətirlməsini təmin edə bilmək üçün bir neçə günlük atəşkəs sözləşməsi imzalanmış və nəticədə beynəlxalq xeyriyyə cəmiyyətləri tərəfindən ölkəyə xeyli miqdarda ərzaq və tibbi ləvazimat yardımı çatdırılmışdı. İndi də müqəddəs Ramazan bayramı yaxınlaşarkən BMT baş katibi yeni bir ideya ilə çıxış edərək tərəfləri Ramazan ayı boyunca atəşkəs elan etməyə çağırdı. O, bu çağırışını ən azından mübarək ay boyunca qan tökülməsinin qarşısını almaq və onsuz da yoxsulluq içində yaşayan, hətta aclıq çəkən Yəmən əhalisinə bir miqdar yardım edə bilmək üçün fürsət olaraq dəyərləndirmək istədiyini bildirir. Yəməni dünyanın ən zəngin qonşularına sahib ən yoxsul ölkə olaraq adlandıran Ban Ki Mun bu vəziyyəti davam etdirməyin mümkünsüz olmasını bildirməklə yanaşı davamlı sülhün təsis edilə bilməsi üçün də zəruri addımların atılmalı olduğunu vurğulayıb. Əlbəttə, bütün bunlar yaxşı diləklərdir, ama kim yerinə yətirəcək? Çiynində daim Amerikanın əlini hiss edən Səudiyyə Ərəbistanı, yoxsa arxalarında İranın olduğunu bilən hutsi terrorçularmı? Əgər bir yerdə sülh təmin ediləcəksə, o yerin strateji əhəmiyyəti nəzərə alınmadan, öncə kənar məhəllə sakinləri çıxıb getməlidirlər, qonşular necə olsa öz aralarında dil tapıb razılaşarlar. Əgər İran bölgədən çıxıb getsə və gedərkən hutsiləri də yığıb özü ilə aparsa və Səudiyyə Ərəbistanı da çəkilib yerində oturarsa, onda yəmənlilər əlbəttə bir-biriləri ilə ortaq məxrəcə gələ bilərlər. Kənar müdaxilə nə qədər çox olarsa ölkə daxilindəki barışıq o qədər mümkünsüz görünər. Ban Ki Munun atəşkəs çağırışı əlbəttə xoş məram nümunəsidir, amma burada əsil maraqlı olan odur ki, onun tərəflərə təsir etmə imkanları varmı? Təəssüf ki, xeyir. Bütün bunlara baxmayaraq yenə də Ban Ki Mun öz üzərinə düşən vəzifəni yerinə yetirərək ən azından atəşkəs çağırışı etdi. Bu əlbəttə təqdirəlayiq haldır. İndi qalır tərəflərin bu təklifə necə reaksiya verəcəkləri məsələsi ki, onu da bu gündən bilmək mümkün deyildir, yaşayıb görməmiz lazımdır.
İstənilən halda Yəməndə tökülən qan ərəb qanıdır və bu ərəblərin də tamamı müsəlmandır. Yəni ölən də, öldürən də həm etnik, həm də dini cəhətdən qardaşdır. Son yüz ildə öldürülən hər on müsəlmandan doqquzunun digər müsəlman tərəfindən öldürüldüyünü nəzərə alarsaq, ərəb yarımadasında baş vərən hadisələri daha realist pəncərədən oxuya bilərik.
Müsəlman görünümlü terrorçu qruplaşmalar sadəcə yaşadıqları bölgədəki müsəlmanların deeyil, dünya müsəlmanlarının başına hələ çox oyun açacaqlar.
Bəs onlardan can qurtarmağın bir yolu yoxdurmu? Əlbəttə ki. var. Bunun üçün bütün müsəlman dövlətləri bir araya gələrək məsələlərini müzakirə yolu ilə həll etməyi öyrənməlidirlər. Bir də strateji maraqların insan həyatından daha dəyərli olmadığını başa düşməlidirlər.
Nihat