Karateçilərimiz kumite yarışlarında komandamızın hesabına daha iki qızıl medal yazdırıb
“Bakı-2015” birinci Avropa Oyunlarının “Baku Crystal Hall”da keçirilən karate üzrə kumite yarışlarının ikinci günündə Azərbaycan karateçiləri İrina Zaretska (68 kq) və Ayxan Mamayev (84 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
AZƏRTAC xəbər verir ki, iyunun 14-də qadınlar 68 və 68 kiloqramdan yuxarı, kişilər isə 84 və 84 kiloqramdan yuxarı çəki dərəcələrində 4 dəst medal uğrunda yarışıblar.
Yarışda 68 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində Azərbaycan idmançısı İrina Zaretska ilk görüşündə ispaniyalı atlet Kristina Vizkainoya 6:1 hesabı ilə qalib gəlib. İkinci görüşündə isə avstriyalı idmançı Alisiya Tereza Buçingerə 0:4 hesabı ilə məğlub olub. Daha sonra yunanıstanlı atlet Vasiliki Patensidouya 1:0 hesab ilə qalib gələn idmançımız yarımfinala yüksəlib. O, bu mərhələdə Monteneqro atleti Marina Rakoviçi də həmin hesabla məğlubiyyətə uğradıb.
İrina Zaretska finalda avstriyalı atlet Alisiya Tereza Buçinger ilə qarşılaşıb. Oyun azərbaycanlı idmançının böyük üstünlüyü ilə başa çatıb: 8:1. Beləliklə, karateçimiz komandamızın hesabına daha bir qızıl medal yazdırıb.
Bu çəki dərəcəsində üçüncü yeri Monteneqro atleti Marina Rakoviç tutub.
Kişilər arasında 84 kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Mamayev ilk görüşündə yunanıstanlı atlet Georgius Mikail Tzanosla heç-heçə oynayıb. Növbəti görüşlərdə Ukrayna atleti Yaroslav Horunanı 6:3, fransalı Kenji Qrillonu 6:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə isə karateçimiz kosovolu atlet Alvin Karaqini də böyük hesabla məğlub edib: 6:1.
Həmyerlimiz finalda yunanıstanlı atlet Georgius Mikail Tzanos ilə qarşılaşıb və ona 2:1 hesabı ilə qalib gələrək ilk Avropa Oyunlarının çempionu olub.
Türkiyəli atlet Uğur Aktaş isə kosovolu Alvin Karaqini 4:3 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.
Bununla da, Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında dördüncü qızıl medalı qazanıblar.
Qadınların kumite yarışlarında 68 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız Aytən Səmədli mübarizəni erkən mərhələdə dayandırıb. Bu çəki dərəcəsində qızıl medala xorvatiyalı Masa Martinoviç, gümüş medala türkiyəli atlet Meltem Hocaoğlu, bürünc medala isə rusiyalı İvana Zaytseva layiq görülüblər.
Kişilər arasında 84 kiloqramdan yuxarı çəki dərəcəsində Azərbaycan idmançısı Şahin Atamov çıxışı uğurlu alınmayıb və o da mübarizəni dayandırmalı olub. Bu çəki dərəcəsində türkiyəli atlet Erkan Enes qızıl, almaniyalı idmançı Conatan Horne gümüş, makedoniyalı Martin Nestorovski isə bürünc medal qazanıb.
Bundan başqa, karate üzrə mübarizənin sonuncu günündə idmanın bu növünün kata yarışlarında atletlər iki dəst medal uğrunda mübarizə aparıblar. Yarışlarda Azərbaycanı bir kişi və bir qadın idmançı təmsil edib. Tural Balcanlı bir qarşılaşmada qalib gəlsə də, iki görüşü uduzaraq növbəti mərhələyə yüksələ bilməyib.
Yarışlar Adilə Qurbanova üçün də uğursuz olub. O, keçirdiyi hər üç qarşılaşmada məğlubiyyətə uğrayıb.
Kişilər arasında kata yarışının qalibi ispaniyalı Huqo Damian Quintero olub. İtaliyalı Mattia Busato gümüş, türkiyəli idmançı Mehmet Yakan isə bürünc medala sahib çıxıb.
Qadınların kata yarışında isə qızıl medalı ispaniyalı atlet Sandra Xamie Sançez qazanıb. O, finalda fransalı Sandu Skordoya 5:0 hesabı ilə qalib gəlib. Bürünc medal türkiyəli atlet Dilarə Bozana qismət olub.
Bununla da ilk Avropa Oyunlarında karate yarışlarına yekun vurulub. Yarışlarda 96 idmançı 12 medal dəsti uğrunda mübarizə aparıb.