İtirilən nəzarət və yüngül əyləncə qəlibində formalaşmaq
Neçə ildir, Azərbaycanda savadsızlıqla mübarizə planının ortaya qoyulacağını, bu yöndə sosial çarxların hazırlanacağını, QHT-lərin vacib təhsil layihələrinin icrasını gözlərkən, orta məktəblərin 9 və 11-ci siniflərinin buraxılış imtahanlarının utanc nəticələri açıqlanır.
Riyaziyyat üzrə sonucları bir kənara qoyaq, amma Ana dili fənni üzrə “2”qiymətləndirmənin yüksək faizi cəmiyyəti kifayət qədər məyus edən faktdır; gələcək nəslin qaranlıqda qalması, korazehin boyüməsi cəhətindən insanın içinə pis hisslər daxil edir. Qarşıdakı qəbul imtahanları ilə bağlı ənənəvi rüsvayçı statistika, TQDK sədri Məleykə Abbaszadənin çıxıb verəcəyi pessimist açıqlama indidən bir daha açılıb ortaya tökülür. Bu mənzərə, savadsızlıq probleminin illərdir, sözlərdə havaya car çəkildiyinin, əslində dərin rişələr atmasının xəbərçisi və bu istiqamətdə, həm rəsmi, həm də ailə səviyyəsində zaman-zaman buraxılan səhvlərin, boşluqların hələ də aradan qaldırılmamasının əyani sübutudur.
Parlament susmaqda davam edir. Yüksək səviyyəli dəyirmi masalar başqa problemlərin çözümü arxasınca qaçır. Valideyn-müəllim assosasiyalarına pul ödəmək məsələsi yaxınlaşanda, ailə başçıları ilə əlaqə yaratmaq yada düşür, lakin şagirdlərin geriləməsi, dərsə laqeydliyi məktəb-valideyn formatı müzakirələrində qətiyyən araşdırılmır.
Təhsil ekspertlərinin xeyli öncələrki təhlili hər il mənfiyə doğru dəyişən savadsızlıq rəqəmlərinin səbəbini dərsliklərin məntiq yükü ilə ağırlaşdırılması faktına bağlamışdı və təhsilin üst rəhbərliyində baş verən dəyişiklikdən sonra fənn bilgilərinin bir qədər sadələşdirilməsi prioritet məsələlərdən biri kimi təqdim edilirdi. Bəs, nə baş verdi?
Kitabların yenidən işlənməsi yarımçıq islahat xarakteri daşıdı. Müəllimlərin bilik, təcrübə parametrləri əsasında imtahan mərhələsindən keçirilməsi nəzəri baxımdan ciddi, geniş bir tədbir olaraq planlansa da, praktika bu tədbirləri sönük və ləng şəkildə göstərdi. Çünki qeyri-şəffaf yollarla müəllim statusu alanlar bilik səviyyəsindən asılı olmayaraq, şagird auditoriyası qarşısına çıxmaqda davam edirlər.
Kitablarla bağlı köklü dəyişilməzlik və yarıtmaz pedaqoqların təhsildə yerinin möhkəmlənməsi faktlarının qalması ondan xəbər verir ki, Azərbaycanda savadsızlıqla mücadilə görüntü xarakteri daşıyır, belə bir mücadilə nə var, nə də üfiqlərdə görünür.
Lakin müşahidələr və dəqiq analizlər deməyə əsas verir ki, bu mücadilədə üzərində dayanılmalı olan başqa vacib nüanslar da var. Əgər yeniyetmə nəsil təhsildən perik düşməyə çalışırsa, elm, bilik qəlibində formalaşa bilmirsə, bunun kökləri təkcə təhsilin mürəkkəbliyi və müəllimlərin bilik səviyyəsinə gedib çıxmır, eyni zamanda, şagird üzərində ailə-məktəb nəzarətinin zəifləməsi, ümumiyyətlə, bu nəzarətin bir tandem halında mövcud olmamasından da irəli gəlir.
Söhbət nədən gedir?
Söhbət ondan gedir ki, bir tərəfdən mütərəqqi nailiyyət olan texnoloji inkişaf, başqa tərəfdən ailələri elə bir əsarətə alır ki, bu əsarət valideynlərin uşaqlar üzərindəki məsuliyyətini arxa plana keçirir. İnternet qarşısında saatlarla oturan ata dərs hazırlığında övladından köməyini əsirgəməli olur. İnternet qarşısında rəfiqələri ilə yazışan ana ocaq üzərində dibi yanan qazanından xəbərsizdirsə, onun heç övladına faydasından söhbət açmağa dəyməz.
