“Mitinqlərdə “Cəmil bəy” şüarını səsləndirməməyi tapşırıblar”

0
4

“Mitinqlərdə “Cəmil bəy” şüarını səsləndirməməyi tapşırıblar”

Ağaşirin Tanrıverdioğlu:“Əli Kərimli partiyanı Fuad Qəhrəmanlıya verməklə öz gələcək həyatını qarantiya almağı düşünür”

Siyasi arenanın iqtidar cinahında ciddi narahatlığın olduğu indi heç kimdə şübhə doğurmur. Hətta vəziyyət o həddə gəlib ki, prezident müşavirələrində ölkə başçısının öz dilindən bəzi açıq və ya gizli etiraflar səslənir. Belə bir vəziyyətdə müxalifətin elliklə bir araya gəlib hakimiyyət uğurunda mübarizəni genişləndirməyə cəhd etməsi lazım olduğu halda, burada da hələ xeyli əvvəldən başlamış daxili çəkişmə və mübarizələr bitmir ki, bitmir. Istər Müsavat partiyası daxilində gedən proseslər, istərsə də AXCP-nin iç savaşları bir türlü bitmək bilmir. Bu mənada Ağaşirin Tanrıverdioğlunun partiyadan kənarlaşdırılmasından sonra AXCP-də yaranan gərginlik, həmçinin də getdikcə dərinləşən iç savaş günü-gündən daha geniş vüsət almaqdadı. Hətta belə görünür ki, bu məsələ xeyli vaxt aparacaq və diqqətləri öz üzərinə çəkəcək məhkəmə proseslərinədək gedib çıxacaq. Bütün hallarda bu olayların seçki ərəfəsinə təsadüf etməsi təəssüf doğurur. Elə Ağaşirin Tanrıverdioğlu ilə söhbətimizdə AXCP-də olub-bitənlərə və bu ətrafda cərəyan edən proseslərin perspektivlərinə nəzər salmağa çalışdıq.

(Əvvəli ötən saymızda)

– Gəl bir məsələni də dəqiqləşdirək. 26 ildi ki, partiyadasan. İndi özün də deyirsən ki, həmişə haqqın və haqlının yanında olmaq istədin. Amma yəqin ki, bütün bu illər ərzində nahaq şeyləri də, haqlı ola-ola, ya təşkilatın, ya da təşkilat rəhbərlərin maraqları uğruna haqsız duruma salınanları da görməmiş deyilsən. Bəlkə də, hətta kriminal xarakter daşıyan əməllərə şahidlik etdiyin olub. Niyə vaxtında belə şeylərə etiraz eləmədin? Belə şeylərdən indi konkret bir neçəsini sadalayıb gec də olsa etiraf edə bilərsənmi?

– Tamamilə haqlısınız, çünki belə hallarda susmağın özü böyük günahdı. Düzdü, belə hallarda cəmiyyət içərisində sussam da, mətbuata bu haqda danışmasam da, dar çevrələrdə və məxsusən də özümə yaxın bildiyim cəbhəçi dostlarımla söhbət zamanı belə şeylərin doğru olmadığnı hər zaman bildirdim. Hər zaman da təşkilatın nəzdində həm yuxarı, həm də aşağı səviyyəli rəhbərlik tərəfindən belə şeylərin düzəldilməsini, haqsızlıqlara yol verilməməsini gözləmişəm. Hər zaman da özümü inandırmağa çalışmışam ki, yəqin onlar da nə vaxtsa haqqa gələcəklər. Amma təəssüf ki, bütün bu illər ərzində haqqa gələn olmadı. Haqqı dağıdanlar, haqqı talayanlar, ilbəil artan xətlə haqları yeyənlər oldu.

– Məsələn?

