Zaur Muradxanlı
Seçkidən sonra Türkiyəni nə gözləyir?
Türkiyədə keçirilən yeddi iyun parlament seçkiləri umimilkdə götürsək sakit və əmin-amanlıq bir ortamda başa çatdı. Rəsmi olmayan nəticələrə görə seçkilərdə səsvərmə hüququ olan vətəndaşların 86 faizindən çoxu iştirak etdi. AKP 40,6%, CHP 25,2%, MHP 16,5%, HDP isə 13,1% faiz səs alaraq tərəfdarlarını parlamentdə təmsil etmə haqqı qazandı.
Bu bölgüyə görə artıq yeni dönəmdə millət məclisində AKP 258, CHP 132, MHP və HDP isə hər biri 80 millət vəkili ilə təmsil olunacaqlar. 550 millət vəkili kürsüsündən boş qalan digər yerləri isə müstəqil namizədlər tutacaq.
AKP-nın səs itirməsinin səbəbləri…
Səsvermə nəticələri türk ictimaiyyətinin bəhs etdiyimiz siyasi partiyalara verdikləri mesajlarla doludur. Gəlin, bu mesajları analiz etməyə çalışaq. Normal analiz üçün öncəliklə səsvərmə öncəsinə getməmiz və Türkiyədə seçkiqabağı dövrdə nələrin olub bitdiyinə qısaca nəzər salmağımız lazımdır. Hələ seçkilər keçirilmədən qısa müddət əvvəl araşdırma şirkətlərinin keçirdikləri rəy sorğularında iştirak edən respondentlərin 66 faizi bu seçimlərdə saxtakarlıqlar olacağına inandıqlarını bildirir və Yüksək Seçim Qurumunun üzərinə böyük işlər düşdüyünü bildirirdilər. İnsanlar bu barədə heç də haqsız sayılmazdılar. Belə ki, 2007-ci il seçimlərindən bu yana Türkiyədə keçirilən bütün seçkilərdə Hakim Ədalət və İnkişaf partiyasının lehinə bu və ya digər şəkildə saxtakarlıq faktları üzə çıxarılmışdı. Ayrıca seçimlərin birində səs sayma prosesi davam edərkən bəzi bölgələrdə elektrik enerjisinin kəsilməsi və Enerji nazirinin jurnalistlərin kəsintilərlə bağlı suallarını cavablandırarkən bunu pişiklərlə əlaqələndirməsindən tutun, bələdiyyə seçimlərində gecə dördün yarısında bir nazirin yüksək seçim qurumuna gəlməsinədək sayısız faktlar insanları belə düşünməyə vadar edirdi. Ayrıca baş nazirin müavini Bülənt Arıncın bu ilin əvvəllərində Ankara bələdiyyə başqanı, partiyadaşı Məlik Gökçəklə aralarındakı bir inciklikdən sonra onun saxtakarlıq nəticəsində seçilməsinə eyham vurması və 8 iyundan sonra yüz korrupsiya hadisəsini açıqlayacağı ilə bağlı bəyanat verməsi də seçki saxtakarlığının baş verdiyini isbat edən faktlardandır. Elə bu seçimlərdə də sayısız saxtalaşdırma cəhdləri üzə çıxarıldı. Keçmiş Ədliyyə naziri Sadullah Erginin bir-neçə nəfərin yerinə səs vermə cəhdindən tutun, əqli qüsurlu şəxsə AKP lehinə səs verdirilməsinədək onlarca hadisə sosial mediaya düşdü. Bütün bunlardan əlavə sadəcə İstanbuldakı səsvermə məntəqələrinin yaxınlığında dayanan, on ikisi polisə məxsus iyirmi nömrəsiz avtomobil və bu avtomobillərin yük yerlərində AKP-nin işarətləndiyi hazır səsvermə bülletenləri ilə dolu çuvalların olması barədə də dedi-qodu yayılmışdı. Doğrudur, bu axırıncı faktla bağlı dedi-qoduların nə qədər həqiqətə uyğun olduğunu deyə bilmərəm, amma dövlətin polisinə məxsus və üzərində polisə aid olduğunu bildirən hər hansı yazı olmayan , həm də nömrəsiz on iki avtomobili hər halda səsvərmə məntəqələrinin yaxınlığına bəzək üçün gətirmədiklərini düşünürəm.
