Zaur Muradxanlı
Bakı 2015…
Aylardır hamımızın həyacanla gözlədiyimiz gün nəhayət gəlib çatdı. Sabah axşam saat 21.00-da I Avropa Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Qeyd edək ki, açılış mərasimində dünya və Avropa Olimpiya komitələrinin sədrləri ilə yanaşı onlarca ölkənin dövlət və hökumət başçıları, idman nazirləri, habelə idman federasiyalarının prezidəntləri də iştirak edəcəklər.
Artıq iyirmi idman növü üzrə altı min nəfər idmançı şəhərimizə təşrif buyurub. Ayrıca onlarca media qurumunu təmsil edən yüzlərcə media mənsubu da həm oyunları işıqlandırmaq və dolaylısı ilə şəhərimizin, həm də Azərbaycanımızın bütün dünyaya reklamını aparmaq üçün şəhərimizdədirlər. Burda qeyd etmək yerinə düşərdi ki, hökumətimizin oyunları təbliğat və reklam kompaniyası çərçivəsində gördüyü işlər nəticəsində artıq neçə ildir ki, həm İspaniyanın “Atletiko Madrid” futbol klubunun sinə reklamı odlar yurdunun rəsmi emblemidir, həm də dünyanın bir çox aparıcı media qurumlarında ölkəmiz və şəhərimizlə bağlı reklam çarxları göstərilməkdədir. Bütün bunlardan əlavə Bakı 2015-in rəsmi youtube səhifəsi də öz izləyiciləri üçün Azərbaycanımızı tanıtmaq sayəsində az iş görməmişdir. Xatırladaq ki, olimpiya oyunları şəhərimizdə yerləşən on səkkiz möhtəşəm idman arennasında keçiriləcək.
Olimpiya oyunlarına hazırlığın tam və müvəffəqiyyətlə başa çatdırıldığını qürur hissi ilə deyə bilərik. Gün etibarı ilə gəlin kimi bəzədilmiş Bakımız sadəcə idmançıları deyil, həm də oyunları izləməyə gələcək on minlərlə turisti qonaq etməyə hazırdır. Oyunların davam etdiyi müddətdə həm idmançıların, həm də turistlərin rahat hərəkət edə bilmələri üçün şəhərimizə dörd yüzdən artıq müasir avtobus gətirilib, Metropolitendə xidmət göstərən qatarların bir çoxu ən yeni qatarlarla əvəzlənib, ayrıca metronun iş qrafiki gecə saat 02:00-a qədər uzadılıb. Şəhərimizə gələn əcnəbilərin istədikləri yerləri rahat tapa bilmələri üçün naviqasiya sistemi yaradılıb. Qeyd edək ki, bu naviqasiya sistemini həm “ios”, həm də “android” sistemli telefonlara yükləmək mümkündür. Bu sistem üç dildə, Azərbaycan, rus və ingilis dillərində hazırlanıb ki, azərbaycanca bilməyən turistlər çətinlik çəkməsinlər. Ayrıca milli parkda yenidənqurma və genişləndirmə işləri demək olar ki, tam başa çatdırılıb və burada fəaliyyət göstərən üç gəmidən istifadə etməklə turistlər şəhərimizin gözəl mənzərəsini qırx dəqiqəlik turlar vasitəsi ilə həm gündüz, həm də gecə saatlarında dənizdən izləyə biləcəklər. Onu da qeyd edək ki, gəmilərdən biri digər ikisinə görə daha böyükdür, belə ki, bu gəmi üç mərtəbəlidir və eyni zamanda altı yüz əlli nəfər sərnişin götürmək qabiliyyətinə malikdir. Bu gəminin ikinci qatı Vip sərnişinlər üçün nəzərdə tutulan qapalı qisimdən, üçüncü qatı isə açıq havada səyahət etməyi xoşlayanlar üçün açıq bölmədən ibarətdir.
Olimpiya oyunlarının keçiriləcəyi dövrdə şəhərimizdə təhlükəsizlik tədbirləri də şübhəsiz ki, ən yüksək səviyyəyə çatdırılmışdır. Bütün bunlar biz Azərbaycan vətəndaşlarının iftixar hissi ilə yad etməli olduğumuz işlərdir. Əlbəttə ki, oyunlar sayəsidə artıq sadəcə bir ay öncə dünya xəritəsində ölkəmizin yerini tapa bilməyən insanlar indi nəinki bunu asanlıqla edə bilir, hətta sadəcə ölkəmiz deyil, paytaxtımız, insanklarımız, adət-ənənələrimiz, milli mənəvi dəyərlərimiz haqqında da kifayət qədər biliklərə malikdirlər. Dünya mediasında Qafqazın ən inkişaf etmiş və modern şəhəri kimi göstərilən Bakımız bundan sonra da artan bir templə turist çəkməyə, davam edəcəkdir. Artıq bundan kimsənin şübhəsi olmasın ki, olimpiya oyunları sadəcə Bakımıza deyil, bütövlükdə Azərbaycanımıza çağ atladacaq, normalda ən az on ilə qət edə biləcəyimiz inkişaf yolunu indidən başa vurmağımıza səbəb olmuşdur.
Əlbəttə hər işdə olduğu kimi olimpiya oyunlarına da qarşı çıxanlar, bu oyunların gətirə biləcəklərindən çox zərərləri barədə elə öz içimizdə danışanlar oldu. Dar düşüncəli, uzaqgörənliyi olmayan belə insanlar anlamalıdırlar ki, otellər bacasız turizm deməkdir və qoyulan sərmayənin geri dönüşü üçün on-on iki il vaxt istəməkdədir. Ayrıca idman kompleksləri də həmin dəqiqə qoyulan sərmayəni qaytarmazlar. Zaman keçdikcə, tədricən ağıllı idarəetmə üsulları vasitəsi ilə bu arenalar da maddi cəhətdən özlərini doğruldacaqlar. Elə götürək “Cristal Hall”-ın inşaatını. O vaxt da bəzi insanlar bu inşaata qarşı çıxmış, “Cristal Hall” üçün çəkilən xərcləri israf adlandıraraq Eurovizion ücün nəhəng çadır kirayələnə biləcəyindən danışmışdılar. Amma bu günkü olimpiya oyunlarlında həmin zalda da oyunlar keçiriləcəkdir. Ayrıca bu zalın şəhərimizin dənizdən görünən mənzərəsinə qatdığı gözəllikdən danışmıram hələ. Bir də nəzərə alsaq ki, 2017-ci il İslam ölkələri idman oyunları da Bakımızda keçiriləcək, onda bu idman arenalarının onlara qoyulan xərcləri mümkün qədər tez çıxaracaqlarından rahatlıqla danışa bilərik.
Bir sözlə artıq sabah başlanacağını səbrsizliklə gözlədiyimiz oyunların Vətənimizə, Millətimizə xeyirli olmasını diləyir və milli mentalitetimizin ən dəyərli ünsürlərindən olan qonaqpərvərliyimizlə əcnəbi qonaqları millət olaraq özümüzə valeh etməyimizi diləyirəm. Unutmayaq ki, ölkəmizdən könül razılığı ilə gedən hər bir əcnəbi vətəndaş bundan sonra getdiyi hər yerdə Azərbaycanımızın xoşməramlı səfiri olacaq və bizi dünyaya gördüyü kimi anlatacaq…