– Uzun illərdən bəri, yəni AXC partiya çevriləndən ta bu günədək, təşkilatın üzvləri tərəfindən üzvlük haqqı yığılıb, az və ya çox miqdarda ianələr verilib. Mən özüm də bir çox ianələrin alınmasına, partiyanın büdcəsinə çatdırılmasına yardım eləmişəm. Amma, elə ki, bircə kəlmə həmin pulların necə və hara xərcləndiyini soruşan olsa, dərhal düşmən elan olunur və günü bu gün də Əli Kərimlinin ən böyük düşmənləri təşkilatda aparılan maliyyə hesabları ilə maraqlanan adamlardı. Bu cür düşmən münasibəti şəxsən mənə qarşı da sərgilənib. Baxın, çox da uzaq keçmişdə deyil, lap bu yaxında keçirilən toplantıların birində Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Nurəddin Məmmədli də iştirak edirdi. Həmin iclasda “Azadlıq” qəzetinə dəstəkdən, partiyada üzvlük haqlarının toplanmasından və s. məsələlərdən söhbət düşdü. Təbii ki, mən haqqı qoyub nahaqqı deməzdim və bunlar sözlərini deyib getmək istəyəndə, ayağa qalxıb ”bir dəqiqə dayanın, hər üçünüzə sözüm var” – dedim “dostlar, internetdən baxıram, hər gün maşınlara minib rayonları gəzirsiniz, ağacların kölgəsində oturub çay içirsiniz, yaşıl yoncalıqlarda şəkil çəkdirirsiniz, hər dəfəsində də başınıza 5-10 nəfər yığırsınız. Heç şübhəsiz ki, bu get-gəllərin hamısına pul xərclənir, amma burada sizin də, bizim də gözümüzün qarşısında Asif Yusiflinin özü həbsxanada, ailəsi də evində əziyyət çəkir. Bəs bu adama niyə dəstək olmursunuz? Axı, sizin o səfərlərə, o get-gəllərə xərclədiyiniz pulları biz təşkilatın üzvləri ordan-burdan tapıb gətiririk”. Söz ağzımdan çıxmamış, Gözəl Bayramlı ilə Fuad Qəhrəmanlı üstümə hücum çəkdilər ki, axı sən kimsən, biz sənə hesabatmı verməliyik?-dedi. İlk dəfə onda hiss elədim ki, uzun illərdən bəri böyük haqsızlıqlara, dağıdılan pullara göz yummuşam. Bütün bu illər ərzində bircə dəfə, mənim də zəhmətimlə partiyaya gələn pulların hesabını soruşduğuma görə üstümə hücum çəkib məni düşmən elan edillərsə, demək bu adamlar xalqı və milləti deyil, partiyadan bəhrələnən bir neçə nəfəri fikirləşirlər.

– Ağaşirin, uzun illərdi ki, məhz AXCP-nin üzvü olduğuna görə heç yerdə işləmirsən, işləyə bilmirsən. Bütün bu illər ərzində təşkilatın rəhbərliyi heç maraqlandımı ki, Ağaşirin nə yeyir, nə içir, yaşadığı evin kirayə pulunu hardan alır?

– Mən uzun illərdi ki, Bakının ən müxtəlif yerlərində kirayədə qalmışam, dözülməsi çox çətin olan, bəzilərinin heç ağıllarına gətirə bilməyəcək qədər əziyyət çəkmişəm. 2011-ci ilin 10 dekabrında əsgər ölümləri ilə bağlı mitinqdə polislər məni 100 metrə qədər sürüyüblər. Həmin gün aldığım zədələrin və yaraların fəsadlarını bu gün də yaşayıram. Partiya rəhbərliyindən bir nəfər belə maraqlanmayıb ki, bu insanı burda bu qədər sürüdülər, pis vəziyyətə qoydular, görək onun vəziyyəti necədi, bəlkə yardıma ehtiyacı var, bəlkə həkimə aparmaq lazımdı? Dediyim kimi bir nəfər belə düşünmədi ki, bu yazığın axırı görəsən nətəri oldu? Hətta, bu il fevral ayının 9 – da Əli Kərimliyə mesaj yazdım ki, bəy, çöldə qalmışam, çantam da əlimdə, evin kirayəsini verməyə pulum yoxdu mənə 80 manat kömək elə. Aradan 5 dəqiqə keçəndən sonra yazdı ki, Ağaşirin, bir Allah şahiddi ki, o pul məndə də yoxdu, partiyada da və inan ki, pul olsaydı, bu dəqiqə göndərərdim. Səhəri günü eşitdim ki, Həsən Kərimli ilə Gözəl Bayramlı Gürcüstana müalicəyə gediblər. Təbii ki, onlar da heç yerdə işləmir və heç yerdən qara qəpik almıllar. Hamısı da xərclədiyi pulları partianın üzvlük haqlarından və “Azadlıq” qəzetinin satışından gələn maliyyədən götürürlər. Bax bunların belə ayrıseçkilik etmələri vəziyyəti gətirib bu yerə çıxardı.