Bəs, nə oldu ki, Ərdoğanın bütün istəklərinə, prezidentlik ehtirası və təkadamlıq arzusuna baxmayaraq çeşidli mitinq, görüş və toplantılarda çıxıb əvvəlcə 400, daha sonra 330 və nəhayət 276 millət vəkili istəməsinə rəğmən AKP Türkiyə böyük millət məclisində sadəcə 258 kürsü ilə kifayətlənmək məcburiyyətində qaldı? Bunun əlbəttə ki, birdən artıq səbəbi vardır. Gəlin, öncə bu səbəblərə nəzər salaq.
Keçmiş sayılarımızda da Türkiyənin siyasi həyatı və AKP ilə bağlı məsələlərə toxunarkən Ərdoğanın hakimiyyətə gətirilməsinin əslində qərbin bir proyekti olması ilə bağlı düşüncələrimi bildirmişdim. Bu şəxsin mediaya düşən, Hikmətyarın önündə diz çökmüş fotoqraflarından tutun, 1994-cü ildə Amerikanın Pensilvaniya ştatında keçirilən bir toplantıda demokratiya üçün sərf etdiyi: “demokratiya bizim üçün hədəf deyil vasitədir, eynən bir qatar kimi düşünün, minəcəyik və lazım olan stansiyaya çatdığımızda enəcəyik “ sözlərinə, Əbdürrəhman Karslı adlı bir şəxsin evində hələ AKP-nin quruluş vaxtları ABŞ, İngiltərə və Fransa səfirləri ilə görüşərək onlardan iqtidar olmaq üçün verəcəkləri maddi və media dəstəyinin müqabilində iqtidar olduqdan sonra həyata keçirəcəyinə söz verdiyi işlərə qədər çox şeylər barədə yazmışdıq. Xatırladaq ki, qeyd etdiyimiz ölkələrin səfirləri Ərdoğandan öncə Səadət partiyası başqanı Nəcməddin Ərbakanla görüşüblər və onların təkliflərinin qəbuledilməz olduğunu bildirən Ərbakan bu təklifləri rədd edərək bəhs etdiyimiz ölkələrin diplomatlarını geri göndərib. Lakin hakimiyyətə gəlməyi ölkəsinin maraqlarından üstün tutan Ərdoğan təəssüflər olsun ki, qərb dairələrinin təkliflərinə müsbət cavab vermişdi…
Nəhayətində hakimiyyətə gələn Ərdoğan 2011-ci il seçimlərində 49,9 faiz səs alaraq partiyasının seçkilərdəki kulminasiya nöqtəsini gördü və bundan sonra keçirilən bələdiyyə, nəhayət son parlament seçimlərində isə aşağı doğru meyillənmə başladı. Bəs, AKP-nin bu səs itkilərinin səbəbləri nə idi? Son iki-üç ildə Ərdoğanın getdikcə avtoritarlaşan yönətim tərzi, digər dövlət qurumları və xüsusilə medianı basqı altına alaraq əzmə cəhdləri, ayrıca üzə çıxan böyük korrupsiya skandalları və rüşvətxorluğun çiçəklənməsi və bütün bunların fonunda ölkə iqtisadiyyatının pisləşməsi nəticəsində 11 faizi keçən işsizlik, milli valyutanın xarici valyutalar qarşısında sürətlə dəyərini itirməsi və bunun nəticəsində əhalinin mütləq əksəriyyətinin getdikcə yoxsullaşması, insanlar yoxsullaşarkən Ərdoğanın qızıl unitazlı tualetli sarayında ultralüks içində padşah həyatı yaşaması türk seçicisini qəzəbləndirən hadisələrdəndir. Bütün bunlardan başqa dini siyasətə alət edən AKP-nin insanların gözündə dindən uzaqlaşmasına rəğmən Ərdoğanın əlində “Qurani Kərim” mitinq meydanlarında kürsüdən kürsüyə keçərək AKP-yə səs istəməsi və prezident kimi deyil, partiya başqanı kimi davranması və ən önəmli şərt olan tərəfsizliyini itirməsi, hər getdiyi mitinqdə müxalifət partiyalarını pisləyərək onların liderlərini alçaltmağa çalışması, onları çoban belə ola bilməyəcək qədər bacarıqsızlıqda, zərdüştlükdə, pop star olmaqda ittiham etməsi də türk seçicisi tərəfindən xoş qarşılanmadı.
