Kreslo sevdası.

0
4

Qüdrət Əzizov

Kreslo sevdası.

Son dönəmlər özbaşınalıq, talançılıq edənlərin ciddi şəkildə cəzalandırılması hər kəsə məlumdur. Bunların əksəriyyəti məmur övladları, ya da qohumlarıdır. Bu da onun göstəricisidir ki, edilən hər bir qanunsuz hərəkət, özbaşınalıq çox keçmədən cəzasını tapır. Bunları etməkdə gecikmişik, amma gec də olsa haqq-ədalətin yerini tapması sevindirici haldır.
Necə deyərlər, ziyanın yarısından da qayıtmaq yaxşıdır. Məmur ilk öncə ölkənin, xalqın xidmətində olmalıdır ki, davranışı ilə digər şəxslərə örnək ola bilsin. Eləcə də məmur qohumları və övladları. Bu yaxınlarda ölkə prezidenti digərlərinin də bundan dərs alması üçün bir neçə məmuru vəzifəsindən azad etdi. Çox təəssüf ki, xoşagəlməaz hallar yenə də davam etməkdədir. Harın məmurlar anlaya bilmir ki, önların vəzifəsi öz bahalı maşınları, kef məclisləri ilə öyünmək deyil, xalqa xidmət etməkdən ibarətdir.
Bəzi məmurlarsa kreslo sevdasından vaz keçə bilmir. Bilmirəm o kresloda nə varsa, ondan əl çəkmək istəmirlər. Yazılan məlumatlara görə bu ilki parlament seçkilərində, 4 dəfədən artıq seçilmiş, universitet rektorları,70 yaşdan yuxarı şəxslər, biznesmenlər deputatlıga namizəd ola bilməyəcək. Fikrimcə bu çox yerində verilmiş qərar olardı. Demək olar ki, milli məclisin 70% -i dəyişər, bu isə gələcəyə doğru atılan müsbət addımlar deməkdir, yəni gənc kadrların yolunu açmaqdır.
Qarşıdan gələn seçkilərdə çox şeyə ümid etmək olar.Yeni namizədlər, yeni kadrlar bir çox dəyişikliklər edib bütün haqsızlıqlara,qanunsuzluqlara son qoya bilər. Xalqın istədiyi bir şəkildə xidmət edib, yalan vədlər verməzlər. Artıq xalq hər seçki ərəfəsində vəd verilib sonradan yerinə gətirilməyən sözlərdən doyub. Artıq bu tip vədlərin xalqın gözündə heç bir dəyəri yoxdur.
Bütün bunları yazmaqda məqsədim odur ki, kresloda oturmaqla iş bitmir. O kreslolarda oturursunuzsa xalqın problemlərini həll etməyə də borclusunuz. XXI əsrdə olmağımıza baxmayaraq hələ də bir çox rayonlarımızda bərbad yollar, su, qaz, işıq, xəstəxana, məktəb problemi var.
Savadsızlıqdan danışırıq, kadr çatışmazlığından danışırıq, uzun ömürlülüyün azalmasından, artımın olmamasından, iqtisadiyyatın digər tərəflərinin inkişaf etməməsindən danışırıq. Bu problemlərin həll edilməsi xalqa xidmət edən məmurlar olmasından keçir. Yolu, məktəbi bərbad, müəllim catışmazlığından əziyyət çəkən bir yerdə hansı elmdən, savadlı kadrdan danışa bilərik? Onlar da bu ölkənin vətəndaşıdır. Onların da oxumağa haqqı var və onların əlindən bunu almağa heç kimin ixtiyarı yoxdur. Vəzifəyə gələrək kresloya əyləşəndə ilk öncə bunları fikirləşmək lazımdır.Vətənə, millətə, xalqa şərəflə xidmət etmək lazımdır, çünki gec-tez ədalət bərqərar olacaq.

LEAVE A REPLY