– Deyəsən bunlar həbsdə olan cəbhəçilərlə bağlı da ciddi mənada ayrıseçkiliyə yol verillər. Yəni belə məlumatlar var ki, sadəcə 15 ya da 30 sutka həbs olunan cəbhəçilərin ailələrinə bir neçə dəfə baş çəkməyi vacib bilən rəhbərlik, digərlərinin ailəsinə ildə bir dəfə belə baş çəkməyi bəzən unudullar. Bu məlumatlar nə qədər həqiqətə uyğundu?

– Bu kimi ayrıseçkilik halları həmişə olub. Amma mən indi çalışacam ki, bunların səbəblərini dəqiqliklə açıqlayım. Həsən Kərimli il yarım bundan öncə açıq şəkildə elan eləyib ki, Ali Məclisin sədrliyinə növbəti dəfə seçilməyəcək, çünki səhhəti buna imkan vermir. Bu onun üzdə dediyi sözdür. Amma pərdəarxasında Gözəl Bayramlı ilə əlbir olaraq, bütün rayonlardakı əlaqələrindən istifadə etməklə, çalışıllar ki, Ali Məclisin növbəti sədri Gözəl xanım olsun. Bir müddət əvvəl biz də dostlarla bir araya gəlib qərara aldıq ki, bu məsələdə Seymur Həzini dəstəkləyək, yəni Ali Məclisin növbəti sədri Seymur Həzi olsun. Təbii ki, Həsən-Gözəl qruplaşması da Seymur Həzinin bu posta namizəd olacağından xəbər tutdular. Aradan çox keçmədi ki, Seymur Həzi həbs olundu. Bir zaman mən Asif bəylə bu söhbəti elədim. Dedim ki, bəy, biz imkan verməməliyik ki, partiyanın daxilindəki qaragüruhlar, qrupbazlar, oyunbazlar və mafiozlar təşkilatın ali orqanına rəhbərlik eləsin. Açığı, Asif bəy də mənimlə razılaşdı və dedi ki, belə olmaz. Hətta öz aramızda bir necə namizədin üzərində dayandıq. Amma bu söhbətdən də bir ay, ya da ay yarım keçməmişdi ki, Asif Yusiflinin özü də həbs olundu. Bəli, belə bir vəziyyətdə həm intellektual səviyyəsi, həm də bir neçə dil bilməsi imkan verirdi ki, Ali Məclisin sədrliyinə Razi Nurullayev gəlsin. Bunu eşidən Əli Kərimli və o biri qruplaşmalar dərhal bütün vasitələrə , hətta “bu hakimiyyətə işləyir, hakimiyyətin adamıdır” kimi şərə-böhtana əl atdılar. Beləcə, Əli Kərimlini də fakt qarşısında qoyaraq, Razi Nurullayevi partiyadan kənarlaşdırdılar. Amma nədənsə, Əli Kərimli o zaman özündə hesabat apara bilmədi ki, axı, Razi partiyaya gələndə biz onun haradan gəldiyini bilirdik, 5-6 il bunlarla bir yerdə rəyasət heyətində oturaraq, təşkilatın sədr müavini kimi mühüm bir postu tutan adam, bir günün içinde necə hakimiyyətə işləyə bilərdi? Yox əgər belə bir şey var idisə, demək siz bunu lap əzəldən də biirdiniz? Bu faktı əvvəldən də bilə-bilə niyə gizlədirdilər? Əgər gizlədirdilərsə, demək bunların Razinin orada olmasında xüsusi maraqları var idi.

– Nəydi ki o xüsusi maraq?

– O xüsusi maraq maddiyyatla bağlı idi və bunlar təşkilatın strateji maraqarını pula qurban verirdilər.

– Bu söhbətlər çox gəzir. Ümumiyyətlə Razi partiyaya pul verirdimi?

– Orasını dəqiq deyə bilmərəm, amma partiyaya pul verməsə də, Razi öz açıqlamasında da bildirdi ki, partiyada olan imkansızlara, pulu olmayanlara, küçədə qalanlara, yol pulu olmayanlara hər zaman dəstək olub, yəni pul verib.

– Razi partiyadaşlarından kiməsə dəstək olubsa, bu onun şəxsi işidi. Amma konkret partiyanın büdcəsinə ödədiyi pullar barəsində nə bilirsən?