Ayrıca həm yerli medianın önəmli qisminin, həm də qərb mediasının da seçki sonuclarından çıxardığı nəticəyə görə türk seçicisi Ərdoğanın “türk üsulu” prezidentlik, yəni tamamilə nəzarət edilməyən və bütün səlahiyyətləri əlində toplayan prezidentlik üsul-idarəsi istəyinə də yox dedi. Məncə yeddi iyun seçkilərinin ən önəmli nöqtəsi məhz burasıdır.
Müxalifət hansı vədlərinə görə tərəfdarlarını artıra bildi?
Gəlin, öncə seçkilərin sürpriz partiyası olan HDP- dən başlayaq. Bu partiya Türkiyədə sosial demokratiyanın ən güclü partiyası olan CHP-nin qismən mərkəzə doğru meyillənməsi sonucunda boşda qalan sosial demokratiya tərəfdarlarından bir seçimlik əmanət səs istədi və inandırıcı, tutarlı davranışları ilə bu yönümlü seçicilərin səsləri hesabına seçim baryerini aşaraq parlamentə girə bildi. Ayrıca Diyarbəkirdə seçimlərə iki gün qalmış mitinq meydanında partlayan bomba və R.T.Ərdoğanın hadisə yerinə gedərək ölənlərin yasında iştirak etmək əvəzinə Dəmirtaşı ittiham etməsi də HDP-nin lehinə Diyarbəkir və ətraf vilayətlərdə səs partlayışı yaranmasına təkan verdi. Hələlik bilinmir, o bombanı mitinq meydanına kim yerləşdirmişdi, PKK, yoxsa dövlətlə bağı olan hər hansı bir qurum. Amma artıq bir şey dəqiqdir ki, bombanın HDP-nin səs faizlərinin yüksəlməsində önəmli dərəcədə rolu olmuşdur. Elə cənub şərqi Anadoluda yaşayan əhalinin seçiminin də bu bölgədə indiyədək güclü olan AKP-nin yerinə HDP-yə səs verməsi dediklərimizə sübutdur.
Milliyətçi Hərəkat partiyası da bu seçimlərdə səslərini 2011-ci il seçimlərinə nisbətən dörd faiz artıra bildi. Doğrudur, keçən parlament seçimlərində iqtidar partiyası tərəfindən təşkil edildiyinə inanılan kaset skandalları sayəsində MHP ciddi miqdarda səs itkisi ilə üzləşmişdi. O dönəmdə AKP-nin bu skandalı təşkil etməklə MHP-nin baryeri keçməsinə əngəl olmaq istədiyinə MHP liderləri inanırlar. Əslində kaset skandalının təşkilatçılarının hələ də üzə çıxarılmaması onları belə düşünməyə vadar edir. Gerçəkdən də əgər bu iş MHP-yə deyil, AKP-yə qarşı təşkil olunsaydı indi Ərdoğan dövlətin bütün imkanlarından istifadə edərək günahkarları tapdırar, hətta onları Vətənə xəyanətdə, dövlət çevrilişinə cəhddə və sair ittiham etdirərək cəzalandırılmasına nail olardı. Amma bəhs edilən olay MHP-nin başına gəlincə bütün bunlar unuduldu.