Uşaqların ailə içərisində dərslərə yardımdan məhrum olması bir tərəfə, texnoloji yeniliklərin əsirinə çevrilən valideynlər bu əsarətə öz övladlarını da dartıb aparırlar. Artıq onların inkişaf prosesi həyatı biliklər, savad qəlibində deyil, internet, telefon əyləncəsi qəlibində gedir, çünki uşaqların sosial şəbəkələrlə əlaqəsinə yasaq çox az ailələrdə tətbiq edilir. Bu baxımdan Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin üzərinə böyük işlər düşür.
Əgər öz uşaqlarınızın təhsil aldığı məktəblərin təcrübəsindən fikir vermisinizsə, dördüncü sinifdən başlayaraq, on birinci siniflərə qədər-demək olar ki, əksər şagirdlər tənəffüslərdə sosial şəbəkələrdəki məşğuliyyətlərindən hünərlə bəhs edir, bu şəbəkələrə nabələd olan yoldaşlarında da həvəs oyatmağa çalışır, üstəlik, şagirdlərin müzakirə mövzusu “Medcezir”, “Kiralık aşq”, “Arka sokaklar” və başqa yaş səviyyələrinə uyğun gəlməyən türk seriallarından ibarət olur. Bu mənzərə ailələr və onların uşaqlara münasibəti haqqında təəssüratı aydın formalaşdıra bilir, yeniyetmələrin problemlərinin, təhsil axsaqlığının mənbəyini birinci olaraq ailə daxilindəki nəzarətsizlikdə, qeyri-sağlam rejim tətbiqində axtarmağa istiqamət verir.
Bundan başqa, Azərbaycan məktəblisi məktəbə çox funksiyalı telefonla daxil olursa, dərsarası tənəffüslərdə telefonu götürüb dəhlizə qaçır, hərcayı görkəmdə- ayağının biri divara söykənmiş, biri yerdə dayaq rolunda-, əlindəki telefonla əylənirsə və məktəb rəhbərliyi təhsil nizam-intizamına xələl gətirən bu mənzərənin səbəbinə-telefona embarqo qoymaq istəmirsə, demək, bu məsuliyyətsizlikdə valideynlə əlbir olur. Telefon, internet, teleseriallar çağdaş dövrümüzdə savadsızlıq üçün asan bir tələdir və qəribə burasıdır ki, bu tələyə şagirdləri məktəblə ailələr birlikdə hərəkət edərək salırlar. Biri əlinə telefon verməklə, digəri buna göz yummaqla.
Sovet dönəmində imkanlı imkansız arasında fərqi götürmək üçün məktəbli qiyafəsi düşünülmüşdü. Təkcə bu da yox. Uşaqların diqqətinin dağılmaması üçün zinət əşyalarının taxılması, hətta müəllimin geyiminin sadələyi tələb olunurdu ki, bu günə keçmişlərdən miras qalan məktəbli forması ənənəsi müasir ailələri də bərabərləşdirə bilirsə, telefonlara yasaq qoyulmaması isə, həm diqqəti dərslərdən yayındırır, həm təbəqələşməyə təsir göstərir, həm də oxumağa meylli, zərərli vərdişlərdən kənar tutulan uşaqların mənəvi keyfiyyətlərini zədələyir.
Əgər biz məktəb direktorlarının üzərinə bu neqativ halın tənqidi ilə getmək istəsək, əlbəttə ki, telefon məsələsi ciddi şəkildə inkar ediləcək, gözlərin gördüyü faktdan başqa isə həqiqət yoxdur.
Əgər biz internet əyləncəsindən sərxoş olan ailələrin üzərinə tənqidlə yürüsək, övladına nəzarətsizlik qüsuru üçün min bir bəhanə tapacaq, savadsızlıq tələsinə düşmənin təqsirini zəmanənin şərtlərində axtaracaq.
…İnternet azadlığının məhdudlaşdırılmasını təqdir etmək, istənilən təklif müəllifini demokratiyanın düşməni obrazında göstərə bilər. Lakin gəncliyə yanlış səmt aşılayan, onun işıqlı sabahının, mənəvi bünövrəsinin qorxulu taununa çevrilən sosial şəbəkələrdən qeyri amansız düşmən yoxdur; Heç bir ictimai və beynəlxalq qınaq dövləti bu zərərli texnoloji dəb üzərinə ciddi tədbirlərlə getməyə çəkindirməməlidir.
Vəfa Allahverdiyeva