– Açığı, mən Razinin konkret olaraq partiyanın büdcəsinə hansı miqdarda pul verdiyini deyə bilmrəm, amma bir şeyi dəqiq bilirəm ki, o uzun illərdi ki, həm partiyaya, həm də Əli Kərimliyə böyük vəsaitlər xərcləyib. Sadəcə olaraq, Ali Məclis söhbətinin ortaya çıxması, bunları yollarını ayırmağa məcbur etdi. Buna birbaşa səbəb verən isə Razi Nurullayevin rəyasət heyətində açıq fikir söyləməsi oldu ki, təşkilat yeniləşməlidi, gəncləşməlidi, köhnə strukturlar və köhnə adamlar kənara buraxılaraq, meydan gəncliyə verilməlidi. Bax, Razi Nurullayev həm də bu sözlərin qurbanı oldu. Mən sizə sadə bir fakt deyim. Prezident seçkisindən bir az öncə Lənkərana gedilirdi. Allah hər ikisinin qapısını açsın, indi həbsdə olan rəyasət heyətinin üzvləri Mənsum Bayramlı ilə Asif Yusifli Mənsumun maşınında Lənkərana getmişdilər. Masallıda hakimiyyətin göstərişi ilə polislər tərəfindən maşının qabağı kəsildi, arvad-uşaq maşından yerə töküldü. Mənsuma ciddi xətər yetirildi. Maşını isə yaman günə qoyub yoldan dala qaytardılar. Amma bu arada Əbülfəz Qurbanlı ilə Fuad Qəhrəmanlı gedib Masallıda konfrans keçirir, gecə Yardımlı dağlarına qalxır, oradan da Masallı İstisuyuna gedillər. Sanki istirahətə gediblər. Indi gəlin mən sizə də, elə Fuad bəyin özünə də bir sual verim. Necə olur ki, eyni yolla Mənsum Bayramlı ilə Asif Yusifli gedəndə qabaqları o cür kəsilir, özləri də, maşınları da əzilərək yoldan qaytarılır, amma bu birilər gedəndə gül-çiçəklə qarşılanır? Sizcə, belə bir vəziyyətdə mənim olanlardan şübhələnməm doğrudu, yoxsa yanlış? Ən dəhşətlisi isə budu ki, öncə gedənlərin ikisi də həbsdədi, ama o birilərinin gül üzünə “püf” deyən də yoxdu. Şadlıqla-şadyanalıqla respublikanın hər tərəfinə gedib gəlirlər. Burada Fuad Qəhrəmanlının da, Əbülfəz Qurbanlının da və onların təmsil olunduğu təşkilatdaxili qruplaşmanın da hakimiyyətin müəyyən qurumları ilə gizli və qaranlıq iş birliyi olmasından söhbət gedir.

– Ağaşirin, mediada və sosial şəbəkələrdə belə məlumat getdi ki, partiyanı və Əli Kərimlini məhkəməyə verəcəksən. Doğrudanmı, məhkəmə məsələsində israrlısan, yoxsa hirsin soyuyubmu?

– Məhəkəmədə israrlıyam və bunu Əli Kərimli də, onun ətrafı da yaxşı bilir ki, mənim öz prinsiplərim, öz haqqım var. Məhkəmənin bir xeyri o olacaq ki, mənim pozulan və tapdanan hüquqlarımı bərpa edəcək, uzun illər boyu bu təşkilata verdiyim ianələr və üzvlük haqqlarını qaytaracam. Başqa tərəfdən xeyri o olacaq ki, daha bunlar istədikləri adamı partiyadan çıxara bilməyəcəklər. Mən indi dəqiq bilirəm ki, bunların birlikdə və hər qruplaşmanın ayrı-ayrılıqda partiadan kənarlaşdırmanı nəzərdə tutan siyahıları var və qurultaya qədər də bu məsələ yekunlaşmalıdı. Ardınca da Əli Kərimli çox rahat şəkildə partiyanın sükanını Fuad Qəhrəmanlıya ötürməlidi.

– Partiyanı niyə verir ki, Əli Kərimli sədrlikdən gedir ki?