İndi isə seçimlərdən öncə AKP-nin Abdullah Öcalanla vasitəçilər xətti ilə görüşməsi cənub şərqi Anadoluda PKK-nın əsgərliyə çağırış, vergi dairəsi və sair dövlət qurumlarına paralel ofislər açması, bütün bunlar olarkən hakimiyyətin heç nə olmamış kimi sakitcə susub olayları izləməsi mühavizəkar milliyətçi türk seçmənində ölkənin bölünəcəyi qorxusu yaratdı və nəticədə AKP-dən ayrılan səslərin bir bölümü MHP-yə getdi.
CHP isə seçim strategiyasını qonşularla AKP dönəmində yaradılan problemlər, ölkə daxilində isə iqtisadi məsələlər üzərinə qurdu. Ümumiyyətlə, məclisə girən müxalifət partiyalarının hər üçü də iqtisadi çökuşü və yoxsulluğun qarşısı alınmaz bir sürətlə artmasını vurğulayır, minimum əmək haqqının artırılacağı, minimum əmək haqqından vergi tutqularının qaldırılacağı barədə vədlər verirdilər. Burada CHP-ni fərqləndirənsə ölkənin gələcək iqtisadi inkişafı üçün ortaya qoyduğu təkliflər və bunları əsaslandırması idi. Keçən seçkilərə nisbətən aldığı səs faizində irəliləyiş əldə edə bilməyən CHP, seçicilərin artması səbəbi ilə aldığı ümumi səslərin sayını təxminən yarım milyon nəfərədək artıra bildi ki, bu da ciddi bir rəqəmdir. Bu seçimlərdə AKP-nin üç milyon yarım səs itirdiyini nəzərə alarsaq CHP-nin qazandığı bu səs miqdarı xətri sayılacaq səviyyədədir.Artıq seçkilər bitdi, bəs gələcəkdə nə olacaq?
Türkiyəni hansı partiyaların koalisiya hökuməti gözləyir?
İndiyə qədər riayət edilən adət, ayrıca da konstitusiya hökmlərinə görə prezident öncə seçimlərdən birinci çıxmış partiyaya hökumət qurma təklifini verir, bu partiya başarısız olaraq hökuməti qura bilmədikdə isə sıra ilə digər partiyalara eyni vəzifə tapşırılır. Bu seçimlərdən birinci çıxdığına görə, əlbəttə ki, ilk hökumət qurma tapşırığı AKP-yə veriləcəkdir. Bəs, Davudoğlu bu tapşırığın öhdəsindən gələ biləcəkmi?
Partiya başqanlarının çıxışlarını analiz etsək, AKP ilə HDP arasında hansısa koalisiyanın mümkünsüzlüyünü görərik, ayrıca HDP başqanı Səlahəddin Dəmirtaşın verdiyi bəyanata inanarsaq, bu partiya AKP ilə koalisiyaya getməyəcək, hətta AKP-ni kənardan da dəstəkləməyəcək. MHP lideri Dövlət Bağçalı da elə seçim axşamı verdiyi bəyanatında bütün koalisiya təkliflərinə qapalı olduqlarını söyləmişdi. Heç CHP də AKP ilə koalisiya məsələsində digər müxalifət partiyalarından fərqlənmir. Belə ki, özlərini iqtidar alternativi olaraq elan edən CHP-lilər AKP-nin hökuməti qura bilməyəcəyini və Ərdoğanın məcburuiyyət qarşısında qalaraq bu vəzifəni onlara tapşıracağını iddia edirlər.
Ümumilikdə hər üç partiyanın da seçkilər haqqındakı bəyanatlarındakı ortaq nöqtə demokratiyanın qazandığı, Ərdoğanın prezident üsul- idarəsi adı altında təkadamlıq xəyallarının bitdiyidir.
P.S. Türkiyə üçün xeyirlisi nədirsə o olsun…