– Əli Kərimli indi də Milli Şuranı götürmək istətir. Artıq bu söhbət partiya daxilində də, rəyasət heyəti səviyyəsində də bəzən açıq, bəzən də gizli gedir. Belə deyillər ki, sədrin partiyada inanılmış adamı Fuad Qəhrəmanlıdı. Çünki o da, indiki şefi kimi, bütün prinsipial məqamlarda həm iqtidarla, həm də müxalifətlə dil tapıb bir havanı oynaya bilir. Bir növü də, Əli Kərimli partiyanı Fuad Qəhrəmanlıya verməklə öz gələcək həyatını qarantiya almağı düşünür. Artıq Cəmil Həsənliyə də yavaş-yavaş başa salmağa çalışıllar ki, bu millət səni istəmir, “hamı Əli Kərimli” deyir. Bu dediklərimin konkret sübutu da var. Çünki son vaxtlar Fuad Qəhrəmanlı təşkilatın bütün səviyyəli iclaslarında, rəsmi və qeyri-rəsmi görüşlərində hətta çayxana söhbətlərində belə, partiya üzvlərinə mitinqlərdə “Cəmil bəy” şüarını səsləndirməməyi tapşırır və hamıdan tələb edir ki, bundan sonrakı mitinqlərdə “Əli bəy” şüarları səsləndirilsin. Təbii ki, bu göstəriş Fuad Qəhrəmanlıya Əli bəy tərəfindən verilib.

– Yəni adam iclaslarda açıq şəkildə deyir ki, mitinqlərdə “Cəmil bəy” qışqırmayın?

– Bəli, hətta bu iclaslardan birində ona sual verildi ki, niyə axı, nə olub, Əli Kərimli ilə Cəmil Həsənli arasında problemmi var? O isə cavabında sözü bir saat çeynəyəndən sonra açıq şəkildə bildirdi ki, Cəmil Həsənlini o stola biz oturtmuşuq. Bir daha deyirəm ki, Cəmil Həsənli barəsində bu sözü AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı deyib və qəti əminəm ki, o, özbaşına, yəni Əli Kərimlidən xəbərsiz partiya üzvləri arasında bu cür sözlər işlədə bilməz.

– Arada belə bir variantı da düşünmürsən ki, nə olub-olub, bu təşkilata illərini vermisən, hələ də partiyada xeyli dostların var, bir kəlmə ilə “mən sizi Allaha tapşırıram, haqqımı da halal eləmirəm” – deyib sakitcə kənara cəkiləsən, mətbu açıqlamalarından, həmçinin məhkəmə iddiasından vaz keçməklə.

– Əlbəttə mən də başından bu cür düşüncədəydim. Ancaq gedişat onu göstərdi ki, bunlar dayanmaq fikrində deyillər və artıq indidən bilirəm ki, elə Nərimanov rayon şöbəsinin bu dəfəki məclisində azı 3 nəfər mənə yaxın olan gənc fəalı, özü də məhz mənə yaxın olduqlarına görə partiyadan çıxaracaqlar (Yeri gəlmişkən, Ağaşirin Tanrıverdioğlunun bu iddiası artıq təsdiqini tapıb və Nərimanov rayon şöbəsindən müsahibimizə yaxınlığı ilə tanınan Dəyanət Babayev və daha iki gənc fəal partiyadan xaric edilib – red.)

– Bu arada partiyanın rəhbərliyindən, yaxud da təşkilatdakı dostlarından barışıq təklifi-filan gəlməyib ki?

– Təbii ki, bunlar partiyanın hamısını mənə düşmən edə bilməzlər. Bəzi dostlar deyillər ki, bəlkə bu işləri qurtarasan, məhkəmə-filan da lazım deyil. Onlara deyirəm ki, mən vaz keçsəm belə, bunlar öz əməllərindən vaz keçən deyillər və Əli Kərimli özü başda olmaqla, təşkilatda formalaşmış qruplaşmalar bütün demokratik fikirli insanları təşkilatdan uzaqlaşdıracaqlar. Ona görə də hesab edirəm ki, məhkəmənin qərarı bunların hamısına görk olmalıdı ki, məmləkətin qocaman partiyalarından birinə sahiblənərək, təşkilatın proqram və nizamnaməsi ilə hesablaşmadan, istədiklərini edə bilməzlər. Bunlar məhkəmə qarşısında cavab verməlidilər ki, yerdə qalan dostlar tam rahat və sərbəst şəkildə demokratik mübarizələrini davam etdirsinlər.

Söhbətləşdi: Nicat Sadiq

LEAVE A REPLY